Biz o fotolara toxuna biləcəyik - Nika Vəkilova ilə ÖZƏL
Bizi izləyin

Xüsusi

Biz o fotolara toxuna biləcəyik - Nika Vəkilova ilə ÖZƏL

Bu gün bütün sahələr kimi fotoqrafiya da zamanın tələblərinə uyğun dəyişir, yenilənir və zövqümüzü oxşamağa davam edir. Bu gün hər birimiz həvəskar fotoqraf sayılırıq. Çünki cibimizdə smartfon gəzdiririk. Bəs əsl fotoqraf kimdir, yaradıcılığını hansı məqamlar rəngləyir? Bütün bu suallara ABŞ-ın tanınmış Azərbaycan əsilli fotoqrafı Nika Vəkilova aydınlıq gətirəcək.

- Nika xanım, Amerika hüdudsuz imkanlar, möcüzələr ölkəsidir. Möcüzənizi artıq tapmısınız, yoxsa axtarışlar davam edir?

- Bakıda doğulub böyümüşəm. 17 yaşımdan Amerikaya köçdük. Böyüdükcə anlayırsan ki, hansı yaşda olursan ol, ölkən və doğma şəhərin sənin qəlbində ən ali yerdədir. Hər mənada əsl azərbaycanlıyam və bununla qürur duyuram. Amerikadan bəhs etsəm, ilk onu deyərəm ki, çox böyük ölkədir. Qarşınızda hüdudsuz imkanlar açır. Düşünürəm ki, mən öz şansımdan düzgün istifadə edə bildim. Əminliklə deyirəm ki, bu proses davam edir. İnsan ömrü boyu yolunda irəliləməlidir. Tənbəlləşib dayanmaq olmaz.

src="/storage/files/upload/53826f7cb6c3868998a743eb3f4fa5668d923e24.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Fotoqrafiyanı incəsənətlə müqayisə edirlər. Sizcə, belədir?

- Fotoqrafiya donmuş məqamın incəsənətidir. Emosiyaları və duyğuları kadrda əks etdirmək bacarığıdır. Həmçinin kənardan təbiəti hiss etmək istedadıdır. Təsviri sənət isə əksinə, təbiəti daxildən görməkdir.

- Fotoqrafiyada həvəskar qatı dediyimiz anlayış var. O qatı necə izah edə bilərsiniz?

- Bu gün fotoaparatı, yaxud telefonu olan hər kəs eyni zamanda həm həvəskar, həm də peşəkar fotoqraf hesab olunur. Çünki burada heç bir məhdudiyyət qoyulmur. Hətta bəzən telefonu ilə təsadüfi kadrları tutub düyməni sıxanlar şedevrlər yaradırlar. Odur ki, hər bir həvəskar həm də tənqidçi sayılır. Tənqid cəhətlərini mənimsəyə bilən həvəskar peşəkarlığa daha da yaxınlaşır. Əminəm ki, hər bir smartfon istifadəçisinin telefonunun yaddaşında sayını unutduğu fotolar toplusu var. Odur ki, hər birinin özünə həm həvəskar, həm də potensial peşəkar fotoqraf demək haqqı var.

src="/storage/files/upload/b0939351511724b9c3b2fab8e607a71a53dc57de.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Fotoqrafiya dünyanızı necə dəyişdi? Sizcə, fotoqrafın ali həzzi nədir?

- Dünyanı hər gün tamamilə yenilənmiş görürəm. Məsələn, peşəmin sayəsində dünya səyahətinə çıxmaq imkanı əldə etmişəm. Düşünürəm ki, peşə həzzini hər məqamda hiss etmək mümkündür. Əsas odur ki, gördüyün işi sevib zövq alasan. Çəkdiyim hər bir fotonun öz tarixi var. Mən təsviri şərhçi olmağa can atıram. Elə bu balaca hekayələrimdə də insanların qəlbinə yol tapmaq və onları ilhamlandırmaq istəyirəm. İlham həm də gözəlliklər yaradan xəyal dünyamızı, fantaziyamızı canlı saxlayır. Mən adi həyatda görə bilmədiyimiz əsrarəngiz dünyanı üzə çıxaran yaradıcı fotoqrafiyanı sevirəm.

- Bəs fotoqrafiyanın gələcəyini necə görürsünüz?

- Əminəm ki, dövr nə qədər dəyişsə də, fotoqrafiya bizimlə qalacaq. Lakin fantastik dərəcədə dəyişəcək. Biz onun səthindən keçə, hətta toxuna biləcəyik. Bu, 3D-360 fotolar olacaq. Metakainat və reallıq empirik kainatı yaradacaq. Bu isə öz növbəsində ətrafa baxışımızı dəyişəcək. Odur ki, fotoqrafiya da gələcəyə uyğunlaşacaq.

src="/storage/files/upload/e24ae7e338d4008de49f1049a983f1390ac466f1.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Çəkdiyiniz fotolara ad verirsiniz? Ümumiyyətlə, fotoların adları olmalıdır?

- Əlbəttə! Fotolarımın bütün başlıqları onların obrazını tamamlamalıdır.

- Sonda istərdim oxucularımıza fotoqraf mesajı verəsiniz...

- Azərbaycan daim qəlbimdədir. Ölkəmin bütün vətəndaşlarına sağlamlıq, xoşbəxtlik, bol uğur və aydın mavi səma arzu edirəm. Ölkəmiz daim çiçəklənsin. Yaşasın Azərbaycan!

Kim olursan ol, dünyanın harasında yaşayırsan yaşa, yaxşılıq et!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm