Təhsil uşaqları yormamalı, onlara zövq verməlidir - Azərbaycanlı Estoniya eksperti
Bizi izləyin

Xüsusi

Təhsil uşaqları yormamalı, onlara zövq verməlidir - Azərbaycanlı Estoniya eksperti

Qarşıdan növbəti tədris ili yaxınlaşır. Artıq hər kəs məktəb hazırlıqlarına başlayır. Kimisi könüllü, kimi də könülsüz... Təhsili, məktəbi övladlarımıza necə sevdirək?!

Estoniyanın azərbaycanlı təhsil eksperti, tərcüməçi və radio aparıcısı Sənəm Əliyeva dünyanın ən güclü tədris sistemi siyahısına daxil olan eston modeli barədə Publika.az-a danışır.

- Sənəm xanım, eston təhsilindən danışaq?

- Eston təhsil sistemi möhtəşəm və unkialdır. Bu sual məni hər zaman düşündürüb. Necə olur ki, bir vaxtlar SSRİ-nin tərkib hissəsi olan ölkə dünyanın öndə gedən tədris sisteminin formalaşdığı Finlandiya, Sinqapur kimi dövlətləri geridə qoya bilir. Ümumiyyətlə, təhsil sisteminin mükəmməlliyi şagirdlərin oxu, riyaziyyat və təbiət bilikləri üzrə müəyyənləşdirilir. Bu, beynəlxalq bilik dəyərləndirmə proqramı olan PİSA sistemi vasitəsilə həyata keçirilir. PİSA dəyərlərinə görə Estoniya bu gün Avropada birinci yerdədir. Hətta dediyim ki, Finlandiyanı, Rusiyanı da geridə qoyur.

- Yəqin səbəbini də araşdırmısınız.

- Əlbəttə. Bu barədə eston mütəxəssislərlə çox söhbət etmişəm. Elə özüm də bu ölkənin magistr müəllimiyəm. Bağça tədrisindən tutmuş gimnaziyayadək bir çox təhsil ocaqlarında fəaliyyət göstərmişəm. Son illərdə isə Eston Təhsil Akademiyasını yaratmışam. Bu akademiya 3 yaşlı uşaqlardan tutmuş müxtəlif yaş həddində olan şagirdləri əhatə edir. Çünki təhsil almaq heç vaxt gec deyil. Eston təhsil sistemini dərindən mənimsəmişəm. Ətrafımdakı təhsil mütəxəssisləri eyni fikri təkrarlayırlar. Təbii ki, bu, birdən-birə baş verməyib. Sovetlərin süqutundan sonra estonların önündə 3 prioritet durub - təhsil, din və mədəniyyət. Ölkədə öncə hökumət komissiyası yaradılıb. Komissiyanın başçısı 3 ölkəyə səyahət edib: Rusiya, Finlandiya və Yaponiyaya. Təhsil sisteminin uğurlarını araşdırmağa başlayıb. Zaman keçdikcə bu 3 ölkənin təhsil modellərinin ən üstün cəhətlərini bir araya toplayıb mükəmməl yeni sistem yaradıblar.

- Bu mükəmməl sistemlə bizi də tanış etməyinizi istərdik.

- Əlbəttə. Estoniyada məktəblər 12 illikdir. Uşaqlar 7 yaşından məktəbə gedirlər. 7 yaşadək isə məktəbəqədər təhsildir. Bu, məcburi deyil. Amma 5-7 yaş arası tədris, yəni bağça arzuolunandır. Bağçada mütləq hər qrupla ali təhsilli 3 müəllim və 1 dayə çalışmalıdır. Hər qrupda maksimum 24 azyaşlı təhsil alır. Uşaq oxumaq yox, oynamaq istəyirsə, heç nəyə məcbur olunmur. Sonra isə məktəb dövrü başlayır. 5-7-ci siniflərdən sonra daha çətin dövr başlayır. Ümumiyyətlə, məktəblərin ümdə vəzifəsi şagirdi məktəbə hazırlamaqdır. Yəni məktəb və gimnaziya bitirən şagird əlavə repetitor olmadan ali məktəbə daxil olmalıdır.

- Uşaqların özündən ağır məktəb çantası daşıması orda da dəbdədir?

- Əsas məqam odur ki, burada 7-ci sinif bitənədək şağirdlər ağır çantalarla məktəbə gəlib, burada ev tapşırığı ilə yüklənmirlər. 9-cu sinfi aşağı qiymətlərlə bitirən şagirdlərə tövsiyə olunur ki, texniki peşə məktəblərində təhsillərini davam etdirsinlər. Bildiyiniz kimi Estoniyanın texniki peşə təhsili çox məşhurdur. Şagird həm 10-12-ci sinfi bitirmək, həm də hansısa peşəyə yiyələnmək şansı qazanır. Hətta bəzən 9-cu sinfi müvəffəqiyyətlə bitirən şagirdlər də təhsillərini peşə məktəbində davam etdirməyi seçirlər ki, əlavə peşələri də olsun. Bizim ölkədə buna bir az dırnaqarası baxılır, amma estonlar üçün müsbət haldır. 10-12-ci siniflərdə təhsil alanlar abituriyent sayılır. Məktəbdə dərlər səhər 8-dən 16-dək keçilir. Xüsusi vurğulamaq istədiyim bir məqam da odur ki, eston şagirdlərə məktəblərdə pulsuz yemək verilir. Bura həm səhər yeməyi, həm nahar, eləcə də meyvə-tərəvəz daxildir. Şagirdləri qida ilə şəhər bələdiyyəsi təmin edir.

- Bəs müəllim seçimləri?

- Estoniyada həm imtahanlara, həm də ölkənin yeganə tədris siteminə Təhsil Nazirliyi nəzarət edir. Məktəblərin muxtariyyət hüququ var. Müəllimləri şəxsən direktor öz tədris ocağına dəvət edir. Bu seçimdə göstəriciləri üstün müəllimlərin şansı artır. Beləcə, təhsil daha çox rəqabətədavamlı və keyfiyyətli olur. Məktəbi bitirəndə isə seçdikləri mövzu üzrə buraxılış imtahanı verirlər və elə bu göstəriciyə uyğun ali təhsil ocağını seçirlər. Yəni universitetlərə əlavə qəbul imtahanına gərək qalmır.

- Eston təhsilində xəta yoxdur?

- Bəli, bütün sistemlərdə xəta ola bilər. Lakin yaradılan şəffaflıq kiçik xətalardan üstün gəlir. İstərdim ki, bu yüksək keyfiyyətlərdən bizim mütəxəssislər də yararlansın. Hazırda rəhbərlik etdiyim akademiyanın təşkilatçılığı ilə çox gözəl təcrübə keçirdik. Layihə “Təhsildə beynəlxalq uğur- Estoniya və Finlandiya təcrübəsi“ adlanır. Birinci hissə artıq başa çatdı. Azərbaycanlı müəllimləri, təhsil işçilərini Estoniyaya dəvət etdik. Onlar çox maraqlı təlimlərdə iştirak etdilər. Nəinki Estoniya, eləcə də Finlandiyada təcrübə keçdilər. Bu layihənin ikinci hissəsi də bu günlərdə baş tutacaq. Artıq yeni qrup bizim təlimlərə qoşulacaq.

- Təhsil bizim inkişafımızın bünövrəsidir. Odur ki, bünövrəmizi gücləndirməliyik.

- İyirmi ildir pedaqogika sahəsində çalışıram. 2016-cı ildə Tallinndə təhsil sahəsində ilin adamı olmuşam. Bu da təsadüfi deyil. Bəzi hallarda uşaqlarımızın bezdiyini, yorulduğunu görürəm. Oğlum Orxan həkimdir. Hələ də elmi əsərlər oxuyur, təhsilini davam etdirir. Orxan öncə Norveçdə, sonra isə Estoniyada təshil alıb. Hazırda qazandığı uğurları ilkin təhsilinin rahatlığında gördüyünü deyir. Bəli, mən də bununla razıyam. Uşaqlarımıza məktəbi sevdirməyin yolu bu rahatlıqdan, sərbəstlikdən keçir. Ailənin də böyük rolu var. Övladınızın 5 qiymət almağı uğur deyil. Estoniya məktəblərində 6-cı sinfə qədər şagirdlərin biliyi qiymətlə işarələnmir. Daim müəllim və valideyn arasında rəsmi münasibət olmalıdır. Heç bir valideyn müəllimlə dost ola bilməz. Çünki müəllim nüfuzdur. O, bu nüfuzu həm qorumalı, həm də tənzimləməlidir. Eləcə də valideyn, uşaq və müəllimin birgə görüşləri baş tutur. Bu görüşlərdə adətən 3 tərəfin birgə çözəcəyi problemlərdən danışılır və uşağın biliyinin axsadığı məsələlər müzakirə olunur. Ən böyük istəyim budur ki, vətənimizdə də təhsil uşaqları bezdirməsin, yormasın. Onlara yalnız zövq versin.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm