Xüsusi
Məşhur rejissor: "Qadınların özünəinamı əllərindən alınıb" - FOTO
Yeni İl ərəfəsində uşaqlara ən gözəl hədiyyəni bu dəfə Şaxta Baba yox, tanınmış kinorejissor, ssenarist, prodüser, həmçinin Azərbaycan Film Akademiyasının təsisçisi və direktoru Zaur Tahirsoy verəcək. Uzun illərdən sonra nəhayət ki, balacalar 29 dekabrda kinoteatrlarda ssenarisini Zaur Tahirsoyun, rejissorluğunu isə Zəhra Tahirsoyun həyata keçirdiyi yerli uşaq filminə tamaşa edə biləcəklər. Bəs bu film nədən danışır? Uşaqlar ekran işində hansı film qəhrəmanları ilə tanış ola biləcəklər? Ümumiyyətlə, uşaq filmlərinin istehsalında və inkişafında hansı problemlər yaşanır?
Bu barədə akademiyanın direktoru Publika.az-a müsahibəsində ətraflı məlumat verib:
- Zaur bəy, Azərbaycan Film Akademiyası tədris proqramı çərçivəsində bir-birinin ardınca əhəmiyyətli işlərə imza atmısınız. Söhbətə gəlin akademiyanın yaradılmasının zəruri edən səbəblərindən başlayaq.
- Öncəliklə müsahibəyə görə təşəkkür edirəm. Ümid edirəm ki, oxucular üçün faydalı və motivasiyaverici müsahibə olacaq.
Əvvəlcə kiçik bir haşiyəyə çıxıb qeyd etmək istəyirəm ki, çoxları Azərbaycan kinosunun inkişaf etməməsinə əsas səbəb olaraq maliyyəni göstərirlər. Hesablamalarımda maliyyə 5 və ya 6-cı sıradadır. Mənim üçün birinci yerdə müasir tədris proqramı ilə yanaşı sağlam psixoloji mühit dayanır. Son 6 ayda çəkilən tam metrajlı bədii 3 film dediyimə əyani sübutdur. Bu layihələrin arxasında düzgün tədris metodikasıyla yanaşı 20-yə yaxın fərqli amillər durur.
Azərbaycan Film Akademiyasının yaranmasını zəruri edən bir çox səbəb var. Onlardan ən əsası Azərbaycanın hazırkı kino sahəsinin vəziyyətidir. Kino sistemində istər kadrlarda, istər yanaşmada nə qədər yeniliklər edilsə də, bir faydası olmur. Kino sistemi iflic olduğu üçün edilənlərə heç bir reaksiya verə bilmir. Yeni, gənc, müasir və müstəqil kino sisteminin yəni Azərbaycan Film Akademiyasının yaranma zəruriliyi də məhz burdan doğur. Bəli, Azərbaycan Film Akademiyasını yeni kino sistemi kimi dəyərləndirmək heç də yanlış olmaz. Çünki Film Akademiyası müasir tədrislə istehsalı özündə birləşdirib və dediyiniz ard-arda çəkilən filmlərin A-dan Z-yə bütün heyəti məhz Azərbaycan Film Akademiyasının yeni tədris metodikası ilə yetişib.
- Akademiyanın tələbələrinə kimlər dərs keçir? Ümumiyyətlə tədris metodikanıza nələr daxildir?
- Film Akademiyasında tədrisə xüsusi diqqət yetirirəm. Mən incəsənət universitetini deyil sosiologiyanı bitirmişəm. Uzun illər sosial psixoloq kimi fəaliyyət göstərmişəm. Kino sahəsində hazırkı tədrisi tam araşdırdıqdan sonra gəldiyim qənaətlər oldu. Əlbəttə ki, yaxşı tələbələrin yetişməsi üçün peşəkar aktyorlar universitetdə əllərindən gələni edirlər. Amma bu kifayət etmir. Çünki vahid metodiki vəsait yoxdur. Belə olduğu halda hər sənət müəllimi öz şəxsi təcrübəsini tələbələrlə bölüşür və bunun nəticəsində tələbələr arasında xaotik vəziyyət yaranır. Hər tələbə öz müəlliminin dediklərini əsas götürərək digər müəllimin bilgilərini inkar edir. Nəticədə aktyor sənəti qalır bir qıraqda, intriqa və qütbləşmələr ön plana çıxır. Çox təəssüf ki, həmin intriqalar sadəcə universitetdə qalmır, tələbə ilə birlikdə teatr və kino sahəsinə də sıçrayır. İnanıram ki, müəllimlər bu vəziyyətin yaranmasını istəməzlər, mədəniyyəti təmsil edir və öz həmkarlarına da hörmətlə yanaşırlar, heç vaxt qeyri-etik davranaraq onların bilgilərini və şəxsiyyətlərini tələbələrin yanında alçaltmazlar.
Amma vahid metodiki vəsaitin olmaması bu cür xoşagəlməz hallara yol açır. Bunun üçün ilk işim aktyor sənətini dərindən araşdıraraq psixologiyadan olan bilgilərimlə sintez edib yeni dərs vəsaiti, aktyorun peşəkar inkişafı sxemini ərsəyə gətirdim. "Postmodern Aktyorluq Sistemi" adlandırdığım kitab təxminən 3 illik araşdırmalarla dolu yol qət etdikdən sonra tam hazır vəziyyətə gəlib. 2023-cü ilin ilk aylarında çap ediləcək. Bununla yanaşı sosial şəbəkələri də müasir tədris proqramının ayrılmaz parçası etmişəm. Bir işi görməzdən öncə onlarla sosioloji və psixoloji aspektdən analizlər aparıram. Nəticədə xüsusi düsturlar yaranır ki, həmin düsturları tətbiq etdiyimdə çox vaxt gedir. Birini fenomen etmək maksimum 3 gün ilə 1 ay arasında vaxtımı alır. Bunun da sürətli inkişafa böyük faydası var. Nəticədə aktyor sənətinə yiyələn şəxs onu evdə güzgünün qarşısında oynamaq üçün öyrənmir. Tanınmaq istəyi onun ən təbii haqqıdır.
Azərbaycan Film Akademiyasında incəsənəti bitirən gənc, sağlam düşüncəli, yeniliklərə can atan təlimçilərimiz var. Öncə yeni metodikanı onlara aşılayıram, onlar da tələbələrə öyrədirlər. Nəticələr də göz qabağındadır.
Bizim tədris metodikamızın psixologiya ilə qarışıq olmasının xüsusi əhəmiyyəti var. Digər özəlliyi isə kompakt olmasıdır. Çox qısa zamanda pozitiv nəticələr almaq mümkündür.
- Bəs müəllimlərin təcrübəsi dərs keçməyə bəs edirmi?
- Hazır metodiki vəsaiti öyrətmək üçün aktyorluq təcrübəsinə ehtiyac yoxdur. Məntiqlə düşündükdə kimya müəllimi özü kimyagər deyil, amma dərsini keçir və kimyagər yetişdirir. Və yaxud riyaziyyat müəllimi riyaziyyatçı deyil. Hazır metodiki vəsait olduqdan sonra təlimçilik bacarığı daha önəmlidir.
Əgər hazır dərs vəsaiti olmasaydı, o zaman aktyorun şəxsi bilgilərinə ehtiyac olardı. Bu hal da öncə qeyd etdiyim problemlərə yəni xaotiklik və tələbələr arası intriqalara səbəb olacaqdı.
Bir misal da futboldan gətirmək istəyirəm. Yaxşı futbolçu yaxşı məşqçi ola bilmir və ya tam əksi, yaxşı məşqçi futbolçu deyil. Təbii ki, istisnalar var, amma əksər hallarda qeyd etdiyim kimidir. Ümumiyyətlə, bu proseslə bağlı yeniliklər zəruridir.
- Gənclər akademiyanın üzvü olmaqda maraqlıdırmı?
- Bu gün Azərbaycan Film Akademiyasının 200-dən çox tələbəsi var və bunları 60 faizini 17 yaşa qədər olanlar əhatə edir.
Müasir zaman marketinqi tələb edir. Marketinqin başında isə özünü təqdim etmə durur. Gənclər bunun fərqində olduqları üçün maraq həddindən artıq çoxdur. Film Akademiyasının tədris planında sadəcə teatr və kino üçün aktyor yetişdirmək durmur. Komplekslərdən azad olma, özünü ifadə etmə kimi, psixoloji məsələlər də tədris planımızın ayrılmaz parçasıdır.
Bu gün gənclər sosial şəbəkələrin gücündən istifadə etmək istəyirlər. Bunun üçün komplekslərdən azad olmaq şərtdir. Məhz bu səbəbdən də Film Akademiyasına qatılanlar çoxdur. Dövrümüzdə peşəkar həkimə və yaxud hər hansı sahənin mütəxəsisnə də kamera önündə danışmaq hava və su kimi zəruri hala gəlib. Əks halda virtual aləmdə varlıqlarını təşkil edə bilmirlər. Sosial şəbəkələrdə təqdimatın yoxdursa, peşəkarlığını heç kimə "sata" bilmirsən. Saydığım səbəblər Film Akademiyasını daha böyük auditoriyalar üçün maraqlı edir.
- "Möcüzələr Akademiyası" uşaq filminin lentə alınması əlamətdar hadisədir. Səhv etmirəmsə bu, sovet dövründə çəkilən uşaq filmlərindən sonra ilk ekran işidir. Bu barədə sizdən daha ətraflı eşitmək istərdik.
- Bəli, xüsusilə 5-8 yaş aralığında çəkilən və ortalığa çıxan tam metrajlı ilk uşaq filmidir. Azərbaycanda uşaq kontentinə böyük ehtiyac var. Mən 3 uşaq atasıyam, onların yerli və milli uşaq kinolarının izləməsinin nə qədər vacib olduğunu həm bir valideyn, həm də sosial psixoloq kimi çox gözəl bilirəm. Evdə uşaqlar ya rus, ya türk, ya da ingiliscə kontentləri izləyirlər. Bu, milli təfəkkürün formalaşmasında da böyük rol oynayır.
Uşaqlarla işləmək yeni və çətin təcrübə olsa da, bu addımı həm valideynlik, həm də vətəndaş borcu kimi zəruri hesab edirəm. Bütün çətinliklərə baxmayaraq, nəticədə film ərsəyə gəldi və artıq mart ayı üçün növbəti uşaq kinosunun ssenarisi üzərində iş gedir.
- Nümayişdən sonra uşaqlar sizə minnətdar olacaqmı?
- Dediyim kimi, bu işi valideynlik və vətəndaşlıq borcu bildiyim üçün heç bir minnətdarlıq gözləmirəm. Onlar hələ uşaqdılar. Biz onlara minnətdar olmalıyıq ki, kapriz edib layihəni yarıda saxlamayıblar (gülür). Hətta nümayişdən sonra uşaqlara növbəti layihə üçün stimulverici mükafatlar da nəzərdə tutmuşuq. Film Akademiyasında təkcə uşaqlar üçün deyil, orta və böyük yaş kateqoriyası üçün də bir çox işlər görürük. Onların minnətdarlğı mənə əlavə güc və stimul verir. Gözlərindəki parıltıdan mənə olan inamını, minnətdarlığını görürəm. Mən gücümü mənə inanan və minnətdar olan onlarla gözlərdəki parıltıdan alıram.
Bəzi hallarda tələbələrin ətrafında olanlar onun uğurunu, - böyük ehtimalla qısqanclıqdan, - zəhmətimi onların gözündə heç edərək, minnətdar olmamağa psixoloji təhrik edirlər. Bir növ uğurun mənbəyini dəyərsizləşdirməyə çalışırlar ki, ardı gəlməsin. Halbuki hər bir uğurun arxasında düzgün strategiya durur. Bütün hallarda biz işimizi davam edirik, bu kimi halların ümumi prosesə heç bir mənfi təsiri olmur. Növbədə yüzlərlə layiqli namizədlər var. Əsas odur ki, Azərbaycan kinosu inkişaf etsin və tarix bizə minnətdar olsun!
- Uşaq aktyorluq məktəbini ərsəyə gətirəndə bilirdiniz ki, onları yola gətirmək asan olmayacaq.
- Uşaqlarla işləmək... (ah çəkir, sonra gülürük)
Uşaqlarla işləmək maraqlı olsa da çox-çox çətin prosesdir. Ümumi proses mətnə hazırlaşmaqdan kamera önündə oyuna qədər rejissor və komandasından xüsusi səbr tələb edir. "Möcüzələr Akademiyası" filmində uşaqların əksəriyyəti 5-8 yaşı əhatə edir. Yenə 2 və ya 3 uşaq olsa hardasa daha rahat olacaq. Amma "Möcüzələr Akademiyası" filmində 14 uşaq eyni anda rol alıb.
Kinonun texniki prosesi ilə yanaşı uşaqların əhvalına görə çəkilişi aparmaq, nazları ilə oynayıb, kamera qarşısındakı oyununu tamamlamaq ağla gəlməyəcək dərəcədə səbr və enerji tələb edir.
Valideynlərin də kino prosesi və dramaturgiyanı bilmədikləri üçün "mənim uşağımı daha çox çəkin", "onun uşağını niyə 4 dəfə mənim uşağımı 3 dəfə çəkilişə çağırdız" kimi narazılıqlara məruz qalırıq. Amma bunu da normal qarşılayırıq, çünki peşəkar prosesdən xəbərsizdirlər. Biz işimizə peşəkar yanaşırıq, valideynlərin istəyindən çox peşəkarlığın istək və tələblərini ön plana çəkirik. Prosesi daha sonra valideynlərə izah edirik, onlar da sağolsunlar başa düşürlər və peşəkarlığın nəticələri ilə razılaşırlar.
Burda artıq bir qadın səbrinə və yanaşmasına ehtiyac var idi. Həyat yoldaşım Zəhra Tahirsoy bu işin öhtəsindən çox məharətlə gəldi. O olmasaydı, bəlkə də uşaq filmi yazmazdım (gülür).
- Filmin quruluşçu rejissoru həyat yoldaşınızdır. Zəhra xanımla birlikdə işlədiyiniz üçün özünüzü şanslı hesab edirsiniz?
- Bəli. Çox şanslı hesab edirəm. Həyat yoldaşım təkcə kinoda deyil, Film Akademiyasının idarəsində də mənə çox kömək edir. Bir qadın üçün həm ana, həm həyat yoldaşı, həm də iş yoldaşı olmaq çox çətindir. Bunun öhdəsindən gəldiyi üçün çox şanslıyam və minnətdaram.
2015-ci ildə Azərbaycan Ailə psixologiyasını əhatə edən "Xoşbəxt Ailə Notları" kitabım işıq üzü görüb. Mən Azərbaycan ailəsini tanıyıram. Və bilirəm ki, qadınlarımızın özünə inamı əllərindən alınıb. Bizim analarımız xoşbəxt olmayıb, çalışaq ki, uşaqlarımızın anaları xoşbəxt olsunlar! Necə deyərlər, hər uğurlu kişinin arxasında bir qadın, hər uğursuz qadının arxasında isə bir kişi durur. Kişilərə tövsiyəm odur ki, həyat yoldaşlarınıza qol-qanad olun. Yalnız xoşbəxt qadın xoşbəxt edə bilər.
- Uşaq filmlərinin maliyyələşdirilməsində hansı problemlər və çatışmazlıqlar var?
- Problem və çatışmazlıqları saymağı sevmirəm. Yaradıcı insanların lüğətində yoxdur, alınmır sözləri olmur. Adı üstündə yaradıcı insan yaratmalıdır. Yaratmaq da yoxlara rəğmən var etmək deməkdir. Əksinə problem məni o işi uğurla bitirməyə daha çox təhrik edir. Çatışmazlıqlar hər zaman olub və olacaq da. İllərdir mütəxəsislər ancaq problem sayırlar. Ondansa addım atmaq lazımdır.
Çəkdiyimiz kinoların maliyyələşdirilməsi isə Azərbaycan Film Akademiyasının tədris proqramı nəticəsində olur. Çox çətin olsa da, düzgün düstur və strategiya ilə bunu bacarmaq mümkündür.
- K.Stanislavskinin uşaqlar üçün böyüklər kimi, ancaq daha yaxşı oynamaq lazımdır ifadəsinə münasibətiniz necədir. Bu qaydanı praktikada tətbiq edirsinizmi?
- Azərbaycan uşağı üçün yerli və Azərbaycana adaptasiya edilmiş qaydalardan istifadə edirəm. Azərbaycan Film Akademiyasında uşaqlar üçün xüsusi tədris metodikası var. 3 ay həmin proqramı keçdikdən sonra kamera önü üçün tam hazır vəziyyətə gəlirlər. Əlbəttə ki, yanaşma individualdır.
Uşaqlarımız komplekslərlə böyüyürlər. Adi, - "böyük olan yerdə kiçik danışmaz", - deyimi belə onların özünü ifadə etməsinin qarşısını alır. Bunun üçün bir-iki psixoloji tryuklar var, onları tətbiq edirəm. Yoxsa, uşaqlara mürəkkəb aktyorluq texnikalarını tətbiq etməyə ehtiyac yoxdur.
- "Möcüzələr Akademiyası" xeyirlə şərin mübarizəsindən danışır. Niyə bu həssas mövzunu seçdiniz və uşaqlar buna necə reaksiya verdilər?
- Ssenari yazanda psixologiyadan olan bilgilər köməyimə çatır. Uşaq psixoloqları ilə ssenarini müzakirə edirəm. Nəticədə, uşaqlarla bağlı kontentə xüsusi həssaslıq lazımdır.
Xeyirlə şərin mübarizəsi dünyanın gerçəklərindəndir. İndidən onlardan xəbərdar olmaları lazımdır. Məlum, günümüzdə inkişaf çox sürətli gedir.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...