Xüsusi
Tural Dadaşovun inanılmaz həyəcanı: "Bir də baxdım ki, əlimdəki qələm əsir..." - FOTO
Futbol üzrə dünya çempionatının final oyunu ilin ən pozvitiv hadisəsi oldu desək, yanılmarıq. Nəfəsimiz kəsilsə, sinirlərimiz gərilsə də, fransızları çıxmaq şərtiylə, Messili Argentinanın qələbəsi az qala bütün dünyada hər kəsi sevindirdi, həm də duyğulandırdı. İdman şərhçiləri də, yekdilliklə o fikirdədir ki, futbol tarixində bu qədər yüksək hərarətli oyunlar nadir hallarda baş verir. Görünən odur ki, oyunun dadı-duzu hələ uzun müddət damağımızdan getməyəcək.
Tanınmış idman jurnalisti Tural Dadaşov DÇ 2022 barədə təəssüratlarını Publika.az-a bölüşüb və bildirib ki, Argentina çempionluğa layiq idi. Şərhçi, eyni zamanda televiziyaya gəlişi, Azərbaycanda idman jurnalistikasındakı problemlərdən söz açıb.
- Tural bəy, müsahibədən öncə kiçik axtarış etdim və haqqınızda ətraflı məlumata rast gəlmədim. Məncə, oxucuların sizi yaxından tanımağa ehtiyacı var.
- 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsində fəlsəfə ixtisası üzrə təhsil almışam. Ardından Sosial fəlsəfə ixtisası üzrə magistraturanı bitirmişəm. 2005-ci ildən televiziya sahəsində çalışıram. Fəaliyyətim, əsasən idman verilişləri və yayımları, eləcə də intellektual oyunlar ilə bağlıdır.
- Peşənizlə uşaqlıq arzularınız nə qədər mütənasibdir?
- Təxminən 18 ildir idman sahəsində çalışıram. Ancaq 30 ildən artıqdır futbol həvəskarıyam. 1991-ci ildə “Neftçi”nin 1-ci dəstə oyunlarından futbola baxmağa başlamışam. “Rotor”, “Kayrat”, “Tavriya”, “Zimbru”, “Geoloq” və digər klublarla oyunlar hələ də yadımdadır. 1992-ci ildə İsveçdə keçirilən futbol üzrə Avropa çempionatından sonra isə əməllicə “xəstələndim” və azarkeşə çevrildim. Ona görə də peşəmin uşaqlıq arzularımla tam uzlaşdığını düşünürəm. Həmişə demişəm, gördüyün iş özünə maraqlı olmayanda artıq iş deyil, işgəncəyə çevrilir. Məndə tam əksidir.
- Televiziyaya yolunuz haradan və necə başladı?
- 2005-ci ilin iyun ayında İctimai Televiziyanın fəaliyyətə başlayacağı və işçi qəbulu ilə bağlı xəbər tutdum. O zaman magistraturanın 1-ci kursunu bitirimşdim. Sənədlərimi hazırlayıb gəldim. Televiziyaya intellektual oyun layihələri ilə gəlmişəm. Gənclər və İdman departamentinin direktoru Natiq Abdullayev fikirlərimlə tanış oldu və dedi ki, sabahdan gələrsən. Onda hamımız sınaq müddətindəydik. Hər kəsə özünü təsdiqləmək üçün şans verilmişdi. Yeni fəaliyyətə başlayan televiziyada studiyalar hələ tam hazır olmadığına görə intellektual oyunun çəkilməsi təxirə salındı. Bu arzum 3 il sonra "Xəmsə" Milli İntellektual oyunun aparıcısı olanda reallaşacaqmış. Mənə isə idman xəbərləri və verilişlərinə apracı kimi sınaq çəkilişlərinə qatılmaq təklif olundu. Bir neçə çəkilişdən sonra qocaman operatorumuz Tahir Qarayev mənə yaxınlaşıb dedi ki, Baş direktor İsmayıl Ömərov səni bəyəndi, bir az da yaxşı hazırlaş. Avqustun 29-u İTV-nin açılışı baş tutdu. Ertəsi gün idman xəbərlərindən birinə mən çıxdım. Canlı efir idi, suflyor da yox idi hələ. Bir də baxdım ki, həyəcandan əlimdəki qələm əsir. Tez stolun üstünə qoydum ki, bilinməsin. Belə başladı hər şey…
- İdmanın qaydaları sərt və amansızdır. Güclü olmaq istəyirsənsə, gecə-gündüz çalışmalı və bütün çətinliklərə dözməlisən. Bəs idman jurnalistikasında vəziyyət necədir? Bu sahənin bilicisi ola bilmək üçün nələrdən keçmək lazım gəlir?
- Məsələyə sırf televiziya idman jurnalistikası baxımından yanaşacağam. İdman jurnalistikası spesifik sahədi. Yəni idmanla heç vaxt maraqlanmayıb sırf iş olsun deyə bu sahədə çalışmaq mümkün deyil. Çox geniş bir məlumat bazası olmadısa, baş çıxara bilməyəcəksən. Elə ilk addımlardan bilincək ki, səhv yerdəsən. Axı bizim işimiz hamının gözü qarşısında olur. Başqa sahədə çalışan adam səhv edəndə, məsələn, 10 nəfər bunu bilirsə, bizim səhvimizi hamı görür, görməyənlər də sosial şəbəkədəki paylaşımlarda xəbər tutur. Odur ki, elə burada da idmanda olduğu kimi daim öz üzərində işləməlisən. Yorğun olsan da, yuxuna haram qatıb oyunları izləməlisən. Yerli və xarici mətbuatı daim diqqətdə saxlamalısan. Çalışmalısan ki, hər hadisəyə öz yanaşman olsun. Heç bir sahədə uğur asanlıqla əldə olunmur. Bu sahədə də həmçinin.
- İdman jurnalistikasında kadr çatışmazlığı yaşanırmı? Səbəbləri nədə görürsünüz?
- Düşünmürəm ki, idman junalistikasında kadr çatışmazlığı var. Əksinə, burada istedadlı jurnalistlər hər zaman yetərincə olub. Ancaq problemlər bir çoxlarını bu sahədən uzaq salıb. Xüsusilə çap və onlayn mediada olan maddi problemləri qeyd etməliyəm. Bu vəziyyətin səbəbləri çoxdur. Yaranmış vəziyyət idman jurnalistlərinin potensialını tam açmağa da mane olur. Əgər bu sıxıntılar olmasa, bu sahəyə axın daha yüksək olardı, güclü kadrlar da dolanışıq üçün başqa sahələrə yönəlməzdi.
- Şərhçilər necə yetişir, Azərbaycanda şərhçilik məktəbi formalaşıbmı?
- Televiziyalarda çalışanlar işin bir hissəsi kimi bəlli bir vaxtda şərhçiliklə məşğul olmağa başlayır. Təbii ki, lazımi kriteriyalara uyğun gəlirsə. Məsələn, 2005-ci ildə İctimai telekanal fəaliyyətə başlayan kimi İspaniya La liqasının yayım hüququna sahib çıxdı. Mənim o zaman 21 yaşım var idi. Rəhbərliyin təkidinə baxmayaraq şərhə çıxmaqdan imtina etdim. Çünki özümü hələ hazır saymırdım. Ümumiyyətlə, hər şey öz vaxtında gözəldir. Nə vaxtsa görsəm ki, artıq çatdırmıram, gənclər daha üstün iş ortaya qoyur, o zaman tərəddüd etmədən bu sahədə fəaliyyətimi dayandıracağam. Bir neçə ildən sonra Avropa Liqasının oyunlarında artıq bu işin öhdəsindən gələ biləcəyimə inandım və şərhçilik fəaliyətinə başladım. Buna qədər isə digər idman növlərində şərhlərə çıxırdım. Futbol şərhçiliyi tam fərqlidir. Çünki futbola baxanların əksəriyyəti bu idman növünü yüksək səviyyədə bilir, tükü-tükdən seçir. Hər futbol şərhi bir imtahandır. Digər idman növlərində elə deyil, burada şərhçinin hər hansı çatışmazlığı nadir hallarda qabardılır. Ümumiyyətlə, futbol şərhçisinə qarşı olan tamaşaçı tələbkarlığı istər xəbər aparıcısı, tok-şou, əyləncəli verilişlər və digər sahələrdəki aparıcılardan qat-qat yüksəkdir. Hətta deyərdim bu, tamaşaçı tələbkarlığından tamaşaçı qəddarlığına keçib. Təkcə bizdə belə deyil, futbolun ən popular idman növü olduğu ölkələrin hamısında belədir. Suala cavab olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda şərhçilik məktəbi formalaşıb. Bizim istər futbol, istər digər idman növlərində çox güclü şərhçilərimiz var. Onların Türkiyə və Rusiya şərhçilərindən geri qaldığını qətiyyən düşünmürəm.
- İctimai TV-nin ölkə ərazisində DÇ-nin eksklüziv yayımçısı olması və bunun nəticəsində (ölkə ərazisində yayım lisenziyasının müəyyən müddəlarını nəzərə alaraq) digər futbol kanallarının yayımının dayandırılmasını bəzi futbolsevərlər müsbət addım kimi qarşılamamışdı. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, İctimai Televiziya mundialın Azərbaycan ərazisində eksklüziv yayımçısıdır. Hər ölkənin öz yayımçısı olur və müqavilə şərtlərinə görə yalnız ölkə ərazində oyunları göstərmək hüququ əldə olunur. Başqa ölkə ərazisinə siqnalın ötürülməsi ciddi pozuntudur. İctimai televiziyanın bu addımı hüquqi cəhətdən tam doğrudur. Düşünürəm ki, bu məsələdə mətbuat da öz öhdəsinə düşəni edə bilmədi. Hansısa vəkildən fikir alınır və o deyir ki, burada istehlakçının hüququ pozulur. Bununla odun üstünüə yağ tökülür, tamaşaçılar daha da aqressivləşir. Kimsə məsələn, Matç tv-yə sorğu göndərib maraqlandımı ki, sizin Azərbaycan ərazisində Kabel televiziyaları vasitəsiylə dünya çemponatını yayımlamaq hüququnuz varmı? Ümumiyyətlə sizin telekanalın Rusiyadan kənarda yayımının qanuni əsasları nələrdir? Mən bunu görmədim. Bax, bu suallara cavab tapılmalıydı. Yoxsa hansısa kabel televiziyasının operatoruna zəng edib, "bizə belə tapşırılıb" cavabını alıb yazmaqla məsələnin mahiyyətini çözmək mümkün deyil.
- Eyni zamanda futbol şərhçiləri də zaman-zaman tənqid atəşinə məruz qalır. Şərhlərinizlə oyunu maraqlı etdiyiniz üçün təşəkkür edirəm. Və bilmək istərdim ki, ünvanınıza deyilən ən ədalətli iradı kimdən və nə zaman eşidibsiniz?
- Mən sizə təşəkkür edirəm ki, vaxt ayırıb izləyibsiniz və dəstək olursunuz. İradlar hər zaman olur. Bu, işimizin bir hissəsidir. Futbolçu hər oyunu yüksək səviyyədə oynaya bilmədiyi kimi, şərhçi də eyni xətt üzrə bütün oyunları yüksək səviyyədə şərh edə bilməz. 4-5 ardıcıl yaxşı şərhdən sonra elə olur ki, hansısa oyunda zəif işləyirsən. Bunun həm subyektiv, həm də obyektiv səbəbləri ola bilər. Məsələn, səhhətində problemlər ola bilər, ancaq bu, sənin problemindir. Tamaşaçı bunu bilmir, bilməli də deyil. Bu dünya çempionatında şərh etdiyim ilk 4 oyunda xəstə idim, səsim də tam qaydasında deyildi. Ancaq efir başladısa, artıq hər şeyi unutmalısan. Bəzən, şərhçidən asılı olmayan səbəblər olur. Şərhçinin ən yaxın dostu interküydür, yəni stadiondan gələn səs. Pandemiya vaxtı boş tribunalar önündə keçirilən oyunlar çox əziyyətli idi. Çünk, nə etsən də, tamaşaçının istədiyini verə bilmirsən və burada səndən asılı bir şey yoxdur. Hər zaman iradlara, tənqidlərə həssas yanaşmışam. Haqlı tənqidlərdən nəticə çıxarmağa çalımışam. Bəzən əsassız tənqidlər də olur, bunu da təmkinlə qarşılamaq lazımdır, çünki tamaşaçı hər zaman haqlıdır, haqsız olanda belə.
- DÇ 2022 əvvəlkilərdən nə ilə fərqləndi və yadda qaldı?
- Bu, mənim izlədiyim 8-ci, şərhçi kimi çalışdığım 3-cü dünya çempionatı idi. Qətər mundialı İctimai Televiziyanın yayımladığı ardıcıl 3-cü dünya çempionatı oldu. 2014-cü ildəki çempionatda da şərhçi kimi çalışmışdım. O zaman final oyunu üçün akreditə olunub Rio De Janeyroya getmişdim. Əfsanəvi “Marakana”dakı Almaniya-Argentina finalında da şərhçi kimi olmasa da, jurnalist kimi işləmişəm. 2018-ci ildəki çempionatda açılış və final oyunları daxil olmaqla şərhçi kimi çalışmışam. Amma bu çempionat digərlərindən çox fərqli oldu. 2014 və 2018-ci illərdə biz yayımı İdman TV ilə bölüşmüşdük və təbii ki, iş həcmi də nisbətən az idi. Bu dəfə isə 64 oyundan 56-sı İctimai Televiziyanın efirində təqdim olundu. CBC Sportdan əməkdaşlıq üçün cəlb olunan şərhçi dostlarımız da yüksək iş ortaya qoydular. Ancaq söhbət təkcə şərhlərdən getmir. Hər oyundan öncə, bəzən oyunlardan sonra “Bol futbol” verilişində müzakirələr aparılırdı. Əməkdaşlarımızın burada da çox böyük əziyyət çəkdiyini və işlərinin öhdəsindən məharətlə gəldiklərini qeyd etməliyəm. Eyni zamanda sosial şəbəklərdə də fəal iş aparıldı. Bütün oyunların icmalı görüş bitdikdən sonra qısa müddətdə İTV-nin "Youtube" kanalında yerləşdirilirdi. Bir sözlə, bu çox böyük miqyaslı bir layihə idi və telekanalımız işin öhdəsindən gələ bildi. Təbii ki, mənim fikrim belədir, bu barədə qərarı isə tamaşaçı verməlidir.
- "Cənab rejissor, yuxarını göstərmək lazımdır! Səmanı çəkin! Maradonanı göstərin bizə! Mən əminəm ki, o, buludları aralayıb baxır bu oyuna. Dieqo xoşbəxtdir!” sözləriniz sosial mediada da paylaşıldı və müzakirələrə səbəb oldu. Proqnozlarınıza görə, hansı komandanı qalib seçmişdiniz?
- Argentina çempion olan kimi dərhal Maradonanı fikirləşdim, həyatda olsaydı, necə çılğınlıqla sevinəcəyini təsəvvür etdim. Bu fikirləri də həmin hisslərin təsiri altında dedim. Proqnoza gəlincə, çempionatdan öncə "Futbolpress.az" saytı sorğu keçirmişdi. Mən orada Argentina və İngiltərəni favorit olaraq göstərmişdim. Düşünürəm ki, ingilislərin 1/4 finalda Fransa ilə oyunda bir çox epizodlarda bəxti gətirmədi. Həmin oyunu daha yaxşı oynadıqlarını düşünürəm. Əgər Fransa səddini keçsəydilər, Argentina-İngiltərə finalı ilə proqnozum tam doğru gələ bilərdi. Ümumiyyətlə, Argentinanın çempionluğa layiq olduğunu düşünürəm. Bunu şərh zamanı da bildirmişdim. Ancaq çemponatın ən güclü komandası, mənə görə Braziliya idi. Güclü isə hər zaman qalib ola bilmir. Qalib olmaq üçün əlavə keyfiyyətlər də lazımdır. Argentinada bunun üçün hər şey var idi, komandanın lideri Messi başda olmaqla.
- 2026-cı ildə dünya çempionatında 32 yox, 48 komanda iştirak edəcək, sayın artırılmasına qərar verilib. Necə düşünürsünüz, Azəbaycanın dünya çempionatına çıxmaq sanşı ola bilərmi?
- Komanda sayının artırılmasının Azərbaycan yığmasının dünya çempionatına yüksəlməsinə təsir edəcəyini düşünmürəm. Ən azı indiki vəziyyətimizdə. Azərbaycan futbolunun problemlərindən saatlarla danışmaq olar. Final mərhələsində 48 yox 56 komanda da olsa, bu durumda biz final mərhələsinə vəsiqə qazana bilmərik.
Aytən Məftun
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO