Xüsusi
Gözəllik naminə verilən qurbanlar və əldə olunan nəticə - Türkiyənin tanınmış cərrahı ilə müsahibə
Bir neçə gün əvvəl Referans Estetik Mərkəzin dəvəti ilə Bakının qonağı olan Türkiyənin tanınmış plastik Rekostruktiv Cərrahı - Prof. Dr. Sarper Yılmazın sözlərinə görə, insanın gözəl görünməsi onun sağlamlığı qədər vacibdir. Professor bildirib ki, xarici görünüşündə problemləri olan çox insan psixoloji problemlər yaşayır, həm xasiyyətində həm də davranışlarında dəyişikliklər olur. Bu isə onu deməyə imkan verir ki, gözəlliyin sağlamlıq və xoşbəxtliklə birbaşa əlaqəsi var.
Publika.az-ın qonağı olan professor plastik əməliyyatlar, onların təsirləri və bu sahədə həyata keçirilən ən son üsullar barədə suallarımızı cavablandırıb.
- Doktor, insanın gözəl görünməsi onun sağlam olması qədər vacibdir?
- Bu, insandan insana dəyişir. Əgər insan öz görünüşündən narazıdırsa və ya görünüşünə görə özünü yaxşı hiss etmirsə, bu vacibdir. Sağlamlıq yalnız bədənin fiziki göstəriciləri ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Həm də mental baxımdan özümüzü yaxşı hiss etməliyik. Psixoloji və bioloji sağlamlıq bir-biri ilə ayrılmaz vəhdətdədir.
- Plastik cərrahiyyə sahəsindəki ən son yeniliklər nələrdir?
- Bu, çox geniş sahədir, daim yeniliklər olur. Bunu kosmetologiya və cərrahiyyə olaraq iki yerə bölmək olar. Kosmetologiyada çoxlu inkişaflar var. Botoks, dolgu, PRP, PRF, mikro iynə, pilinq və lazer kimi üsullarda ciddi irəliləyişlər olur. Cərrahi inkişaflar daha çox texnika ilə bağlıdır. Getdikcə daha az riskli üsullar populyarlaşır.
src="/storage/files/upload/387974ac62811dd1ed0e77afd5cba3bc244042f2.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Dünyanın digər ölkələri ilə müqayisə etsək, Azərbaycanda bu sahənin inkişafını necə qiymətləndirmək olar?
- Plastik cərrahiyyə dedikdə təkcə estetik əməliyyatlar nəzərdə tutulmur. Rekonstruktiv cərrahiyyə də var. Doğuşdan gələn anormallıqlar, inkişaf anomaliyaları, qəza nəticəsində yaralanmalar, infeksiyalar, şişlər (xoşxassəli və bədxassəli) və digər xəstəliklər nəticəsində əmələ gələn çapıq və bədənin zədələnmiş nahiyələrinə rekonstruktiv cərrahiyyə tətbiq edilir. Burada əldə ediləcək görünüşə diqqət edilsə də, əsl məqsəd xəsarət almış və funksiyasını itirmiş bədən qisimlərinə yenidən funksiya qazandırmaqdır. Rekonstruktiv cərrahi müdaxilə yaxşılaşması mümkün olmayan, ya da özü-özünə yaxşılaşdıqda tam yaxşılaşmayan və işləməyən orqanları bərpa edir və ya funksiyalarını geri qaytarır.
Odur ki, bu iki şöbəni ayrıca qiymətləndirmək lazımdır. Azərbaycanda ümumi cərrahiyyə, neyrocərrahiyyə, ginekologiya, otolarinqologiya, ortopediya və kardiocərrahiyyə kimi sahələr dünya standartlarına uyğun xidmət göstərir. Plastik cərrahiyyədə çatışmazlıqlar olsa da, son illərdə tədricən inkişaf etdirilir. Xüsusilə Türkiyədə ixtisaslaşmış çoxlu azərbaycanlı dostlarımız var. Bununla belə, plastik cərrahiyyənin, xüsusən də, rekonstruktiv cərrahiyyənin inkişafı üçün universitet xəstəxanalarına və böyük klinikalara ehtiyac var.
- Ümumiyyətlə Azərbaycanda ən məşhur plastik cərrahiyə əməliyyatı hansıdır? Xanımların plastik cərraha müraciətləri əsasən nə ilə bağlı olur? Son illərdə xəstələrin tələbləri necə dəyişib?
- Son illər Azərbaycanda estetik əməliyyatların sayı artıb. Ən çox görülən əməliyyat hələ də rinoplastikadır - estetik burun əməliyyatı. Bunun ardınca göz qapağının estetik əməliyyatı - bleforoplastika gəlir. Daha sonra süd vəzilərinin böyüdülməsi, kiçildilməsi-dikləşdirilməsi, qarın gərmə -abdominoplastika və liposaksiya gəlir.
Rinoplastikaya müraciətlər ümumilikdə gənc yaşlardan başlayır. Burnundan narazı olan insanlar 18 yaşından etibarən burunlarını əməliyyat etdirmək istəyirlər. Eyni istək döş böyütmə üçün də keçərlidir. Lakin qadınlar daha çox doğuşdan sonra döş kiçiltmə, dikləşdirmə, qarın gərmə kimi əməliyyatlara müraciət edirlər. Son illərdə mədə kiçiltmə əməliyyatları geniş yayıldığı üçün bu əməliyyatlardan sonra həddən artıq arıqlayan insanların da döşlərdəki sallanmalar yaranır. Nəticə etibarə ilə süd vəzilərinin dikləşdirilməsi əməliyyatlarına tələbat artmağa başlayıb.
Eyni əməliyyatda bir çox problemi eyni anda aradan qaldırmaq son illərdə xəstələrin tələbləri arasında birinci yerdə gəlir. Bunlardan bəziləri mümkündür, məsələn, həm döş dikləşdirmə, həm də qarın gərmə eyni əməliyyatla edilə bilər. Və ya döş kiçiltmə və qol gərmə; qarın gərmə və liposaksiya edilə bilər. Ancaq 4-5 əməliyyatın birlikdə aparılması riskləri artırır.
- Bədənini və üzünü tamamilə dəyişdiyiniz xanım olub?
- Üzün tamamilə dəyişdirilməsi dedikdə üz transplantasiyası nəzərdə tutulmur, bir neçə əməliyyatın birləşməsidir. Məsələn, blefaroplastika, üsdartılma və rinoplastika birlikdə aparılarsa, üzdə ciddi dəyişiklik olacaq. Amma bu da tam dəyişiklik deyil. Onu tamamilə dəyişmək mümkün deyil, fitrətimizə də uyğun olmaz. Təbii ki, hər bir insanın özünəxas bir gözəlliyi var.
- Təəssüflə qeyd etmək lazımdır ki, istər kosmetoloji müdaxilələr, istərsə də əməliyyatlar bir çox hallarda qadınları eyniləşdirir. Görürük ki, əməliyyat edən xanımlar bir-birinə bənzəyir. Bunun qarşısını almağın bir yolu var?
-Çox doğrudur, xüsusilə burun əməliyyatlarında buna tez-tez rast gəlmək mümkündür. Ancaq bu müşahidə həmişə üçüncü şəxslər tərəfindən qiymətləndirilir. Əməliyyat keçirən insanlar bundan o qədər də narahat deyillər. Məsələn, əməliyyat etdiyim xəstələrin çoxu burnunun təbii olmasını istəyir, amma əməliyyatdan sonra “Kaş burnum bir az da dik olsaydı” deyən xəstələrim də olub.
İnsanların çoxu istəmir ki, botoks etdirdiyi bilinsin. Lakin korreksiyaya gələndə deyirlər ki, qaşlarımı qaldıra və çata bilirəm, alnımda cizgi qalıb və s. Bu xətləri kiçik toxunuşlarla düzəldə bilirik. Demək ki, bu insanların məqsədi təbii gözəllik əldə etmək deyil.
Bunu dodaq dolgularında daha aydın görmək mümkündür. İnsanların çoxu dodaq dolğusu etdirən qadınların şəkillərini görəndə onların çox şişirdildiyini və süni göründüyünü düşünür. Amma dodaqlarını böyüdən xanımlar bundan çox məmnundurlar, İnstaqramda da şəkillərini çox böyük məmnuniyyət hissiylə paylaşırlar. Təbii ki, bunlara qarşı tədbir görmək olar, lakin əməliyyat olunacaq insanlar özlərini yaxşı analiz etməlidirlər.
- Ən təhlükəli və ya riskli əməliyyat hansıdır?
- Təəssüf ki, bütün əməliyyatlar müəyyən qədər risklidir. Xəstələr bunları bilərək əməliyyata razılıq verməlidir. Günümüz üçün ən riskli hesab edilən əməliyyat omba nahiyəsinə yağ inyeksiyasıdır. Təəssüf ki, bu cərrahiyyə nəticəsində ölümlərin faizi mində 1-2 civarındadır və bu, plastik əməliyyat üçün çox yüksək göstəricidir. Ölümün ən əhəmiyyətli səbəbi, artıq yağın omba nahiyəsinə verilməsi və piy yeridərkən əzələyə yağ yeridilməsidir. Burada verilən piylər damarlara daxil olub ağciyər damarlarını bağlaya bilər.
Bunun xaricində liposaksiya ilə 4000 ml-dən çox piylərin çıxarılması, 4-5 saatlıq çox uzun əməliyyatlar, bir neçə əməliyyatın eyni vaxtda həyata keçirilməsi kimi səbəblər riskləri artırır. Siqaret çəkən, şəkərli diabet və xroniki ağciyər xəstəliyi olan xəstələrdə də risk yüksəkdir.
src="/storage/files/upload/e81daea5c04c9f832443051fb5c533f038385cfb.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Plastik cərrahdan daha çox pxisoloqa ehtiyacı olduğunu düşündüyünüz xanım olub?
- Əlbəttə! Yanıma gələn xanımın ilk növbədə qüsurlarını təhlil edir və onu nə qədər düzəldə biləcəyimi ölçüb-biçirəm. Bunu edərkən xanımın bu əməliyyatdan gözləntisini hesablamalıyam. Əgər gözlənti görünüşün müəyyən qədər dəyişəcəyi və xanımın özünü daha yaxşı hiss edəcəyidirsə, bu, məqbul bir gözləntidir. Amma bu dəyişikliyin həyatını və taleyini tamamilə dəyişdirəcəyini gözləyirsə, ağlabatan gözlənti deyil. Razı sala bilməyəcəyimi düşündüyüm xəstəni əməliyyat etmirəm. O da var ki, qadına psixoloqa müraciət etməyi təklif etmək də bir qədər risklidir (Gülürük).
- Belə bir stitat oxudum: Kosmetologiya bir asılılıqdır. O, sağalmır, dəyişdirir. Doğrudur ki, plastik əməliyyat həm də asıllıq yaradır?
- Müəyyən dövrlərdə bəzi prosedurların təkrarlanması kosmetologiyanın təməlini təşkil edir. Məsələn, botoks hər 4-6 aydan bir təkrarlanmalıdır. Botoks ilə üzdə qırışlarının dəyişdirilməsi, daha doğrusu azaldılması mümkündür. Dərinin altındakı əzələləri müvəqqəti iflic etdikdə (iflic) üz qırışları azalır. Çapıqları isə cərrahi yolla aradan qaldırmaq və ya başqa üsullarla azaltmaq mümkün ola bilər. Dolğular da 6 aydan 2 ilə qədər fasilələrlə həyata keçirilməlidir. Eyni vəziyyət lazer və prp üçün də keçərlidir. Əldə edilən dəyişikliyin davam etməsini istəyirsinizsə, kosmetoloji müdaxilələri yenidən etmək lazımdır.
Plastik cərrahiyyənin bütün nəticələri də qalıcı deyil, lakin daha uzun müddət davam edir. Zaman-zaman təkrar əməliyyatlar lazım ola bilər. Məsələn, bleforaoplastika əməliyyatı keçirmiş xəstənin 10-15 ildən sonra korreksiyaya ehtiyacı ola bilər. Amma bunu asıllıq kimi qiymətləndirməyək. Məncə, bu, sadəcə olaraq, yenidən xoş nəticə əldə etmək istəyidir. Məsələn, döşü kiçildilmiş və dikləşdirilmiş qadın bununla kifayətlənirsə, gözəl görünmək üçün göz qapaqlarını əməliyyat etdirmək istəyə bilər. Digər tərəfdən xarici görünüşündən narahat olmayan qadın plastik əməliyyat, hətta botoks haqqında düşünməyə bilər.
- Məncə, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda xanımlar zahiri görkəminə daha diqqətcildir. Sizcə, bu, mentalitetin xanımlarımızın çiyinlərinə qoyduğu yükdür?
- Bütün dünyada qadınlar xarici görünüşlərinə diqqət yetirirlər. Xüsusilə əməliyyatsız kosmetoloji variantların artması qadınların bu prosedurlara marağını artırıb. Məsələn, botoks qadınlar arasında çox geniş yayılıb. Əslində botoks etməyən və ya planlaşdırmayan qadınları rəfiqələri tənqid edir və bunu etməyə təşviq edilir. Təbii ki, gözəllik standartlarının sosial və mədəni kökləri var. Ancaq bu məsələni şərh etmək üçün hərtərəfli sosial tədqiqatlar tələb olunur.
src="/storage/files/upload/b89f92fd4ee488bb05a590d5b4ea77e3ceba8da6.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Azərbaycanda uğursuz cərrahiyyə əməliyyatının “qurbanı” olmuş neçə pasiyent var? Həmin xəstələr klinika və ya həkimə qarşı məhkəmədə iddia qaldıra bilər?
- İstənilən əməliyyatda olduğu kimi, plastik əməliyyatların da riskləri var, ümumiyyətlə alınacaq nəticəyə yüz faiz zəmanət vermək mümkün deyil. Bütün dünyada plastik əməliyyatlarda olan xəstələrin 10-15 faizi nəticələrdən razı deyil. Bu səbəbdən əməliyyatın nəticəsindən razı qalmayan bir insanı qurban kimi görmək doğru deyil.
Ancaq xəstə həqiqətən “qurban” vəziyyətinə düşübsə, o zaman həll yolu tapılmalıdır. Bu vəziyyətdən çıxmaq üçün həkim və ya müvafiq klinika xəstənin ödəniş etmədən və ya çox cüzi bir ödəniş qarşılığında yenidən əməliyyat olmasını təklif edə bilər. Xəstə ilə həkim/klinika arasında razılaşma olmadıqda, şikayətçi tərəf məhkəməyə müraciət edə bilər. Məhkəmənin sonunda verilən qərara görə, xəstələr hüquqlarının müdafiəsində qələbə qazana və ya maddi təzminat ala bilərlər. Bu cür problemlərin qarşısını almaq üçün əməliyyatdan əvvəl həkim və xəstə ətraflı danışmalı və əməliyyatın risklərini müzakirə etməlidir.
- Döşlərini implantla böyüdən qadınlar uşaq əmizdirə bilərmi? Neçə yaşından sonra bu əməliyyat tövsiyə olunur?
- Döş böyütmə əməliyyatı əmizdirməyə mane olmur, çünki implantlar süd vəzilərnin altına yerləşdirilir. Bu əməliyyat 18 yaşından sonra edilə bilər. Hər əməliyyatda olduğu kimi, bu əməliyyatla bağlı risklər ətraflı müzakirə edilməlidir.
- Liposaksiya ilə “arıqlamaq” daha da asanlaşıb. Bu xanımları tənbəlləşdirmir?
- Liposaksiya arıqlama üsulu deyil, arıqlamaq istəyən insanlara tətbiq edilmir. Bir seansda risksiz çıxarıla biləcək maksimum yağ miqdarı 4000 qramdır. Lipokasiya bədənin yalnız bəzi hissələrdəki artıq piyləri çıxaran bir prosedurdur. Məsələn, qarnın aşağı hissəsində, budlarda və buxaq nahiyəsində olan artıq piyləri bu üsulla çıxarmaq olar.
- Dərimizin daim yaxşı vəziyyətdə qalması üçün xanımlarımıza nə tövsiyə edə bilərsiniz?
- Dərinin qocalmasının və elastikliyinin itirməsinin qarşısını almaq mümkün deyil. Sadəcə onu ləngitmək mümkündür. Əvvəla son illərdə məlum olub ki, günəşin təsirindən mümkün qədər uzaq durmaq vacibdir. Günəş D vitamini və bəzi digər cəhətləri baxımından sağlamlığa faydalı olsa da, günəşin ultrabənövşəyi şüalarına həddən artıq məruz qalmaq dəri üçün birbaşa zərərlidir. Dərinin keyfiyyətini pisləşdirir, ləkələri artırır və qocalma prosesini sürətləndirir. İkinci vacib məsələ dərinin düzgün nəmləndirilməsidir. Hər bir dərinin özünəməxsus nəmlik xüsusiyyəti fərqlidir, buna görə də hər bir şəxs üçün ayrı bir üsul müəyyən edilməlidir, bunu ən yaxşı dermatoloqlar və kosmetoloqlar edə bilər.
Siqaretin dəri üçün zərərli olması çoxdan məlumdur, sağlam dəri arzu edirsinizsə, bu vərdişdən uzaq durmalısınız. Dərinin daha gözəl və sağlam görünməsi üçün istifadə edilən çox üsul var. Peeling, PRP, PRF, mikri iynələmə və s. gənclik vaksinləri kimi texnikalar mövcuddur və bunlar daim inkişaf etdirilir.
src="/storage/files/upload/573ac24c64a63c1d83cbd57ca8c58ec5a6f91138.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...