Xüsusi
Cinsi yolla keçən infeksiyalar və müalicəsi - Məşhur uzmandan şok faktlar
Ginekoloq Uzman Dr. Rəşad Sultan cinsi yolla ötürülən infeksiyaların müalicə yollarından danışıb və bildirib ki, bu kimi xəstəliklər vaxtında müalicə olunmazsa, sonsuzluq kimi ciddi fəsadlara səbəb ola bilər.
Publika.az ekspertlə müsahibəni təqdim edir.
- Həkim, intim gigiyena neçə yaşından başlayaraq həm qızlara, həm də oğlanlara öyrədilməlidir?
- Cinsi orqanlarla əlaqədar yaranan problemlər, cinsi yolla keçən xəstəliklər və onların profilaktikasını nəzərdə tutursunuzsa, əlbəttə ki, intim gigiyena cinsi aktivlik yaşından, hətta daha öncədən öyrədilsə daha yaxşı olar. Oxucularda belə bir sual yaranacaq ki, qanunla 18 yaşından öncə cinsi aktivliyə icazə verilmir. Bəli, qanunda müəyyən incəliklər var. Məsələ ondadır ki, icazə verilsə də, verilməsə də, insanın cinsi aktivliyi ilə onun sosial yetkinliyi və qanun arasında uyğunsuzluq var. Biz buna biososial disharmoniya deyirik. Cinsi yetişkənlik dövrü qızlarda bioloji olaraq 11-12, oğlanlarda isə 14-16 yaşından başlayır. Sosial mənada isə insan daha gec yetişmiş hesab olunur. Odur ki, 18 yaşından sonra cinsi həyata icazə verilir.
- Rəşad bəy, biologoiya dərsliklərində bu məsələlərə yer verilirmi, ümumiyyətlə müəllimlərin bu barədə şagirdləri məlumatlandırmasına ehtiyac varmı?
- Çox haqlı olaraq belə bir sual qoymusunuz. Bu, uşaqlara orta məktəbdə öyrədilməlidir. Əslində dərsliyin, qanunun, dinin və adət-ənənənin pisi yoxdur. Pis odur ki, onlara riayət edilmir. Biologiya dərsliklərində bir çox mühüm məqamlara yer verilib, heç yoxdan yaxşıdır. Əsas problem odur ki, dərsliklər nə dərəcədə oxunur və şagirdlərə öyrədilirmi?.. Bilirik ki, müəllimlər əksər hallarda dərsliklərdəki cinsi mövzuların üstündək keçir. Halbuki, bütün həyat və elm məktəbdən başlayır. Cinsi mövzuların və gigiyenanın ən yaxşı öyrədildiyi məkan orta məktəbdir, çünki hamısı yeniyetmə yaşdadır və bir yerə yığılıblar. Cinsi tərbiyə və cinsi sağlamlığın keçirilməsinə ciddi şəkildə və təhsil nazirliyi səviyyəsində nəzarət etmək lazımdır. Əgər icbari təhsil anlayış varsa, heç olmasa dərsliklərdə olanların şagirdlərə oxutdurulmasına və öyrədilməsinə məcburi şəkildə riayət edilməlidir.
- Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri nədir?
- Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri ginekoloji xəstəliklər arasında birinci yeri tutub, müxtəlif infeksiyalar tərəfindən törədilir. Bu infeksiyalara bakteriyalar, göbələklər, viruslar, parazitlər aiddir. Bu iltihabi xəstəliklərin hansı törədici tərəfindən əmələ gəlməsini bilmək, sonradan onların müalicə edilməsində mühüm rol oynayır. Törədicilər təkbaşına və ya müştərək şəkildə xəstəliyi əmələ gətirə bilər. Bakterial xəstəliklərin törədicilərinə qonoreya, xlamidiya, mikoplazma, ureplazma, qardnerella və s. aiddir ki, bu zaman xəstələr yaşıl-qəhvəyi rəngli köpüklü, pis iyli ifrazatdan, cinsi əlaqə zamanı ağrıdan, sidik ifrazı vaxtı göynəmədən şikayət edirlər. Bu şikayətlərin hamısının bir xəstədə olması mütləq deyil. Belə ki, hər bir qadında bu və ya digər şikayət qabarıq ola bilər. Həmçinin infeksiyanın hansı cinsi orqanda iltihab törətmısindən asılı olaraq da şikayətlər dəyişə bilər. Məsələn, iltihab cinsiyyət orqanlarının aşağı şöbələrindədirsə, əsas əlamət pis iyli, yaşımtıl rəngli ifrazat olduğu halda, yuxarı şöbələrdə olduqda əsas əlamət çanaq nahiyəsində olan və belə vuran ağrılar olur.
Həmçinin orqanizmin ümumi müqaviməti və yanaşı gedən xəstəliklər də iltihabi prosesin əmələ gəlməsində rol oynayır. Burda həm də qadınların şəxsi gigiyena qaydalarına əməl etməsi də mühüm yer tutur. Qadınlar şəxsi gigiyena qaydalarını icra edərkən, bəzi hallarda uşaqlıq yolunun içini də yumalı olduqlarını düşünürlər. Ancaq bu tamamilə yalnışdır, çünki uşaqlıq yolu daxili duşla yuyularkən orda yerləşən normal flora da pozulur. Yəni uşaqlıq yolu üçün lazımlı, laktobasillər adlanan mikrobları da məhv etmiş olurlar.
Şikayətlər olmasa belə, mütamadi olaraq profilaktika məqsədilə həkim ginekoloqun müayinəsində olmaq, təzə baş qaldırmış xəstəliyin vaxtında aşkar olunub asanlıqla müalicə olunması xəstə üçün vacibdir.
- Cinsi yolla ötürülən infeksiyalardan qorunmaq üçün hansı qaydalara əməl etmək lazımdır?
- Cinsi infeksiyaları artıran risk faktorlarından biri poliqamiyadır (red. bir fərdin ikidən çox əks cinsin nümayəndəsi ilə eyni vaxtda cinsi əlaqədə olması). Odur ki, partnyorun bir olması, monoqamiya deməkdir və bunun özü bir profilaktikadır. İkincisi, bildiyimiz ən universal prezervativ və komdomlar kimi mexaniki vasitələrdir. Əslində onlar da 100 faizlik deyil. Bəzi infeksiyalara qarşı peyvəndlər var. Məsələn, xərçəng törədən popiloma virusunun ştammlarına qarşı peyvənd mövcuddur. Bu da bir qorunma üsuludur. Nəticədə bu gün uşaqlıq boynu xərçəngini cinsi yolla keçən infeksiya və ya həmin virusun törətdiyi xəstılik kimi qəbul edirik.
Moniqamiya və poliqamiya sosial məsələdir, biz həkimlərin ən çox vurğuladığı məqam prezervativlərdən istifadədir. Uşaqlıq boynu xərçəngindən qorunmaq üçün peyvəndi də unutmamaq lazımdır.
- Birdən çox partnyoru olan insanlarda cinsi xəstəliklərə yaxalanmaq riski daha yüksəkdir?
- Bəli, bu, sosial tərcih olsa da, bilirik ki, birdən çox partnyorun olması – poliqomiya cinsi yolla keçən xəstəliklər baxımından risk faktoru sayılır.
- Bu infeksiyalar müalicə ilə sağalırmı? Müalicə prinsipi nədən ibarətdir və hansı halda heç bir nəticə verməyə bilər?
- İnfeksiyalar müxtəlifdir, adi qonerayadan, xlomediyadan tutmuş, sifilis və qazanılmış immun çatışmazlığı simdiromunun törədicisi olan HİV kimi xəstəliklərə qədər geniş yelpazədə dəyişir. Mahiyyət etibarı ilə infeksion xəstəliklərdir, əlbəttə ki, bakteriyaların törətdikləri antibiotiklərlə sağalırlar. Sifilis də, qoneraya da sağalır, xlomediya, mikoplazma və urealplazmada vəziyyət bir qədər dəyişkəndir. Onlar gizli keçdiyinə görə, çox vaxt xəstələr gecikmiş halda müraciət edirlər, fəsadları da gec aşkar olunur. Hər bir xəstəlik ayrı bir mövzudur. Əlbəttə ki, hər birinin antibiotiklə müalicəsi var.
Cinsi yolla keçən herpes, papiloma, Hepatit B və Hepatit C kimi, virus xəstəliklərin isə antibiotik müalicəsi yoxdur, eyni zamanda HİV-in. Bunlar ya öz-özünə sağalır, ya gizli şəkildə qalırlar. Ya da HİV kimi, insanı yavaş-yavaş ölümə aparırlar. Odur ki, infeksiyalardan qorunmaq çox vacibdir.
- Bilirik ki, tibb dünyası dayanmadan inkişaf edir, bir çox xəstəliklərin müalicəsi üçün yeni dərman və preparatlar istehsal olunur. Bəs bu sahədə tətbiq olunan müalicə üsullarındakı yeniliklər haqqında nə demək olar?
- Antibiotiklərin tərkibi günü-gündən daha da inkişaf etdirilir, artıq qonoreya və sifilis problem deyil. Xlomediya və mikoplazma xroniki şəkildə getdiyinə görə, antibiotiklər nə qədər inkişaf etsə də, xroniki xəstəliklərin tam müalicəsi olmadığına görə, problem olaraq qalırlar. Hepatit B-nin müalicəsi yoxdur, amma peyvəndi var. Hepatit C-nin müalicəsi var.
Ən təhlükəli xəstəlik olan immunodefist virusuna gəldikdə, onun dünyada bir neçə müalicə halları qeyd olunub.
- Cinsi infeksiyalar sonsuzluğa səbəb olurmu?
- Xüsusilə xlomediya, mikoplazma və urealplazma kimi xroniki xəstəliklər qadınlarda uşaqlıq borularının tıxanmasına səbəb olub, boru faktoru ilə əlaqəli sonsuzluğa gətirib çıxara bilir. Kişilərdə isə toxumçıxarıcı yolları zədələyə bilərlər. Bu tip infeksiyalar sonsuzluğa səbəb ola bilir. Dərd orasındadır ki, bunlar aktiv yox, xroniki şəkildə keçirlər.
- Azərbaycanda ən çox rast gəlinən cinsi infeksiyaların statistikası aparılırmı?
- Azərbaycanda bu infeksiyaların statistikasından danışmaq çətindir. Cəmiyyətin strukturu və adət-ənənəsi ilə bağlı, xüsusilə qadınlar daha monoqomik olduğundan, bizdə cinsi infeksiyalara Qərb ölkələrindən və Rusiyadan daha az rast gəlinir. Son zamanlarda artır, təəssüf ki, əlimdə hər hansı bir statistikası yoxdur.
- Həkim, onlarla cinsi xəstəliklər və qadın sağlamlığı problemləri olduğu halda bu gün cəmiyyətimizdə bakirəlik mövzuları həm sosial mediada, həm də mediada daha çox müzakirə olunur və gündəmə çıxarılır. Daha ciddi problemlərin kölgədə qalması sizi bir ginekoloq kimi narahat edirmi?
- Bu, yaralı yerimdir. Nə yaxşı ki, bunu məndən soruşdunuz. Bəli, bizdən sizin kimi müsahibə alan jurnalistlər çox olur, televiziya proqramlarına da çox dəvət olunuruq. Görürük ki, yeniyetmələrdən və onların cinsi tərbiyəsindən danışanda çoxu bunu 19-cu əsr səviyyəsində anlayır... Cinsi xəstəliklərdən, arzuolunmaz hamiləliklərdən qorunmaq yolları bir kənarda qalır və bəziləri gənc qızların başına ağıl qoymaqla məşğul olur. Ay bakirəlik belə getdi, monoqomiya belə gəldi və.s ...
Cinsi tərbiyə “Ay qızım, evdən çölə çıxma, bakirəliyini qoru” deməkdən ibarət deyil. Cinsi tərbiyə odur ki, biz insanların sosial işlərinə qarışmadan onaları sağlamlıq baxımından maarifləndirək. Ey qızlar və oğlanlar, yeniyetmələr və gənclər, cinsi yolla keçən xəstəliklərindən və arzuolunmaz xəstəliklərdən qorunun. Cinsi tərbiyə, cinsi gigiyena və cinsi sağlamlıq mövzusunda maarifləndirmə iki istiqamətdə olmalıdır. Həkim də, ağsaqqal da olsaq, heç kim bizə ixtiyar vermir ki, bizim ailə üzvü olmayan uşaqların başına ağıl qoyaq, onların cinsi seçimlərinə və yaxud da şəxsi həyatdakı seçimlərinə qarışaq. Bizim həkim olaraq məqsədimiz və vəzifəmiz mediada cinsi sağlamlığı təbliğ etmək və insanları maarifləndirməkdir.
Aytən Məftun
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş