Meyxanaçılara niyə fəxri adlar verilmir? – MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Meyxanaçılara niyə fəxri adlar verilmir? – MÜSAHİBƏ

Sonuncu dəfə meyxanaçılardan Ağasəlim Çildağa o zamankı dövlət başçısı Heydər Əliyev fəxri ad verib. Meyxana ustasını “Şöhrət” ordeni ilə təltif edib. Bundan sonra meyxanaçılara fəxri adlar verilməyib. Baxmayaraq ki, bir sıra dövlət tədbirlərində onlar da çıxışlar ediblər, performansları ilə diqqət mərkəzində olublar.

Bəs meyxanaçılar son illərdə fəxri ad məsələsində niyə diqqətdən kənarda qalıblar? Bunun səbəbi nədir? Ümumiyyətlə, bu sənət niyə hazırda eniş dövrünü yaşayır? Nədən ona cəmiyyət arasında “küçə sənəti” deyilir və barmaqarası baxılır?

Meyxana ustadı Mehman Əhmədli Publika.az-a müsahibəsində bunun bir neçə səbəbinin olduğunu söylədi.

Tanınmış meyxana ustası ilə müsahibəni təqdim edirik:

- Mehman bəy, sizcə, meyxanaçılara niyə fəxri adlar verilmir? Meyxana sənətinə ögey münasibətin kökündə nə dayanır?

-Mənə elə gəlir ki, bunun səbəbi meyxanaçıların hər hansı bir cəmiyyətinin, klubunun olmamasıdır. Bu vaxta qədər bizim yığışmağa, toplaşıb bir araya gəlməyə cəmiyyətimiz olmayıb, məncə, əsas səbəb budur. Hər hansı bir yerimiz yoxdur. Bir icmanın cəmiyyəti olmayandan sonra fəxri ad necə verilə bilər?! O vaxt meyxana ustadı Ağasəlim Çildağı Heydər Əliyev “Şöhrət” ordeni ilə təltif eləmişdi. Allah hər ikisinə rəhmət eləsin, ondan sonra belə bir şey baş vermədi. Adi mədəniyyət evimiz yoxdursa, fəxri adlardan necə danışa bilərik?! Mərkəz olmalıdır, orada sənədləşdirmə işləri aparılmalıdır ki, meyxanaçıların da fəaliyyəti qiymətləndirilsin. Mənə elə gəlir ki, əsas səbəblərdən biri budur, digər səbəb isə meyxana deyənlərin özləri ilə əlaqədardır.

- Meyxanaçılar onlara fəxri ad verilməməsi üçün nə edirlər ki?

- Hamı eyni dərəcədə bu sənətə xidmət göstərmir. Əgər meyxanaçıların hamısı layiqli xidmət göstərərsə, düşünürəm ki, biz də dövlətin daha çox diqqətində və nəzərində olarıq. Əgər yerimiz, yurdumuz olsa, orada özümüz bu işlərin hamısını həll edə bilərik. Ən azından meyxanaya zərbə vuran meyxanaçıları yaxına buraxmarıq. Cəmiyyət daxilində hansısa işləri reallaşdırmaq və bu işləri qaydasına salmaq mümkündür. Görünən odur ki, bir neçə il əvvəl meyxana sənəti indikindən daha ucalıqda idi. Nəinki indi... Biz əlimizdən gələni edirik ki, hər şey yaxşı olsun. Bəzən elə olur ki, gənclər, cavanlar meyxananın imicinə zərər, zərbə vururlar. Nəticədə qurunun oduna yaş da yanır. Hər şey meyxananın ziyanına olur. Əgər cəmiyyətimiz, klubumuz olsaydı, biz də fəxri adlar ala bilərdik. Ən azından kimin meyxanaya nə dərəcədə xidmət etdiyini müəyyənləşdirmək asan olardı. Dövlət də meyxanaya və meyxanaçılara daha yaxından qayğı göstərərdi.

- Nə vaxtsa belə bir cəmiyyətin yaradılması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanıbmı?

- Bir ara bu cür müraciətlər edilmişdi. Hətta bütün meyxana deyənlərin şəxsiyyət vəsiqələri yığılıb aidiyyatı üzrə göndərilmişdi. Nədənsə, nəticə olmadı, cavab gəlmədi. Yaxşısını özləri bilər... Əgər dövlətin nəzdində olan balaca bir klub, yer olsaydı biz də orada toplaşardıq. Baxın, Azərbaycanda Aşıqlar Birliyi, rəssamlar, bəstəkarlar, yazıçılar birlikləri var, hətta muğam sənəti ilə bağlı ayrıca mərkəz fəaliyyət göstərir. Hamısının özünün birliyi var, bircə meyxanaçılardan başqa... Ona görə də meyxanaçılar pərakəndə şəkildə, “kim harda gəldi” prinsipi ilə xidmət göstərirlər. Ona görə də meyxana deyənlərin arasında ona xidmət göstərən də, ən ağır zərbələri, ləkələri vuranlar da tapılır. Amma muğam sənətində, aşıqlar birliyində bu cür hallar yoxdur. Əgər olarsa, onu birliyə, cəmiyyətə çağırıb tənbeh edərlər. Bizdə də belə bir birlik olsaydı, içimizdən 4-5 nəfər ağsaqqal ona rəhbərlik edərdi. Dünyada bu cür incəsənət növü yalnız bizdədir. Birlik olsaydı, təkcə ölkədə yox, ölkənin xaricində də hansısa naliyyətlər əldə etmək mümkün olardı. Bu birlik olmadığı üçün birisi toyda dava salır, o biri söz-söhbət salır. Dünənki uşaqlar, “hırla zırı qanmayanlar” pul verib efirə çıxırlar. Etikadan kənar hərəkət və ifadələrə yol verirlər. Mən buna görə gedib onlarla dalaşası deyiləm. Mən bu yaşımda həmin şəxslərlə əlbəyaxa çıxa bilmərəm. Onlara ancaq iradlarımı bildirirəm, qulaq asan asır, eləsi də var ki, məhəl qoymur. Meyxana ilə bağlı bəzi məsələlər qanun çərçivəsində, dövlətin himayəsində olsaydı, daha yaxşı olardı. O zaman meyxanaçılara fəxri adlar verilərdi, bu sənətə ləkə gətirənlərə haqlı iradlarımızı da bildirərdik. Hətta “təmizləmə” işlərini də daha rahat aparmaq mümkün olardı.

- Bəlkə meyxanaçılar el şənliklərinə, dövlət tədbirlərinə az-az getdiklərinə görə, son 10-15 ildə toylara daha çox axın etdikləri üçün onlar diqqətdən kənarda qaldılar? Bəlkə buna görə sizlərə fəxri adlar verilmədi?

- Yox, mən belə düşünmürəm. Əksinə, deyərdim ki, biz əvvəllər bütün dövlət tədbirlərində olmuşuq. Şəxsən mən beş-altı dəfə cənab prezidentin qarşısında meyxana demişəm. Hətta başqa dövlətin rəhbərləri də ölkəmizə dəvət ediləndə ağırıblar. Onların da qarşısında meyxana demişik. Meyxanaçılar toya gedərək dövlət tədbirlərində də iştirak edə bilərlər. Burada qeyri-adi heç nə yoxdur. Amma son 5-10 ildə meyxana deyənlər bu sənətə layiq olmadılar. Əksinə, bəzi meyxanaçılar elə çıxışlar etdilər ki, dövlət prizmasından baxanda onları rəsmi tədbirlərinə dəvət etməyə layiq bilmədilər. Özünü aparmağı bacarmayanlar, danışığını bilməyənlər dövlət tədbirlərinə çağrıla bilməz. Belə olan halda qurunun oduna yaş da yandı. Amma bu gün də əxlaqı və mərifəti yerində olan meyxanaçılarımız da var. Onlara dövlət, cəmiyyət, xiridar tərəfindən baxılır, qiymət verilir. Elələri azdır. Ona görə də digərlərinin kölgəsinin altına düşürlər.

- Ümumiyyətlə, meyxanaçılara hansı fəxri adlar verilməlidir? Xalq, əməkdar artist adları, yoxsa ayrıca fərxi ad təsis olunmalıdır?

- Meyxanaçılara da Xalq artisti fəxri adı vermək olar. Amma bunun üçün gərək bu sənətin qarşısında misilsiz xidmətlər göstərəsən. “Xalq artisti”ndən əvvəl bir sıra fəxri adlar var ki, əvvəlcə o adlara layiq görülməlisən ki, gedib “Xalq artisti”nə qədər yüksələsən. Mənə elə gəlir ki, meyxanaçılar üçün “Söz ustadı” fəxri adı təsis edilməlidir. Həmin ad verilməlidir. Şifahi formada da bu ifadə işlədilir, amma rəsmiləşdirilməsi daha yaxşı olardı. Hətta meyxanaçılara “Əməkdar artist” fəxri adı da verilə bilər. Bu sənət də incəsənətin bir növüdür. Bəziləri deyirlər ki, meyxana küçə sənətidir. Bununla razılaşmıram. Hər bir sənətin mədəni və mədəniyyətsiz tərəfi var. Muğamı da söyüşlə oxusan, küçə sənəti olacaq, qəzəli də... Meyxananın da mədəni və mədəniyyətsiz tərəfi var. Meyxana sənətinə xidmət edənlərə fəxri adlar verilə bilər. Hətta “Şöhrət” ordeninin verilməsi də mümkündür. Bunun üçün nədənsə başlamaq lazımdır. Əgər ilk olaraq bir neçə nəfərə bu cür adlar verilsə, o zaman, digərləri də çalışacaq ki, həmin fəxri adlara layiq görülsünlər. Pis meyxanalar deməyəcəklər, bu sənətə ləkə vurmaqdan çəkinəcəklər.

- Bəlkə elə bu təşəbbüs meyxanaçıların özündən gəlməlidir?

- Bizə qulaq assalar təşəbbüs gələr. Amma mən buna inanmıram. Məncə, belə bir təşəbbüslə Mədəniyyət Nazirliyi, yüksək vəzifədə olan meyxana sevənlər çıxış edə bilərlər. Dövlət özü belə bir addım atsa, daha yaxşıdır. Meyxanaçıların bir yerə yığışıb bu cür təşəbbüs irəli sürəcəyi halda, onların sözünün nəzərə alınacağına inanmıram. Baxın, Aşıqlar Birliyinin yaradılması məsələsini Zəlimxan Yaqub irəli sürdü və istədiyinə nail oldu. Axı meyxanaçılar da kiminsə diqqətində olmalıdır. 5-10 nəfəri bir yerə yığıb müraciət etmək də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm