Xüsusi
Bu gün xoşbəxtəm ki, 16 yaşlı Natəvan... - Fatma Aktaş

Publika.az-ın müsahibi Niderlandda yaşayıb fəaliyyət göstərən siyasi xadim, Hüseynqulu xan Qacarın soyundan olan Fatma Aktaşdır.
Fatma xanım, dünyanın 4 yanından türk qadınlarını ətrafınıza toplayıb, tariximizi, dəyərlərimizi yaşadırsınız. Çox təqdirəlayiq addımdır.
- Avrasiya Türk Qadınlar Birliyi çox genişmiqyaslı fəaliyyət göstərir. Bütün əhəmiyyətli bayramlarımızı qeyd edirik. Bura yalnız azərbaycanlı xanımlar aid deyil. Qafqazdan, Asiyadan, türk dünyasından, Balkanlardan gələn qadınlarla fəaliyyətimizi sürdürürük. Azərbaycanın da bir çox qadın təşkilatları ilə əməkdaşlıq edirik. Bütün sənət nümunələrimizi, folklor növlərimizi ev xanımlarından tutmuş, iş qadınlarınadək hər kəsə aşılayırıq. Rəqslərimizi, ədəbi nümunələrimizi tək-tək ailələrə, balalarımıza öyrədirik ki, unudulmasın. Bayramlarımızı, faciələrimizi qeyd edib, hollandlara da məlumat ötürürük. Xanımlarımızla birgə tamaşalar səhnələşdiririk. Hətta bu yaxınlarda “Dağlar qızı Reyhan”ı səhnələşdirdik. Güneyli, quzeyli vətənimizin klassik musiqisini, aşıq havalarını yayırıq. Məmləkətimizi unutdurmuruq. Hətta uşaqlarımıza, tələbələrimizə tapşırıram ki, Azərbaycanın müsibətləri haqda yazılar yazıb, siniflərində, dostları arasında vətənimizi tanıtsınlar. Çox vaxt birliyimizin xanımları ilə birgə Azərbaycana gəlirik. Ölkəmizin görməli yerlərini tanıdırıq. Hər həftə şeir gecələri keçiririk. Azərbaycanın milli qəhrəman qadınları üçün xatirə mərasimləri təşkil edirik. Şəfiqə Qaspıralıdan tutmuş, Xurşidbanu Natəvanadək bütün mərd, qəhrəman xanımlarımızı xatırlayırıq.
- Bir sözlə, mədəniyyət, sülh səfirisiniz.
- 30 ildən çoxdur ki, Avrasiya Vəqfində Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti ilə bağlı işlər görürük. Ölkəmizə qarşı törədilən müsibətləri, haqsız savaşları dünyaya çatdırmağa çalışırıq. Azğın düşmənlərimiz UNESCO tərəfindən qorunan bir sıra abidəmizi dağıdıb, məhv edib. Dəfələrlə Ədalət Sarayını bu haqda məlumatlandırmışıq. Təəssüf ki, bu gün Niderlandda ölkəmizə dair məlumat çox azdır. Şərqdə ilk operanın vətəni olan Azərbaycan ümumiyyətlə mədəniyyət beşiyidir. İpək yolunun Azərbaycanın ərazisindən keçdiyini burada heç kim bilmir. Biz də dediyiniz kimi, Niderlandda bir növ sənət, mədəniyyət səfiriyik. Məsuliyyəti dərk edirik. Bizi digər diaspor təşkilatlarından fərqləndirən əsas cəhət odur ki, auditoriyamız öz əhalimiz deyil, əcnəbilərdir. Daha çox holland cəmiyyətinə xitab etdiyimiz üçün böyük kütləni məlumatlandırırıq.
- 30 ilin zəhmətinin, uğurunun kökündə yalnız Vətən sevgisi dura bilər.
- İstənilən ölkənin musiqisi, mədəniyyəti onun haqda hər şey deyir. Çox zəngin şeiriyyatımız var. Avropa şeirimizi də, nəsrimizi də tanımalıdır. İllərdir, maddiyyat üçün deyil, Azərbaycan üçün çalışmışıq. Bəlkə də uğurlarımızın kökündə bu doğmalıq durur.
- Xan qızı Natəvanla bağlı layihəniz haqda sizin dilinizdən eşitmək istərdim.
- 16 il öncə burada yaşayan azərbaycanlı ailələrin birinin qız övladı dünyaya gəldi. Həmin körpəyə nənəsinin adını vermək istəyirdilər. Təkid etdim ki, Natəvan adını verək. Sanki bu ad unudulmaq üzrə idi. Bu gün xoşbəxtəm ki, 16 yaşlı Natəvan böyük şəxsiyyətimizin adını daşıyır. Bu özü də önəmli simvoldur. Qəhrəman qadınlarımızı dünyaya tanıtmalıyıq. Tomris kimi sərkərdəni, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Xan qızı Natəvan kimi dahiləri təbliğ etməliyik. Bununla da yetinməyib, onların izi ilə getməyə borcluyuq. Elə 4 mart tarixində də olduqca əhəmiyyətli işə imza atdıq. Niderland Milli Teatrında “Xan qızı Natəvanın ayaq izi ilə” tamaşasının premyerası baş tutdu.
Önümüzdəki il isə Niderlandın Kral Teatrında 5 pərdəlik tamaşa ilə yenidən nümayiş olunacaq. Çox geniş auditoriyanı mədəniyyətin, sənətin köməyi ilə ələ alacağıq. Bundan gözəl nəsə yoxdur.

-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı