Estetik əməliyyatlar onkoloji xəstəlik yarada bilərmi? - Həkim
Bizi izləyin

Xüsusi

Estetik əməliyyatlar onkoloji xəstəlik yarada bilərmi? - Həkim

1940-cı illərdə yeni tarixi reallıqlarda həyatın bütün çətinliklərinə baxmayaraq, dekorativ kosmetikanın populyarlığında xüsusi artım müşahidə olunurdu. O dövrdə Britaniya Qida Departamenti belə bir açıqlama yaydı ki, tütün kişilər üçün nə qədər vacibdirsə, kosmetika da qadınlar üçün o qədər vacibdir. Bu gün isə qadınların plastik, estetik əməliyyatlara və kosmetoloji prosedurlara təlabatı heç vaxt olmadığı qədər yüksəkdir. Göründüyü kimi, gözəllik və gənclik axtarışında olan qadınları heç vaxt heç nə dayandırmayıb. Bu xidmətlərdən yararlanmayan qadınları barmaqla saymaq olar. Sosial şəbəkələrdə filtr və foto effektlər elə qüsursuz gözəllik tendensiyalarını təbliğ edir ki, üzündə heç bir problemi olmayan gənc xanım da kosmetoloq və plastik cərrahlara üz tutur. Bəlkə də bütün günah “Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevir” deyimindəki kişilərdədir... Əks cinsin nümayəndələri qadınları bütün qüsurları ilə birlikdə sevə bilsəydi, qadın yaradılışı ilə barışıb özünü olduğu kimi qəbul edərdi. Hər halda bu bəlkələr bizi ağıllı bir mənzilə aparıb çatdırmır, odur ki, oxucuları plastik əməliyyatlar barədə ən real faktlarla tanış etməyə qərar verdik.

Qadınlar plastik cərrahların xidmətlərindən razı olsa da, zaman-zaman ona qarşı çıxanlar da az deyil. Xüsusilə yaşlı nəslin mühafizərkar nümayəndələri iddia edir ki, botoks, dodaq və üz dolğuları, yaxud da qarın piylərinin çıxarılıb üzə ineksiyası, dodaqlara vurulan təbii gellər gələcəkdə törəmə şişlərə çevrilə bilər.

Publika.az səhiyyə ekspertlərinin bu mövzuda fikirlərini öyrənib.

Professor Adil Qeybulla bildirib ki, son illərdə tibbi texniki imkanlar artması nəticəsində estetik və rekonstruktiv əməliyyatların tətbiq sahəsində daha müasir üsullarla, daha müasir nəticələrə nail olmaq mümkün olur.

“Məsələn, bədənin ayrı-ayrı hissələrindəki artıq piy toxumasının digər çatışmayan yerlərə köçürülməsi kontur plastikası adlanır. Bədənin müəyyən bir kontura salınması geniş yayılıb. Bu, həm də qadınların son zamanlar sosial həyatda xüsusi çəkisinin artması ilə bağlıdır. Qadınlar artıq xarici görkəmə, geyimə, bədən quruluşuna ciddi diqqət yetirir, gözəllik parametrlərinə cavab vermək üçün bu cür əməliyyatlara gedirlər. Odur ki, tələbat artıb. Eyni orqanizmin eyni törəməsini bir yerdən başqa yerə köçürülməsi onkoloji baxımdan orqanizmi təhdid etmir. Gigiyena qaydalarına düzgün riayət olunubsa, adətən problem yaşanmır. Çünki kontur plastikası birmənalı olaraq xəstənin öz toxumalarından istifafə edilərək həyata keçirilir. Amma hər əməliyyatda olduğu kimi, burda da irinləmə ilə bağlı müəyən ağırlaşmalar istina olunmur”.

Baş onkoloq Azad Kərimli əminlik bildirib ki, plastik cərrahiyə onkoloji xəstəliklərə yol aça bilməz:

“Milyonlarla xəstə var ki, heç bir plastik əməliyyat olunmayıb. O zaman sual olunur ki, bu xəstəlik onlarda nədən əmələ gəlib? Neçə nəfəri saymaq olar ki, onda xərçəng şişləri plastik əməliyyat nəticəsində yaranıb? Belə bir statistik məlumat yoxdur. Odur ki, insanları qorxutmaq və ürəyinə xal salmaq lazım deyil. Eybəcər bir insanın plastik əməliyyata getməsi ən təbii haqqıdır. Qorxusundan etməsin ki, xərçəng yaranacaq?”.

Tibbi ekspert Aydın Əliyev isə hesab edir ki, estetikadan daha çox orqanın funksionallığına fikir vermək lazımdır: “Burun tənəffüsunda çətinlik varsa, əlbəttə ki, əməliyyat etdirmək olar. Yaxud da həddən artıq ağır çəkisi olan insan hərəkət edə və ya gəzə bilmirsə, mədə kiçiltmə əməliyyatı əlbəttə ki, cərrahların göstərişi əsasında baş turur”.

AYDIN ƏLİYEV RADİOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Boyun uzadılması ilə bağlı verdiyimiz suala cavab verən həkim qeyd edib ki, bu çox çətin və ağrılı əməliyyatdır:

“İnsan boyun uzanmasından cavabdeh olan bədənində böyümə zonaları var. Onların açıq olduğu müddətdə insanın boyunun uzanma şansı var. Epifiz böyümə zonaları bağlandıqdan sonra yaınız uzunborulu sümüklərin kəsilərək aparat vasitəsilə bir-birindən müəyyən qədər uzaqlaşdırılır sonra ortadakı boşluğu sümük inkişaf edərək doldurur, amma bu, çox əziyyətli, sağalması aylarlar, bəzən isə illərlə davam edən prosesdir. Maksimum bir neçə santimetr böyümə olur. Orqanizmin təbii quruluşuna müdaxilə etməyi məsləhət görmürəm”, - həkim qeyd edib.

Türkiyənin tanınmış plastik Rekostruktiv Cərrahı - Prof. Dr. Sarper Yılmazın sözlərinə görə, insanın gözəl görünməsi onun sağlamlığı qədər vacibdir. Professor bildirib ki, xarici görünüşündə problemləri olan çox insan psixoloji problemlər yaşayır, həm xasiyyətində, həm də davranışında dəyişikliklər olur. Bu isə onu deməyə imkan verir ki, gözəlliyin sağlamlıq və xoşbəxtliklə birbaşa əlaqəsi var.

“Sağlamlıq yalnız bədənin fiziki göstəriciləri ilə ölçülmür, həm də onun psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Həm də mental baxımdan özümüzü yaxşı hiss etməliyik. Psixoloji və bioloji sağlamlıq bir-biri ilə vəhdətdədir.

Sivas Cumhuriyet Üniversitesi

Təəssüf ki, bütün əməliyyatlar müəyyən qədər risklidir. Xəstələr bunları bilərək əməliyyata razılıq verməlidir. Günümüz üçün ən riskli hesab edilən əməliyyat omba nahiyəsinə yağ inyeksiyasıdır. Ölümün ən əhəmiyyətli səbəbi artıq yağın omba nahiyəsinə verilməsi və piy yeridərkən əzələyə yağ yeridilməsidir. Burada verilən piylər damarlara daxil olub ağciyər damarlarını bağlaya bilər. Bunun xaricində liposaksiya ilə 4000 ml-dən çox piylərin çıxarılması, 4-5 saatlıq çox uzun əməliyyatlar, bir neçə əməliyyatın eyni vaxtda həyata keçirilməsi kimi səbəblər riskləri artırır”.

Professor bildirib ki, təbii tərkibli dolğular və ya botoks xərçəng xəstəliyinə yol aça bilməz: “Botoks bütün dünyanın istifadə etdiyi dərmandır. Doğru yerdə və doğru miqdarda istifadə edildiyi halda heç bir zərəri yoxdur”.

Buradan o qənaətə gəlmək olar ki, həkiminiz peşəkardırsa, ifrata varmır və təbilliyini qoruyursunuzsa, istifadə olunan məhsulları sınanmış və çox tanınan markalara aiddirsə, hər hansı problem yaşamayacaqsınız. Və gözəllik sahəsində tətbiq olunan yeniliklərin ciddi fəsadlara yol açması ilə bağlı deyilənlər qadınların gözəlləşməsini arzulamayanların uydurduğu miflərdən başqa heç nə deyil!

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm