Bakıda o satqınların heykəlləri var, şəhidlərimizin heykəlləri niyə olmasın? - Tural Abbaslı ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bakıda o satqınların heykəlləri var, şəhidlərimizin heykəlləri niyə olmasın? - Tural Abbaslı ilə MÜSAHİBƏ

Onunla müsahibə vaxtını saat 11:00-a təyin etmişdik. Keçmiş Lider TV-nin binasında, beşinci mərtəbədəki ofisində görüşəcəkdik. Elə də oldu. Amma əvvəlcə qapının kilidli olduğunu gördük, yenə də qapını döydük. Ağ Partiyanın qapısını üzümüzə partiyanın başqan müavini Əhəd Məmmədli açdı.

Partiya sədri Tural Abbaslı isə bizi otağının girişində qarşıladı. Üzündə səmimi bir təbəssüm var idi. Necəsiniz? – deyə soruşduqda – “Çalışırıq, vuruşuruq Lenin baba yolunda” – deyərək cavab verdi və otaqdakıların üzündə fərqli bir təbəssüm yaratdı.

Ayaqüstü qısa söhbətdən sonra Ağ Partiyanın sədri Tural Abbaslı ilə söhbətimizə başladıq.

Tural Abbaslının Publika.az-ın Cümə söhbəti müsahibəsində ailəsindən, siyasətçi qayınatası ilə münasibətlərindən, Qarabağ məsələsindən, şəhid qardaşı Teymurun övladlarından, bir sözlə, çox şeydən danışmışıq.

Publika.az Ağ Partiyanın sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir:

- Tural bəy, əvvəla təbrik edirik sizi, təzəcə ailə qurmusunuz, yuva olmusunuz...

- Çox sağ olun, təşəkkür edirəm. Subaysınızsa, Allah sizə də qismət eləsin (fotoqrafımız Ceyhunla məni nəzərdə tutur - T.T.).

- Xeyr, evliyik.

- Elə saçlarınızın ağarmasından bilinir (gülür).

- İnşallah, sağ əliniz Əhəd bəyin başına, ona evlənmək qismət olsun (Bir kənarda oturub müsahibəmizi dinləyən Əhəd Məmmədliyə “ilişirəm”)

- Ümid edirəm, saçları keçəlləşməmiş evlənər (gülür).

src="/storage/files/upload/c9343eb0570d9947efefc0ec0c232a95efa2c98f.jpg" style="width: 560px; height: 373.707px;" class="fr-fic fr-dib">

- Tural bəy, “gələndə evə çörək al” rejiminə keçmisinizmi?

- Qardaş, mən o rejimə çoxdan keçmişəm. Elə toyun səhəri günü o rejimə keçdiyimi deyə bilərəm (gülür). Onsuz da mən evlənməmişdən əvvəl də anamla yaşayırdım. Doğrudur, indi anamdan soruşsanız, deyəcək ki, evə heç nə almırdı, mağazaya getmirdi, evə çörək almırdı... Bütün analar kimi... Təbii ki, evdə ana-bala ikimiz qaldığımız üçün çörəyi də, ərzaqları da mən alırdım. Hətta yuyucu toza qədər... Bu yuyucu tozdan yox, o birindən alarsan – deyirdi. Bütün bunları mən edirdim. Elə indi də həmin rejimdəyəm (gülür).

- Belə başa düşdüm ki, evə bazarlıq etməyi bacarırsınız...

- Əlhəmdülillah. Qardaş, bazarlıq nədir, hətta ekonomik bazarlıq eləməyi də bacarıram. Doğrudur, qardaşım qədər yox, amma eləyirəm. Biri var, bazarlığı edirsən və kassa aparatına çatanda qiymətlərdən xəbərin olur, biri də var qiymətə baxıb bazarlıq edəsən. Mən ikincilərdənəm. Hər şeyin ən yaxşısına qaçmıram. Cibimə görə bazarlıq etməyə çalışıram. Hələ oliqarxlaşmamışıq (gülür).

- Səhv etmirəmsə, Xalq şairi Musa Yaqub öz həyat yoldaşına demişdi ki, “heç bilirsən bu qayğanağı kimin qarşısına qoyursan?!” Həyat yoldaşınız da partiya sədri Tural Abbaslıya evdə nəsə xarab olanda deyirmi ki, dur, təmir elə? Bir lampa xarab olanda onu kim təmir edir? Siz düzəldirsiniz, yoxsa usta çağırırsınız?

- Ümumiyyətlə, mən hələ uşaqlıqdan elektrotexniki avadanlıqlara həvəs göstərmişəm. Özüm də Seyid Cəfər Pişəvəri adına 4 nömrəli Humanitar Fənlər Gimnaziyasını bitirmişəm. Ora yarı internat tipli məktəb idi. “Pəncərə” filmi də bizim məktəbdən bəhs edir. O məktəbi bitirdiyimə görə mən həyatda hər şeyi özüm edirəm. Yəni bacarıram. Paltarlarımı ütüləyə, lazım olanda yüngülvari yeməyimi də bişirə bilirəm. Evdəki texniki avadanlıqları da təmir etməyi bacarıram. Bunlar öz yerində, amma arada “qapı-baca işi” də görürəm. “Sən bilirsən heç mən kiməm?” rejiminə çox keçə bilmirəm. Çünki mənim həyat yoldaşımın atası da siyasətçidir. Müsavat Partiyasının Divan üzvü olub. Qayınatam Müsavat Partiyasının keçmiş deputatlarından İkram İsrafildir. Biz partiyanın Divanında da həmkar olmuşuq. Yəni bunlar xanımıma keçmir. Nəsə desəm, cavab verəcək ki, “siyasətçi olursan ol də, mənim dədəm də siyasətçidir və deputat idi, nə olsun?!” (gülür). Biri var, bu mühitə yad olan biri gəlsin, desin ki, siyasətçidir, xalq bunu tanıyır, biri də var, bu mühitə bələd olan bir insan... Nəsə söyləsən, deyəcək ki, səndən biri də bizim evdə var idi. O baxımdan, evdə xüsusi olaraq fərqləndirilmirəm. Yəni “bu, siyasi liderdir, buna deməyim, düş çörək al”. Bu cür tapşırıqlar alıram və mən də üzərimə düşəni edirəm (gülür).

src="/storage/files/upload/b50e339c5d427661618d9189f97b5dfdd39a22e2.jpg" style="width: 683px; height: 457.668px;" class="fr-fic fr-dib">

- Bəs qonaq gedəndə qayınatanız İkram bəylə polemikalara girirsinizmi? O da klassik müsavatçıdır, sizin də keçmişiniz “Müsavat”a bağlı olub...

- Maksimum şəkildə çalışırıq ki, debatlara girməyək. Vaxtilə ikimiz də Müsavat Partiyasının Divan üzvü idik və bəzi mövzularda fikir ayrılıqlarımız olurdu. Bəzən Divanda hər kəs bir mövqe sərgiləyirdi və fikir ayrılıqları da baş verirdi. Amma çox vaxt fikirlərimiz üst-üstə düşürdü. Bəzi hallarda “Müsavat”da qruplaşmalar da olurdu. Doğrudur, İkram bəy mənim qədər ambisiyalı olmayıb. Yəqin ki, azdan-çoxdan tanıyırsınız. O zaman elə çox polemikalarımız olmurdu. Adətən cari mövzularla bağlı hansısa fikir ayrılıqları ola bilərdi. İndi mən “Müsavat”dan çıxmışam, özüm ayrıca partiya yaratmışam. Hətta iddia da edirəm ki, bizim partiya Azərbaycanın ən güclü partiyasıdır. “Müsavat”a qarşı bir doğmalığım var, amma ən azından onu iki dəfə üstələyən bir partiya olmuşuq. Ona görə də qayınatamgilə gedib-gələndə çalışırıq ki, o mövzulara toxunmayaq. Amma polemika açılanda mən yenə də özümü saxlaya bilmirəm (gülür). Bir də ayılıram ki, qayınata-kürəkən, qohum “mod”undan çıxmışam və siyasi rəqib rejiminə keçmişəm. Bir də görürəm ki, xanım da məni dartır ki, neynirsən, bura debat yeri deyil (otaqda gülüş).

- Siyasətdə də böyük-kiçik yeri varmı?

- Ümumiyyətlə, onu da deyim ki, mən siyasətdə böyük-kiçik, ağsaqqal-qarasaqqal yerini bilən, o subardinasiyanı qoruyan adamlardanam. Həmişə çalışmışam ki, onu qoruyum. Hətta ən həyasız iqtidar nümayəndəsi ilə debatda da buna fikir verirəm. Yaşlıdırsa, ahıldırsa, çalışıram ki, ona hörmətlə davranım. Təbii ki, siyasi debatın da öz qaydaları var. İstənilən halda biz hədləri aşmırıq. İndi bizim cəmiyyətdə bir seqment yaranıb; guya bunlar demokratiya uğrunda vuruşurlar, ona görə də bunlara hər şey demək olar. Tutaq ki, “mən niyə avtobusda yaşlılara yer verməliyəm, sən mənim üçün neyləmisən?” – deyirlər. Hansı ki, onların özləri də bir şey etməyiblər. Biz gözümüzü bu sektorda açmışıq və görə-görə gəlmişik. Amma mən çalışıram ki, milli-mənəvi dəyərlərimizə sadiq qalım. Çünki hər şey siyasət deyil, hər şey yarış deyil, hər şey qələbə deyil. Həyatda başqa dəyərlər də var. Həmin dəyərlər bir çox hallarda digərlərindən üstündür, məsələn, din, əxlaq, ailə, dostluq... Bizim partiyanın əsas prinsiplərindən biri də dostlar partiyası yaratmağımızdır. Yəni dostlar partiya yaradıb. Biri var, partiya yaradıb dost olursan, biri də var dostlar yığışıb yeni partiya formalaşdırır. Ağ Partiyanın İdarə Heyətinin üzvlərinin hamısı bir-biri ilə dostdur. Hamının bir-birinin evinə gediş-gəlişi var. Bəlkə də məhz buna görə digərləri ilə müqayisədə kifayət qədər uğurlu partiya alınıb.

src="/storage/files/upload/4f5acd749a11bb27f48ee59467685a0b45f30786.jpg" style="width: 675px; height: 448.375px;" class="fr-fic fr-dib">

- Niyə məhz Ağ Partiya? Adını nəzərdə tuturam...

- Bilirsiniz, 1989-cu ildən bu tərəfə bəlkə də həm iqtidarda, həm də müxalifətdə yeni nəslin nümayəndəsi bizik. Özünüz də düşünün... Sizin istənilən müsahiblərinizin siyasi fəaliyyət dövrü 1989-90-cı illərə gedib çıxır. Yeni nəsil yoxdur. Elə bil ki, 30 illik bir pauza var. Həmin nəslin də doğruları, yanlışları olub. Biz bu partiyanı yaradanda “keçmişimiz ağdır” – prinsipi ilə yaratmışıq. Amma biz yeniyik, ağ və təmizik. Həm də bizim siyasi baxışımız Türkiyənin iqtidarda təmsil olunan AK Partiyası – “Adalet ve Kalkınma Partisi” ilə eynidir. Əslində, dərinə gedəndə Ərdoğangilin də düşüncəsindəki anlayış AĞ – AK anlayışıdır. Sadəcə olaraq o dövrdə Qərbin təsiri daha çox idi deyə Avropaya yaxın bir ad seçmişdilər. AK Partiyanın loqosuna baxın, lampadır. Bu, sırf Avropa, Qərb düşüncəsidir. Yeni ideyaları təmsil edir. İndi Türkiyənin özündə də “AK Parti” deyirlər, AKP deyəndə acıqları gəlir. Dolayı yolla ifadə etsək, bu, piar baxımından da rahatdır. Türk-islam dünyasının bir siyasi xəttidir, olsun. Birinci Türkiyədə, ikinci bizdə, üçüncü Özbəkistanda... niyə də olmasın?! Kommunistlər, yaşıllar, sosial demokratlar hər yerdə eynidir. Bəs bizim – türk-islam dünyasının niyə özünəxas bir ideoloji xətti olmasın?! Ərəblərdə “Baas” var, “Exfamin muslimin” var. Bizdə yoxdur. Niyə olmamalıdır ki?! Uğurlu bir layihədir. Bu layihə Türkiyəni də dünya səviyyəsinə çatdırıb. Ərdoğan bu dəqiqə dünyaya ağsaqqalıq etmək istəyən Rusiyaya vasitəçilik edir. Bizim partiyanın loqosundakı isə “lampa” deyil, lalədir, Osmanlı imperiyasına işarədir. Onun ətrafındakı damğa isə Nadir şah Əfşarın qəbiləsinin – Əfşarların damğasıdır.

- Niyə məhz əfşarlar?

- Çünki əfşarlar Səfəvilərdən sonra Nadir şahın qurduğu bir sülalə idi. Azərbaycanın qurduğu ən böyük sonuncu imperiyalardan sayılırdı. Hətta Səfəvilərdən də böyük idi. Tarix boyu Avropa Osmanlını və Səfəvini qarşı-qarşıya qoyub. Müsəlman və türk olsalar da, bir-birlərinə qarşı olublar. Nadir şah isə şiə-sünni, din ayrı-seçkiliklərinin aradan qaldırılması üçün islahatlara getdi. Osmanlı dövlətinə məktub göndərərək birliyə çağırdı. Hətta Osmanlı xəlifəsinə dini baxımdan itaət də edə bilərik, təki bu dini ayrı-seçkilik aradan qalxsın – söylədi. O, türk-islam dünyasının birləşməyini istəyirdi. Təbii ki, bu cəhdlərinə görə də Nadir şahı qətlə yetirdilər. Türk-islam dünyasının xilası onun birliyindən asılıdır. Türkiyə və Azərbaycanın ilk dəfə səmimi yaxınlığı Qarabağın işğal altından azad edilməsinə gətirib çıxardı. Düşünün, biz bunu daha yüksək səviyyəyə qaldırsaq, daha hansı uğurlara imza ata bilərik. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan bir araya gəlsə, nə boyda bir ərazi deməkdir. Dünyanın ən böyük qaz ehtiyatları Türkmənistandadır. Dünyadakı ən böyük əraziyə sahib ölkələrdən biri Qazaxıstandır. Dünyanın ən güclü ordusuna sahib ölkələrdən biri Türkiyədir. Neft-qaz ehtiyatına və yerləşdiyi coğrafi-strateji mövqeyinə görə Azərbaycan böyük önəmə malikdir. Baxın, türk dünyası öz aralarında birləşsələr, yeni dünya qütbü olur. Bunun qarşısını alan heç nə yoxdur. Sadəcə olaraq, biz insanlar açılım etməliyik. Dünənə qədər mən türkəm deyəndə deyirdilər ki, türksən get Türkiyədə yaşa. Biz hələ millət, etnos, xalq anlayışlarına da yavaş-yavaş gəlirik. Bizim partiya daha çox ideoloji partiyadır, nəinki dünya ölkələrinin səfirlərinin xoşuna gəlmək üçün hərəkət edən siyasi təşkilat... Biz onlardan deyilik. Bəzən bir ölkənin səfiri hansısa bir müxalifət partiyasının rəhbərliyi ilə görüşür. Deyirəm ki, qardaş, həmin səfirlərin görüşdüyü müxalifət partiyası üzvlərinin sayı bizim bir rayon təşkilatımızın üzvlərinin sayından azdır. Bunu tam səmimi deyirəm. Niyə bizimlə yox, onlarla görüşürlər? Çünki biz can atmırıq. Ona görə ki, Tural Abbaslı və Ağ Partiya milli-mənəvi dəyərlərə bağlı, ideoloji bir partiyadır. Biz öz dəyərlərimizi tapdamarıq. Yoxsa həmin ölkənin səfiri ən güclü partiyanın sədrini qoyub gedib başında üç-beş nəfər trolu olan bir partiya sədri ilə görüşsün. Biz mesaj da vermişik ki, milli-mənəvi dəyərlərə sadiq, ideologiyaya əsaslanan bir partiyayıq. Bizim otağımızda Çörçillin və başqalarının şəkilləri yoxdur. Bizim üçün dəyərlərimiz daha önəmlidir. Xalq bizi belə sevəcəksə, sevəcək. Sevməsə, biz narıncı kofta geyib “əkşn”lara qoşulmayacağıq.

src="/storage/files/upload/43f52e3a0d5e3c8545148bca73d9f49f320911b1.jpg" style="width: 685px; height: 455.047px;" class="fr-fic fr-dib">

- Sizi sevənlərlə yanaşı, sevməyənlər də var. Məsələn, elə yazıçı Kəramət Böyükçöl. Çağırırsınız gəlir, çay içirsiniz, bir yerdə söhbət də edirsiniz. Buradan ayrılandan sonra yenə də sizin əleyhinizə danışmağa başlayır. Kəramətlə ulduzunuzun barışmamasının səbəbi nədir?

- Bilirsiniz, yatmış adamı oyatmaq mümkündür, amma özünü yuxululuğa qoyan adamı oyatmaq olmaz. O adamın mənimlə hər hansı bir problemi yoxdur. Biz – mən və ətrafımdakı uşaqlar onu hələ universitetə hazırlıq dönəmlərindən, Savalan babanın qucağında oturduğu dönəmlərdən tanıyırıq. Bakı Dövlət Universitetinin Mətbuat Xidmətində işlədiyi dövrdən, Bakı sakini kimi AzTV-yə çıxdığı dövrdən tanıdığımızı deyə bilərik. Hətta arada kitablarını oxumasaq da, dəstək olmaq üçün alırdıq. Mən hansı kitabları alıramsa, evdə anam oxuyur. Daha deyə bilmirəm ki, gözlərini xarab eləmə... Yəqin ki, Kəramət kimiləri bəzi nazirlərin bədduasıdır, yaxamıza yapışıblar. Tək Kəramət deyil, liberal sektorda olanlar da var. Avropada oturub Tural bunu dedi, onu dedi – söyləyib hay-şüvən salırlar. Hətta biri var idi, bizim vikipediyaya yerləşdirdiyimiz məlumatları silib, yerinə başqa qərəzli informasiyalar paylaşırdı. Linklər atırdı ki, “Tural Abbaslı Mandelaya terrorist dedi”, “Tural Abbaslı Zelenskini kloun adlandırdı” – cəmiyyətdə aqressiya ilə qarşılana biləcək hansı elementlər varsa, onları yerləşdirirdi. Yaxşı şeyləri də paylaşa bilərsən, niyə cəmiyyətin qıcıqlandığı şeyləri paylaşırsan?! Amma Kəramətin burada elə bir zərəri yoxdur. O, “Tural satqındır”, - deyir. Kəramət məndən də yaxşı bilir ki, belə bir şey ola bilməz. Sadəcə olaraq populyarlığını artırır, gündəmə gəlir. Hətta deyərdim ki, buna biznes kimi baxır. Ona görə də şəhərdə Kəraməti görsəm, birinci mən ona əl uzadıram ki, nə var, nə yox, necəsən?..

- Yəni Kəramət Böyükçöl Tural Abbaslı ilə bağlı sosial şəbəkə statuslarını özünün biznes maraqlarını təmin etmək üçün yazır?

- Yəni... bu, adi bir şeydir. Demirəm ki, mən “ulduz”am, populyaram, bir qədər unudulsam, kənarda qalsam, məndən yazmayacaq. Heç yadına da salmayacaq, deyəcək ki, nəyimə lazımdır, görüm başqa kimlər var. Vaxtilə bizim “gənc yazarlar” dediyimiz bir tayfa var idi, Allah onlardan razı olsun, şükür ki, dağılışdılar. Nə gəldi yazırdılar ki, gündəmdə olsunlar. Qan Turalıdan tutmuş, Seymur Baycana, Əli Əkbərə, Aqşin Yeniseyə qədər... İndi onlar da vaxtilə tənqid etdikləri adamlara, bəzi məmurlara xidmət edirlər. Hətta zamanında bunu biz onların özlərinə deyirdik, onda bizi daşqalaq edirdilər ki, siz köhnə fikirlisiniz, biz yeni düşüncəliyik... Bilirsiniz, səmimi deyillər. Vaxtilə muğamı söyürdülər. Toy adətlərindən, yengə məsələsindən danışırdılar. Hamısı gündəmə gəlmək, müzakirə olunmaq üçün idi... Tənqid etsinlər, amma şər atmasınlar, təhqir etməsinlər. Kəramət deyirdi ki, bir ay sonra sübut edəcəyəm ki, Tural trolldur. Amma bir il keçib, ortada heç nə yoxdur. Partiya sədri necə troll ola bilər, yəqin ki, partiya sədrinin trolları ola bilər...

src="/storage/files/upload/529f7b2f833551414920c08a1ee17103b9f01f6b.jpg" style="width: 639px; height: 427.34px;" class="fr-fic fr-dib">

- Bəy, yəqin ki, bədii ədəbiyyat oxuyursunuz...

- Bəli, əlbəttə.

- Gənclərdən kimlərin yazdıqlarını bəyənirsiniz?

- O vaxt həbsdə olanda gənclərdən bir-ikisini oxumuşdum. Ondan sonra heç birinin yazdığına baxmıram. Çünki həm həvəsim, həm də vaxtım yoxdur. Eyni zamanda gözümü ağrıdıramsa, elə klassiklərimizi oxuyaram də. Rəsul Rzanı, İsmayıl Şıxlını, İlyas Əfəndiyevi... onlar daha maraqlıdır. Ciddi deyirəm. “Nobel” alanları oxuyaram, söhbət dünya səviyyəli yazarlardan gedir. Oxuyuramsa, sanballı mətnləri və müəllifləri oxuyaram.

- Biz niyə dünyaya “Nobel” alacaq səviyyədə yazıçı, şair çıxara bilmirik?

- Kürdəxanıda həbsdə olanda “Nobel” laureatlarının kitablarını da oxumuşam. Orada qəşəng bir kitabxana yaratmışdılar. Hər adamı da buraxmırdılar. Təzə və köhnə kitabxana var idi. Köhnə kitabxanada “Şamo” əsəri idi. Təzə kitabxanada isə latın qrafikalı əlifba ilə çap olunmuş “Nobel” mükafatçılarının, bizim yazarlarımızın əsərləri yer alırdı. Yaxşı, nəfis çap olunmuş kitablar idi. Bizi – bir-iki nəfəri oraya buraxırdılar. “Nobel” alanların çoxu da siyasiləşmiş yazarlardır. Hər “Nobel” alan da güclü yazıçıdır – deyə bir anlayış yoxdur. Orxan Pamukun “Qar”ı, Əkrəm Əylislinin “Daş yuxular”ı da “Nobel”ə hesablanıb. Bunu oxuyanda başa düşürsən. Demirəm ki, bizimkilər “Nobel” alsınlar, ən azından region səviyyəli, tanınmış yazıçılarımız, şairlərimiz olsun də. O da yoxdur. Deyirlər ki, oxuyan yoxdur, elə deyil. Sən yaz ki, oxusunlar. Yazan yoxdur. Oxuyan kifayət qədərdir. Anarın hekayələrini oxumuşam. Çox xoşuma gəlib. Yazıçı Anarı tənqid edirlər, amma onun bir cümləsi onu tənqid edənlərin külliyatından, kitablarından üstündür. Kitabı reklam üçün yox, rahatlanmaq üçün oxuyuram. Bəlkə də yaxşı yazanlar var, mən tanımıram. Amma yazan olsa, oxuyan da olacaq.

- Çingiz Abdullayev fəxrlə deyir ki, məni İlham Əliyev də, Putin də oxuyur. Bəs siz Çingiz Abdullayevin detektivlərini oxuyursunuzmu?

- Mən ümumiyyətlə, detektiv janrına çox meyil göstərmirəm. Yəni oxumuram. Səhv eеmirəmsə, Elxan Elatlı adlı birisi də var, o da detektiv yazır. Hətta kifayət qədər tanınır, Çingiz Abdullayevdən də çox oxunur. Amma onun piarı Çingiz Abdullayev qədər deyil. Şerlok Holms tipli detektivlər bir az fərqlidir. Sözün düzü, onları da oxumuram. Ona görə də yaxşı və ya pis yazdıqlarını deyə, tənqid edə bilməyəcəyəm. Bu, musiqi kimi zövq məsələsidir. Kim hansı janrı xoşlayırsa, onu oxuyur. Əsasən İsmayıl Şıxlını çox sevirəm.

- Yəni Qərb bölgəsindən olan yazarları nəzərdə tutursunuz?

- Yox, klassik yazarlarımızı da oxuyuram. “Geriyə baxma, qoca”, “Körpüsalanlar”, Anarın hekayələrini oxuyuram və onları çox sevirəm.

src="/storage/files/upload/832fc31fc942ce88a4f676917dc5472f090b1f53.jpg" style="width: 634px; height: 422.667px;" class="fr-fic fr-dib">

- Məsəl var ki, Qazaxda nə əksən, şair yetişir... Siz də Ağstafanın yetirməsisiniz. Nə əcəb şeir yazmırsınız?

- (Gülür). Əslində, atamın atası Ağstafaya Ərdəbildən gəlib. Ona qalsa, Ağstafadan çıxmış barmaqla sayılacaq qədər siyasətçi var, ya yox... O baxımdan Ağstafa sakit rayondur, insanları həlimdir. Məsələn, aşıq sənətini çox sevirəm. Doğrudur, roku da sevirəm, amma aşıq sənətini də... Şairləri də çox sevirəm, amma şair deyiləm.

- Ümumiyyətlə, şeir yazmamısınız?

- Hamının həyatında olur. Arada bir-iki misra uydurursan. Uşaq vaxtı, sevəndə... Amma mən demək olar ki, yazmamışam. Düşünürəm ki, qəşəng yazan varsa, get onu oxu... Bir də görürsən ki, biri məqalələrini yığıb kitab halına salır ki, bu da kitab yazıb. Şairin öz işi, siyasətçinin öz işi var.

- İstəyirəm ki, elə burada bədii hissəni bitirək və siyasi hissəyə keçək: necə düşünürsünüz, Xankəndi və Xocalı azad olunandan sonra biz ermənilərlə birgə yaşaya biləcəyikmi?

- Bilirsiniz, bir az qəliz sualdır. Baxın, 1 həftə əvvəl biz 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü qeyd etdik. Statuslar yazdıq, ermənilərin xəyanətlərini, tariximizi xatırladıq. Bu xalq 1918-ci ilin martından 1991-ci ilə qədər ermənilərlə birgə yaşadı. Biz tolerant, dözümlü, bağışlayan xalqıq. Çünki imperiya xalqıyıq, böyük millətik. Ermənilər isə çox kiçikdirlər. Onlar Xocalı faciəsini törədiblər. Qarabağı yerlə-yeksan ediblər. 20 Yanvar faciəsində əlləri var. Şəxsən mənə onlarla birgə yaşamaq çox ağır olar. Digər ailələr də olacaq ki, birgəyaşayış onlarda qıcıq yaradacaq. Azərbaycanın etnik tərkibi zəngindir: talışlar, ləzgilər, avarlar, tatlar, kürdlər, saxurlar, ruslar, yəhudilər və başqa millətlər var. Hətta yəhudilər İsrailə baxanda burada daha rahat yaşayırlar. Çünki həmişə deyirəm, arada bir İsrailə raket atırlar. Amma Azərbaycanda belə bir şey yoxdur. Heç kim eşitməyib ki, Azərbaycanda kimsə etnik, dini baxışına görə döyülsün. Belə bir şey olmayıb. Baxın, Avropanın ortasında rasizm əmələ gəlib, dilinə, dininə, dərisinin rənginə görə... Bizdə bu yoxdur. Bu gün Rusiyanın Ukraynaya müharibə elan etməsinə görə Avropada Dostayevskini dərsliklərdən yığışdırırlar. İdmançı nə etsin ki, Putin Ukraynaya girib, bu yetimin işi üzməkdir də, onu niyə yarışlardan uzaqlaşdırırsınız?! Biz xalq olaraq tolerantıq. Mən həmişə Bakının mərkəzində yaşamışam, bir tərəfimizdə sinaqoq olub, o biri yanımızda məscid, digər tərəfimizdə kilsə. Hazırda “Sovetski” məhəlləsində yaşayıram. Yanımızda kilsə var, onun digər tərəfində Həzrət Əli məscididir, bir aşağı küçədə, Dilarə Əliyeva küçəsinə enəndə də sinaqoqdur. Yəni heç kimin heç kimlə işi yoxdur. Hətta Azərbaycanda katoliklərin sayı yüzlərlədir, heç minə də çatmır, amma kilsələri var. O baxımdan bəlkə də ermənilərlə yaşaya bilərik, amma istərdim ki, çıxıb getsinlər. Bildiyim qədər, heç ermənilər də bizimlə birgə yaşamaq istəmirlər. Buradan Qarabağdakı, Azərbaycan vətəndaşları olan ermənilərə çağırış edirəm ki, evlərini bizim insanlarımıza satsınlar, gedib Avropada yaşasınlar. Qarabağda nə var ki, gedib orada ömür sürürlər?! Ora bizim üçün əzizdir, ermənilər isə qaraçıfason bir şeydir. Onların vətəni, yurdu olmayıb. 1800-cü illərdə erməniləri buraya zorla köçürüblər. Gedib Avropada, Amerikada yaşasınlar.

- Brüsseldə Əliyevlə Paşinyanın görüşü keçirildi. 1 həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli telefon danışıqları olub. Sizcə, görüşdən hansısa nəticə olacaqmı? Əgər bu baş verməsə, Fərrux və Pirlər ssenarisi sülhməramlıların nəzarətində olan ərazilərdə davam edəcəkmi?

- Bilirsiniz, elan olunacaq nəticənin baş verəcəyini düşünmürəm. Danışıqlar iki formatda aparılır: açıq və qapalı. Təbii ki, bizə cəmiyyətə elan olunan nəticələr çatdırılır. Bizim üçün nəticə odur ki, Qarabağdakı qanunsuz erməni birləşmələri oradan çıxarılsın, üçtərəfli bəyannamənin tələblərinə əməl etsinlər. Ermənilər isə bəyan etdilər ki, buna getməyəcəklər. Paşinyan bildirdi ki, oradakı qoşunlarını çıxarmayacaq. Baxın, bu basabasda yerişini yeriyə bilməyən Bayden də, onun administrasiyası da Fərruxda baş verənləri məsuliyyətsizlik adlandırır. Məsuliyyətsiz onun özüdür və atdığı addımlardır ki, Ukraynanı o günə qoyublar. Ukrayna məsələsində kəllə-kəlləyə gələnlər Qarabağ məsələsində yanaşı addımlar atırlar. Azərbaycanın əleyhinədirlər. Fransadakı seçkilərə 10 gün qalır, az qala Le Pen Makronu siyasi anlamda tapdalayır, amma bu basabasda Fransa 50-60 evlik Fərrux kəndinə görə Azərbaycana bəyanat verir ki, qoşunların hərəkəti dayanmalıdır. Bunları ona görə deyirəm ki, dünya bizə bu qədər qarşıdır. Bəzən bizimkilər xəyallara qapılırlar ki, demokratiya, liberalizm, filan... Dövlət olmayan yerdə demokratiya da olmaz. Dünən mənə dedilər ki, Zelenski ölkədəki bir sıra partiyaların fəaliyyətini qadağan edib. Məsələn, Ukrayna olmayandan sonra nə Zelenski, nə Timoşenko, nə Poroşenko?! Birinci növbədə dövlət və dövlətçilikdir. Ona görə də biz milli məsələlərdə siyasi ambisiya güdmürük. Düşünürəm ki, bizim siyasətimiz peşəkarlaşdıqca bu xətt daha da güclənəcək. Mən müxalifətdəyəm və Baydenə barmaq silkələyə bilirəm. Çünki mənim o komfortum var. Müxalifətin işlərindən biri də odur. Məsələn, Jirinovski Azərbaycan haqqında ağzına gələni deyirdi, bir təpki olanda Rusiya bəyan edir ki, Jirinovskinin fikirləri dövlətin rəsmi mövqeyi deyil. Düşünürəm ki, biz müxalifət olaraq dövlət maraqları ilə bağlı üzərimizə düşəni etməliyik. Məsələn, bizim beynimizə yeridilir ki, biz cümhuriyyət quran nəslin nəvələriyik. Niyə demirlər ki, biz imperiyalar quran nəslin davamçılarıyıq?! Niyə unutdururlar?! Axı ondan əvvəl Qacarlar, Əfşarlar, Səfəvilər kimi imperiyalar qurmuşuq?! Ruslara çar olmaq üçün sənəd verən millətin nümayəndələriyik. Ruslar knyaz olmaq üçün Qızıl Ordadan sənədlər alırdılar... Böyük millət olmaq üçün nüvə silahına malik olmaq əsas deyil, əvvəlcə öz içindən böyüyəcəksən.

src="/storage/files/upload/b5ad0529ab42015b49180250f848b364a14164c2.jpg" style="width: 655px; height: 435.802px;" class="fr-fic fr-dib">

- Şəhid qardaşınız Teymur üçün darıxırsınızmı? Övladları kimin himayəsindədir, onlara kim baxır?

- Əlbəttə! Necə darıxmamaq olar, qardaşımdır. Övladlarına kim baxır deyəndə ki, biz bir ailəyik. Qardaşımın yoldaşı uşaqlarına baxır. Onsuz da evləri var idi, indi də elə orada yaşayırlar. Anasının, nənəsinin, bizim himayəmizdədirlər. Yəni biz bir ailəyik. Teymurun övladları da yadigarlarımızdır, nəslimizin davamçılarıdır. Eyni zamanda fəxrlərimizdir. Yaxşıdırlar, deyirlər, gülürlər. Doğrudur, içlərində bir ata nisgili də var. Biri var, lap körpə yaşda atanı itirəsən, biri də var böyüyəndə... Mən atamı itirəndə universitet tələbəsi idim. Hətta o yaşda belə atanı itirmək insana təsir edir. Teymurun övladlarının isə 9-10 yaşları var. Nə böyükdürlər, nə də kiçik... Nə unudacaq qədər kiçikdirlər, nə də hər şeyi dərk edib mətanət göstərəcək qədər böyük. İradələri hələ formalaşmayıb. Allah hərəyə bir cür imtahan verir, onların, Teymurun həyat yoldaşının, anamın, bizim imtahanımız da budur. İnşallah, Allah özü mükafatını verəcək. Əgər şəhidlərimiz olmasaydı, biz belə başıdik yaşamayacaqdıq. Birinci Qarabağ müharibəsində şəhidlərimiz oldu deyə teymurlar, turallar və başqaları böyüdülər. Birinci Qarabağ müharibəsi başlayanda Teymur öz övladı yaşında idi. O vaxt Teymurdan gənc əsgər və zabitlərimiz şəhid oldular ki, Teymur əlavə olaraq 30 il yaşadı. Kimlərsə getməli idi, tale bizim nəsilə, ailəyə də bunu verdi. Ağırdır, xatırlayırsan... Unudulmur, sadəcə olaraq dərdlə yaşamağa öyrəşirsən... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbr versin. Düşünürəm ki, şəhid anaları üçün yaşamağın özü zülmdür. Bəzən aidiyyəti qurumlar bunu başa düşmürlər, anlamırlar. Onların sayı nə qədərdir ki?! Biz 1918-ci ili saymasaq, son yüz ildə 2 dəfə müharibə aparmışıq; Birinci və İkinci Qarabağ müharibəsi... Bir dövlət üçün şəhidlər simvollardır. Ermənistanda döyüşmək istəyən yox idi, çünki vətən, torpaq və bu kimi müqəddəslik anlayışları yoxdur. Bu gün bizim şəhid ailələrimiz heç nə istəmirlər, yeganə istəkləri övladlarının xatirəsinin əbədiləşdirilməsidir. Ayna Sultanovanın, Nəriman Nərimanovun, sovet dövrünə aid satqınların heykəlləri var, şəhidlərimizin heykəlləri niyə olmasın?! Hətta Fəxri xiyabanda da var. Parta arxasından durub əsgərliyə gedən 18 yaşlı uşaqların xatirəsini niyə əbədiləşdirməməliyik?! Oxuduğu məktəbi onun adına verəndə nə olur ki?! Deyirlər ki, oğlunuza məktəb adı vermək üçün onun ordeni olmalıdır. Həmin orden də nazirlərə, yüksək rütbəli hərbçilərə verilir. Elə şəhid ailəsi var ki, Bakıda yox, şəhidin dəfn edildiyi məzara yaxın yerdə ev istəyir ki, ziyarətinə rahat şəkildə gedib-gələ bilsin. Cəmi 3 min şəhid ailəsi var. O qədər də böyük rəqəm deyil, məsələn, bir oliqarxın zavodunda o qədər işçi çalışır. Baxırsan ki, qazilərə fərqli münasibət göstərilir. Orden verirlər, veteran vəsiqəsi verilmir. Bəzi qazilərimiz deyir ki, heç veteranlığa görə pulu da istəmirəm, sabah o vəsiqəni övladıma göstərəcəyəm ki, mən bu Vətən uğrunda vuruşmuşam. Qardaşımın taqımında olan 2 nəfər yaralandığına, qardaşım da şəhid olduğuna görə medal verilib. Qalan 24 nəfərə medal, veteran vəsiqəsi təqdim olunmayıb. Bəs yerdə qalan bu 24 nəfər orada nə edib?! 60 gün orada qaldılar, bu adamlar nə işlə məşğul idilər?! Dəmir parçasıdır də, buna da ver. Yəni cəmiyyət olaraq bu məsələləri də gündəmdə saxlamalıyıq.

Fotolar: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm