Xüsusi
“O ana qədər inana bilmirdim ki, cənab Prezidentdən müsahibə alacam” - Nigar Sabirqızı
12 ildən çoxdur ki, İctimai TV-də çalışan Nigar Sabirqızının sözlərinə görə, efir məkanımız təsadüfi aparıcılarla dolu olduğu bir vaxtda əsl aparıcı olmaq böyük əmək və səy tələb edir. Aparıcı qeyd edib ki, televiziyanın yazılmış qanunları onu heç vaxt sıxmayıb.
Publika.az İTV-nin məşhur siması ilə müsahibəni təqdim edir:
- Nigar xanım, televiziyada işə başladığınız ilk iş gününü necə xatırlayırsınız? O gündən nələr dəyişib?
- Televiziya fəaliyyətimə 2010-cu ildə İctimai Televiziyada başlamışam. Buna qədər isə radio fəaliyyətim olub. Azərbaycan Radiosunda və İctimai Radioda çalışmışam. Radioda qazandığım təcrübə televiziya fəaliyyətimdə mənə çox yardımçı olub. Xüsusilə nitq baxımından. Mən həmişə deyirəm ki, yaxşı aparıcının yolu mütləq radiodan keçməlidir. Çünki radio sözün həqiqi mənasında məktəbdir. Artıq 12 ildir ki, fəaliyyətimi televiziyada davam etdirirəm. Efirə çıxdığım gün sadəcə həyəcanlı olduğumu xatırlayıram, digər nüanslar yadımda deyil. İlk apardığım veriliş “İqtisadiyyat xəbərləri” və “Carçı” informasiya proqramı olub. Son 4 ildə isə analitik verilişlərin və tok-şouların aparıcısıyam. Sualınızın ikinci hissəsinə gəldikdə isə deyə bilərəm ki, o gündən bu günə çox şey dəyişib. Şəxsən özümdən götürsəm, əgər 2010-cu ildə diktor idimsə, bu gün aparıcıyam. Yəni kiminsə yazdığını oxuyan biri yox, öz sözünü deyən aparıcıyam. Bu gün mənim müəllif verilişlərim, hadisələrə öz yanaşmam var. Bu isə bir aparıcı üçün hər şey deməkdir. Ümumi televiziya məkanını götürəndə də çox şeyin dəyişdiyini deyə bilərəm. İstər vizual, istərsə də yaradıcı baxımdan. Mənə görə, indi televiziyalar daha maraqlı formatlar təqdim edə bilir.
src="/storage/files/upload/ab3f5c8ed1b6c94fc5b61c9a0d1b0129a2409991.jpg" style="width: 718px; height: 1077px;" class="fr-fic fr-dib">
- Savadlı və peşəkar aparıcı olmaq yolunda hansı əziyyətlərə qatlaşmısınız?
- Məni aparıcı kimi bu cür xarakterizə etdiyiniz üçün təşəkkür edirəm. Bu gün istər siz media nümayəndələrindən, istərsə də izləyicilərdən xoş sözlər eşitmək bir aparıcı üçün olduqca vacibdir. Nəzərə alsaq ki, efir məkanımız təsadüfi aparıcılarla doludur. Əsl aparıcı olmaq əlbəttə ki, böyük əmək və səy tələb edir. Birdən-birə peşəkar olmaq mümkün deyil. Bunun üçün təcrübə və öyrənmək istəyi əsas şərtdir. Öyrənmək prosesi isə hər zaman davam etməlidir. Bir neçə il əvvələ qədər bəlkə də prosesləri bu qədər dərindən bilmirdimsə, bu gün bütün bunların içərisindəyəm, onları daha dərindən dərk etməyə çalışıram və bunun nəticəsində də apardığım verilişlər ərsəyə gəlir. Bu isə heç də asan olmayıb. Saatlarla oxumaq, xəbərləri izləmək, xarici mediaya nəzər salmaq, rəsmi şəxslərin açıqlamaları ilə tanış olmaq, problemlərin kökünü öyrənmək və sair. Bütün bunlar səbr və dözüm tələb edir. Yəni əsl aparıcı olmaq istəyirsənsə, efirə redaktorların yazdığı suallarla çıxmamalısan və ya işini mətnləri üzündən oxumaqla bitmiş hesab etməməlisən. Efir oldu-olmadı, hər dəqiqə xəbərlərlə tanış olmaq, hadisələri izləmək vacibdir. Bunu edəndə isə verilişə çıxdığın an necə sərbəst olduğunu, qarşındakı müsahiblə necə rahat müzakirə apardığını anlayırsan.
- Bəs TV-nin hansı yazılmış və ya yazılmamış qanunları sizi sıxır?
- Maraqlı sualdır. Televiziyanın yazılmış qanunları məni heç vaxt sıxmayıb. Mən aparıcıyam, televiziyanı sevərək seçmişəm, öz seçimim isə məni sıxa bilməz. Televiziyanın öz qaydaları, efir mədəniyyəti var. Sən efirdə rahat şəkildə geyinə, makiyajsız və dağınıq saç düzümü ilə çıxa, necə istədin danışa bilməzsən. Sənin TV-də bir tərzin olmalıdır. Bu, yazılmış qanundur. Bilirsiniz ki, İctimai TV haqqında ayrıca qanun mövcuddur. Bu qanun İctimai TV-nin fəaliyyətini tənzimləməklə yanaşı, kanalın aparıcılarının da qarşısında bir sıra məhdudiyyətlər qoyur. Məsələn, siyasi veriliş aparıcısı hansısa reklam çarxına çəkilə bilməz. Yazılmamış qanunlara gəlincə, tamaşaçı məni Nigar kimi yox, Nigar Sabirqızı kimi tanıyır. Ona görə də mən efirdən kənarda da geyimimə, görünüşümə, davranışıma, hərəkətlərimə diqqət etməliyəm ki, insanların mənə olan etibarını itirməyim. Əlbəttə ki, bu qaydalarla yaşamaq asan deyil. Sən başqalarının etdiyi bir çox sərbəstliyi edə bilmirsən, hansısa məkanda rahat əylənə bilmirsən və sair. Amma bütün bunlar məni sıxmır. Əksinə, sevdiyim işin mənə bəxş etdiyi fərqliliklərdən həzz alıram.
- İctimai Televiziyanın apardığı televiziya siyasəti digərlərindən nə ilə seçilir?
- Əminəm ki, bu sualı əksər tamaşaçıya versəniz, cavabları birmənalı olacaq: İctimai TV-də bayağılıq yoxdur. Bayaq qeyd etdiyim kimi, İcitimai TV-nin fəaliyyəti xüsusi qanunla tənzimlənir. Bizim efirdə siyasi düşüncə tərzindən asılı olmayaraq bütün təbəqələrdən insanları görə bilərsiniz. İctimai TV bir çoxlarının göstərə bilmədiyini göstərir. İnsanlar da bilir ki, hər hansı hadisə ilə bağlı ən ədalətli mövqe məhz İctimai TV-də olacaq. Onların problemləri ən obyektiv şəkildə məhz İctimai TV-də işıqlandırılacaq. Tamaşaçının sənə inamı vacibdir. Mən yalnız aparıcı deyiləm, həm də İctimai TV-nin tamaşaçısıyam. Özüm bu proseslərdə iştirak etməsəm də, bir tamaşaçı kimi deyə bilərəm ki, maarifləndirici verilişləri, intellektual yarışmaları, Azərbaycandakı azsaylı xalqların mədəniyyətinə və bu kimi digər mövzulara həsr olunmuş filmləri çətin ki, digər kanallarda görə biləsiniz. İctimai TV-də 44 günlük Vətən müharibəsində zəfərimizə həsr olunmuş çoxsaylı film və verilişlərin yəqin ki, özünüz də şahidi olmusunuz. Siz heç vaxt bizim kanalda qalmaqalları, kiminsə problemindən yararlanıb özünə reytinq qazanmaq cəhdlərini, səviyyəsiz yumoru görə bilməzsiniz. Düşünürəm ki, biz missiyamızı uğurla yerinə yetirə bilirik.
src="/storage/files/upload/c1d02ad6b2b04830c8afb64886d3b8095de32165.jpg" style="width: 714px; height: 1071px;" class="fr-fic fr-dib">
- Ümumiyyətlə, telekanallarımız ictimaiyyətin görən güzgüsü və döyünən ürəyi ola bilirmi?
- Mən ancaq öz telekanalımız barədə danışa bilərəm. Bizim üçün cəmiyyəti nəyin düşündürdüyünü və nə dərəcədə düşündürdüyünü müəyyənləşdirmək və onları işıqlandırmaq olduqca vacibdir. Cəmiyyəti düşündürən mövzuların sayı həddən artıq çoxdur və biz çalışırıq ki, bunları işıqlandıraq. Ümumiyyətlə, bu gün medianın nə dərəcədə güzgü rolunu oynadığını demək çətindir. Amma düşünürəm ki, bu sahədə də İctimai TV irəlidədir. Əgər tamaşaçı öz simasını sənin vasitənlə görə bilirsə, cəmiyyətin problemlərini sənin efirində izləyirsə, sənin təqdim etdiyin veriliş onu düşünməyə vadar edirsə, bir sıra hallarda problemlərin həllinə nail ola biliriksə, deməli nəsə edə bilirik. Amma təbii ki, bu sualın ən doğru cavabı tamaşaçılar tərəfindən verilə bilər.
- Nigar xanım, televiziyada üzləşdiyiniz ən çətin vəziyyət nə olub və onu bizimlə bölüşə bilərsinizmi?
- Çətin vəziyyətlərlə üzləşdiyimi deyə bilmərəm. Efirdə hər aparıcının başına gələ biləcək hadisələrlə qarşılaşmışam. Ən məsuliyyətli və çətin dövr isə 44 günlük Vətən müharibəsi zamanı apardığım “Diqqət mərkəzi - Yekun” verilişi olub. Hər gün saatlarla canlı yayım aparırdım. Həm müsahiblərlə müzakirə aparmaq, həm də cəbhədən gələn xəbərləri izləmək, dövlət başçısının çıxışlarını, müsahibələrini oxumaq, hər dəfə bir ərazimizin azad edilməsinin sevincini paylaşmaq, fərəhlənmək, həyəcan keçirmək və sair. Doğrudan da həmin günlər hər kəs kimi bizim də ürəyimiz Qarabağda döyünürdü. Qalibiyyət xəbərini eşitmək, zəfərimizi günlərlə canlı efirlərdə müzakirə etmək böyük sevinc və məsuliyyət idi. İctimai TV-də bu vəzifənin məhz mənə həvalə edilməsi isə mənim üçün ikiqat qürurverici idi. Bütün bunlar mənim aparıcılıq fəaliyyətimin ən yaddaqalan dövrüdür. Vətənimizin ən çətin, ən məsuliyyətli və qürurlu dövründə Vətənə öz işimlə xidmət edə bilmişəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli jurnalistlərə müsahibəsi sözsüz ki, tamaşaçılar üçün yaddaqalan və əlamətdar hadisə idi. Bu görüşə necə hazırlaşmışdınız?
- Bunu sözlə ifadə etmək mümkün deyil. Bu müsahibə mənim üçün gözlənilməz olduğu qədər də qürurverici idi. O ana qədər inana bilmirdim ki, cənab Prezidentdən məhz mən müsahibə alacam. Dövlət başçısı ilə müsahibəyə təbii ki, ciddi hazırlaşmışdım. Prezident İlham Əliyevlə müsahibə həyatımın ən unudulmaz anıdır. Bir daha bu fürsəti yaradanlara təşəkkür edirəm.
- İmkanınız olsaydı, Azərbaycanda televiziya sahəsində nələri dəyişmək istərdiniz?
- Bayağılığı, reytinq xatirinə insanların hissləri ilə oynamağı, saxta gülüşləri, aldadıcı məlumatları, tamaşaçıda inam yaratmayan aparıcıları dəyişmək istəyərdim. Amma ən çox dəyişmək istədiyim televiziyalara münasibətdir. Xüsusilə bəzi qurumların münasibətini. Günlərlə suallara cavab verməmək, məsələyə münasibət bildirməmək, müsahib ayırmamaq, zənglərə cavab verməmək və sair. İnanın ki, bundan çox əziyyət çəkirik. Bir də tənqidə yanaşmanı dəyişmək istəyərdim. Qurumların çoxu tənqidə açıq deyil. Hər hansı problemi işıqlandırdığımıza görə bizdən narazı qalan qurumlar var. Hətta bəzən bizə təzyiq etmək, nümayəndələrinə vermək üçün hazır suallar göndərmək iddiasına da düşürlər. Məhz buna görə bu gün bir çox qurumların mənimlə münasibəti soyuqdur. Bu qurumlar anlamalıdırlar ki, mənim işim budur - sual verib, cavab istəmək. Bir sözlə, bu sahədə dəyişiləsi məsələlər çoxdur.
- Əslən Kəlbəcərdənsiniz. Bu gün Şuşa, Ağdam, Qubadlı və digər rayonlarımız kimi Kəlbəcər də azaddır! Şübhəsiz ki, Birinci Qarabağ müharibəsi vətənini sevən hər kəs kimi sizi də dərindən yaralayıb. Zamanla bu yaraların sağaldığını hiss edirsiniz?
- Mənim atam əslən Kəlbəcərdəndir. Məktəb illərimdə bütün yay tətillərim məhz Kəlbəcərdə keçib. Birinci Qarabağ müharibəsindən sonra Kəlbəcər həyatı bizim xatirələrimizə çevrilmişdi. Kəlbəcər işğal edildikdən sonra mən illərlə atamın necə doğma torpağın həsrətini çəkdiyini müşahidə edirdim. O, Kəlbəcərə vurğun idi və onun xiffətini çox çəkirdi. Yuxularında görürdü, Kəlbəcərə şeirlər yazırdı. Yenidən görməyi arzulayırdı. Amma təəssüf ki, görə bilmədi. Bu gün atam həyatda deyil. Amma bilirəm ki, cismən gedə bilmədiyi Kəlbəcərə ruhən gedib, o torpaqları görə bilib. Mən hələ Kəlbəcəri yenidən görə bilməmişəm. Amma inanıram ki, yaxın zamanda bu arzum da reallaşacaq.
src="/storage/files/upload/87fb3d4d32818e916637309164c05a234c440f7b.jpg" style="width: 694px; height: 1041px;" class="fr-fic fr-dib">
- Kəlbəcərin fotolarına baxan hər kəs o təbiətə aşiq olur. Siz Kəlbəcərdə keçən illərinizi necə xatırlayırsınız?
- Təbii ki, Kəlbəcər deyəndə uşaqlığımı xatırlayıram. Mən daha çox Kəlbəcərin Nadirxanlı kəndində olmuşam. Uşaq vaxtı gördüyüm Kəlbəcəri xatırlayanda gözümün önünə dolanbac yollar, gur Tərtər çayı, uca sıldırımı qayalar, sıx meşəli dağlar və əlbəttə ki, evimiz, geniş bağımız gəlir. Xoş günlərimiz keçib o diyarda. Bəlkə uşaq vaxtı Kəlbəcərin gözəlliyinin, əsrarəngiz təbiətinin fərqinə varmamışam. İndi o gözəlliyi yenidən görməyi arzulayıram.
- Həyat təcrübəsi miqyasından asılı olmayaraq böyük və ya kiçik səhvlərlə qazanılır. “Ən böyük həyat təcrübəm bu oldu” dediyiniz hadisənin sizdə yaratdığı təsir və dəyişikliyi bölüşə bilərsiniz?
- Həyatda çox çətinliklər görüb, çox sınaqlardan keçmişəm. Səhvlərim də olub, yanlış qərarlarım da, qüsurlarım da. Elə insanlardan elə hərəkətlər görmüşəm ki, təəccüblənmişəm və təsirlənmişəm. Həmin insanlara güvənmək də səhvlərim arasındadır. Hər bir səhvimdən nəticə çıxarıb dərs almışam. Bizim sahə elədir ki, burada qısqanclıq yüksək səviyyədə olur. Mənim uğurumu qısqananların hətta böhtanları ilə də qarşılaşmışam. Bunları xatırlamaq istəmirəm. Düşünürəm ki, hər kəs etdiyinin hesabını gec-tez Allaha verir. Ona görə də o qısqanclıqlara əhəmiyyət verməyib səhvlərimlə, düzlərimlə, məni sevənlərlə yoluma davam edirəm və irəliyə baxıram.
- Nigar xanım, bəs hər ağrıdan yaralanmadan, əzilmədən çıxmağın reseptini oxucularla bölüşə bilərsinizmi?
- Hər hansı ağrıdan yaralanmadan, əzilmədən çıxmaq mümkün deyil. Mən həmişə deyirəm ki, insanın ən böyük psixoloqu elə özüdür. Mən bütün çətinliklərdən özüm, heç kimin köməyi olmadan çıxmışam. Bəlkə çətin olub, bəlkə zaman alıb, amma ayaq üstə durmağı bacarmışam. Hər şey beyində həll olur. Mənfi fikirləri beyindən atmaq, düşdüyün situasiyadan çıxış yolu tapmaq və çətinliklərə qalib gəlmək yalnız və yalnız sənin öz əlindədir. Yetər ki, həyatı sev!
src="/storage/files/upload/319750990d1b795300c89b72eb920544d381d3b9.jpg" style="width: 696px; height: 1044px;" class="fr-fic fr-dib">
- Bir çox televiziya işçiləri bir müddət sonra nüfuzlu şirkət və qurumlarda mətbuat katibi və ya başqa bir vəzifəyə təyin olunur. Sizin gələcəklə bağlı belə bir arzu və planınız var?
- Hələ ki, elə bir planım yoxdur. Aparıcılığın verdiyi azadlıq və üstünlükləri hansısa quruma dəyişmək haqqında düşünmürəm.
- Verilişlərini sevərək izlədiyim aparıcı ilə söhbət etməkdən məmnun oldum. Efirdən yaydığınız xoş enerji söhbət boyu da məni tərk etmədi.
- Minnətdaram.
Foto: Ceyhun Rəhimov
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO