Xüsusi
XTQ-nin kapitanı: “Erməni kombat deyirdi ki, “Yaşma”nın gəlib bizi öldürməsini gözləyirəm” - – MÜSAHİBƏ/FOTOLAR
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, “Azərbaycan Bayrağı” ordenli kapitan Famil Məlikov Publika.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
Tanıtım: Famil Alim oğlu Məlikov 1990-cı ildə Salyan şəhərində anadan olub. 1996-cı ildə Salyan şəhərindəki Mərdan Muradxanov adına tam orta məktəbin birinci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib. Uşaqlıqdan hərb sənətinə həvəsi olub. Bu həvəs onu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (Azərbaycan Ali Hərbi Məktəbi bu ilin mayından Milli Müdafiə Universitetinin nəzdində Heydər Əliyev adına Hərbi İnstitut adlanır) gətirib. Famil Məlikov 2007-2011-ci illərdə sözügedən ali hərbi məktəbdə qoşun kəşfiyyatı ixtisası üzrə ali hərbi təhsil alıb. Sonrakı bir il ərzində təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin təkmilləşdirmə kursunda davam etdirib.
2012-ci ildən peşəkar zabit kimi leytenant rütbəsində Azərbaycan Ordusu sıralarında ilk olaraq ön xətdə xidmət etməyə başlayıb. İki il Murovdağ silsiləsində xidmət edib, daha sonra N saylı hərbi hissələrdə kəşfiyyatçı kimi xidmətini davam etdirib.
Xüsusi Təyinatlı Qüvvələrə olan həvəsi 2015-ci ildə onun xüsusi təyinatlı qüvvələr kursuna getməsinə vəsilə olub. Famil Məlikov altı aylıq xüsusi təyinatlı qüvvələr kursuna yazılıb və onu fərqlənmə ilə bitirib. Beləliklə, 2015-ci ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində müvafiq vəzifələrdə xidmət etməyə başlayıb.
Xidmət müddətində dalğıc, paraşüt, dağçılıq, xüsusi təyinatlı qüvvələr, antiterror, amfibiya, yaşayış məntəqələrində döyüş, xüsusi əməliyyat kurslarında iştirak edib.
2016-ci ilin Aprel döyüşlərinin iştirakçısıdır. Həmin döyüşlərdə strateji obyektlərin sıradan çıxarılmasında, hakim yüksəkliklərin ələ keçirilməsində qrup komandiri kimi şəxsən iştirak edib.
Famil Məlikov, həmçinin, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Döyüş tapşırıqlarını icra edərkən göstərdiyi fədakarlıq və şücaətlərə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub. Həmçinin, hərbi xidmətdə olduğu dövrdə Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi (2013-cü ildə), 100 illiyi (2018-ci ildə) yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” üçüncü dərəcəli medalla təltif edilib.
– Cənab kapitan, Vətən müharibəsində keçdiyiniz döyüş yolu barədə danışmağınızı istərdik...
– Bizim uzun müddət gözlədiyimiz Vətən müharibəsinin başladığı ilk saatlardan etibarən Kəlbəcər-Murovdağ istiqamətində döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunmuşam. Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin düşmən tapdağından azad edilməsi, düşmən arxasında strateji təminat yollarının ələ keçirilməsində və bir sıra düşmən obyektlərinin, düşmən kolonlarının sıradan çıxarılması tapşırıqlarında iştirak etmişəm. Sonra döyüş yolumu Cəbrayıl istiqamətində davam etdirmişəm. Cəbrayıl şəhərinin işğaldan azad olunması əməliyyatında iştirak etmişəm. Cəbrayıl şəhərinə girən ilk dəstənin qərargah rəisi olmuşam. Orada az heyətlə, yəni 120-130 nəfərlik heyətlə 450 nəfərə yaxın şəxsi heyəti olan düşmən alayını darmadağın edib, xeyli sayda canlı qüvvəsini məhv etmişik, texnikalarının çox hissəsini qənimət götürmüşük.
O döyüş mənim üçün həlledici döyüş oldu. Çünki mən həmin döyüşdə ağır yaralandım. Ümumiyyətlə, müharibə dövründə ən ağır döyüşlər Cəbrayıl rayonunda gedib. Çünki ərazi relyefinə görə düzənlik idi. Örtük gizlənməsi çox az idi. Düşmən isə hakim yüksəkliklərdə oturub rahat şəkildə bizim hərəkət və fəaliyyətimizi, manevrlərimizi müşahidə edib ona qarşı tədbirlər görməyə çalışırdı. Buna baxmayaraq içimizdə düşmənə olan nifrət və Vətənimizə olan sevgi qarşımızdakı bu məhdudiyyətlərə üstün gəlməyimizə, məqsədimizə çatmağımıza səbəb oldu. Biz tapşırığı müvəffəqiyyətlə yerinə yetirərək oktyabrın 4-də cənab Ali Baş Komandana azad edilən ilk şəhər Cəbrayılın azad edilməsini məruzə etdik. Mən çox qürurluyam ki, şəhərin azad olunmasında şəxsən özüm iştirak etmişəm.
– Məruzə edən siz idiniz?
– Xeyr, məruzə edən başqa döyüş yoldaşımız idi. Mən həmin döyüşdə artıq yaralanmışdım. Şəhər azad olundu, mən yaralandım.
Düşmənin darmadağın edilmiş həmin alayının yerində hazırda bizim bölmələrimiz xidmət göstərir. Başqa sözlə desək, vaxtilə düşmən qoşunlarının yerləşdikləri hərbi hissədə indi bizim hərbi qulluqçular xidmətlərini davam etdirirlər. Cəbrayıl şəhərinin girişində məşhur “vışkalar” deyilən yer var. Kim Cəbrayıla gedibsə, orada düşmənin vurulmuş texnikalarının qalıqlarını görə bilər. Şəhərin özündə həddindən artıq çox düşmən texnikası məhv etmişdik. Orada bir tank taboru var idi, gücləndirməyə gəlmişdi. Biz əlimizdə olan tank əleyhinə vasitələrlə ilk növbədə onların texnikalarını vurub hərəkətlərini iflic vəziyyətə saldıq. Ermənilər bizim 120-130 nəfərlik heyətlə bu qədər dərinliklərə doğru irəlilədiyimizi görüb demək olar ki, şoka düşmüşdülər. Onlar bizi qabaqdan gözləyirdilər, biz onları arxadan yaxalamışdıq.
– Cəbrayıl uğrunda gedən döyüşlərdə ağır yaralandığınızı bildirdiniz. Yaralandıqdan sonrakı anları necə xatırlayırsınız?
– Mən döyüş meydanından silah yoldaşlarımın sayəsində təxliyyə olundum. Aldığım yaralar çox ağır olduğundan məni ordu sıralarından ehtiyata buraxdılar. Artıq 2021-ci ilin iyul ayından ehtiyatdayam. Düşmənin atdığı əl qumbarasının qəlpəsi boğaz nahiyəmdən dəydi, sol qolumun hərəkəti məhdudlaşdı və həmin anda tək əllə də olsa, döyüşü davam etdirirdim. Əlverişli mövqeyə çəkilmək istəyəndə növbəti dəfə düşmənin atdığı güllə döş qəfəsimdən dəydi, ağciyərimin yarısını sıradan çıxarıb, üç qabırğam yoxdur. İkinci qrup əlilliyim var. Ona görə də ordu sıralarından ehtiyata buraxılmışam. Ancaq mənfur düşmənin bizə qarşı yenə pis niyyəti olarsa, cənab Ali Baş Komandanın bir çağırışı ilə biz yenə də əlimizdə silah döyüşlərə hazırıq. Bu Vətənə canımız fədadır. Bu torpağın üstündə gəziriksə, bu torpaq üzərində bitən çörəyi yeyib, suyunu içiriksə, onu son damla qanımıza qədər qorumasaq bu bizim haramımız olar.
– Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi bu elit hərbi birləşmə barədə indiyədək cəmiyyətə çatdırılmayan hansı məqamları qeyd edə bilərsiniz?
– Xüsusi Təyinatlı Qüvvələr mənsubu hər kəs ola bilməz. Ora xüsusi şəxslər, yəni xüsusi iradəsi, xüsusi bacarığı, istedadı olan insanlar şəxslər seçilir. Hər dəfə kursa 200-300 nəfər yazılır, onlardan yalnız 10-20, bəzən 30 nəfər kursu keçə bilir. Çünki kursu keçmək çox çətindir. Ancaq əsas çətinliklər kursu keçdikdən sonra başlayır. Çünki ondan sonra davamlı təlimlər olur. Biz təlimlərimizi düz yerdə, yaxud isti otaq şəraitində keçmirik. Bizim təlimlərimiz ancaq dağda, dərədə, meşəlik, qarlı ərazilərdə olur. Yəni, sabah döyüş tapşırığını harada icra edəcəyiksə, öz tapşırığımızı, təlimlərimizi ona yaxın ərazilərdə keçirik. Burada da məqsəd daim döyüşə hazır olmaqdır. “Bu gün bunu etdim, bitdi” söhbəti yoxdur. Bizim məqsədimiz daim ən yüksəkdə olmaqdır. Cənab Ali Baş Komandan bizimlə tez-tez görüşüb və bizə öz vəzifə borcumuzu dəfələrlə xatırladıb. O bizə etimad göstərib, bizə güvənib, biz də onun güvənini doğrultmaya bilməzdik. Biz cənab Ali Baş Komandanın etimadını, bizə göstərdiyi diqqət və qayğını döyüş meydanında doğrultduq. Hər şeyin ən yaxşısı bizə layiqdirsə, biz də ən yaxşısını etməyə çalışırıq.
– Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsindəki yeri və rolu barədə çox deyilib, çox yazılıb, hətta “Kod adı: Yaşma” adlı sənədli film çəkilib. Bu yer və rol barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı...
– Xüsusi təyinatlıların Vətən müharibəsindəki rolu əvəzsiz və danılmazdır. Çünki biz heç kimin ağlına gələ bilməyəcəyi ərazilərdə tapşırıqlar icra etmişik. Bilirsiniz ki, onlardan biri də Şuşa döyüşləridir. Biz düşmənin gözləmədiyi vaxtda, gözləmədiyi anda həmin yerlərdə peyda olmuşuq və gizli şəkildə tapşırıqları icra etmişik. Düşmənin bundan xəbəri olmayıb. Biz onlara elə yaxınlaşmışıq ki, düşmən yaxınlaşanın öz qüvvələri, yoxsa bizim qüvvələr olduğunu fikirləşə bilməyib. Yəni, bizimlə özlərini ayırd edə bilməyiblər.
– Sirr deyil ki, Xüsusi Təyinatlı Qüvvələr mənsubları Vətən müharibəsindən öncə də təmas xəttini yararaq düşmən arxasında əməliyyatlar keçiriblər. Bu əməliyyatlar barədə nələri danışmaq olar?
– Bəli, qeyd etdiyiniz qayda üzrə bəzi tədbirlərimiz olub. Ancaq bunlar dövlət sirri təşkil edən məlumatlar olduğu üçün açıqlana bilməz. Yalnız onu deyə bilərəm ki, onlar 2016-cı ilin Aprel döyüşlərinədək ön xətdə təxribatlar törədirdilər, biz də yuxarı komandanlığın göstərişinə uyğun olaraq lazımi cavabları verirdik. Yəni, Xüsusi Təyinatlı Qüvvələrin icra etdiyi tədbirlər, yerinə yetirdiyi tapşırıqlar sayəsində onlar Azərbaycan Ordusunun 1992-94-cü illərdəki ordu olmadığını artıq dərk etməyə başlamışdılar. Onların bəzi səs yazıları tutulmuşdu. Danışıq əsnasında bir taborun komandiri (bu söz orduda daha çox “kombat” (rus dilində mövcud olan “komandir batalyona” sözünün abreviaturası) şəklində işlənir) digər tabor komandirindən soruşur ki, nə edirsən? O da cavab verir ki, “Yaşma”nın (Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin geniş yayılmış adı) gəlib bizi öldürməsini gözləyirəm. Öz aralarında belə yarıciddi, yarızarafat söhbət edirdilər. Onlar bizi “Yaşma” adı ilə tanıyırdılar.
Famil Məlikovun XTQ-də xidmətdə olduğu dövrdə çəkilmiş foto
– Bu səsyazısı nə vaxt tutulmuşdu?
– Onu bizim radioelektron kəşfiyyatın uşaqları tutmuşdular. Bizə də məlumat verirdilər. Bu hadisə 2016-cı ilin Aprel döyüşlərindən qabaq olan xırda tapşırıqlardan qalma idi. Özləri öz aralarında etiraf edirdilər ki, hər an, gözləmədikləri bir məqamda biz orada peyda olub tapşırıq icra edə bilərik. Artıq onların canını qorxu bürümüşdü. “Yaşma” adı gələndə, “Yaşma”nın ərazidə olduğunu eşidəndə canlarına vəlvələ düşürdü. Gözləyirdilər, bilirdilər ki, istənilən vaxt kimisə hardasa tutub tapşırığın icrası çərçivəsində məhv edə bilərik.
– Azərbaycan Ordusunun hazırkı gücü, qüdrəti və döyüş əzmi barədə nələri qeyd edə bilərsiniz?
– Ordumuzun gücü, qüdrəti günü-gündən artır. Birinci Qarabağ müharibəsində döyüşən zabitlər artıq ehtiyatdadırlar. Biz onların bizə öyrətdiklərini, onlardan eşitdiklərimizi bilirdik və hazırlıqlarımızı da ona uyğun qururduq. Artıq özümüz döyüşmüşük, özümüz praktika qazanmışıq. Əvvəlki texnikalarla, əvvəlki dövrdə istifadə olunan silahlarla indiki silahlar arasında yerlə-göy qədər fərq var. Artıq hər şey müasirdir. Əldə olunan uğurları daha da təkmilləşdiririk. Döyüş meydanında hardasa nöqsanımız, hardasa zəif tərəfimiz var idisə, həmin zəif tərəflərin üzərində işləyib onu mükəmməl hala salırıq ki, gələcəkdə bundan da yaxşı nailiyyətlərimiz olsun.
– Qarşıdan 26 iyun – Silahlı Qüvvələr Günü gəlir. Bu günlə bağlı Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikləriniz, ürək sözləriniz varsa, çatdırmağınıza vəsilə ola bilərik...
– 26 iyun – Silahlı Qüvvələri Günü münasibətilə hal-hazırda Silahlı Qüvvələrdə xidmət keçən və ehtiyata buraxılmış hərbi qulluqçuları, döyüş yoldaşlarımı, qaziləri ürəkdən təbrik edirəm. Bu şərəfli yolda, bu şərəfli xidmətlərində onlara uğurlar arzulayıram.
Səxavət Həmid
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ