"Miss Azərbaycan 2022"nin qalibi: Görünüşümü niyə tənqid edirlər? Paxıllıq, kompleks, yarımçıq arzular - FOTO
Bizi izləyin

Xüsusi

"Miss Azərbaycan 2022"nin qalibi: Görünüşümü niyə tənqid edirlər? Paxıllıq, kompleks, yarımçıq arzular - FOTO

"Miss Azərbaycan 2022"nin qalibi: Görünüşümü niyə tənqid edirlər? Paxıllıq, kompleks, yarımçıq arzular - FOTO

“Miss Azərbaycan 2022” gözəllik müsabiqəsinin qalibi seçilən Nurlana Vəliyeva zahiri görkəmi ilə bağlı sosial şəbəkələrdə yazılan neqativ rəylərə əhəmiyyət vermir və model kimi fəaliyyətini davam etdirməyi planlaşdırır.

Bu barədə model Publika.az-a müsahibəsində danışıb.

- Nurlana xanım, əvvəlcə sizi yaxından tanıyaq.

- Uzun illər kamandan oxatma üzrə Azərbaycan yığmasının üzvü olmuşam. Ölkədə və xaricdə keçirilən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Çoxlu medallarım, mükafatlarım var. Bundan sonra atıcılıq komandasına keçdim.

16 yaşımdan modellik biznesinə başladım, məncə, hər bir qızın müəyyən yaş dövründə belə bir arzusu olur. Anam buna qarşı deyildi, ancaq dərslərimə və idmanıma mane olmamaq şərti ilə razılaşdı. Model agentliyinə getdim, mənimlə dərhal müqavilə bağladılar. Modellik həyatım o vaxtdan başladı…

- Gözəllik müsabiqəsində iştirak etməyə necə qərar verdiniz?

- Milli gözəllik yarışmasında iştirak etmək arzusu məndə ilk dəfə 2020-ci ildə yaranmışdı. Kastinqə hamıdan gec gəlmişdim, başa düşdüm ki, bu, çox vaxt aparacaq. O vaxt mən ingilis dilində idman jurnalistikası üzrə magistraturaya daxil olmağa hazırlaşırdım. Dərslərdən vaxt çatdırmadım və müsabiqədən çıxmağa qərar verdim.

Bu il magistraturanı bitirdikdən sonra yenidən kastinqlərdə iştirak etməyə qərar verdim. Amma bu dəfə sona qədər getməyi qarşıma məqsəd qoymuşdum. Finala qədər çıxdım və qalib gəldim.

- Modelliklə ciddi məşğul olmağı düşünürsünüz, ya bu, bir hobbidir?

- Sevdiyim bir işdir, amma daha çox hobbi kimi yanaşıram. Çünki Azərbaycanda modellik biznesi yaxşı inkişaf etməyib. Öz peşəm üzrə çalışmağı düşünürəm.

- Nurlana xanım, “Miss Azərbaycan 2022” titulunu daşımaq necə hissdir?

- İştirakçıların hər biri qalib gələcəyinə ümid edirdi. Bütün qızlar yaxşı, xoş xasiyyətli, layiqli idilər. Sevinirəm ki, onlar da müxtəlif nominasiyalarda mükafatlandırılıblar. Bu titulu daşımaq möhtəşəm hissdir. İfadəolunmaz hisslərdir, elə bildim ki, bir nağılın içindəyəm, ya da yuxu görürəm. Qalib olacağımı gözləmirdim, indi-indi dərk etməyə başlayıram. Münsiflər heyətində adi adamlar oturmamışdı, əgər məni “Miss Azərbaycan 2022”nin qalibi kimi görüblərsə və seçiblərsə, demək ki, buna həqiqətən layiqəm. Bu, tək bir nəfərin deyil, bir neçə nəfərin qərarı idi. Titulu fəxr hissiylə daşıyıram. Lazım olarsa, beynəlxalq səviyyəli gözəllik müsabiqələrində də ölkəmi qürurla təmsil edəcəm.

- Qalibiyyətiniz sosial şəbəkələrdə çox müzakirə olundu. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, çox danışıldı, gözəllik yarışmasında qalib olduqdan sonra cəmiyyətdə çirkin tənqidlərə məruz qaldım. İnsanlar sadəcə, öz görmək istədiklərini görürlər. Real həyatda hər birimiz səhifəmizə yerləşdirdiyimiz fotodan fərqliyik. Rəylərin bir qismini nəzərə aldım, qalanlarına fikir verməmək qərarına gəldim. Tənqidlərə reaksiya versəm, daha çox danışmağa başlayacaqlar.

- Yeri gəlmişkən, hətta “Miss Azərbaycan 2021” titulunun sahibi Milan Babayeva da sizin xarici görünüşünü tənqid edənlərə qoşulmuşdu.

- Çoxları bu barədə yazdı ki, Milan məni tənqid edib. Məncə, bunun səbəbi şəxsi komplekslər, paxıllıq, diqqətsizlik və yarımçıq qalmış arzulardır. Üzərimdən reytinq yığmağa çalışdı. Çünki bir il ərzində heç kəs onu yada salmamışdı. Özünüz qərar verin, sizcə, ləyaqətli bir adam bunu edər? Düşünürəm ki, yox! Heç kəs səviyyəsiz insanlar qədər paxıllığa meylli olmur...

- Modellik həm də yeniliklərə açıq olmağı tələb edir.

- Modellik fəaliyyətində hər zaman müəyyən məhdudiyyətlər qoyuram və qoymağa davam edirəm. Bir neçə dəfə açıq fotosessiyalarda iştirak etmək təklif olunub, lakin imtina etmişəm.

- Yeniyetməlik fotonuzu yayanlara nə demək istərdiniz? Ümumiyyətlə, plastik əməliyyatlarla bağlı iddialara münasibətinizi bilmək istərdik.

- O fotolar arxivimdəndir, amma onlar üzərində işlənilib, fotoşopla məni eybəcər hala salıblar. Keçid dövründə çox az adam öz gözəlliyi ilə öyünə bilər. Bütün bu şəkilləri Milana yayıb. Media məndən istəsəydi, özüm göndərərdim. Ümumiyyətlə, yeniyetməlik fotolarımı və plastik əməliyyatımı heç vaxt gizlətməmişəm. Sadəcə, rinoplastika əməliyyatı etdirmişəm. İnternetdə dünya ulduzlarının uşaqlıq şəkilləri çoxdur və onların hər biri bu müddət ərzində dəyişib, ona görə də uşaq yox, indiki fotolara qiymət vermək lazımdır.

Güllə atıcılığı ilə məşğul olanda burnumda problem yaranmışdı ki, bu da nəfəs almaqda çətinlik yaradırdı, ona görə də cərraha müraciət etməli oldum. Nə vaxtsa başqa bir əməliyyat etsəm, bu barədə hamıya danışacağam. Gizlədəcək heç nəyim yoxdur.

- Bundan sonra gözəllik müsabiqələrində iştirak etməyi düşünürsünüz? Ümumiyyətlə, planlarınız nədir?

- Hələki, konkret bir layihə yoxdur, sözsüz ki, yaxşı təkliflər olsa, imtina etmərəm. Gələcək planlarım barədə danışmaq istəməzdim. Özünüz hər şeyi görəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm