Nizami məqbərəsinin NİZAMSIZLIĞI: - yiyəsiz park, çirkli hovuz... - REPORTAJ / FOTO
Bizi izləyin

Xüsusi

Nizami məqbərəsinin NİZAMSIZLIĞI: - yiyəsiz park, çirkli hovuz... - REPORTAJ / FOTO

Nizami məqbərəsinin NİZAMSIZLIĞI: - yiyəsiz park, çirkli hovuz... - REPORTAJ / FOTO

Yolumuz Gəncəyədir, Nizami yurduna… Bakıdan gələn qonağımla dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və muzeyini ziyarət etmək üçün Şəmkirin Ağlavaşlı kəndindən yola çıxırıq.

Gördüklərimizi Publika.az-ın obyektivindən sizlərə də çatdırmağa çalışacağıq.

Sonuncu dəfə sovetlər dövründə - 37 il əvvəl asfaltlanmış Ağlavaşlı kəndinin kələ-kötür yolları ilə 18 kilometrlik məsafəni qətt edib Gəncənin dəmiryolu vağzalına üz tuturuq.

Bir taksiyə yaxınlaşıb, vağzaldan məqbərəyə qədər məsafənin gediş haqqını soruşuruq:

- Dördcə manat – deyir.

“Dördcə”ni elə deyir ki, “aşağı yeri yoxdur?” – sualını verməyə utanırıq.

Taksiyə əyləşər-əyləşməz sürücü qonaq olduğumuzu anlayır:

- İmam Hüseyn şəhərinə xoş gəlmisiniz!

Yanımdakı qonaq dillənir:

- Bura Nizami yurdudur, yoxsa İmam Hüseyn şəhəri?

Sürücü qeyri-ixtiyari cavab verir:

- Əvvəllər Nizami yurdu deyirdilər, indi hamı İmam Hüseyn şəhəri kimi tanıyır. İmamın törəmələrindən biri burada – İmamzadə ziyarətgahında dəfn olunub.

…Mənzil başına çatırıq.

Sürücünün 4 manatını verib məqbərəyə doğru yol alırıq. Məqbərənin qapıları açıqdır. Mühafizəçi də yoxdur. İstəyən girə bilər. Amma Nizami Gəncəvi kimi bir şairin məqbərəsinin müfaizəsinin təşkil olunmaması, giriş-çıxışa nəzarət edilməməsi doğrusu, bizi təəccübləndirir.

İçəri daxil oluruq. Burada Nizami Gəncəvidən və bizdən savayı heç kim yoxdur. Heç bələdçi də… Dahi şairin ruhuna “Fatihə” oxuyub məqbərənin və divardakı misraların gözəlliyindən zövq alırıq.

Məqbərədən çıxdıqdan sonra parkın həyətində Nizami Gəncəvinin əsərlərini ehtiva edən heykəllərə, daş kompozisiyalara tamaşa edirik. Pilləkənləri aşağı enəndə işıq sütunlarının dirəklərinin çatladığı, ümumiyyətlə, parkın durumunun bərbad olduğunu görürük.

Ağacların suvarılmadığını aydınca müşahidə etmək mümkündür. Küknar ağaclarının yarpaqları saralıb. Digər ağacların isə yarpaqları susuzluqdan quruyub tökülür…

Parkın həyətindəki hovuzun suyu isə üfunət qoxuyur. İçərisi ağac yarpaqları, quru budaqlarla doludur. Görünür, parka baxan yoxdur və ya ona baxanlar başdansovdu iş görürlər.

Bu yerdə Seyid Əzim Şirvaninin Nizaminin məqbərəsi haqqında yazdığı misralar yadıma düşür:

- Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü – ehtişamı dağılan…

Nizami Gəncəvinin atası Yusif Zəki Müəyyəd oğlunun, anası Rəisə xanımın məzarlarının dəfn olunduğu gümbəzin ətrafını da kol-kos basıb. Yəqin edirik ki, təmizləyəni yoxdur.

Yolu keçib dahi şairin adını daşıyan muzeyə daxil oluruq. Burada da bələdçi yoxdur. Bir xanım bizi qarşılayır. Mühafizəçi isə polisdir. Məqbərənin yox, muzeyin keşiyini çəkir. Başqa vəzifəni daşıyan xanım bizi ikinci mərtəbəyə dəvət edir:

- Məqbərənin bələdçisi hazırda işdə deyil. Buradakı bələdçi isə məzuniyyətdir. Mən özüm hələ də məzuniyyətə çıxa bilməmişəm.

Muzeyin eksponatları ilə tanış olub aşağı düşürük.

Qapıda bizi məqbərənin bələdçisi qarşılayır:

- Xoş gəlmisiniz! Mən məqbərənin beş dil bilən bələdçisiyəm. Özüm də Qərbi Azərbaycandanam.

- Biz ziyarət etdik. Siz yox idiniz…

- Hə, yasa getmişdim, indi gəlirəm.

Bələdçi özünün də şair olduğunu söyləyir və dahi Nizami Gəncəviyə həsr etdiyi cızma-qarasını oxuyur. Üç bəndlik şeiri bitirdikdən sonra:

- Necədir, xoşunuza gəldi?

- Sizə yanlış məlumat veriblər, bu şeir, siz də şair deyilsiniz. Nizami kimi şairlə hər gününü keçirən bələdçi belə şeir yazmamalıdır– deyə cavab verirəm…

Qayıdır ki, şeirin hamısı deyil, yarısıdır…

Məqbərə ilə muzeyin arasında sakinlərlə söhbətləşirik. Söyləyirlər ki, əvvəlki icra başçısı buranın səliqə-səhmanı ilə mütəmadi maraqlanırdı. Yerdə bir ədəd saralmış yarpaq ola bilməzdi. İndiki icra başçısı isə, ...üzünü görən də yoxdur…

Məqbərə ilə sağollaşırıq. Nizami Gəncəvi kimi dahinin məzarını tapşırmağa adam tapmayıb, Allaha tapşırıb geri dönürük.

Bakıdan gələn qonağım da məqbərənin bu cür baxımsızlığından mütəəssir olur:

- Bu da Nizami məqbərəsinin nizamsızlığı…

Düz sözə nə deyəsən?!

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm