“Şeytan bağlarından” Cənnətə açılan əsrarəngiz pəncərə - FOTO
Bizi izləyin

Xüsusi

“Şeytan bağlarından” Cənnətə açılan əsrarəngiz pəncərə - FOTO

Gözəlliyi cinin, şeytanın ayağına yozmaq ənənəsini hansı fitnəkarın uydurduğunu bilməsək də, həqiqətin bir gün işıq üzünə çıxmaq kimi xüsusiyyəti var. Məsələn, Xorvatiyanın Plitviçka gölləri bir vaxtlar “Şeytan meşəsi və ya bağları” adlansa da, bu gün Avropada bütün turistlərin görmək istədiyi bir cənnətdir. Uzun müddət bu ərazi sehrli hesab olunub, insanlara bura son dərəcə istəksiz, yalnız ciddi zərurət olduğu halda gəliblər. Qoruğun füsunkar təbiətinin sehrinə düşməmək mümkün deyil. Odur ki, keçmişdə bu ərazinin qeyri-reallıqla əlaqələndirilməsini anlayışla qarşılamaq olar.

Plitviça göllərindən Publika.az üçün hazırladığımız reportajı təqdim edirik.

İlk təəssürat

Bu yay mənim üçün onunla əlamətdar oldu ki, görməyi çoxdan arzuladığım bir cənnətə düşdüm. Ruhum xoşbəxt və şad idi. Lakin nə ölmüşdüm, nə də yuxuda idim, əsl gerçəkliyin özünü yaşayırdım. İcazənizlə, bu sehrli ziyarətin məndə qoyduğu təəssüratları sizinlə bölüşüm...

Ən təmiz dənizi, dağlıq mənzərə və daş döşənmiş küçələri olan qədim şəhərlərdən əlavə, Xorvatiya sayı 1185-ə çatan çoxsaylı adaları ilə seçilir! Macarıstandan fərqli olaraq, burada mətbəx daha dadlı və çeşidlidir. İtaliya ilə qonşuluq Xorvat yeməklərində də öz əksini tapıb. Ancaq Xorvatiyanın əsas gözəlliyi ərazisinin təxminən 70% -ni tutan milli parklarıdır. Onlardan ən görkəmlisi Plitviçka Gölləri Milli Parkıdır. Bütün Avropada bundan daha gözəl yer yoxdur və dünya reytinqində ən gözəl 10 yer siyahısına daxildir. Milli parkın ərazisi təxminən 236 kvadrat kilometrdir! Parkın yalnız kiçik bir hissəsi, amma ən heyrətamiz hissəsi turistlər üçün açıqdır.

Ondan başlayım ki, Xorvatiyaya heyranlığım parkın ərazisinə çatmamış başladı, yol boyu uzanan yamyaşıl dağlardan və dəniz mənzərələrindən gözümü çəkə bilmirdim. Qarşıda isə şüşə kimi tərtəmiz göllərlə qarşılaşacaqdım. İnsanları mehriban və səmimi, yemək və şirniyyatlarının dadına isə söz ola bilməz. “Təbiət bu bölgəyə hər cür gözəlliyi səxavətlə bəxş edib. Tanrı xorvatları niyə bu qədər çox sevir?” - deyib öz-özümə sual verməyə başlamışdım ki, mənzil başına çatdıq. Əgər maşın kirayələyib getmisinizsə, ərazinin yaxınlığındakı işarələri sizə ünvanı göstərəcək. Amma əvvəlcə bilet almalısınız, 7 yaşa qədər uşaqlar və əlillər istisna olmaqla parka giriş pulludur. Biletin qitməyi 40 avrodur. Tələbələr də ilboyu güzəştli endirimdən faydalanır. Parkinq ödənişlidir. Xüsusilə yay aylarında parkı ziyarət etmək istəyənlər çoxdur. İzdihama düşməmək üçün gəzintiyə səhər saat 8-dən başlamağı məsləhət görürəm. Bundan əlavə, yolda təbii gözəlliklərə tamaşa etməyə və şəlalələrlə şəkil çəkdirməyə çox vaxt itirirsiniz.

(Haşiyə: Avropa ölkələrindən hazırladığım əvvəlki yazılardan sadiq oxucuların artıq xəbəri var. Bir müddətdir Budapeştdə yaşayıram və burada yaşamağa davam edəcəm. Budapeşt qarşımda bir sıra Avropa ölkəsini gəzib-görmək imkanları açdı. Bu səbəbdən Bakıdan Xorvatiyaya sərfəli səyahət qiymətlərini sizinlə bölüşə bilmədimsə, acizanə üzrxahlığımı qəbul edin)

Plitvitça Gölləri Xorvatiyanın milli xəzinəsidir və şübhəsiz ki, ölkənin ən məşhur təbiət qoruğudur. Park elə bir ərazidə yerləşir ki, istənilən aktiv inkişaf etmiş turizm zonasından ona getmək üçün uzun yol qət etməlisiniz. Başqa sözlə, əgər Xorvatiyaya ilk səfərinizdirsə və bu gözəl gölləri mütləq görmək istədiyinizsə, ona ən yaxın turizm zonasını seçməyi tövisyə edirəm. Məsələn, Riyeka və ya Splitdən ora üç-dörd saatlıq yoldur. Zaqrebdənsə təxminən yüz kilometr cənubda, iki dağ silsiləsi arasında, Koran çayının axdığı nəhəng ərazidə yerləşir. İstənilən halda ölkə daxilində səyahət son dərəcə həyəcanlı olacaq.

Parkın tarixçəsi barədə

On doqquzuncu əsrin ortalarında elm adamları Plitviçka göllərini yaxından öyrənməyə qərar verdilər: geniş tədqiqatlar və geoloji kəşfiyyatlar dövrü başladı. Geniş ictimaiyyət elmi araşdırmalardan kənarda qalmadı: Plitviçka göllərinin unikal ekosistemini qorumaq üçün geniş kampaniya başladıldı, qoruq təşkil edildi. 8 aprel 1949-cu il tarix taleyüklü oldu: məhz bu gün qoruq Milli Park statusu aldı. Bununla belə, 1958-ci ilə qədər park ziyarıtçilər üçün əlçatmaz idi: bu, həqiqətən vəhşi, insan fəaliyyətinin toxunulmamış təbiət guşəsi idi. Bir neçə il sonra ziyarətçilərin rahatlığı üçün piyada cığırları çəkildi, səssiz və ekoloji cəhətdən təmiz elektrik qatarları, qayıqlar və bərələr suya salındı. Bundan sonra turistlərin rəğbətini qazanmağa başladı, 1983-cü ildə parkın ərazisində ilk otel tikilməsi şübhəsiz ki, ona marağı daha da artırdı.

Yuqoslaviyanın dağılması parkın taleyinə təsir etməyə bilməzdi. Balkan münaqişəsi zamanı Serbiya və Xorvatiya arasında döyüşlər göllərin yaxınlığında baş verib. 1990-cı illərin ilk beş ili xüsusilə qanlı hadisələrlə yadda qalıb. Təəssüf ki, bu ərazilər mübahisəli idi və onlar uğrunda şiddətli döyüşlər gedirdi. Park sözün əsl mənasında qanla yuyulmuşdu. Xoşbəxtlikdən, indi Plitvitça göllərində yalnız həşəratların vızıltısı, quşların nəğməsi, axan suyun şırıltısı və yerli gözəlliklərə heyran olan turistlərin nidaları ilə pozulan mübarək sükut hökm sürür.

Plitviçka gölləri dəniz səviyyəsindən yuxarıda yerləşir, park əslində dağın ərazisidir. Cəmi 16 göl var, onlar Yuxarı və Aşağıya bölünür, şəlalələr şəklində yuxarıdan aşağıya bir-birinə axır. Gəzinti boyu ya dar dağ yolları ilə enəcəksiniz, ya da sizdən başqa bir çox turistin olacağı uzun taxta körpülər boyunca diqqətlə hərəkət edəcəksiniz. Parka gələndə elə geyinin ki, sanki macəra axtarışına çıxırsınız. Əgər yüngül yay sarafanlarında hərəkət etmək sizə rahatdırsa, heç bir problem yaşamayacaqsınız. Ən əsası ayaqqabılarınız rahat olmalıdır ki, çoxlu dik yoxuşlara dırmana biləsiniz. Parkın ərazisində gəzindi seçdiyiniz marşurutdan asılı olaraq 2 və 6 saata qədər davam edə bilər. Odur ki, özünüzlə mütləq su götürün. Əlavə heç nəyə ehtiyac yoxdur, sehrli təbiət o qədər gözəldir ki, aclıq hiss etmirsən, yalnız irəliləməyə və bütün gözəlliyi görməyə tələsirsən.

Nələr gördüm, nələr...

Avropanın digər parklarından fərqli olaraq, Plitviçka Gölləri Milli Parkı passiv ziyarətçilərin istirahət yeri deyil, insan Ana təbiətin bu əzəməti qarşısında ehtiramla baş əymək istəyir... İnanın, heç vaxt belə bir gözəllik görməmişdim, yolun hər döngəsində qarşımda heyrətamiz mənzərə açılır. Göllərin rəng palitrası göy mavi, firuzəyidən zümrüd yaşılına qədər dəyişirdi. Burada çoxlu gəzəcək, təmiz hava ilə nəfəs alacaq, təbii gözəlliklərə, yüzlərlə şəlaləyə (həqiqətən də yüzdən çox şalələ var) və müxtəlif canlılara heyran qalıb bənzərsiz emosiyalar ağuşuna düşəcəksiniz.

Parkda rahat orientasiya üçün 8 marşrut hazırlanıb. Onların hamısı parkın rəsmi saytında təqdim olunur. Ən qısa və asan “A” marşrutu turisti yalnız aşağı göllər və ən böyük şəlalə ilə tanış edir. Ən çətin və ən uzunu (19 km) “K” marşrutudur. Biz özümüz üçün 16 gölün hamısından, bütün əsas şəlalələrdən, hətta bir mağaradan keçən ən optimal “H” marşrutunu seçdik. Bu marşrut həm də panoramik qatarla ən yuxarı gölə səyahətlə başlayır. Daha sonra ən böyük Kozyak gölünə doğru dolama eko-cığır var, onun boyunca elektrik mühərriki ilə bir qayıqla marşrutun növbəti nöqtəsinə gedə və sonra yenidən piyada davam edə bilərsiniz.

Cənnətin flora və faunası

Parkın YUNESKO-nun himayəsi altında olması heç də əbəs deyil, göllərdə suyun necə təmiz olduğunu görmək üçün ən azı bir dəfə Plitviçkaya baş çəkmək lazımdır. İnanın ki, ən peşəkar kamera belə göllərin suyunun saflığını və duruluğunu olduğu kimi çatdıra bilməz. Yeri gəlmişkən, göllərdə üzmək və ov etmək qəti qadağandır: hər bir göl orada boğulan kasıbın adını daşıyır, boğulanların sayına görə rekord qıran bir neçə göl var. Amma bura özünüz baş çəksəniz, insanların göllərdə üzmək istəyini dərhal başa düşəcəksiniz. Bir tərəfdən şəlalə axır, digər tərəfdən tərtəmiz su sizə özünə çəkir... Hər halda özünüzlə çimərlik geyimi götürə bilərsiniz, çünki bir neçə təhlükəsiz şəlalənin altında çimmək istəyənlər üçün xüsusi istisna edilib.

Plitviçka flora və faunası ilə məşhurdur. Parkda canavar və ayılar yaşasa da, onlarla qarşılaşmaq ehtimalınız yoxdur. Ancaq heç yerdə görmədiyim qədər quşlar görəcəksiniz. Həm də çox gözəl və mehriban kəpənəklər uçuşur: dar körpü ilə gedəndə bir də görürsən ki, bir gözəllik köynəyindən yapışıb səninlə gedir. Lakin Plitviçka göllərinin əsas ulduzları balıqlardır. Balıqlar xorvat mətbəxində də xüsusi yer tutur. Hər göldə bir çox balıq növü var, pulcuqları günəşdə parıldayır, insanlardan qorxmur və gözləyirlər ki, onlara yeməyə nəsə atasınız. Vəhşi ördəklər də bu məsələdə balıqlardan geri qalmırlar.

Göllərdəki yarışın sonunda sizə mütləq qayığa minmək təklif olunacaq. Dəniz xəstəliyindən əziyyət çəksəniz belə, qayıq çox yavaş üzür, gölün səthi hamardır və ürək bulandırmır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm