Azərbaycanla Türkiyə arasında ortaq universitet yaradılacaq və bununla... - MÜSAHİBƏ - FOTO
Bizi izləyin

Xüsusi

Azərbaycanla Türkiyə arasında ortaq universitet yaradılacaq və bununla... - MÜSAHİBƏ - FOTO

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldildi. Bu günə qədər qardaş ölkə ilə əlaqələr yüksələn xətlə inkişaf etsə də, Şuşa Bəyannaməsi sanki bu münasibətlərin möhürü oldu. Məhz bu bəyannamədən sonra iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı nəzərəçarpacaq dərəcədə çoxalıb.

Bəs, təhsil sahəsində hansı yeniliklər, layihələr var?

Məsələ ilə əlaqədar Türkiyə səfirliyinin Bakıdakı Təhsil müşaviri Nihat Büyükbaşla danışdıq.

Publika.az sözügedən müsahibəni təqdim edir:

- İşğaldan azad olunmuş ərazilərdə təhsil sahəsində hansı yeni layihələr var?

- İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində təbii ki, məktəblərin, təhsil ocaqlarının da yenidən inşası nəzərdə tutulub. Şəhərlərin baş planları hazırlandıqdan sonra oradakı layihələrlə tanış olacağıq. Türkiyə dövləti olaraq bu ərazilərdə məktəb açmağımız lazım gələrsə, əlbəttə, açacağıq. Lakin bu məsələdəki yekun sözü deyə bilməyimiz Azərbaycan tərəfinin oradakı layihələrə başlamasına və bizə ehtiyac olub-olmamasına bağlıdır. Yəni, Azərbaycan öz məktəblərini açır. Ehtiyac olarsa, biz də açarıq. Hazırda Azərbaycanla ortaq 2 peşə məktəbi açırıq. Onlardan biri Qəbələdə, digəri Bakıda yerləşəcək və inşaatlarının bitməsinə az vaxt qalıb. Düşünürəm ki, iki ölkə arasındakı əməkdaşlıq burada olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də davam edəcək.

- Azərbaycanla Türkiyə arasında ortaq imtahan sistemi yaradıla bilərmi?

- Azərbaycanda Dövlət İmtahan Mərkəzi (DİM) ilə Türkiyədəki Ölçme, Seçme ve Yerleştirme Merkezi (ÖSYM) ortaq çalışır. Dövlət İmtahan Mərkəzinin imtahan sistemi Türkiyədəki imtahan sisteminə çox bənzərdir. Hətta ötən günlər ərzində iki qurum rəhbəri arasında görüş də baş tutub. Azərbaycan həm də mənim akademik olaraq fəaliyyət göstərdiyim ölkədir. Ona görə də buradakı imtahan sistemindəki bənzərliyin özüm də şahidi olmuşam. Lakin ortaq imtahan olması mümkün deyil. Çünki nəticədə şagirdlər birinci sinifdən son sinifə qədər fərqli sistemdə təhsil alırlar. Bir-birimizə çox bənzəsək də, Azərbaycan təhsil sisteminin tətbiq etdiyi üsullarla Türkiyə təhsil sisteminin tətbiq etdiyi üsullar 100% oxşarlıq təşkil etmir. Nəticə etibarilə iki fərqli dövlət olduğu üçün bu qədər eynilik də mümkün deyil.

- Gələcəkdə türkdilli dövlətlərdə “Türk dünyası” fənninin tədris edilmə ehtimalı var?

- Mümkündür. Ən son noyabr ayında İstanbulda keçirilən Türk Şurası Təhsil nazirlərinin iclasında alınan qərarlardan biri də məhz bu idi. Məsələn, Azərbaycan məktəblərində ortaq türk tarixi dərsləri keçirilməyə başlanıb. Hətta Azərbaycan universitetlərində də Osmanlı, Türkiyə tarixi fənləri tədris edilir və bunun üçün Türkiyədən tarix müəllimi də hazırda buradadır. Türkiyədə də səkkizinci siniflərdə ortaq türk tarixi dərsi tədris edilir və bundan sonra da tədris proqramlarında daha çox türk dünyası ilə əlaqədar dərslərin keçirilməsi üçün işlər aparılır. Türkiyə və Azərbaycan bu işi sürətli şəkildə həyata keçirir. Digər türkdilli dövlətlərdə də bu dərslərin keçirilməsi üçün işlər görülür. Lakin hələ Azərbaycan və Türkiyə səviyyəsində deyil.

- Türkiyədə təhsil alıb gəlmiş qazilər və ya şəhid ailələri ilə bağlı hər hansı layihə var?

- Bəli, var. Türkiyənin bir sıra universitetlərində qazilərə və şəhid uşaqlarına yerlər ayrılıb. Məsələn, Sivas Cümhuriyyət Universitetində Azərbaycan və Türk İş Adamları dərnəyinin həyata keçirdiyi və bizim də dəstək olduğumuz tələbələr həmin yerlərə yerləşdirildilər. Digər universitetlərə də getmək istəyən bu qəbildən olan tələbələrə isə təqaüd məsələsində Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı köməklik göstərir. Qazi və şəhid övladları olan bütün tələbələrə Türkiyə universitetlərinin qapısı açıqdır.

- Türk təhsil sisteminin Finlandiya təhsil sisteminə keçid ehtimalı var?

- Bu yaxınlarda Türkiyə Təhsil Nazirliyi “Riyaziyyatı yeni öyrənmə metodları” deyə bir layihə həyata keçirib. Əslində, bu layihə təkcə riyaziyyatı deyil, eyni zamanda türk dilini, xarici dili də əhatə edir. Bir çox ölkələrin təcrübəsi bu layihə çərçivəsində tətbiq ediləcək. Fin təhsil sistemi ilə əlaqədar onu deyə bilərəm ki, Finlandiya əhali sayı az olan, kiçik bir ölkədir. Başqa bir ölkənin tətbiq etdiyi təhsil sistemini öz ölkənizdə, öz iqliminizdə, öz coğrafiyanızda tətbiq etmək qeyri-mümkündür. Biz öz dəyərlərimizi, mədəniyyətimizi nəzərə alaraq təhsil sistemi yaratmaq istəyirik. 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaradılması ilə birgə yaradılmış təhsil sistemi Avropa təhsil sisteminə bənzərdir. Fərqliliklər var və həmin fərqliliklər zamanla inkişaf etdirilərək Avropa təhsil sisteminin də önünə keçib. Biz hazırda qeyd etdiyim kimi, yeni öyrənmə metodlarının inkişaf etdirilməsi üçün çalışırıq.

- Azərbaycan təhsil sistemi ilə əlaqədar fikirləriniz nədir?

- Mən doktorantura təhsilimi Azərbaycanda aldığım üçün buradakı təhsil sisteminə yaxşı bələdəm. Azərbaycanın sovet dövründə yığdığı yaxşı təcrübəsi ilə yeni təcrübəsini qarışdırması ortaya fərqli bir sistem çıxarıb. Azərbaycan həm də Türkiyədən təsirlənir, eyni zamanda Türkiyə də Azərbaycandan. İki ölkə bir-birinin tarixi keçmişindəki zəngin təcrübələrindən faydalanır. Bu, sadəcə sistem kimi yox, eyni zamanda qarşılıqlı tələbə dəyişmə proqramları ilə də həyata keçirilir. Bu gün dünyada Azərbaycanla Türkiyə arasındakı təhsil münasibətləri başqa iki ölkə arasında yoxdur. Bu gün Türkiyə universitetlərində təhsil alan 25 min tələbə var. Eyni zamanda, Azərbaycan universitetlərində oxuyan xarici tələbələrin 50 faizi Türkiyə vətəndaşlarıdır. Bu həm də gənclərin hər iki ölkədə işləməsi üçün şərait yaradır.

- İki ölkə arasında təhsil sahəsində inteqrasiya üçün yeni planlar var?

- Var. Hazırda 15-ə yaxın Türkiyə universiteti ilə Azərbaycan universitetləri arasında tələbə və müəllim dəyişmə proqramı var. Demək olar ki, hər həftə bir neçə universitetin rektorları, professorları Azərbaycana gəlir. Onların Bakıdakı universitetlərdə qarşılıqlı iş birlikləri var. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev də bu günlərdə Türkiyəyə səfər edəcək və həm təhsil nazirimiz, həm də təhsil sahəsindəki bir sıra səlahiyyətli şəxslərlə görüşlər keçirəcək. Bu görüşlərin isə önəmli bir səbəbi var. Belə ki, Azərbaycan və Türkiyə arasında ortaq universitet yaradılacaq ki, bununla da iki ölkə arasında təhsil sisteminin inteqrasiyası ən yüksək həddə çatmış olacaq.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/b43eefa0643a31a937e8878954e8e54402e96ff9.jpg" style="width: 569px; height: 354.143px;" class="fr-fic fr-dib">


Oxumağa davam et
Reklam
Reklam

Gündəm