Şuşada oturub, Bakıya hikkə üfürənlərə...
Bizi izləyin

Xüsusi

Şuşada oturub, Bakıya hikkə üfürənlərə...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr edilmiş qrant müsabiqəsinin elan edilməsi ətrafında narazılıq davam etdiyi vaxtda qarşı tərəfin də özünü müdafiə üçün qolunu çırmalaması ocağın üstünə yağ tökməyə bənzəyir.

QHT Agentliyi hər zaman belə olub – mediada, sosial şəbəkələrdə səsləndirilən iradlara anında aqressiv reaksiya verib. Dözümsüzdürlər, aydan arı, sudan duru olduqlarını düşünürlər; sanki heç vaxt səhv etməzlər.

Yanlış düşüncədir: əgər iş varsa, səhvlər, yanlışlar da var və insanların tənqid haqqına dözümlü yanaşmaq Prezident yanında olan bir Agentliyin borcudur. Agentlik işini görüb, seçimini edib, sözünü deyib – indi gözlə, tənqidləri qəbul et!

Etməz, etmir və etməyib – təəssüf ki, bu qurumun mayası əvvəldən belə yoğrulub.

İllah ki, reaksiya verməyi özlərinə borc bilirlər, daha adil və daha peşəkar yanaşma sərgiləyə bilərdilər.

Məsələn, “Şuşa İli” ilə bağlı elan edilən qrant müsabiqəyə 205 layihə təqdim edilməsinin özü çox müsbət bir haldır. 205 layihənin içindən 22 layihəni seçməyin çətinliyi, ağırlığı, məsuliyyəti və bu zaman dəyərləndirmədə fərqli baxışların olmasını qeyd edib, səslənən tənqidlərə anlayışlı münasibətlə özlərinin layiq olduqları yeri yox, “Prezidentin yanında” statusuna layiq davrandıqlarını göstərə bilərdilər.

Təki belə bir ərkanları olaydı, təki “Prezidentin yanında” olmanın məsuliyyətini anlayardılar.

Bu dövlət ərkanı əvəzinə “Şuşanın təmiz havasını udub, əsrarəngiz gözəlliyini seyr edərək yazıram” ədalı bir hikkə ortaya qoymaq Şuşaya kimlərin buraxıldığı məsələsini bir daha gündəmə gətirir.

Başa düşürəm, insanın əsl düşüncə və vətən sevgisini ölçən cihaz yoxdur ki, Şuşaya göndərilənləri o aparatın bu başından salıb, o biri başından çıxarmaqla seçsinlər. Amma dilinin altında yatanlar var, işi xatirinə erməniyə dayı, əmi, prezident deyənlər var axı – bunları ən azı bilmək olardı...

Bu Agentliyin başında, böyründə, arxasında... duranlar Şuşadan cavab yazmaq əvəzinə, Şuşada bir düşünəydilər: niyə məhz Şuşa ilə bağlı qrant müsabiqəsi bircə günün içində bu qədər böyük etirazlara səbəb oldu?

Şuşa sevgisidir, hər kəs Şuşa üçün nəsə etmək istəyir – bəlkə, bu səbəbdəndir?

Bunu yazıb, sonra da Şuşadan Vətənə və vətəndaşa böyük sevgi ünvanlamaq nə gözəl olardı!

Olmadı, edə bilmədilər.

Olmadısa, onda dəniz səviyyəsindən 1500 metrlik ucalığa fiziki olaraq qalxıb, dəniz səviyyəsindən 28 metr aşağıda qorabişirən ayda qarışqa zəhmətilə çalışanlara dil uzatmaq qədər mənəvi alçalanlara zəhmətkeş cavabı verək gərək:

1. “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması”na 23.500 manat ayırmısınız.

Şuşada böyük dövlət qurumları oturub, kərpic-kərpic bu şəhəri tikib-qurur və dağıntıları aylardır misqal-misqal toplayırlar. Bu QHT işğal dövründə Şuşaya vurulan zərəri 2-3 aya necə, hansı komanda, hansı peşəkarlıqla və dövlət qurumlarından hansı fərqlərlə aydınlaşdıracaq? Dövlətin yüksək peşəkarlıq, milyonlar və böyük ustalıqla gördüyü işə bu qədər primitivcəsinə yanaşmaya da qrant ayırarlar?

2. “Xaricdə “Şuşa İli” çərçivəsində “Qarabağ Azərbaycandır” konsertinin təşkili”nə 30.150 manat ayırmısınız.

Hansı “xaricdə”? Kimi aparacaqlar o konsertə? “Xaric”də təşkil edilən o konsertə “xaric”i qonaq olaraq kimlər dəvət ediləcək?

Bakıdan o məchul “xaric”ə 10 sənətçi getsə, gedib-qayıtmaq üçün bilet, qalmaq üçün otel pulu və s. nə qədər edir? 30 minə hansısa bir QHT nə gündə konsert keçirəcək?

Xaricdə “Qarabağ Azərbaycandır” konsertini Diaspor Komitəsi keçirə bilər - xaricdə yaşayan soydaşlarımızın ciddi dəstəyi ilə; yaxud Heydər Əliyev Fondu keçirə bilər... 30 minə hansı xaricdə və hansı səviyyədə bir konsert keçiriləcək? O konsertin Şuşanın təbliğində rolu nə boyda olacaq?

3. “Şuşanın 270 illiyi ilə əlaqədar Vikipediyada 270 məqalənin hazırlanmasına” 20 min manat ayırmısınız.

Bu qədər absurd layihə olarmı? Ümumiyyətlə, bu, layihədirmi?

4. “Şuşaya qayıdış prosesinə dəstək” layihəsinə 18.100 manat ayrılıb.

Siz doğrudanmı hesab edirsiniz ki, Şuşaya qayıdışa “dəstək” lazımdır? Azərbaycanlıların Şuşaya qayıtmasına dəstək yox, qayıtmasının qabağını almaq lazımdır. Çünki milyonlar Şuşada yaşamağa can atır, amma Şuşanın sahəsi hamını qəbul etməyə yetməz!

5. “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” mövzusunda tədqiqatın aparılmasına 29.620 manat ayırmısınız.

Ey əzizimənlər, Şuşanın iqtisadi inkişafı birbaşa Prezidentin nəzarətindədir, bu işə sizin dediyiniz “xaric”dən üzü belə yekə-yekə mütəxəssislər cəlb olunub, ölkənin az qala gücü bura yönəldilib! Prezident Şuşanı qarış-qarış gəzir, bir kub santimetrində belə yad cismin qalmasına imkan vermir! Demoqrafiyasını da incəliklərinə qədər ölçüb – nə qədər adam yaşayacaq, necə olacaq, necə böyüyəcək... Siz hansı vəziyyəti tədqiq edib, nə perspektivdən danışa bilərsiniz?

Bu işə qrantmı ayırarlar, həm də 30 min civarında?

Şuşa sevgidir, ümiddir, vətənin özüdür, könüldür, candır! Siz dərk edirsinizmi Şuşa bu xalq üçün nə deməkdir? Dərk etsəniz, “Şuşaya qayıtmağa dəstək” üçün qrant ayırmazdınız.

Yaxud “30 il sonra Qayıdış” (21.200), “Hamı üçün müyəssər Şuşa” (24.300), “Velkom tu Şuşa” – Forum (35.000) və s. layihələr nə deməkdir? Siz özünüz qrant ayırdığınız “ideya”nın fərqindəsinizmi?

Şuşada bu dövlətin ən üst elitası ən yüksək səviyyədə forumlar keçirir ki, səsi dünyanın o başından gəlir, nüfuzlu beynəlxalq media qurumlarının manşetinə daşınır. “Velkom tu Şuşa” Forumu nədir, 35 min nəmənədir? Bu nə layihədir axı?

...Sizə Şuşada təmiz hava udmağı Allah hər zaman nəsib etsin – istəməyən paşinyanların gözü kor olsun; Allah sizə istədiyinizi Şuşaya aparmağı nəsib etsin – Şuşada 3 il öncə yallı gedənlərin beli qırılsın, necə ki, Ordumuz bellərini qırdı!

Ancaq Ordumuzun Qüdrəti, Ali Baş Komandanın məharəti ilə geri qaytardığımız yurdumuza gedib, belə ədalı davrananda üzünüzü o tərəfə tutun! Şuşanı Ordumuz ona görə almadı ki, Paşik rəqs edib, yandıx verdiyi kimi siz də havasını udub, bu dövlətin pulunu mənasız şeylərə “əcəb edib xərcləyirik” misalı üzü bəri, Bakıya sarı, alçaqkönüllülüklə hikkə püskürəsiniz.

Şeyx Teymur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm