Fəxri Legion Ordenli pianoçumuz: "Babam bunu anlayıb özünü yandırıb..."
Bizi izləyin

Xüsusi

Fəxri Legion Ordenli pianoçumuz: "Babam bunu anlayıb özünü yandırıb..."

Fəxri Legion Ordenli pianoçumuz: "Babam bunu anlayıb özünü yandırıb..."

Fransa milli bayramı - Bastiliyanın alınması Günündə Emmanuel Makron ölkənin elit təbəqəsinin bir sıra üzvünü Fəxri Legion ordeni ilə təltif etdi. Tətif olunanların arasında Azərbaycan əsilli dünya şöhrətli pianoçu Adilə Əliyeva da var.

Müsahibimiz məşhur pianoçu, pedaqoq Adilə Əliyevadır.

- Adilə xanım, 30 ilə yaxındır Avropada yaşayırsınız, amma Azərbaycanda doğulub-böyümüsünüz...

- Bəli. Sevimli Bakımda dünyaya gəlmişəm. Şəhərin mərkəzində yaşamışıq. Atam Seyfulla Əliyev seyid idi, bir çox zavodları idarə etmişdi. Anam Nina Əliyeva rus qrafı Konstantin Xudikovun qızı idi. Babam Konstantin ixtisasca həkim olub. İnqilabdan sonra onları Qarabağa, daha dəqiq desəm, Hadruta göndərmişdilər ki, əhaliyə tibbi yardım göstərsinlər. O, Hadrutda bir neçə həmkarı ilə insanlara vicdanla xidmət edib. Günlərin bir günü burada vəba xətəliyi yayılır. Babam Mərkəzi Komitəyə xəstəlik barədə məlumat yazır. Sovet dövründə belə məlumatları nəyin bahasına olursa-olsun ört-basdır etmək istəyirdilər. Babam bunu anlayıb özünü yandıraraq intihar edir.

- Çox acı tale...

- Elədir. Bundan sonra əhali pul toplayıb babamın şərəfinə xatirə abidəsi ucaldır. Anamı isə əmisi Nikolay Xudikov böyüdür. Nikolay o vaxtkı Opera və Balet Teatrının direktoru, güclü səsə malik ifaçı Xurşid Qacarla ailə qurmuşdu. Anam da bu gözəl ailədə böyüyüb.

- Bəs, ailədə neçə uşaq olmusunuz?

- Biz ailədə 3 övlad olmuşuq. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasının bakalavr və aspirantura pilləsini fərqlənmə diplomları ilə başa vurdum. “Rus ulduzları” qrupunu yaratdım. Birgə qastrol səfərlərinə gedirdik. Bir neçə ildən sonra Bakıya geri döndüm. Dövlət konsertlərinin birində mərhum Vaqif Mustafazadə mənə yaxınlaşdı. Dedi, fortepiano üçün əsərlər yazmışam. Mənə kömək edə bilərsiniz? Beləcə, həm sənət əməkdaşlığımız başladı, həm də dostlaşdıq. Vaqifin kompozisiyalarını bu gün də xaricdəki konsertlərimdə ifa edirəm. Tək Vaqif Mustafazadə deyil, bir çox istedadlı bəstəkarların yaradıcılığına müraciət edirəm. Təsəvvür edin ki, qarşı tərəf sizə sevimli övladını əmanət edir. Bu, həm böyük məsuliyyət, həm də qürurdur.

- Əlbəttə. Adelya xanım, bəs Avropaya köçməyə necə qərar verdiniz?

- Doxsanıncı illərdə İsveçrəyə səfərlərim artdı. Cenevrədə daha çox master-klasslarım təşkil edilirdi. Fransada da çox olurdum. Günlərin bir günü Ansi şəhərində təşkil olunmuş konsertimdən sonra şəhərin meri mənə burada qalıb çalışmağı təklif etdi və mən də razılaşdım. Elə o vaxtdan Avropa ilə doğmalaşdım. Orada çalışdığım illərdə ən çox elə öz bəstəkarlarımızın əsərlərini ifa etmişəm. Hazırda Fransada Beynəlxalq Musiqi Akademiyamız var. Orada əsl sənətlə məşğulam.

- Avropa əməyinizi yüksək dəyərləndirir. Bu, ürəkaçandır...

- Doğrudur. Savoy Vətəndaş Ordeninə layiq görülmüşəm. Bu, Avropa üçün olduqca böyük mükafatdır. Yaşadığın cəmiyyət səni doğma hesab edəndə həyat eşqin də ikiqat artır. Sizə maraqlı məlumat da deyim. Fransız vətəndaşlığını qısa zamanda almışam. Fransa İncəsənət Akademiyasının direktoru mərhum musiqi dühası Marsel Landovskinin dəstəyi ilə mənə Fransa vətəndaşlığı verildi. Bu il isə Fransa prezidenti Emmanuel Makron məni Fəxri Legion Ordeni ilə təltif etdi.

- Qürurverici xəbərdir.

- Bu orden Napoleon Bonapart tərəfindən təsis edilmiş Fransanın Milli Ordenidir. Yalnız elit təbəqəyə təqdim olunur. Bununla fəxr edirəm.

- Vətənimiz də sizə hər zaman qucaq açır.

- Əlbəttə. Bu günlərdə cənab Prezidentimiz məni Dostluq ordeni ilə təltif etdi. Qüdrətli liderimizə, ölkəmizin birinci xanımına sonsuz təşəkkürümü bildirirəm. Tutduqları haqq yolunda uğurlar arzu edirəm. Diaspor Komitəsinin sədri Fuad Muradov da məni diqqətdən kənar qoymur. Buna yalnız sevinirəm. Çünki yaradıcı insanın əsas istəyi diqqət görmək, sevildiyini bilməkdir. Fransada iyirmi yeddi ildir ki, pianoçuların beynəlxalq müsabiqəsini təşkil edirəm. Bu müsabiqəyə çox böyük maraq var. Ümumiyyətlə, yaradıcılıq sahəm çox genişdir. Bu yolda mənə yardım edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Fəaliyyətim tam sürətlə bundan sonra da davam edəcək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm