50 min azərbaycanlının qətlə yetirildiyi soyqırımı - 31 Martda nə BAŞ VERMİŞDİ?
Bizi izləyin

Xüsusi

50 min azərbaycanlının qətlə yetirildiyi soyqırımı - 31 Martda nə BAŞ VERMİŞDİ?

6.3.5 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması;

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. 104 il əvvəl Bakıda, Qubada, Şamaxıda, Göyçədə, İrəvanda, Zəngibasarda, Qarabağ bölgəsində, Azərbaycanın güneyində soydaşlarımıza qarşı erməni daşnak qüvvələrinin etnik təmizləmələri nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, evindən, yurd-yuvasından didərgin salınıb. Erməni vandallarının bu soyqırımı aktları təkcə türk düşmənçiliyi ilə bağlı deyildi, həm də İslam dininə hədsiz nifrətlə əlaqədar idi. Çünki 1918-ci ilin fevral, mart və aprel ayları ərzində Azərbaycan türkləri ilə yanaşı, burada yaşayan ləzgilər, yəhudilər, tatlar, rutullar, saxurlar, talışlar, kürdlər də daşnak silahlılarının qurbanına çevrilirlər.

Bu məqamda qeyd etmək yerinə düşər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında 12 minə yaxın azərbaycanlı qətlə yetirilir. Bunlar rəsmi rəqəmlərdir. Rəsmi rəqəmlərə görə, on minlərlə insan itkin düşüb, tarixçilər həmin şəxslərin ermənilər tərəfindən öldürüldükdən sonra kütləvi məzarlıqlarda dəfn edildiklərini bildirirlər.

Həmin dövrdə türk və müsəlman qanına susamış ermənilər əsasən silahsız insanları hədəf alırlar, qoca, qadın, uşaq demədən hər kəsi süngüyə taxır, güllələyirlər. Dövrün istintaq materiallarına baxdıqda görürük ki, erməni cəlladları hətta azyaşlılara qarşı da ən amansız işgəncə üsulları seçiblərmiş. Yetkinlik yaşına çatmayan oğlan və qızların belinə samovar bağlayıb qayadan atırlarmış. Eyni zamanda dövrün hadisə şahidlərinin ifadələrinə görə, Bakı, Basarkeçər və Şamaxı ərazilərindəki qırğınlar zamanı köməksiz qadınlar və uşaqlar diri-diri iri boruların içərisinə salınır, sonra həmin boruların üzəri torpaqla örtülürmüş...

src="/storage/files/upload/44a2a696a5e743dd18f03b27fe4a7daa93fc8d3f.jpg" style="width: 475px; height: 316.667px;" class="fr-fic fr-dib">

Bakıda təkcə 1 həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi.

Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu.

Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”

src="/storage/files/upload/436cd74870c5ad133fb58265b840ca7c7cc52edb.jpg" style="width: 513px; height: 338.58px;" class="fr-fic fr-dib">

Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımıya məruz qaldığı göstərilir.

Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ prezidenti Vudro Vilsona 1919-cu il 28 may tarixli müraciətində digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü.

Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi.

Mahiyyət etibarı ilə Şamaxıda törədilən qırğınlar Bakıdakı qətliamlardan heç də geridə qalmayıb. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi məlumatlarda 7 min, bəzilərində 8-12 min göstərilir. Hətta bəzi qaynaqlarda bu rəqəmin 40 min olduğu vurğulanır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunur.

Ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (100 nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

src="/storage/files/upload/e9c9d252c873d8af82c6317138a5091ef2ce2ffc.jpg" style="width: 515px; height: 344.012px;" class="fr-fic fr-dib">

Soyqırımı aktları təkcə Şamaxı, QubaBakı ilə yekunlaşmır. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini yerlə-yeksan edir, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürürlər. Bütövlükdə, bu qəza üzrə 10 068 azərbaycanlı soyqırımıya məruz qalır, öldürülür və ya şikəst edilir. Üstəlik, 50 000-dən çox azərbaycanlı qaçqın düşür.

Eyni zamanda İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı erməni cəlladları tərəfindən qətlə yetirilir. Kəndlər, iri yaşayış məntəqələri isə yerlə-yeksan olunur. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılır, əhalisi soyqırımıya məruz qalır.

Tarixçi alim Solmaz Tohidi Publika.az-a açıqlamasında bildirib ki, 31 mart 21-ci əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamlarından biridir:

“Hətta deyərdim ki, xalqımızın və ərazilərimizin varlığının ciddi təhlükə ilə üzləşdiyi hadisələr silsiləsinin başladığı tarixdir. İllərdir, bu mövzuda sənədlər araşdırır, tədqiqatlar aparıram, artıq mövzunun yorğunluğunu hiss etsəm də, hələ ki, qələmi yerə qoya bilmirəm. Baş vermiş hadisə miqyasına, məzmununa, təsir dairəsinə və təəssüf ki, aktuallığına görə buna imkan vermir. Bəzən bu hadisələrə dair ən kiçik bir haşiyə, xatirə, ya fikir həmin mövzuya dönə-dönə qayıtmağa, yeni bir yanaşma ilə baxmağa vadar edir”.

Tarixçi alimin fikrincə, mart hadisələrinin bu günümüzdən tədqiqi göstərir ki, Bakının, eləcə də Şamaxının və digər bölgələrin dinc, əsasən silahsız müsəlman əhalisinə qarşı qabaqcadan hazırlanmış və planauyğun surətdə nizami qoşunlar tərəfindən həyata keçirilən kütləvi qırğınların qarşısını almaq qeyri-mümkün idi: “1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldılmışdı. Yuxarıda göstərilən bütün quberniya, qəza və kəndlərdə silahlı erməni dəstələrinin, həmçinin bütün bədbəxtliklərinin günahını türklər və azərbaycanlılarda görən və bu səbəbdən hər şeyə hazır olan erməni qaçqınların mövcud olması azərbaycanlıların məskunlaşdığı ərazilərin təmizlənməsi üzrə erməni millətçilərin planlarının həyata keçirilməsini xeyli yüngülləşdirmişdi”.

Solmaz Tohidinin sözlərinə görə, bu baxımdan qətiyyətlə demək olar ki, gələcək erməni dövlətçiliyinin ərazi fundamenti məhz bu dövrdə qoyulmuşdu:

“1918-ci il martın 29-da 50 nəfərə yaxın Azərbaycan hərbi qulluqçusunu tərk-silah etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab tədbiri görməyə təhrik etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi yararlanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 70 faizi erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu və “Daşnaksütyun”un 3-4 minlik milli hissələri Bakıda dinc azərbaycanlı əhalini qırmağa başladı. Təkcə 1 həftə ərzində 12 mindən artıq insan, silahsız türk-müsəlman əhali qətlə yetirildi. Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırıldı. Daha sonra növbə Quba, Kürdəmir və Lənkərana çatdı”.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərli isə bildirib ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi, eləcə də ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktına 80 il sonra qiymət verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir. 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyasının arxiv sənədlərində öz əksini tapır. Komissiya 1918-ci il iyul ayının 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradılmışdı. Komissiyanın yaradılmasında əsas məqsəd ermənilər tərəfindən 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımılarla bağlı təhqiqat sənədlərinin toplanması və bu sənədlərin dünyanın müxtəlif dillərində nəşr olunması, beynəlxalq aləmə çatdırılmasından ibarət olub. Bakıdakı qırğın zamanı öldürülən azərbaycanlıların sayı 12 min nəfərə qədər olub. Həmin dövrdə ermənilər tərəfindən Şamaxı şəhərində 8 min, Qubada isə 16 min insanın həyatına son qoyulub. Qubada azərbaycanlılarla yanaşı, 3000-dən çox yəhudi də soyqırımıya məruz qalıb”.

Onu da qeyd edək ki, Quba şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan Quba Soyqırımı Memorial Kompleksi fəaliyyət göstərir. 31 mart soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Ermənistan zaman-zaman Azərbaycan xalqına qarşı bu cür etnik təmizləmələr aparıb. Ona görə də biz qan yaddaşımızı unutmamalı, bizə qarşı soyqırmı aktı həyata keçirənlərin varislərinə, xələflərinə qarşı da tədbirli davranmalıyıq.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/f07ba7448779cf136a7ae281d4a66cefef6dff92.jpg" style="width: 491px; height: 306.057px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm