Xüsusi
Ukrayna müharibəsinin Azərbaycana yaratdığı BÖYÜK FÜRSƏT, əgər bunu etsək... - ARAŞDIRMA
Son günlər Ukrayna-Rusiya savaşı fonunda başdan-başa döyüş meydançasına çevrilmiş ölkələrini tərk edən ukraynalıların sayı durmadan artmaqdadır. Ölkələrini tərk edənlər arasında peşəkar idmançılar, musiqiçilər, elm və təhsil adamları, həkimlər, psixoloqlar, İT mütəxəssisləri və bir çox sahə üzrə ixtisaslı kadrlar da var. Onların bir çoxları Qərbə, bir qismi Birləşmiş Ştatlara, bəziləri isə Asiyanın inkişaf etmiş ölkələrinə pənah aparırlar. Hətta son üç həftə ərzində Yaponiyaya və Cənubi Koreyaya çıxıb gedən ukraynalı İT mütəxəssisləri də olub.
Yayılan məlumatlara görə, onlardan bəziləri – konkret olaraq dünyaca məşhur ukraynalı İT mütəxəssisləri, haker qrupları hətta Gürcüstan və Ermənistandan da sığınacaq istəyiblər. Bəzi ekspertlərin araşdırmalarına görə, mövcud durum təkcə Ukraynada yaşanmır, elə rusiyalı və belaruslu mütəxəssislər də müharibə səbəbindən ölkələrini tərk etmək istəyirlər. Bu mövzuya bir azdan qayıdacağıq...
Hələlik konkret faktlara keçək; məsələn, ana nənəsi türk olan və 2016-cü ildə Ukraynaya Avroviziya mahnı müsabiqəsində birincilik qazandıran Camala artıq ailəsini də götürərək qardaş Türkiyəyə təşrif buyurub.
src="/storage/files/upload/aa6cad39e2d7b5b4f810fa3359bfc9f581b20d63.jpg" style="width: 499px; height: 329.46px;" class="fr-fic fr-dib fr-fil">
Elə dünya şöhrətli ukraynalı rəssam Aleksandr Melnikov da müharibədən qaçaraq Türkiyəyə sığınanlar arasındadır. “Ginnesin rekordlar kitabı”na adını həkk etdirmiş anası ukraynalı, atası rus olan Melnikov savaş bitənə qədər Türkiyədə yaşayıb-yaradacaq.
src="/storage/files/upload/cdd0d4ab8e51ccaf7b5c9e63e586b921264fd914.jpg" style="width: 613px; height: 460.671px;" class="fr-fic fr-dib fr-fil">
Dünyaca məşhur psixoanalitik Svetlana Uvarova da Ukraynanı tərk edərək Polşaya sığınan məşhurlar sırasındadır. Artıq onun Polşada ixtisası üzrə işlə təmin olunduğu da yayılan xəbərlər arasındadır. Ukraynanın dünyaca məşhur psixoloqlarından və Xarkov Psixologiya Məktəbinin məzunlarından olan Oleq Maltsev isə ailəsi ilə Moldovaya yerləşib. Onun yaxın vaxtlarda Birləşmiş Ştatlara üz tutacağı deyilir.
Hətta 2022-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olan ukraynalı yazıçı, şair və musiqiçi Sergey Jadan da Polşaya pənah aparıb.
Bəs Azərbaycan dövləti həmişə olduğu kimi, humanitar prinsipləri əsas götürərək dünyaca məşhur ukraynalı sənət sahiblərinə, peşəkar və titullu idmançılara qucaq aça bilərmi? Onların xidmətindən ölkəmizdə yararlanmaq mümkündürmü?
Bir çoxlar “peşəkar ukraynalı” deyəndə göz önünə hərbçilərin, hərbi tibb işçilərinin gəldiyini söyləyirlər.
src="/storage/files/upload/4ac0c44e6d345ae238286c313e872dc2d229bf0c.jpg" style="width: 633px; height: 320.72px;" class="fr-fic fr-dib">
Hərbi psixoloq Azad İsazadə Publika.az-a açıqlamasında söyləyib ki, onda peşəkar hərbçilərin Ukraynadan çıxması ilə bağlı hər hansı məlumat yoxdur. Hətta əksinə, on minlərlə insan Rusiyaya qarşı döyüşmək üçün ölkələrinə - Ukraynaya geri qayıdıb:
“Polşa Sərhəd Xidmətinin məlumatına görə, fərqli-fərqli ölkələrdə yaşayan 84 min kişi Ukraynaya geri dönüb. Söhbət ukraynalılardan gedir. Onların bəziləri isə fərqli ölkələrdə ailələrini yerbəyer edəndən sonra geri dönənlərdir. Digər tərəfdən, bu müharibə gec-tez bitəcək və həmin ukraynalılar öz ölkələrinə qayıdacaqlar. Ona görə də biz həmin mütəxəssislərdən faydalansaq da, düşünməliyik ki, bu müvəqqəti bir işdir. Amma biz 1990-cı illərdəki birinci Qarabağ savaşında bir situasiya ilə rastlaşmışdıq. Həmin dövrdə sovet ordusu parçalanırdı. Ordunun bir hissəsinin Azərbaycana təhvil verilməsindən sonra ölkəmizdə kifayət qədər ukraynalı zabitlər var idi. Onlar sovet ordusunun zabitləri olmuşdular. Onların çoxu burada qalıb xidmət etdilər. Ukraynaya qayıtmadılar. Əsasən həmin dövrdə bizdə peşəkar təyyarəçilər, pilotlar, hava müdafiə və artilleriya sistemlərini idarə edən zabitlər çatışmırdı. Həmin peşəkar ukraynalı zabitlər 1994-95-ci ilə qədər burada qalaraq Azərbaycan Ordusunda qulluq edirdilər. Biz o vaxt onlardan çox yaxşı şəkildə faydalanmışdıq. Həmin zabitlər peşəkar olduqları üçün çox yaxşı döyüşürdülər”.
Hərbi psixoloq digər Ukraynalı mütəxəssislərin başqa sahələr üzrə də xüsusi çəkiyə malik olduğunu söyləyib: “Bundan başqa, Azərbaycanla Ukrayna arasında mədəniyyət əlaqələri çox sıx şəkildə qurulub. Uzun müddət Avroviziya mahnı müsabiqəsinə hazırlığı da bizim müğənnilər Ukraynada keçirdilər. Hətta rəqs qrupları Ukraynadan olurdu. Məşqçilərin, prodüsserlərin də Ukraynadan olması ilə bağlı məndə məlumatlar var. Deməli, belə əlaqələrimiz mövcuddur. Düşünürəm ki, həmin münasibətlər indiki və bundan sonrakı dövrdə də davam edəcək. Sadəcə olaraq qonşu, dost, insanlıq baxımından ağır vəziyyətə düşən Ukraynanın qaçqınlarına yəqin ki, biz də kömək eləməliyik”.
src="/storage/files/upload/198b17869a90b0c73301cff666e0ee51bd8beda5.jpg" style="width: 620px; height: 465.261px;" class="fr-fic fr-dib">
Tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov düşünür ki, Ukraynanın hərb, elm, təhsil, səhiyyə sahəsində kifayət qədər peşəkar mütəxəssisləri mövcuddur və biz onların imkanlarından yararlana bilərik: “SSRİ dönəmində əsas marşallar ukraynalı idi. Ştemenko Stalinin yanında çalışırdı və bu marşal da ukraynalı idi. Bundan başqa onların dünyaca məşhur böyük alimləri var. Hətta bu alimlər rusiyalı alimlərdən də daha bacarlıqlı və daha üstündürlər. Onları ölkəmizə dəvət eləsələr, çox gözəl olardı. Mən əminəm ki, onlar Azərbaycana gəlsələr, bizim elmimizi çox yüksəklələrə qaldırarlar. Səhiyyə sahəsində böyük mütəxəssisləri var. Mən özüm də səhiyyə işçisiyəm, ona görə bilirəm. Əczaçılıq və digər sahələrdə də ukraynalılar dünyaya səs salıblar”.
Ukraynalı həkimlər də dünyada böyük nüfuza, imicə sahibdirlər. İstər idman, istər cərrahi istərsə də formokolji istiqamətlərdə ad çıxaran ukraynalılara sahiblənmək haqqında görəsən düşünürükmü? Artıq onların bir çoxuna – xüsusən də Avropada təhsil alan gənc həkimlərə - Polşa və Litva qucaq açıb. Ukraynalı həkimlər hələ müharibənin ilk günlərində Polşa və Baltikyanı ölkələrə daha çox üz tutublar. Hətta onların böyük əksəriyyətinin elə ilk günlərdən işlə təmin olunduğu vurğulanır.
src="/storage/files/upload/f3bc7f650c29ce1b4b2fb655aa51801645d26a78.jpg" style="width: 611px; height: 344.197px;" class="fr-fic fr-dib">
Tibb elmləri doktoru, professor Adil Qeybulla ilk növbədə Ukraynanın əczaçılıq sənayesinə diqqət çəkib. Professor bildirib ki, Ukraynanın inkişaf etmiş əczaçılıq sənayesi mövcuddur: “Təbii ki, sovet dönəmində Ukrayna Rusiyadan sonra ən çox inkişaf etmiş dövlət idi. Ukrayna coğrafi baxımdan Qərbə yaxın olduğu üçün onun səhiyyə infrostrukturunda gəlişmələr çoxdur. Hazırda Ukraynadan çıxan mütəxəssislər yəqin ki, bir müddətdən sonra qayıdacaqlar. Onların gedişi an, zaman məsələsidir. Yəni onların ölkəni tərk etmələri və qayıdışı müharibənin gedişindən asılı olacaq. Əlbəttə, Azərbaycana gəlmək, burada fəaliyyət göstərmək istəyən şəxslər buraya dəvət oluna bilər. Söhbət yaxşı mütəxəssislərdən gedir. Nəinki Ukraynanın, dünyanın hər yerindən yaxşı mütəxəssisləri Azərbaycana gətirmək, onlara şərait yaratmaq çox yaxşı olardı. Söhbət düşünən beyinləri buraya gətirməkdən gedir. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının da gücü beyinlərə qoyulan sərmayədədir. Ona görə də Amerika inkişaf edərək bu səviyyəyə gəlib çatdı. Düşünürəm ki, beyin axınına yol verməkdənsə, əksinə, beyinləri buraya dəvət etmək daha məqsədəuyğundur. Məncə, bu daha düzgün strateji addım olardı. Hər halda bu qərarlar hökumətə məxsusdur. Təbii ki, bunu vətəndaş cəmiyyəti həll eləmir”.
src="/storage/files/upload/b639aed375e202587a33ee68766b76f0c768e7fb.jpg" style="width: 645px; height: 430px;" class="fr-fic fr-dib">
Deputat Etibar Əliyevin fikrincə, ümumiyyətlə, hər hansı bir ölkəyə təcavüz aktı baş verərkən həmin ölkədən kütləvi köç baş verir. Millət vəkilinin sözlərinə görə, onların içərisində sadə insanlarla yanaşı, alimlər, ziyalılar, həkimlər, müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər də olur:
“Onlar ölkəni tərk edərkən müxtəlif ölkələr onları qəbul etmək məcburiyyətində qalırlar və yaxud sənət adamlarına, alimlərə, mütəxəssislərə qapılarını könüllü şəkildə açırlar. Bu təbii haldır. Onlar Azərbaycana da gələ bilərlər. Bu, humanist missiyadır. Hətta Nobel mükafatçısı Aziz Sancar burada olarkən çıxışında söyləmişdi ki, onun yetişməsində vaxtilə Adolf Hitlerin Almaniyadan qovduğu kimya və molekulyar biologiya üzrə mütəxəssislərin, alimlərin rolu böyük olub. Hər bir ölkənin alim, həkim, sənətkar potensialı var. Şübhəsiz ki, onlar ölkələrində təhdid olarkən hansı dövlətə üz tutsalar, həmin dövlətə də öz töhfələrini verə bilərlər. Bununla yanaşı, Kiyev Dövlət Universiteti təkcə Ukraynada deyil, bütün dünyada tanınmış universitetdir. Ukrayna Elmlər Akademiyasında çalışan alimlərin də kifayət qədər çəkisi var”.
Deputata görə, orada böyük alim potesialından söhbət gedə bilməz:
“Mən belə düşünürəm. Təcrübə mübadilələri apara bilərlər, çalışma təcrübələri də ola bilər, amma elə də böyük alim potensialından söhbət getmir. Buna baxmayaraq, Azərbaycan onları qəbul edə bilər. Dövlətimiz həmişə özünü humanist ölkə kimi göstərib. Düşünürəm ki, onların Azərbaycana dəvət olunması ilə bağlı öz mövqeyimizi sərgiləsək, dövlətimizə də başucalığı gətirə bilər. Söhbət humanizmdən, insanların xilasından gedir. Məsələ burasındadır ki, onların dəvəti ilk növbədə Ukraynanı tərk edənlərin istəyindən asılıdır. Onların hansı ölkəni seçəcəkləri bu məsələdə önəmli rol oynayır. Aidiyyəti dövlət qurumlarımız bu işlə məşğul ola bilərlər, amma ilk növbədə həmin ukraynalı mütəxəssislər, alimlər bizdən sığınacaq almaq istəyirlərmi?! Məsələ budur. Onların buraya gəlməsi öz istəklərindən asılıdır. Biz qabağa düşüb dəvət edə bilmərik axı. Biz demokratik ölkəyik. Bizdə insan haqqlarına çox böyük dəstək verilir. Əgər istəyərlərsə, biz qapılarımızı onların üzünə aça bilərik”.
Ən həyəcanlı məqam isə indi toxunacağım sahədə yaşanır. Ekspertlərə və mediada yayılan xəbərlərə inansaq, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 1 milyona yaxın İT mütəxəssisi miqrasiya barədə düşünür. Hətta onların bir qisminin artıq Gürcüstana və Ermənistana sığındığı vurğulanır.
Düşünürsünüzmü, informasiya müharibəsində döyüşdüyümüz Ermənistanın həmin miqrant İT mütəxəssislərinin imkanlarından “yararlanması” nə deməkdir?!
src="/storage/files/upload/aa603e947f568f032e5a75e945d89f940cd7b302.jpg" style="width: 642px; height: 403.214px;" class="fr-fic fr-dib">
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz düşünür ki, biz onları çox düşünmədən Azərbaycana cəlb etməliyik:
“Rusiyada 600 mindən çox, Ukraynada 250 min, Belarusda isə 70 min İT mütəxəssisi var. Hazırda onlar miqrasiya etmək üçün şərait axtarırlar və bizdə olan məlumatlara görə daha çox Ermənistana, Gürcüstana gedirlər. Yetərincə bilik və bacarığa malik insanların Ermənistanda fəaliyyəti gələcəkdə bizim üçün təhdid ola bilər. Həmin İT mütəxəssislər uzun müddətdir ki, beynəlxalq şirkətlərlə işləyirlər. Ümumiyyətlə, son vaxtlar qlobal İT şirkətləri üçün regional mərkəz Rusiya - Moskva idi. Bəs bundan sonra necə olacaq? Hesab edirəm ki, milli maraqlarımız üçün yetişmiş şəraitdən yaralanmalıyıq”.
src="/storage/files/upload/f41cc14c51b91ac4c3a44160a8aab70b941933db.png" style="width: 625px; height: 450px;" class="fr-fic fr-dib">
İdman jurnalisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə idman sahəsindəki ukraynalı peşəkarların ölkəmizə gətirilməsi məsələsinə diqqət çəkib:
“Ukraynanın çox təcrübəli məşqçiləri var. İdman üzrə Ukraynada peşəkar həkimlər, tibb işçiləri mövcuddur. Azərbaycanda isə bu sahədə çox böyük boşluqlar mövcuddur. Bu kimi sahələrdə ukraynalıların təcrübələrindən yararlanmaq olar. Bunlar birbaşa federasiyaların nəzarətində olan məsələdir. Eyni zamanda, Ukraynanın peşəkar idmançılarına burada məşq etmələri üçün yer də ayıra bilərik. Qadın cüdoçuları da komandalarımıza dəvət etmək mümkündür. Amma kişilərdən ibarət cüdo yığmaları haqqında bunu söyləmək çətindir. Eyni zamanda güləş yığmamızda da yerli idmançılarımızın üstünlük təşkil etməsini istəyirik. Azərbaycan azarkeşləri də legioner idmançıların milli komandalarda çıxış etmələrinin tərəfdarı deyil”.
Bununla yanaşı, ukraynalı voleybolçuların ölkəmizə dəvət edilməsinin tərəfdarı olduğunu söyləyib:
“Çünki Azərbaycan voleybolunda hazırda durğunluq yaşanır. O zaman yerli voleybolda rəqabət də yaranacaq. Aydındır ki, hazırda ölkəmizdə voleybol çox yaxşı vəziyyətdə deyil. Təcrübəli ukraynalı qadın və kişi voleybolçular buraya gələrək Azərbaycan voleybolunda rəqabət yarada bilər. Onlar bizim beynəlxalq arenaya çıxışımıza da kömək edə bilərlər. Onu da nəzərə alaq ki, biz hər hansı bir ukraynalı idmançını bu və ya digər komandaya dəvət etsək, həmin komandada rusiyalı və belaruslu idmançı ola bilməz. Bu, hər hansı bir qalmaqala səbəb ola bilər. Bunları da nəzərə almaq lazımdır. Çalışmalıyıq ki, bu kimi məsələlərdə ideal davranaq”.
src="/storage/files/upload/9a0c0a4a38f48f98737dbdf2ee8ce603195c7807.jpg" style="width: 625px; height: 354.339px;" class="fr-fic fr-dib">
“Qol.az” saytının baş redaktoru Aydın Bağırov isə düşünür ki, ukraynalı idmançıların Azərbaycanın milli komandalarına və klublarına cəlb edilməsi hüquqi baxımdan vaxta apara biləcək bir prosesdir.
Aydın Bağırovun fikrincə, bunlar bir-iki ay aralığında həll ediləsi məsələlər deyil: “Görünən odur ki, bu gün Ukraynada idmançılar, eləcə də futbolçular idmandan, məşq prosesindən tamamilə kənarda qalıblar. Müharibəyə görə onların bir çoxu ölkədən köçməyə meyil göstərirlər. Doğrudur, 60 yaşa qədər kişilər ölkəni tərk edə bilməzlər, qadağa var. Amma bildiyim qədər, peşəkar futbolçularla bağlı belə bir qadağa yoxdur. Bu gün yüksək liqalarda təmsil olunan peşəkar futbolçular dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda da gəlib oynamaq istəyirlər. Hazırda komandalarımızın heyəti komplektləşib. Müəyyən büdcə məhdudiyyətləri də var. Sırf futbolu nəzərdə tutsaq, inanmıram ki, bu gün komandalarımız Ukraynadakı yüksək hazırlıqlı və yüksək məvacibli futbolçuları heyətlərinə cəlb edə bilsinlər”.
Ekspert düşünür ki, digər futbolçular isə bizim klublara ancaq yay transfer pəncərəsi dövründə lazım ola bilərlər:
“Digər idman növlərinə gəldikdə isə ortada Mariya Stadnik, İrina Zaretska nümunələri var. Onlar Azərbaycan yığmalarında çox uğurlu nəticələr əldə ediblər. Düşünürəm ki, bu cür idmançıların ölkəmizə gəlməsini istəyənlər də çoxdur. Yəqin ki, federasiyalar bu cür fürsətdən istifadə edə bilərlər. Təkcə bizim komandada çıxış etmələri üçün ölkəmizə dəvət etməməliyik. İlk növbədə insanlıq nümunəsi göstərərək onlara qucaq açmalıyıq. Eyni zamanda, Azərbaycan bayrağı adı altında çıxış edərək bizə də köməklikləri dəyə bilər. Hələ ki, ukraynalı idmançılar tərəfindən rəsmi müraciətlər olunmayıb. Bu barədə rəsmi açıqlamalar da verilməyib, mən buna rast gəlməmişəm”.
Ümid edirik ki, Azərbaycandakı aidiyyəti qurumlar yaranmış vəziyyətdən uğurla yararlana biləcəklər. Bu, həm insanlıq, humanizm prinsipləri baxımından önəmlidir, həm də bütün sahələrdə maraqlarımızın təmin edilməsi baxımından diqqətçəkəndir.
Tural Turan
-
İdman08:00Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...





































