Pənahəli xanın varisi ilə ŞOK MÜSAHİBƏ: "Ramil Usubovun verdiyi sənəddə təsdiq edilirdi ki..."
Bizi izləyin

Xüsusi

Pənahəli xanın varisi ilə ŞOK MÜSAHİBƏ: "Ramil Usubovun verdiyi sənəddə təsdiq edilirdi ki..."

Qarabağ xanı Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik:

- Məhəmmədəli bəy, İspaniyada yaşayırsınız. İlk dəfə Şuşada keçirilən tədbirdə iştirak edəcəksiniz. Bununla bağlı təəssüratlarınızı eşitmək istərdik.

- Bəli, Azərbaycan gəlişimin səbəbin Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etməkdir. Bundan əlavə ailə üzvlərimi görməkdir, nənəm, əmim və xalam Bakıda yaşayırlar.

- İspaniyaya nə vaxt köçmüsünüz?

- Mən İspaniyanın Qranada şəhərində anadan olmuşam. Sonra valideynlərim İspaniyanın paytaxtı Madridə köçüb və orada orta məktəbə getmişəm. Hazırda İspaniyada Alcala Universitetinin (UAH) Kriminalistika, texnologiyalar və məhkəmə elmləri fakültəsində təhsil alıram. Üçüncü kurs tələbəsiyəm. Həftəsonları oteldə işləyirəm. Boş vaxtlarımda idmanla məşğul olmağı, kitab oxumağı, rəsm çəkməyi, piano çalmağı sevirəm. Piano çalmaqda çox bacarıqlı deyiləm, amma çalışıram.

Avqustun 10-da İspaniyaya qayıdacam və sentyabrda üçüncü kursa gedəcəm. Təhsilimi bitirdikdən sonra magistratura pilləsinə daxil olmağı düşünürəm. Ardınca Polis Akademiyasına daxil olub, orada inspektor kimi çalışmaq istəyirəm.

- Necə bir ailədə dünyaya gəlmisiniz? Valideynləriniz haqda məlumat verə bilərsinizmi?

- Atam İspaniya Krallığında səfirlikdə diplomat, hərbi attaşe köməkçisi kimi fəaliyyət göstərib. Sonra geri çağırılıb və Avstriyaya dəvət edilib. Orada da iki il hərbi attaşenin birinci müavini olub.

İspaniya kralı VI Flipp arada bir hərbi attaşeləri tədbirlərə dəvət edirdi və onlarla görüş keçirirərmiş. Atam kralın tədbirlərində iştirak edirmiş.

Anam evdar qadındır. Ailədə dörd uşağıq. Böyük bacım kompüter mühəndisliyi ixtisası, Məryəm hüquq fakültəsi, kiçik bacım Zeynəb isə 10-cu sinifdə oxuyur. Üçüncü və dördüncü sinifləri Azərbaycanda oxumuşam. O zaman nənəm xəstələnmişdi və ona görə buraya gəlmişdik.

- Diaspor Gənclərinin III Yay Düşərgəsinə qatılmağı necə qərara aldınız?

- Diasporla iş üzrə Dövlət Komitəsi Yay Düşərgəsi ilə bağlı elan vermişdi. Diaspora tərəfindən onlayn sorğu yayımlanmışdı. Sorğunu doldurdum və müraciət etdim. Onlar video müsahibə təşkil etdilər, bir neçə gün sonra qəbul olunduğum haqda məlumat aldım.

- Azərbaycana tez-tez gəlirsiniz?

- Bəli, demək olar ki, hər yay Bakıya gəlirik. Amma son bir neçə ildə dərs və işə görə gələ bilmirdik. Azərbaycana gəlişimin səbəbi ailə üzvlərim olub.

- Azərbaycana gələrkən ilk öncə diqqətinizi nə çəkir?

- İspaniyada doğulmağıma baxmayaraq Azərbaycan mənə daha doğmadır. Düzdür, İspaniyaya öyrəşmişəm və həyatım orada qurulub. Amma həmişə Azərbaycana gələndə doğmalıq hissi keçirirəm, rahat oluram.

- Azərbaycan mətbəxindən hansı yeməkləri sevirsiniz?

- Anamın bişirdiyi bütün Azərbaycan yeməklərini sevirəm. Yeməklərimiz bir az yağlıdır. Atam Azərbaycan yeməklərini çox sevir. Mən isə dolmanı çox xoşlayıram. Anam Qərbi Azərbaycanldan, atam isə bildiyiniz kimi əslən Şuşadandır.

- İspaniyada Azərbaycan adına nələr edirsiniz?

- Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan adına təşkil edilən bütün tədbirlərdə iştirak edirəm.

- Ailənizdə Azərbaycan dili, yoxsa ispan dilində danışırsınız?

- Ailəmizdə daha çox Azərbaycan dilində... Arada ispan dilində də danışırıq. Atam rus, ispan, ərəb dillərini mükəmməl bilir.

- Bəs siz neçə dil bilirsiniz?

- Mən Azərbaycan, ingilis və ispan dillərini bilirəm. Bəzi azərbaycanlıları tanıyıram ki, İspaniyada doğlulublar, Azərbaycan dilini yaxşı bilmirlər. Evdə rus və ispan dilində danışırlar. Mənim valideynlərim çalışırlar ki, ana dilimizi itirməyək. Həmişə evimizdə ana dilimiz səslənsin.

- Siz Qarabağ xanı Pənahəli xanın nəslindənsiniz. Bununla bağlı sənədləriniz də var...

- Bəli, Pənahəli xanın iki övladı olub, İbrahimxəlil xan və Mehrəli bəy. Biz Mehrəli bəyin nəslindənik. Bizdə olan məlumata görə, Mehralı bəyin nəvəsi və kötücəsinin adı da Mehrəli olub. İkinci Mehrəlinin dörd övladı olub. Məşədi Fərman, Bahadur, Qamboy və Qulam. Qulam atamın doğma babasıdır. Səhv etmirəmsə, dörd qardaşdan ikisi Mehrəliyev soyadını daşıyır. Qulam babam isə Əkbərov soyadını götürüb. Çünki İkinci Mehrəlinin atasının adı Əli Əkbər olub.

Mehrəli kişi dörd övladın, Bahadur, Məşədi Fərman, Qamoy və Qulamın atası Şuşanın axırıncı məhəlləsi Çuxurda yaşayıb və orada dəriçiliklə məşğul olub. Qulam babam isə sovet hakimiyyəti qurulanda xanlara qarşı mübarizə zamanı Ağdama köçməli olub. Ağdamda yeganə məktəbdə atamın babası Qulam həm müəllim, həm direktor kimi fəaliyyət göstərib. Orada cəmi bir məktəb olub.

- Qarabağ xanı Pənahəli xanın dövründən sizə nə qalıb?

- Atamın toy mərasimində Azərbaycanın keçmiş Daxili işlər naziri Ramil Usubov da iştirak edib və atama hədiyyə olaraq bir sənəd bağışlayıb. O sənəddə təsdiq edilirdi ki, biz Mehrəli nəslindənik. O sənədi qoruyub saxlayırıq.

- Biz Qarabağ xanı Pənahəli xan haqda ancaq kitablardan oxuyuruq, onun fəaliyyəti, döyüşləri, qəhrəmanlığı və sair. Maraqlıdır ki, siz informasiyanı haradan əldə edirsiniz, ailə üzvlərinizdən, yoxsa tarix dərsliklərindən?

- Pənahəli xan haqda daha çox informasiyanı ailəmizdən eşidirik, xüsusi ilə atam bu haqda ailəmizdə çox danışır.

- Qarabağ xanı Pənahəli xanın nəslinin davamçısı kimi Şuşada nələrin bərpa edilməsini istəyərdiniz?

- Ermənilər tərəfindən dağıdılan tarixi abidələrin tam bərpa edilməsi, ümumlikdə Şuşanın yenidən qurulmasını istəyərdim. Azərbaycanın mədəniyyət incisi olan Şuşanın abadlaşdırılması və dünyaya daha gözəl tanıdılmasını arzulayıram.

- Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək üçün Şuşaya nə vaxt gedirsiniz?

- Avqustun 2-də Şuşaya gedirik, avqustun 8-dək yay düşərgəsində iştirak edəcəyik.

- Pənahəli xanın sülaləsinin davamçısı olmaq necə hissdir?

- Xan nəslindən olmaq adamı sevindirir...

- Bir gənc olaraq gələcəkdə xaricdə Azərbaycan üçün nə etməyi düşünürsünüz?

- Öncə onu deyim ki, Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək böyük bir şansdır. Düşərgədə iştirak edən azərbaycanlı gənclərlə əlaqə qurmaq və gələcəkdə diaspora ilə əməkdaşlıq etmək, Azərbaycanı daha gözəl təmsil etmək önəmlidir. Burada hər ölkədən bir gənc iştirak edir.

- Ailə üzvlərinizdən kimsə Şuşaya gedibmi?

- Hazırda Şuşaya getmək çətindir. Amma onların da arzusudur ki, doğma torpaqlarımıza getsinlər. Şuşaya, dədə-baba torpaqlarına getmək onlara böyük sevinc bəxş edər. Şuşa haqda düşərgədə iştirak etdikdən sonra çoxlu xatirəm olacaq və ailəmə bu haqda danışacam.

- Gələcəkdə Şuşada yaşamaq istərdinizmi?

- Əlbəttə, istərdim, ora bizim doğma torpağımızdır.

- Şuşada Pənahəli xanla bağlı nəyin bərpa edilməsini istərdiniz?

- Pənahəli xanın adına ev muzeyin tikilməsini istərdim. Bu bizim üçün sevindirici olar. Pənahəli xanın yaşadığı məkana baş çəkmək arzumdur. Şuşaya getmək mənə çox xoş təsir bağışlayacaq. Bundan başqa, Şuşada çoxlu şəkillər çəkdirəcəm və ailə üzvlərimə göstərəcəm. Əgər mümkün olsa, Şuşadan xatirə olaraq torpaq gətirəcəm. Cıdır düzündə olmağı səbirsizliklə gözləyirəm.

- İspaniyada Azərbaycan haqda nə dərəcədə məlumatlıdırlar? Ölkəmizi tanıyırlarmı?

- İspaniyada Azərbaycanı tanıyırlar, amma azərbaycanlılar haqda məlumatları çox deyil. Məni çox vaxt ərəblə və türklə səhv salırlar. Ölkəmizi daha çox "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinə görə tanıyırlar.

Azərbaycan 2011-ci ildə "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsində qalib gəldi. Bundan əlavə, müharibə dövründə İspaniyada azərbaycanlılar da çox aktiv idi. Amma təəssüf ki, İspaniya ermənilərə daha çox üstünlük verirdi. Buna baxmayaraq, bizim diasporumuz da güclü fəaliyyət göstərirdi, mediada düzgün məlumat yaymağa çalışırdılar.

- Qələbədən sonra ölkəmizə münasibət nə dərəcədə dəyişdi?

- Təəssüf ki, onlara səhv məlumat ötürüldüyünə görə bizə xaricdən dəstək olduğunu düşünürdülər. Halbuki elə deyil. Bizim ordumuz güclüdür. Şuşanı xüsusi təyinatlı dəstəmiz sayəsində geri aldıq.Dövlətimizin xaricdən köməyə ehtiyacı yoxdur.

- Azərbaycanın regionlarına getmisinizmi?

- Şəkidə, Şəmkirdə, Şamaxıda, Lənkəranda, Lerikdə, Sumqayıtda və Gəncədə olmuşam. Şəkililərin ləhcəsi, yaşayış tərzi xoşuma gəlib. Orada Şəki paxlavası yedim. Gəncədə Nizami məqbərəsinə baş çəkdim. Qarabağı tam görmək istəyərdim.

- Son olaraq nə demək istərdiniz?

- Cənab prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıya görə daha da ruhlanırıq. Bu bizə xaricdə ölkəmizi yüksək səviyyədə təmsil etmək üçün stimul və qürur hissi verir. Həqiqətən düşərgəyə getdiyimə görə çox sevinirəm. Ümidvaram ki, davamı olacaq və yenə Şuşaya gedəcəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm