"Ölən" şəxsi sağaldan azərbaycanlı həkimlə müsahibə: Tək arzum idi...
Bizi izləyin

Xüsusi

"Ölən" şəxsi sağaldan azərbaycanlı həkimlə müsahibə: Tək arzum idi...

Biz ona toxunduqca eyni cümləni təkrarlayırdı: Mən ölüyəm. Ölü bədənə müdaxilə etməyə utanmırsınız?

Bu sözləri Publika.az-a müsahibəsində Türkiyənin Hacettepe Universitetindən məzun olmuş anestezioloq-reanimatoloq Turanə Rəsulova bildirib.

- Turanə xanım, söhbətimizdən öncə sizi ürəkdən təbrik etmək istərdim. Peşə olaraq seçdiyiniz sahə olduqca məsuliyyətli və ağırdır.

- Təbrikiniz üçün təşəkkür edirəm. Əslində, tibbin müxtəlif sahələrində özümü sınadıqdan sonra anesteziologiyanı seçdim. Əsas ixtisasım qulaq, burun, boğaz cərrahı idi. Sonra Almaniyada qastroenterologiya bölümündə çalışdım. Pediatriyadan məzun oldum. Müxtəlif sahələrdə özümü sınadıqdan sonra tibbi və digər bacarıqlarımı birləşdirməyə qərar verdim. Həmin dövrdə tibbi layihələr üzrə şifahi tərcüməçiliyə başladım. Bunun üçün xüsusi ixtisaslaşmaq lazımdır. Elə bu yöndə Səhiyyə Nazirliyi və bir sıra digər qurumların təşkil etdiyi nüfuzlu konqreslərdə, təntənəli görüşlərdə tərcüməçilik etməyim məni daha geniş auditoriyaya tanıtdı. Amerika Səfirliyinin nəzdində fəaliyyət göstərən sülh korpusunda çalışmaq üçün müraciət etdim və nə xoş ki, qəbul olundum. Burada işim ürəyimcə idi. Amma həm maddi, həm də mənəvi təminatımdan olduqca məmnun olsam da, anlayırdım ki, həkimlik fəaliyyətimə davam etməliyəm. Anestezioloq olmağın verdiyi xüsusi güvən məni cəlb edirdi. Hətta Türkiyədə təhsil alacağım sahələri qeyd edərkən siyahıda ilk yazdığım ixtisas anestezioloq oldu.

Tibbin digər sahələri üzrə təhsil almağım üçün bütün göstəricilərim kifayət edirdi. Lakin anesteziologiya bölümü tək arzum idi.

- Səbəbi maraqlıdır...

- Anestezioloq insan orqanizmini o qədər dərindən bilməlidir ki, kapasitesi elə dərin və dolğun olmalıdır ki, bu dünyanın təsirinə düşməyə bilmirsən. Anesteziologiya tibbin özəyidir, ölümlə üz-üzə qalmaqdır. Ən ağır vəziyyətlərlə mübarizədir. Reanimasiya digər həkimlərin bacara bilmədiyini yerinə yetirmək deməkdir. Çünki xəstə ən ağır vəziyyətində sənin yanına gətirilir. Sən onu nisbətən yaxşılaşdırıb digər həkimin qəbuluna yollayırsan.

- Bəlkə real misallarla izah edək...

- Məsələn, çox nadir Münhauzen sindromu mövcuddur. Özünə və yaxınlarına zərər vermək iqtidarında olan psixi xəstəlikdir. Xəstə özünə ciddi xəsarət yetirib xəstəxanaya gətirilir. Biz vacib müdaxiləni etdikdən sonra onu psixiatriyaya təhvil veririk.

Digər misal çəkəcəm. Mənim bir xəstəm olub. Orta yaşlı qadın 6 ay ərzində 40 kq çəki vermişdi. Özünü ətrafdan tamam təcrid etmişdi. Biz ona toxunduqca eyni cümləni təkrarlayırdı: Mən ölüyəm. Ölü bədənə müdaxilə etməyə utanmırsınız?

Bunun əsas səbəblərini araşdırdıq. Qadının orqanizmində, analizlərdə bütün həyati göstəricilər düşmüşdü. Tomoqrafiyadan tutmuş sümük iliyi biopsiyasınadək bütün analizlərin nəticəsini müqayisə etdik.

- Bu durumda ailənin dəstəyi önəmlidir.

- Təbii ki, həyat yoldaşı ona xüsusi həssaslıqla yanaşırdı. Amma xəstəliyin ana səbəbini anlamırdıq. Zond vasitəsilə burnundan mədəyə müxtəlif qidalandırcı şirələr yeridib xəstəni bəsləyirdik. Biz bilirdik ki, bu refeding sindromuna yol aça bilər.

Rifidinq çox qəribə və maraqlı, bir o qədər də kədərli sindromdur. Dünyada nadir şəxslərdə rast gəlinir. Yəqin xatırlayırsınız, Amerika ilə Vyetnam arasında müharibə bitdikdən sonra amerikalı hərbçilər Vyetnam səmasından helikopterlə yerə şirniyyat yağdırırdılar. Lakin o şirniyyatları yeyən uşaqlar avtomatik ölürdülər. Niyə? Çünki bədənlərində fosforun miqdarı kifayət qədər azalmışdı. Bu göstəriciləri stabilləşdirmədən orqanizmi qida ilə təmin etmək doğru deyil. Biz də yavaş-yavaş qadının qanındakı elektroidlərin miqdarını tənzimlədikdən sonra onu normal vəziyyətə gətirdik. Psixiatriya bölümü ilə məsləhətləşəndə məlum oldu ki, bu qadın Kotard sindromundan əziyyət çəkir. Statistikaya görə bugünədək dünyada 100-ə yaxın şəxsdə görülmüş xəstəlikdir. Daha sonra psixiatriya şöbəsi xəstə ilə çalışıb onu sağaltdı. Beyinə elektrocərəyan ötürərək möhtəşəm nəticə əldə etdilər. Bir müddət sonra həmin qadını yenidən gördüm. İnanın, o qədər təşəkkür edirdi ki... Deyirdi, yaşamaqdan, dadlı yeməklərdən doya bilmirəm.

- Yəni, anesteziya insanın bütün daxili orqanlarından məsuliyyətli sahədir.

- Elədir. Məsələn biz ümumi anesteziya zamanı xəstənin temperaturunu 20 dərəcəyədək soyudub ürəyini dayandıra bilirik. Həmçinin bütün orqanların fəaliyyətini azaldırıq. Belə deyək, insanı öldürüb, yenidən dirildirik.

src="/storage/files/upload/820354.jpg" alt="Hacəttəpə Xəstəxanasının həkimi vaksinlərlə bağlı bütün detalları açdı - ÖZƏL" class="fr-fic fr-dii" style="width: 644px; height: 641.521px;">

- Yəni, insanın ürəyini dayandırıb yenidən həyata qaytarırsınız?

- Bəli, tamamilə doğrudur. Bu proses 20 dəqiqə ərzində davam edir. İnsan oyandıqdan sonra heç nə xatırlamır. Amma zaman uzanarsa, beyin hüceyrələri zərər görə bilər. Və bu işi icra edən insana anestezioloq deyilir.

- Bu, tibbin möcüzəsidir!

- Əslində, belədir. Hətta deyim var ki, sonuncu dəfə nə vaxt yemək yediyinizi sizdən 2 nəfər soruşur - ananız və anestezioloqunuz. Çünki anestezioloqun işini görməsi üçün mədəniz boş olmalıdır. Əməliyyat masasında yatan xəstənin əsas məsuliyyəti bizim üzərimizə düşür. Bilirsiniz, bir çox əsgərlərin ölüm səbəbi qanaxma olur. Mənim əsas vəzifələrimdən biri bu durumun qarşısını nəyin bahasına olursa-olsun almaqdır. Ümumiyyətlə, unutmayaq ki, bütün əməliyyatlar təhlükəlidir. Çünki bu durum sizi normal fiziologiyadan çıxarır. Bütün əzələlərin fəaliyyəti dayanır. Hətta tənəffüs də aparat vasitəsilə həyata keçirilir. Biz dəfələrlə ürəyi dayanan xəstələri həyata qaytarırıq. O qədər ağır xəstəliklərlə çalışırıq ki, insanların sıradan problemləri bizə bəsit görünür. Məsələn, 800 qr çəkisi olan yeni doğulmuş körpəyə 4 saat ürək əməliyyatı edib tük kimi nazik damar yolları açandan sonra... üzərində ağır əməliyyat aparandan sonra... xırda şikayətlər gözünə görünmür.

- Bu gün o körpə yaşayır?

- Əlbəttə. Ümumiyyətlə, Hacettepe Universitetində o qədər güclü tədris və iş sistemi qurulub ki, burada ölüm hallarına demək olar ki, rast gəlinmir. Nə qədər peşəkar mütəxəssis kimi yetişirsənsə, səndən sonra gələn həmvətənlərinə də münasibəti avtomatik dəyişmiş olursan. Mən orada çalışdığım müddətdə hər gün oxudum, öyrəndim. Bəlkə də buna görədir ki, son imtahandan çıxıb uzmanlıq adını qazandığım məqamda bütün xəstəxana məni alqışlara qərq etdi.

Leyla Sarabi

(ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm