Xüsusi
Gənclər Qorbaçovu necə tanıyır: Rəhmətlik, yoxsa Lənətlik?... – SORĞU
Bir neçə gün öncə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 91 yaşında dünyasını dəyişdi. Azərbaycanda milli azadlıq hərəkatı və müstəqilliyimizin əldə olunması məhz SSRİ prezidentinin dövrünə təsadüf etmişdi. Azərbaycanda onun hakimiyyəti illərində yetkin yaşda olan şəxslər Qorbaçovu əsasən cəllad, qaniçən, 20 Yanvar faciəsinin əsas sifarişçisi kimi təqdim edirlər, tanımlayırlar.
Maraqlıdır, bəs görəsən uşaqlığını 1990-cı və 2000-ci illərdə yaşamış tanınmış gənclər “xallıbaş prezident”i necə tanıyırlar? Onun ölümünə rəhmət, yoxsa lənət oxuyurlar?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Publika.az-a açıqlamasında nəinki bir neçə gün öncə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən Mixail Qorbaçovu, hətta onun həyat yoldaşı haqqında məlumatlı olduğunu söyləyib:
“Mənə elə gəlir ki, 1990-cı illərin uşaqlarından Mixail Qorbaçovu tanımayan yoxdur. Ən azından ona görə ki, bizim dönəmin mətbuat orqanlarında, o dönəmin qəzet və jurnallarında, Azərbaycanda milli azadlıq hərəkatı dönəmində nəşr olunan braşurlarda onun haqqında gedən yazılardan Qorbaçovla tanış idik. Üstəlik, televiziya vasitəsi ilə Qorbaçovla bağlı bütün yenilikləri müşahidə eləmək imkanımız var idi. Mən Mixail Qorbaçovla yanaşı, daha çox onun həyat yoldaşı Raisanın da adını yaxşı xatırlayıram. Həmin dönəmlərdə bizim başımıza gətirilən faciələr – Bakıdakı qırğınlar, Qarabağdakı işğallar, xüsusən də Qorbaçovun arvadı Raisa vasitəsi ilə erməni lobbisinə bağlı olma həqiqətləri daha çox gündəmdə idi. Səhv eləmirəmsə, o dövrdə belə bir ağız ədəbiyyatı da var idi ki, güya, erməni lobbisi Qarabağa görə, Raisa Qorboçovaya bahalı brilliant da hədiyyə ediblər. Güya, məhz buna görə də Qarabağ məsələsində Qorbaçovun bitərəfliyi, susqunluğu ermənilər tərəfindən təmin olunmuşdu. Əlbəttə, 80-ci illərin sonlarında doğulan və uşaqlığını doxsanıncı illərdə yaşamış gənclər Qorbaçovu çox yaxşı xatırlayır”.

Politoloq Əhəd Məmmədli deyib ki, bir Azərbaycan türkü olaraq Mixail Qorbaçova münasibəti mənfidir:
"O, Azərbaycan xalqına qarşı 20 Yanvar cinayətini törədib. Dağlıq Qarabağdakı ermənilərin separatçılığına göz yumub. Ona görə də mənim ona münasibətim mənfidir. Tarixi şəxsiyyət aspektindən baxanda da bu insan uğursuz bir liderdir. Qorbaçov dünyanın iki böyük dövlətindən birinin başına gətirildi və 6 il kimi qısa müddətdən sonra bu dövlət dağıldı. Bu insan daxili və xarici siyasətdə xeyli səhvlərlə yadda qaldı. Siyasətçi kimi zəif göstərdi. Qərbdə onu sevirlər, hətta Nobel Sülh Mükafatı da veriblər. Çünki SSRİ kimi bir derjavanın yıxılmasında baş rollardan birini oynayıb. Doğrudur, o SSRİ-ni bilərəkdən dağıtmadı. Amma səriştəsiz siyasəti sonda SSRİ-nin çöküşünə gətirib çıxardı. Bu çöküşlə Azərbaycan müstəqilliyini əldə etdi. Buna baxmayaraq o, tarixə zəif lider kimi düşdü. Hətta öz xalqı da, bizim kimi xalqlar da ona nifrətlə yanaşır. Çünki əli Azərbaycan xalqının qanına bulaşıb. Onu öz xalqı da lənətləyir".

Əməkdar artist, gənc kamança ustası Toğrul Əsədullayev isə söyləyir ki, Mixail Qorbaçovun hakimiyyətdə olduğu illər onun uşaqlıq dövrünə təsadüf edir: “O illəri çox pis xatırlayıram. Həmin dövrdə 8 yaşım var idi. Heç kim 20 Yanvar faciəsinin olacağına inanmırdı. İnsanlar sovet hakimiyyətinin Bakıda qətliam törədə biləcəyinə inanmırdı. 20 Yanvar gecəsi indiyə kimi yadımdadır. Atamgil Buzovnada, bağda idi. Onlar həmin gecə Buzovnadan Bakıya, Nərimanova gəlmişdilər. İnsanlar barrikadalar qurublarmış ki, tankar keçməsin. O zaman atam tanıdıqları üçün barrikadalardan atamı insanlar keçirmişdilər. Atam qırğınları görüb dözə bilmirdi. Anam danışır ki, atan baltanı götürüb həyətə düşmək istəyirdi ki, nəsə eləsin. 20 Yanvar hadisələrindən bir neçə gün sonra biz yenidən Buzovnaya, bağa gedəsi olduq. O yadımdadır ki, qaniçən sovet əsgərləri avtomobillərə aqressiv formada baxırdılar. Elə bil ki, düşmənə baxırdılar. Bizə nifrət hissi ilə yanaşırdılar. Sonra Qarabağ müharibəsi başladı, Xocalı soyqırımı baş verdi. Hər gün əmimlə atam Buzovnadan şəhərə gəlirdilər ki, görək salamatlıqdırmı, təzə nə xəbərlər var?! Ona görə də Qorbaçovun adı gələndə hər zaman 20 Yanvar faciəsini, o günləri xatırlayıram”.

Gənc və tanınmış politoloq Turan Rzayevin fikrincə, Mixail Qorbaçov ziddiyyətli sima idi:
“Qərbdə Qorbaçova qarşı münasibət, demək olar ki, hər yedə müsbətdir. İlk növbədə ona görə ki, ABŞ-ın o zamankı prezidenti Ronald Reagan-la birlikdə onlar nüvə silahına nəzarət barədə yox, nüvə tərksilahı barədə razılığa gəlmişdilər. Onda bu, soyuq müharibənin sonu kimi qiymətləndirilmişdi. Bizim üçün isə o 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi. Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan SSRİ konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. Buna görədə Ruhunu lənətlə anırıq!”.

Gənc siyasətçi Şahin Elxanoğlu isə bildirib ki, xalqımıza qarşı törətdiyi cinayətə görə onu terrorçu adlandırır:
“Çox təəsüf ki, Qərb liderləri onu "sülh mələyi" kimi qələmə verir, törətdiyi cinayətləri görməzdən gəlirlər. Öldüyü zaman "məkanı cəhənnəmin 7ci qatı olsun" - kimi ifadə işlətmişdim və hər dəfə bu tarixdə bu fikrimi təkrarlayacam. Qorbaçovla bağlı cəmiyyətdə fərqli düşünən ola bilər, bəlkə də Qərb liderləri kimi də düşünənlər olsun. Fərqli fikirlərə hörmətlə yanaşıram, amma mən onu terrorçu kimi tanıyıram”.
Tural Turan
-
Magazin213:06Damla "Kayıp zaman" serialında rol alacaq
-
Ekologiya12:38Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Magazin112:30Evimdə elə bir ab-hava var idi ki... - Zülfiyyə Xanbabayeva
-
Nəqliyyat12:01Bakının bu ərazisində çuxurlar maşınları sıradan çıxarır - Video
-
Digər10:43Toyda dəhşət: Ofisiant uşağı şirniyyata görə təndirə atdı - FOTO
-
Yaxın Şərq10:14İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
-
Avto08:36Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb? - VİDEO
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...





































