QIRMIZI İMPERİYANIN Terror Evi: qorxu və əzabın izləri... - FOTO
Bizi izləyin

Xüsusi

QIRMIZI İMPERİYANIN Terror Evi: qorxu və əzabın izləri... - FOTO

Budapeştin ən sakit və səliqəli prospektində yerləşən Terror evinə Müqəddəs İştvan günü ilə əlaqədar olaraq, giriş pulsuz olsa da, bu ziyarət mənə və yoldaşlarıma çox baha başa gəldi... Əvvəlcədən deyim ki, liftdə və qapalı yerdə qalma (klaustrofobiya) qorxunuz varsa, sizə bu muzeyin yanından belə keçməyi məsləhət görmürəm. Ümumiyyətlə, bura ənənəvi muzey deyil. Bu muzeyin əsas vəzifəsi ziyarətçilərə təxminən 70 il əvvəl burada baş verən dəhşəti hiss etməkdir.

Publika.az keçmiş Macarıstan Dövlət Təhlükəsizlik İdarəsinin binasının hazırda muzey kimi fəaliyyət göstərən Terror Evindən reportajı təqdim edir.

Budapeştin muzeyləri gözəl və təsiredicidir, lakin bu kompleks onlara bənzəmir. Əlbəttə ki, terror muzeyində əyləncəli heç nə gözləmirdim. Lakin neqativin bu qədər şiddətli təsirini də hesaba almamışdım. Muzeyin vizual dizaynı yaxşıdır, banal və darıxdırıcı deyil. Yeganə çatışmayan şey hörümçək torları və skeletlər idi. Totalitar tarixin bütün faciəsi sanki bu lənətlənmiş binada basdırılıb. Qaranlıq fonda düzülən ekspozisiyaları ağır və vahiməli musiqilər müşayiət edirdi. Bu zaman ürəyimdən oranı təcili şəkildə tərk etmək keçsə də, muzeyin giriş və çıxış qapıları ayrı-ayrı qurulduğu üçün məcburən sona qədər getməli oldum. Muzeylərə ziyarət adətən beynimizdə uzunmüddətli xoş izlər buraxır, burada isə adından bəlli olduğu kimi, yaxşı heç nə tapmayacaqsınız. Odur ki, Terror Muzeyini haqlı olaraq dünyanın ən toksik muzeylərindən biri adlandırmaq olar.

Qısa məlumat

1880-ci ildə inşa edilən tikilinin memarı Adolf Festinidir. Yəhudi rəssam İsaak Perlmutter və ailəsinə məxsus olan tikili əvvəlcə yaşayış binası kimi nəzərdə tutulub. Onun görünüşü uzun onilliklər ərzində dəyişməyib və ilkin funksiyasını yerinə yetirib. 1937-ci ildə macar nasistlər özlərini binanın yeni sahibləri elan ediblər. Zaman keçdikcə bina yerli Nasist Çapraz oxların partiyasına qarşı çıxan insanlar üçün işgəncə yerinə çevrilib. Zirzəmilər cəza kameraları və işgəncə otaqları ilə təchiz edilib.

İkinci dünya müharibəsindən sonra Evi Dövlət Təhlükəsizlik İdarəsi zəbt edib. 1945-ci ildə kommunistlər hakimiyyətə gəldikdən sonra mülkün sahibləri dəyişsə də, bu, binanın gələcək taleyinə təsir göstərməyib. Burada Macarıstan Dövlət Təhlükəsizliyi Departamenti yaradılır. Onun rəhbəri Piter Qabor bu obyekti öz şöbəsi üçün ayrılmasını tələb edib. İndi onlar yeni rejimə etiraz edən insanlara işgəncə verirdilər. Statistikaya görə, ölkə əhalisinin 10 faizi, o cümlədən qocalar və uşaqlar amansız işgəncələrin qurbanları olub. Bu vəhşiliklərə yalnız 1956-cı il üsyanı ilə son qoyulub. Rejimi yumşaltmaq üçün aparılan islahatlar çərçivəsində ofis ləğv edilib. Bina müxtəlif təşkilatların, xüsusən Macarıstan komsomolunun istifadəsinə verilib. 2000-ci illərdə isə bina Tarix Araşdırmaları Fondunun mülkiyyətinə keçir. 2002-ci ildə burada Terror Muzeyinin açılmasına qərar verilir. Bina fasadına vurulan “TERROR” yazısı ilə məşhurdur.

Nələr görəcəksiniz?

Terror Evində faşist rejiminə aid eksponatlar, işgəncə alətləri, fotoşəkillər, hətta bir vaxtlar məxfi sayılan sənədləri də görə bilərsiniz. Muzeyin ekspozisiyası olduqca kiçikdir, təxminən bir saat vaxt hər şey üçün kifayətdir - ancaq bu, yalnız qısa ziyarət üçündür, əgər hər şeyi diqqətlə öyrənmək və özünüzü köhnə və təhlükəli atmosferə tamamilə qərq etmək istəyirsinizsə, onda bir saat kifayət etməyəcək, çünki xırda detalları öyrənmək və yazılanları başa düşmək həqiqətən çox vaxt aparacaq.

İçəridə fotoşəkil çəkmək, videolentə almaq qadağandır. Bu səbəbdən çəkə bildiyim fotolar azdır. Liftə mindiyinizdə ətrafınız yerli cəlladlar tərəfindən işgəncələrə məruz qalan insanların yüzlərlə fotosu ilə əhatə olunur. Salonlardakı monitorlarda videolar nümayiş etdirilir. Şahidlər zindan və orada verilən işgəncələrlə bağlı şəxsi hekayətlərini danışır. Şübhəsiz, bu muzey ürəyi zəiflər üçün deyil.

Üç mərtəbəli binada bir neçə zal var, burada həm nasist, həm də kommunist terrorunun ekspozisiyaları düzülüb. Birinciyə bir neçə zal ayrılıb, demək olar ki, bütün muzey ikinciyə həsr olunub və bu məntiqlidir, çünki Macarıstan təxminən 40 il “qırmızıların” nəzarəti altında olub. Muzeyin atriumunda əsl sovet tankı var və bütün divarlar terror qurbanlarının fotoları ilə örtülüb.

Budapeştdəki Terror Muzeyi emosional cəhətdən ağır eksponatlarla doludur. Zallardan birində macarıstanlı sürgünlərin olduğu düşərgələri göstərən döşəmə xətirə sərgilənir. Məhkəmə zalının divarları da məhkumların şəxsi işləri olan yüzlərlə qovluq ilə örtülüb. Amma ən ağır ekspozisiya zirzəmilərdədir, burada əsl həbsxana kameralarına və işgəncə kameralarına baxmaq olar. Zirzəmidə məhbusların saxlandığı kameraları yanaşı dar ağaclarını görəcəksiniz. Kameralardan biri yarım metr enində cəza xəndəyi kimi hazırlanıb, burada məhbus ancaq ayaqüstə dayana bilərdi. Yəni bu, işgəncə formalarından biri olub. Zirzəmidə xüsusilə ağır sükut hökm sürürdü.

Muzeydən çıxıb, dərindən nəfəs aldıq...

Çox çətinliklə gəzib bitirdiyim bu qapalı və qaranlıq evi məyus halda tərk edirəm. Tarixi nöqteyi-nəzərdən ziyarət etmək üçün Terror evi şübhəsiz maraqlı məkan idi. İntəhası hiss etdim ki, bunun ağırlığını unutmaq üçün bir neçə gün lazım olacaq. Bina və muzey ağır keçmişi xatırladır. Macarlar nasist və sovet kommunistlərinin ağır zülmlərinə dözməli olublar. Görünən odur ki, onlar tarixi keçmişi unutmaq fikrində deyillər!

Muzey ölkənin məşəqqətli dövrlərini konkret şəkildə təqdim etməklə yanaşı, həm də azadlıq uğrunda fədakarlığın, iztirabın hədər getmədiyini insanlara çatdırır. Əgər Macarıstanın tarix boyu nələrdən keçdiyini anlamaq və onun qəmli keçmişinə şahid olmaq istəyirsinizsə, ağır aurasına baxmayaraq, Budapeştdəki Terror Muzeyini ziyarət edin.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm