Xüsusi
Niderlandda yaşayan həmvətənimiz maraqlı faktları açdı: Hər gün valideynlərinizin evində...
“Bu xalqın nümayəndələri övladlarının ailə işlərinə qarışmağa çəkinirlər. Onların düşüncəsinə görə, gənc ailə yalnız özü məişət və sosial problemlərini həll edərək müdrikləşə bilər”.
Bu sözləri Publika.az-a müsahibəsində Niderlandda yaşayan həmvətənimiz, tanınmış qrossmeyster Nərgiz Umudova bildirib.
- Nərgiz xanım, sizi yaxından tanıyaq?
- Bakının Əmircan kəndində ziyalı ailəsində doğulmuşam. Atam bəstəkar, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovdur. 8 yaşımdan etibarən şahmatla məşğulam. Dəfələrlə beynəlxalq və ölkə turnirlərində uğur qazanmışam. 17 yaşımda şahmat üzrə dünya ikincisi olmuşam. 2015-ci ildə qrossmeyster adına layiq görülmüşəm.
- Azərbaycanlı qrossmeysteri Niderlanda aparan səbəb yəqin ki, sevgidir.
- 2016-cı ildə beynəlxalq turnirlərin birində holland qrossmeysterlə tanış olub ailə qurdum və bu ölkəyə köçdüm. Bir maraqlı məqamı da vurğulamaq istərdim. Azərbaycanda şahmat çox nüfuzlu idman növü sayılır. Niderlandda isə şahmat sadəcə hobbidir. Bəli, kifayət qədər nüfuzlu və hörmət olunan sahədir, amma dediyim kimi, hobbidir.
- Yəni, peşə hesab olunmur?
- Məsələn, həyat yoldaşım qrossmeyster olsa da, IT sahəsində çalışır. Mən də bu ölkəyə köçdükdən sonra anladım ki, həyatımı, gələcəyimi Niderlandda qurmaq istəyirəmsə, digər ixtisas üzrə təhsil almalıyam. Çünki Bakıda İdman Akademiyasını bitirmişdim. Biznes idarəçiliyi fakültəsini seçdim. 2020-ci ildə isə rəqəmsal elmlər üzrə magistr təhsili almağa başladım. Elmi işimi yazdım. Mütəmadi olaraq bu sahədə olan bir sıra proqramlara da qoşuluram. Rəsmi biznes təsisçisiyəm. Neft tankerləri və ümumiyyətlə, neft daşıyan nəqliyyat sistemini nəzarətdə saxlayan komandaya başçılıq edirəm. Həm məsuliyyətli, həm də çətindir. Çünki 80 min işçi var. Ən xırda görünən səhv çox ağır nəticələrə gətirib çıxara bilər. Odur ki, sistem qüsursuz olmalıdır. Diqqət cəlb edən sahədir və mən bu prosesdən cavabdehəm. Bununla yanaşı, şahmatdan da uzaqlaşmadım. Pandemiyayadək Niderland və Belçikanın milli liqalarında oynayırdım. Avropa çempionatında iştirak etmişəm. Buna görə oxuduğum universitetdə də mənə çox dəstək olublar.
- Əminəm ki, Azərbaycan qədər olmasa da, Niderland da sizə doğmadır. Ölkələrimiz, mədəniyyətlərimiz arasında fərqləri sadalamağınızı istərdim.
- Təbii ki, fərq çoxdur. Bizim ölkəmizdə tez-tez doğmalarımızı ziyarət etmək adətimiz var. Niderlandda isə vəziyyət fərqlidir. Yəni, siz hər gün valideynlərinizin evində nahar edə bilməzsiniz. Amma bununla yanaşı, bir məqam da var ki, gənclər ailə qurubsa, bu, onların şəxsi sahəsidir. Heç birinin valideyni, yaxud bacı-qardaşı onların intim həyatına, ailə işlərinə qarışmağa cəsarət etmir. Hətta gənc ailə böyüklərindən tövsiyə istəsə də, çox çətinliklə öz fikirlərini söyləyirlər. Əks nəticə olarsa, o məsuliyyətin hesabatını verməkdən ehtiyat edirlər. Bu xalqın düşüncəsinə görə, gənc ailə özü məişət və sosial problemlərini həll edərək müdrikləşə bilər. Başqa bir məqam da var ki, Niderlandın mətbəxi çox zəifdir. Özləri də bunu etiraf edirlər. Belə deyək, bizim mətbəximiz üz ağımızdır. Hollandlar ən gec axşam saat 7-də meyvə, çərəz yeyirlər. Naharda isə müxtəlif şorbalar, yüngül salatlar olur. Həyat yoldaşım Azərbaycana gələndə heyrət içində idi. Naharda 3 növ dolma, ət xörəkləri, salatlar... Lakin düşünürəm ki, sağlamlığımız naminə qızıl ortanı tapmaq lazımdır.
- Bəs, təbiətimiz?
- Niderlandda ümumiyyətlə, dağ yoxdur. Bütövlükdə düzənlikdən ibarətdir. Həyat yoldaşımla Azərbaycana gələndə öncə Qəbələyə üz tuturuq. Dağları gəzirik. Ümumiyyətlə, bir məqamı da vurğulayım. Azərbaycanın təbiəti çox zəngindir. İstəsən dənizə, çimərliyə get, istəsən dağları, bağları gəz. Niderlandın isə dənizi çox soyuq olur. Dağları görməkçün isə qonşu ölkələrə səyahət edirlər. Amma bir məqam da var ki, bir sıra Qərbi Avropa ölkələrini avtomobillə gəzmək imkanın var. Bilirsiniz, təhsil sistemimiz də çox fərqlidir. Məsələn, biz məktəbdə oxuyanda riyaziyyat fənnindən düsturlar əzbərləyirdik. Burada isə o düsturun bünövrəsində gizlənən məntiqi çözməli olursan. O düsturu anlamadan, dərk etmədən tapşırığı da çözə bilməyəcəksən. Buradakı müəllimlər tələbənin, şagirdin sual verməyini istəyir. Müzakirələr məsələni anlamaq, yadda saxlamaq baxımından çox önəmlidir.
- Niderlandda yaşamaq necə duyğudur?
- Hər bir ölkə gözəldir, özəldir. Niderland mənim üçün doğmadır, insanları mehribandır. Amma öz vətənimin yerini vermir. Sevinirəm ki, həyat yoldaşım da Azərbaycanı sevir. Çünki bütün tətillərdə məmnuniyyətlə mənimlə birgə vətənimə gəlir. Hətta dostlarımız bizdən hər dəfə tətil planlarımızı soruşanda deyir ki, öncə Azərbaycana gedəcəyik. Sonra isə başqa yerləri gəzəcəyik.
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi