Xüsusi
Xankəndi planlarımız yalnız bu halda reallaşacaq - Sabiq deputat
Milli Məclisin sabiq deputatı Flora Qasımovanın Publika.az-a müsahibəsi:
- Flora xanım, hazırda hansı fəaliyyətlə məşğulsunuz?
- Təqaüddəyəm. Evdə dincəlirəm, elə bir fəaliyyətim yoxdur. Bir qarabağlı olaraq ölkədə baş verən prosesləri izləyirəm, gündəmlə maraqlanıram.
- Parlamentin iclaslarını izləyirsinizmi? Darıxırsınızmı Milli Məclis üçün?
- İclasları, qərarları izləyirəm. Bu gün Milli Məclisdə olsaydım, bəlkə də çox iş görə bilərdim. Parlamentdə Qarabağın azad olunmasından sonra çox əhəmiyyətli təkliflər irəli sürülür, qərarlar müzakirəyə çıxarılır. Hər zaman bir qarabağlı kimi öz sözümü demişəm, indi də işğaldan azad olunan ərazilərin bərpası, yenidən qurulması ilə bağlı qərarların müzakirəsində, qəbul olunmasında mən də iştirak etmək istərdim. Ancaq hazırda Milli Məclisdə gənc, fəal millət vəkillərimiz çoxdur.
- Deputatların fəaliyyəti sizi qane edirmi?
- Sözünü deyə bilən deputatlarımızı görəndə çox sevinirəm. Çıxışlarını izləyirəm, maraqlı təkliflər səsləndirirlər. İndi bizim üçün məsuliyyətli dövrdür, yəqin ki, onlar da bunu hiss edirlər və insanların istəklərinin yerinə yetməsi üçün çalışırlar. Ancaq yerlərdə bu qanunların işlənməsi və nəzarəti məsələsi də var. Çox yaxşı olardı ki, qərarların icrasına nəzarət gücləndirilsin.
- Qarabağla bağlı hansı planlarınız var, ora köçəcəksinizmi?
- Qarabağda dünyaya gəlmişəm, o ab-havada yaşamışam. Bu gün mən sağlamamsa, bəlkə də Qarabağın suyuna, torpağına, havasına görədir. Oraya yenidən qayıtmağı çox istəyirəm.
- Xankəndinə qayıtmaq imkanımız yaxındırmı? Birgə yaşayışla bağlı nə düşünürsünüz?
- Erməni gəncləri nifrət ruhunda böyüdülüb, bu gün onlar Monte Melkonyanın heykəlinin yanında dayanıb təxribatçı şüarlar səsləndirirlər. Azərbaycanafobiya, türkofobiya, qisas şüarları ilə onların beynini zəhərləyiblər. Bəlkə də sovet dövründəkilərlə birgə yaşamaq mümkün olardı, amma müharibədən sonra dünyaya gələnlərin beyninə qisas hissi, işğalçılıq ideyaları yeridilib, onlar Azərbaycana qarşı nifrət ruhunda böyüdülüb. Ömürləri boyu Qarabağın onlara aid olması yalanı ilə yaşayıblar, dünyaya da bu yalanı təqdim edirlər, hətta özləri belə bu yalana inanırlar. Gənclərin də beyninə bu işğalçılıq toxumu səpilib. Azərbaycanda tarixən başqa xalqların nümayındələri yaşayıblar, bu gün də bizimlə bərabərhüquqlu şəkildə yaşayırlar. Azərbaycan onların da vətənidir. Ancaq Qarabağda yaşayan ermənilər belə düşünmür, onların düşündüyü ancaq bir şey var, o da işğal etmək. Buna görə də hesab edirəm ki, birgə yaşayış çox çətin olacaq. Çünki onlar xalqımıza qarşı çox allahsızlıq, qəddarlıq ediblər, tarixdə görünməyən vəhşilikləri, soyqırımıları törədiblər. Minlərlə günahsız insanımızı vəhşicəsinə qətlə yetiriblər. Sarkisyan, Koçaryan rejimi o insanları görün hansı vəziyyətdə saxlayıb ki, onlar qəbirləri dağıdıb qızıl axtarıblar, Qarabağda daşı-daş üstündə qoymayıblar, hər şeyi talayıb satıblar. Mən Şuşaya gedəndə onların yaşadığı kəndlərdən keçdim, o qədər acınacaqlı durumda idi ki... Həmin əliqanlı qatil rejim onlara nə verib? Heç bir şey, ancaq nifrət, ikrah, işğalçılıq ruhu. Ona görə də onlar bu gün deyirlər ki, biz Qarabağda azərbaycanlılarla birgə yaşaya bilmərik. Düşünürəm ki, birgə yaşayış uzun zaman alacaq.
src="/storage/files/upload/d517a38623bf0c14cd764a3214836389eef05fff.jpg" style="width: 750px; height: 492.407px;" class="fr-fic fr-dib fr-fil">
- Xankəndi ilə bağlı hansısa planlarınız varmı?
- Xankəndinə getməyi çox istəyirəm. Necə ki, bu gün biz Şuşaya, Ağdama, Zəngilana və digər azad olunan ərazilərə səfər edə bilirik, ora da getmək hər bir kəsin xəyalıdır. Ancaq bu gün Ermənistanda sülhə mane olan qüvvələr var, onlar əli dinc azərbaycanlıların qanına batan Xocalının cəlladlarıdır, Qarabağda törədilən vandalizmə, vəhşiliklərə imza atanlardır. Onları cəzalandırmasaq, ürəyimiz rahatlıq tapmayacaq. Sülhü daha yaxın etmək üçün o şəxslər mütləq cəzalandırılmalıdır. Yoxsa onlar eyni vəhşilikləri yenə də törədəcəklər, vandalizm ermənilərin qayəsində var. Ermənilər elə bir millətdir ki, onlar dindirilmədə bir-birinin üzünə dayanıb, şahidlik edəcəklər. Düzdür, “Dəmir yumruq” yerindədir, amma yenə də həmin qatillər cəzasını çəkməlidir. Bəlkə də bundan sonra Xankəndi ilə bağlı planlarımızı reallaşdıra bilərik.
- Uşaqlığınız, gəncliyiniz Xankəndidə keçib. Hansı yaddaqalan xatirələriniz var?
- Ora ilə bağlı xatirələrim çoxdur. Uşaqlıq illərim Kərkicahanda keçib. Orada Novruz bayramına hazırlaşmağımızı, bayramı qeyd etməyimizi heç zaman unutmaram. Bayrama günlər qalmış insanlar hazırlıq görürdü, o qədər maraqlı olurdu ki, həmin anları sözlə ifadə etmək çox çətindir. Uşaqlar da böyük həvəslə bayramı gözləyirdilər. Bütün adət-ənənələri yerinə yetirirdik, hər kəs bir-birləri ilə bayramlaşardı. Novruzu yenə də orada qeyd etməyi arzulayıram. Kərkicahandakı həyat üçün, sevincli günlər üçün çox darıxmışam, oranı görmək istəyirəm. Kərkicahan əhalisi o qədər dözümlü, mərd idilər ki, 1988-ci ildən 1991-ci ilin dekabrın 28-nə qədər mühasirədə dözüb durmuşdular. Mən o əzmkar qəhrəmanlar yetişdirən yurdumu görmək istəyirəm.
- Xankəndidə ilk gedəcəyiniz yer hara olacaq?
- Doğmalarımızın dəfn olunduğu məzarlıq olacaq. Ancaq qəbiristanlığın dağıdılıb-dağıdılmaması ilə bağlı heç bir məlumatım yoxdur. Anam Şuşada, atam da Malıbəyli kəndidəndə doğulub. Cıdır düzündə evimiz olub, azad olunandan sonra Şuşaya getdim, ulu babam Axund Hacı Mollaşükür öz həyətində dəfn olunub. Qəbir orada idi, ancaq başdaşında ərəb əlifbası ilə yazılan yazıları silmişdilər. Amma Ağdamda Qarağacı qəbiristanlığında nənəmin, xalalarımın, xalam qızlarının, bütün qohum-əqrəbamızın qəbirlərini yerlə-yeksan ediblər və yerini əkin sahəsinə çeviriblər. Bu, heç bir millətdə yoxdur. Qarabağ kimi gözəl diyarımızda salamat yer qoymayıblar, hamısını dağıdıblar. Təkcə Xankəndinə deyil, arzulayıram ki, işğaldan azad olunan bütün ərazilərə səfər edim. Çox şükür ki, bu gün Qarabağımız azaddır. Allah Ali Baş Komandanımızı, ordumuzu və xalqımızı qorusun. 44 günlük Vətən müharibəsi hərb tarixinə qızıl hərflərlə yazılacaq.
-
Region21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19:48Miri Yusif qızı ilə - VİDEO
-
Sosial19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
-
Səhiyyə19:00Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır
-
İdman18:12100 milyonluq Arda Gülərlə bağlı MARAQLI FAKT
-
Sosial18:00Bakının qışda palçığa, yayda toza çevrilən yolu - Video
-
Nida Təhlil 17:21Brüssel və Amsterdamda Bakıya qarşı təxribat: Cənubi Qafqazda sülhü kim istəmir?
-
Magazin216:55"Kızılcık şerbeti"ndən gedir - Foto






































