Xüsusi
Məşhur döymə ustası: "Ətrafımdakı qadınların sayını azaltmağa çalışıram" - FOTO
Ülvi Əbilov Azərbaycanın nadir döymə (tatu) ustalarından biridir ki, üzünü bütünlüklə yazı və simvollarla bürüyüb. Bəs onu bütün üzünü döymə etdirməyə sövq edən səbəb nə olub?
Publika.az məşhur döymə ustası ilə müsahibəni təqdim edir:
- Əvvəlcə sizi yaxından tanıyaq.
- 15 yaşından peşəkar döymə sənəti ilə məşğul olan Ülvi Əbilov. İşimi sevirəm, ildən-ildən peşəkarlığım daha da artır.
- Sıradan insan olmadığınız dəqiqdir və bu, açıq-aşkar görünür. Müstəqil insansınız, yaşınız və seçdiyiniz yol sizə fərdiliyinizi vurğulamağa imkan verir. Maraqlıdır ki, uşaqlıqda özünüzü hansı yollarla ifadə edirdiniz? Ümumiyyətlə edə bilirdinizmi?
- Sıradan biri olmadığım üçün çox əziyyət çəkmişəm, əslində individuallığımı ortaya qoymaq üçün hələ də çox çabalayıram və bu xüsusiyyətimi davam etdirəcəm. Səhər saat səkkizdə işə başlayıb, axşam saat altıda evimə gələn insan olmayacam. Beş günlük dünyadır, onun beşini də istədiyim kimi yaşamağa çalışıram, müstəqil insanam.
30 yaşındayam, işimi görürəm, az-çox qazanıram, milli mentalitetin və dini dəyərlərin üstünlük təşkil etdiyi, eyni zamanda döymənin haram sayıldığı bir ölkədə bura qədər qalxmışam. Lakin əminəm ki, Avropa ölkəsində yaşasaydım, daha yüksəklərdə olardım. Həm maddi, həm də mənəvi tərəfdən işimin qarşılığını heç vaxt istədiyim kimi ala bilməsəm də, bu peşəyə bağlı olduğum üçün işləməyə məcburam.
- Uşaqlıq xatirələrinizi dinləmək istərdim. Necə ailədə böyümüsünüz?
- Çox çətin idi, ilk döyməmi etdirəndə altıncı sinif şagirdi idim, ordan-burdan öyrənib, özüm eləmişdim. Evdən, əlbəttə ki, narazı idilər, məktəbdə də mənə pis baxırdılar. Müəllimlərim “küçə uşağı” kimi tanıyırdı. Uşaqlıq dedikdə ancaq müəllimlərin tənələri yadıma düşür, travma qoyublar. Deyirdilər ki, avara olacaqsan... İndi ara-sıra işləri düşəndə zəng edirlər, amma vaxtı ilə döyməyə qarşı çıxırdılar. İndi də döymə etdirənlər birmənalı qarşılanmır, amma 5-10 il əvvəllə müqayisədə daha rahatam.
Əmi-dayı, anam, qardaşım, bir sözlə ailədə hamı namaz qılan inanclı insanlar idi. Necə oldusa, aradan çıxdım, yaxşı ki, belə oldu, indi həyatımdan çox razıyam. Evdə daha çox balaca qardaşımı sevirdilər, odur ki, uşaqlıqla bağlı sizə xoş xatirələrdən danışa bilməyəcəm.
- Ailənizlə bütün bağlarınız qopub?
- Beş-altı il əvvələ qədər çox sərt idilər, heç cürə qəbullanmaq istəmirdilər, elə bir qohumum yox idi ki, yolda qarşılaşanda mənə salam versin. Sonradan münasibət xeyli dəyişib, tanımadığım qohumlarım ortaya çıxıb. Məşhurlaşdıqca, qazandıqca özləri can atır ki, mənlə qohum olsunlar.
- Bədəniniz yazı və simvollarla zəngindir. Bütün döymələri özünüz edirsiniz?
- Böyük hissəsini dostlarım edib, bəzilərini də tələbələrim edib.
- Üzünüzü tamamilə döymələrlə örtmək ehtiyacını niyə hiss etdiniz və bu, sizə nə verdi? Bu, bir etiraz forması, diqqət cəlb etmək istəyi, yoxsa əsl simanızı gizlətmək arzusundan doğdu?
- İlk dəfə qaşımın üstünə kiçik bir şəkil çəkmişdim, çox xoşuma gəldi, başqasını da etmək istədim. Amma bundan sonra çox insanın məndən uzaqlaşdığını gördüm. Əslində ətrafımda çox az olması məni məyus etmədi. Simamda döymərələrin sayını çoxaltdıqc. gördüm ki, insanlar azalır. Ona görə də üzümüm tamamilə döymə etdirməyə qərar verdim.
- İnsanlardan niyə qaçmaq istədiniz?
- İnsanlar çoxaldıqca, saxtakarlıqlar, yalanlar da çoxalır. Elə bir tanışım yoxdur ki, məndən pulsuz döymə istəməsin. Odur ki, uzaqlaşmaq ən doğru seçim idi. Bu, işimdə də məni irəli apardı. Üzümə döymələr çəkdirəndə bilirdim ki, bu üzlə heç ofisiant işi də tapa bilmərəm. Ona görə işimdən bərk-bərk yapışdım və daha dərindən öyrənməyə başladım.
- Küçədə gəzərkən bütün baxışların üzərinizdə olması sizi narahat edir?
- Şirvanda böyümüşəm, təəssüf ki, avara və küçə həyatı yaşayan insanlar orda çoxdur. Bir neçə dəfə kənarda dayanıb həbsxanadan çıxan kişilərin söhbətlərinə qulaq asmışdım, qollarındakı döyməni necə yazdıqlarından danışırdılar. Bir-iki dəfə sınadım, tutdu, sevdiyim qızın baş həfrini yazmışdım. Sonra başqaları gördü və bəyəndi. Dedilər ki, mənə də et. Bu şəkildə adım yayıldı, bu işi həm sevməyə, həm də qazanmağa başladım. Ən nəhayət özümü tapdım!
- Qeyri-ənənəvi obraza bürünmüsünüz. Sizi incitmək istəmirəm, amma kənardan qorxulu görünür...
- Əvvəllər qəribə baxışlardan sıxılırdım, ya “Bisimilla” deyib dua edirdilər, ya da dodaqaltı nəsə mızıldanırdılar. İndi də baxırlar, bilirəm ki, bu, hər zaman belə olacaq. Amma daha əvvəlki kimi reaksiya vermirlər. Müştərilər deyir ki, ünsiyyət qurana qədər səni qəddar adam bilirdim. Tanışlıqdan sonra görürlər ki, hər şey göründüyü kimi deyil. Rəftar və səmimi danışıq simanı dəyişir.
- Hansısa döyməni etdirdikdən sonra peşman olmusunuz?
- Heç vaxt hansısa birini sildirmək haqqında düşünməmişəm.
- Üzünüzdəki 13 rəqəmi nəyi ifadə edir?
- Doğulduğum günün simvoludur, 13 noyabrda anadan olmuşam.
- Döymənin zərərli haqqında nəyi bilməliyik?
- Heç bir zərəri yoxdur, lakin getdiyin ustanın təmizlik qaydalarına əməl etməsi çox vacibdir. Əsl insan olmalıdır, ancaq insan olmayan şəxslər işlənmiş iynə, yeni açılmayan vasitələrdən istifadə edə bilər. 1-2 manata olan bir ləvazimatın yenisini işlətmək əvəzinə köhnəsini yuyub işlədənlərə münasibətim yaxşı deyil. Getməzdən əvvəl ustanı yaxşı-yaxşı araşdırmalıdılar ki, necə və hansı şəraitdə işləyir.
- Səhv etmirəmsə, həm də rəsm çəkirsiniz. Satışa qoyduğunuz rəsmlər varmı?
- Özüm üçün çəkirəm, sulu boyadan çox az istifadə edirəm, əksər hallarda qara qələmlə işləməyi sevirəm. Beynimdə bu, daha gözəl görünür. Satmaqdan daha çox cırıb tullamağı və ya əzib atmağı sevirəm.
- Bu necə sevgidi?
- İstəmirəm ki, çəkdiyim şəkil başqasının evindən və otağından asılsın.
- Döymə etdirmək istəyənlərə nə tövsiyə edərdiniz?
- Ən birinci öz içinizdən gəlməlidir, yazdırdığınız yazını və ya şəkli özünüz seçməlisiniz. Nə edəcəyinə usta yox, özün qərar verməlisən, həm də döymə səni yormamalıdır. İnternetdə döymə axtaranda diqqətli olsunlar, sırf döymə etdirmək xətrinə hər hansı birini seçib etməyin. Axtarış zamanı elə bir döymə çıxacaq ki, çox bəyənəcəksiniz. Digər hallarda bütün insanlar peşman olur. Elə mühitdə yaşayırıq ki, ətraf çox önəm daşıyır, odur ki, onların münasibətini də nəzərə almağa çalışın. Döymə elə olmalıdır ki, onu həm özün üstündə daşıya biləsən, həm də ətrafın “Bunu nədir vurdurmusan” deməsin. Nə qədər gözəl edilsə də, bir-iki nəfər bəyənmədiyini deyəndən sonra döymə gözünüzdən düşə bilər.
- Döymələriniz xanımlarla münasibət qurmağa mane olurmu? Yoxsa sizi olduğunuz kimi qəbul edən biri var?
- Döymə işinə başlayandan qadın dərdim və problemim olmayıb. Əksinə, ətrafımdakı qadınların sayını azaltmağa çalışıram. Qadınlar mənim üçün həmişə ikinci planda olub, əsas işimdir.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO