Xüsusi
Azərbaycanlı ekspert: "Ərə getmək qadınlarımız üçün artıq prioritet deyil"
Münasibət və boşanma üzrə sertifikasiyalı kouç Kama Əhməd sevgini qorumağın sirlərini açıb. Mütəxəssis sağlam ailə münasibətləri qurmağın və xoşbəxt olmağın yolları barədə ətraflı məlumat verib.
Publika.az Qadın Münasibət və Boşanma Kouçu Kama Əhmədlə müsahibəni təqdim edir.
- Kama xanım, suallara keçməzdən öncə sizinlə tanış olaq.
- Mən, Kama Əhməd Qadın Münasibət və Boşanma Kouçuyam. Azərbaycan Dillər Universitetini bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirmişəm. İş həyatıma Bakı Slavyan Universitetində və Xarici Dillər Universitetində başlamışam. Bir sıra xarici layihələrdə və beynəlxalq şirkətlərdə İnzibati və İnsan Resursları şöbələrində çalışmışam, rəhbər vəzifələrdə olmuşam. Ümumi əmək stajım 15 ildir. 4-cü ilə keçib ki, kouçluqla məşğulam.
- Kouç nə deməkdir və vəzifələrinə nələr daxildir?
- Kouç insanlara arzu etdiyi həyatı yaratmağa kömək edən mütəxəssisdir. Yaxşı kouç potensial sərrafıdır və müştəriyə, sahib olduğu potensialı üzə çıxarmağa və onu reallaşdırmağa kömək edir. Kouç vizyon və hədəflərin təyin olunması və nəticələrin əldə olunması, yüksəlməsi üçün işə götürülmüş mütəxəssisdir.
Kouçinq özü dəyişim prosesidir. Müştəriyə öz cavablarını tapmaqla karyerasında və şəxsi həyatında daha böyük müvəffəqiyyətlə irəliləməyə imkan verən peşəkar münasibətdir. Kouçinqə əsasən potensialını tam reallaşdırmaqda çətinlik çəkən, həyatının müəyyən mərhələsində ilişib qalmış, gələcəyə irəliləyə bilməyən və qərarsızlıq yaşayan insanlar müraciət edirlər.
Kouçun əsas vəzifəsi müştəriyə şəxsi və peşəkar həyatında görmək istədiyi dəyişikləri əldə etməyə kömək etməkdir. Kouçla əməkdaşlıqla müştəri özü və həyatı ilə bağlı yeni anlayış və insaytlar qazanır. Özünü və həyatını qavrayış şəkli dəyişir. Kouç seanslar zamanı məsləhət vermir, çünki kouçinq fəlsəfəsinə görə, hər bir insan öz həyatı üzrə ekspertdir, bütün ehtiyacı olan cavablar artıq onun daxilindədir və kouç, sadəcə müəyyən peşəkar alətlərlə o cavabları üzə çıxarmağa kömək edən mütəxəssisdir.
- Qadın və kişi münasibətləri üzrə kouç olmağa niyə qərar verdiniz, hər şey necə başladı?
- Həyatımın parçaları yerinə oturduqca, anlayıram ki, əslində həyatım boyunca bu peşəyə gəlirəmmiş. Şəxsi hekayəm, bacarıq, istedad və maraqlarımın təhlili insanları tanımaq və onlara kömək etmək istəyi və daxili çağırış kouçluğu seçməyimə səbəb oldu. İşimi çox sevirəm: Kouçinq mənim ehtirasım insanlara və Tanrıya xidmət şəklimdir.
Münasibət kouçluğuna gəldikdə isə bu seqmenti seçməyimin əsas səbəbi münasibətlərə olan marağım və şəxsi həyat hekayəm oldu. Toksik münasibətlərlə baş etməklə keçmiş uşaqlıq və gənclik illərim, ağrılı boşanma təcrübəm - yəni deyə bilərəm ki, işim həyatımın məntiqi nəticəsidir.
Münasibət kouçinqinə tək qadın və kişi, ailə və cütlük deyil, həm də ailə üzvlərimizlə olan münasibətlərimiz, biznes, dostluq münasibətləri, yeni görüşənlərin və subay şəxslərin kouçinqi və boşanma kouçinqi daxildir.
Boşanama öncəsi, zamanı və sonrasında keçirdiyim təklik hissi, mənəvi dəstəyin olmaması, mənə qadınlarımızın həyatlarının məhz bu dönəmində nə dərəcədə dəstəyə ehtiyacı olduğunu göstərdi. Öz problemlərimi həll etdikdən, həyatımı düzənə saldıqdan sonra “Yaşadıqlarımla necə fayda verə bilərəm?” sualı ətrafında düşünürdüm. Bu dövrdə mən də karyera, təhsil kouçinq və mentorluq xidmətləri üzrə peşəkar dəstək aldım. Qərar verdim ki, qadınlarımızın çətin dönəmdə ehtiyac duyduğu dəstəkçi özüm olum. Qadınlarla işləməkdən böyük zövq alıram. Onlar mənə enerji verir.
- Universitetlərimizdə, bildiyim qədər, kouçluq ixtisası yoxdur. Siz bu işin təhsilini harda almısınız?
- Haqlısınız, kouçluq üçün formal ali təhsil yoxdur. Lakin nəzarətedici qurum – Beynəlxalq Kouçinq Feredasiyası var. Beynəlxalq Kouçinq Federasiyası tərəfindən akreditə olunmuş qurumlar və peşəkar kouçluq proqramları mövcuddur. Mən təhsilimi World Coach Institute (ABŞ)- da almışam. Peşəkar Serifikasiyadan keçdikdən sonra əlavə olaraq, elə oradaca münasibət kouçluğu üzrə seqment ixtisaslaşması keçmişəm. Peşəkar kouç həyatın istənilən mövzusu ilə bağlı sessiya keçə bilər. Seqment seçimi şəxsi maraqdan və təkmilləşmə istəyindən asılıdır.
Kouçluğa formal təhsil tələb olunmadığı üçün təssüflər olsun ki, bu sahədə boşluqlar var. Sosial platformalarda insanlar qeyri-peşəkarlar tərəfindən aldadılır. Bu, peşəyə olan ictimai münasibətə mənfi təsir edir. Üzücüdür ki, Yaşam Kouçu bir qisim üçün məsxərə mövzusuna çevrilib. Yeri gəlmişkən, yaşam kouçluğu peşənin əsas adı deyil, kouçluğun çoxsaylı qollarından, sadəcə biridir. Sessiyadan sonra bir çox müştəridən “Kouçluq barədə düşüncələrim indiyə kimi yalnış olub” şərhini almışam. Zaman, vəsait və əsəb itkisinin qarşısını almaq üçün yaxşı olar ki, müştərilər müraciət etdikləri mütəxəssisi yaxşı araşdırsınlar, ödənişsiz tanışlıq görüşü istəsinlər, mütəxəssisin kvalifikasiya və təcrübəsini öyrənsinlər. Bir də kouçluqda kimya çox önəmlidir. Hər kəs üçün yaxşı olan kouç sənə uyğun olmaya bilər.
Kənardan asan pul mənbəyi kimi sayılsa belə insanlarla işləmək çox enerji tələb edir. Peşəkarlaşmaq üçün böyük zaman, enerji və pul sərmayəsi etməlisən. Ən əsası, bu işi sevməlisən. Hər peşədə olduğu kimi, peşə seçimində qazanc doğru seçim meyarı deyil. Yaxşı kouç ola bilmək üçün insanları sevməlisən və onlara kömək etməyi qarşına məqsəd qoymalısan. Hər cür müştəri müraciət edir. Yaxşı kouç olmaq üçün güclü intuisiyaya və ünsiyyət qabiliyyətinə, əsnəkliyə və empatiya qabiliyyətinə sahib olmalısan. Daimi təkmilləşmək və öyrənmək Beynəlxalq Kouçinq Federasiyasının peşəkar Kouçların üzərinə qoyduğu əsas tələblərdən biridir.
- Deyə bilərik ki, pixoloqla kouç eyni işi görür?
- Oxşarlıqlar var, lakin görülən işlər fərqlidir. Hər biri ayrılıqda çox mühümdür. Kouçluq seansı psixoterapiya seansı deyil. Burada gələcək müzakirə olunur, vizyon, hədəf təyin olunur, psixoterapiya seansından sonra insan rahatlayırsa, kouçluq seansından insanlar yüksək enerji, əhval-ruhiyyə, motivasiya, özünə inam, qərar və planla ayrılır.
Psixoloq xəstənin indisi və keçmişi üzərində işləyir. Kouçsa müştərinin keçmişinə girmir- indisi və gələcəyi üzərində işləyir. Psixoloq keçmişi sağaldırsa, kouç gələcəyi yaradır. Peşəkar kouç müştərinin keçmişinə yalnız öyrənmək məqsədi ilə baxır, müalicə etmir, şəfa gətirmir. Simptomlardan azad etmir. Kouç mental cəhətdən stabil insanlarla işləyir. Dünya praktikasında kouçlar və psixoloqlar sıx əməkdaşlıq edir, bir-birinə müştəri yönləndirmələri edir.
Ağır travmaları olan, depressiyadan əziyyət çəkən, təşviş, panik atak, kəskin qorxuları və digər psixoloji problemləri olan müştəriləri dərhal psixoterapiya üçün klinik psixoloqa yönləndirirəm. Müştəri həm psixoloqla, həm kouçla eyni anda əməkdaşlıq edə bilər və bu çox səmərəli nəticələr verə bilir. Təssüflər olsun ki, ölkəmizdə bu peşə sahibləri arasında əməkdaşlıqlar mövcud deyil. Çünki bəzi “kouç”lar psixoloqların işini görməyə çalışır və ya bunu iddia edir. Psixoloqların bir qismi isə beynəlxalq peşəkar təlimlərdən keçmədən kouç ünvanını rahatlıqla adlarının yanına əlavə edə bilir. Bu isə süni rəqabət hissi yaradır. Olan müştəriyə olur. Halbuki, rəqabət deyil, əməkdaşlıqla müştərilərimizə daha çox fayda gətirə bilərik. İstərdim ki, hər kəs öz kvalifikasiyasına və təcrübəsinə uyğun işləsin və bu iki sahənin mütəxəssisləri arasında əməkdaşlıqlar güclənsin.
- Statiskalar göstərir ki, boşanma sayı Azərbaycanda hər il daha çox artır. 2021-ci ildə toyu olan hər üç cütlükdən biri boşanıb. Əvvəlki illərlə müqayisədə ailə modelləri xeyli dəyişib, cəmiyyətin əsas sütunlarını təşkil edən klassik ailə modeli və ailə institutu sıradan çıxmaq üzrədir. Bəs boşanmaların bu qədər sürətli artmasının səbəbləri nədir? Qadın və ya kişi harada və nəyi səhv edir?
- Boşanmalar tək Azərbaycanda deyil, dünyanın hər yerində artır. Təəsüflər olsun ki, sürətli texnologiyalar əsrində münasibətlər də sürətlə yaşanır və tez tükənir. Əvvəllər insanlara bir-birini kəşf etməyə daha çox zaman gərək idi. Maraq münasibətləri canlı saxlayır. İndi bəyəndiyiniz şəxsin sosial hesablarını yoxlamaqla, həyatı, düşüncələri, dostları barədə bir çox detalı cəmi 1-2 günə öyrənə bilirsiniz. Kəşf edəcək, maraq edəcək çox şey qalmır.
Kişilərin əksər qismi üçün müəyyən yaşa qədər böyük dünya – onların cəmiyyətdəki statusu, karyerası, sosial həyatı, dostları, hər zaman daha öndə olub. Xanımlarımız üçün kiçik dünya - onların ailəsi daha önəmli olub. İndi qadınlarımız da əvvəllkinə nisbətən daha çox oxumaq, özünü inkişaf etdirmək, səyahət etmək, potensiallarını reallaşdırmaq istəyir. Ərə getmək qadınlarımız üçün artıq prioritet deyil. Dəyişən dünyada qadın tək ailədə deyil, böyük dünyada da reallaşmaq istəyir və bu qarşı tərəfin xoşuna gəlməyə bilir. Qarşı tərəf bu istəyi və ambisiyaları dəstəkləmədikdə, problemlər başlayır. Real müştəri keysləri üzərindən danışım: Qadın aparıcı şirkətlərin birində rəhbər vəzifədə çalışır, irəliləmək istədiyi üçün çox işləyir, yoldaşı isə onun vaxtında evdə olmasını, ev işləri görməsini tələb edir. Ehtiyaclar və dəyərlər fərqli olduğundan, tərəflər bu fərqlilikləri qəbul etmək istəmirlər. Daha bir səbəb ailə həyatında dəyərlərin doğru təyin olunmamasıdır. Məsələn, karyerasında uğurlu bir bəy sözdə ailəsinin bir nömrəli dəyəri olduğunu bildirir, lakin söhbət əsnasında əməllərin dəyəriylə üst-üstə düşmədiyini görürsən: uşaqlara və həyat yoldaşına zaman və diqqət ayrılmır.
Qadınlarımız artıq gücləndiyi üçün onların ehtiyacları və ailədən gözləntiləri də dəyişib. Qadınlar işləyir və öz ehtiyaclarını ödəyə bilir. Əvvəllər ailələr həyatda qalmaq, nəsil artırmaq, maddi təminat üçün qurulurdusa, müasir ailədə insanlar sevgi və diqqət axtarışındadır. İnsanlara münasibətdə keçirdiyi hisslər, dəyərli olduğunu hiss etmək, karyerasında mənəvi dəstək görmək daha əhəmiyyətli olub. İnsanlar eşidilmək və görülmək istəyir.
İş təcrübəm üzərindən deyə bilərəm ki, boşanmaq istəyi ilə müraciət edən xanımların əksəriyyətinin göstərdikləri əsas səbəb sevgisizlik və diqqətsizlikdir. Qadınlarımızın əksər hissəsi inkişafı ilə bağlı yoldaşlarından ehtiyac duyduqları dəstəyi görmür, təlimlərə, kurslara, dəstək xidmətlərinə etdikləri ödənişləri gizlətmək məcburiyyətində qalır. “Qadın nədir, biznes nədir” düşüncəsi ilə qadınlarımızın bir çoxunun içindəki sahibkarlıq ruhu boğulur və onlar xoşbəxt olmadıqları üçün ayrılırlar.
Ümumi olaraq ünsiyyət problemləri, tərəflərin bir-birinin xarakterik fərqlərini qəbul etmək istəməmələrini, bir-birini dəyişmək cəhdlərini, ehtiyacların və dəyərlərin fərqliliklərini göstərə bilərəm. Cütlüklər söhbət etmir, bir-biri ilə bölünməz zaman keçirmir, yanaşı ikən belə telefonda vaxt keçirirlər. Problemlərin əsas səbəbi cütlüklərin evlilikdən sonra münasibətləri üçün nələrsə etməməsidir - sevgililik dönəmində göstərdikləri diqqəti bir-birinə ayırmılarr və zamanla bu diqqət kənarda axtarılır. Xəyanətlər yaşanır.
Nə qədər təəccüblü olsa belə xəyanət çox halda boşanmaq üçün əsas səbəb olmur. Hər birimiz ətrafımızda xəyanəti bilən, lakin susan xanımlar tanıyırıq.
Qadına zorakılıq isə 10 evlilikdən 8-9-da rastlaşdığım haldır. Azərbaycan qadınları işləmirsə, çox halda iqtisadi, psixoloji və fiziki şiddətə dözür, boşana bilmir. Bölgələrimizdə əmək kartları qaynanasında, qaynatasında, yoldaşında olan, illərlə öz qazancının üzünü görməyən, təməl sağlamlıq ehtiyacları ödənməyən qadınlarımız var.
Ailə münasibətlərini qorumağın yolu ilk olaraq sevgiyə əsaslanır. Bu yol sevdiyiniz insanın fərqindəliklərini qəbul etməyi, kompromisə getməyi öyrənmək, münaqişlər zamanı təhqirə keçməmək, şəxsiyyəti alçaltmamaq, uzatmadan barışıq cəhdləri etmək, qarşılıqlı hörməti və anlayışı qoyub saxlamağa çalışmağı tələb edir. Münaqişlərdən qaçmaq mümkün deyil, onlar sağlam münasibətin göstəricisidir. Münaqişədən sonra etdiklərimiz daha önəmlidir: bir-birinizə sakitləşmək üçün zaman vermək, qarşı tərəfi sakitləşdirməyə çalışmaq lazımdır. Elmi araşdırmalara görə, burada qadın daha böyük rol oynayır. Belə ki, onun ehmalca toxunuşu, təbəssümü də kişini sakitləşdirə bilir.
Xoşbəxt ailənin sirri başlanğıcda mövcud olan pozitivi qoruyub saxlaya bilməkdədir. Münasibət 7/24 işdir, boşanma hallarının çox olması göstərir ki, çoxluq münasibətləri üzərində işləməyi seçmir. Həm qadın, həm kişi ünsiyyət bacarıqları üzərində işləməlidir, münasibət psixologiyasını oxumalı, öyrəndiklərini birlikdə tətbiq etməli, sevgililik dönəmindəki tək görüşlərə çıxmalı, bir-birinə xırda jestlər etməli və həll edə bilmədikləri problemlər yaşanan zaman gec olmadan peşəkar dəstək almalıdır. Qadınlarımız kömək istəməyə meyilli olsalar da, bəylərimizin böyük qismi hələ də bu növ dəstək almaq istəmir, insanların bir qismi kouça və psixoloqa gedənləri “dəli” adlandırır. Bu da münasibət üzərində qarşılıqlı işləməyib onları münasibətləri yaxşılaşdırmağı mümkünsüz edir.
- Azərbaycanda ailədaxili münaqişələr ən çox nə üstündə baş verir? Yaş amili nə dərəcədə rol oynayır?
- Ümumi problemlərdən bəhs etdim. Problemlər xarakterik fərqlər, həyata fərqli baxış açıları, tərəflərin qohumları, xəyanət, özgüvən və partnyoruna güvən əskikliyi, qeyri-real gözləntilər, maddi sıxıntılar və s. ola bilir. Ailələr və problemlər fərqlidir. Lakin elmi araşdırmalar deyir ki, insanlar, adətən çox əhəmiyyətsiz və ya dəyişdirilməsi mümkünsüz olan şeylər üstündə münaqişə edir.
Yaş deyil, insanın inkişaf səviyyəsi münasibətlərdə uğuruna təsir edir.
- Münasibətləri nə zaman xilas etmək olmur?
- Sevgi və hörmətin hələ də sağ olan münasibətləri xilas etmək mümkündür. Görürsən ki, xanım boşanmaq istəyi ilə müraciət edir. Söhbət əsnasında aydın olur ki, hisslər sağdır, münasibətləri xilas etmək üçün bütün yollara əl atılmayıb. Yaxınlıqda yaşayan ailə üzvü problemlərə səbəb olur. Yeni yaranmış fərqindəliklə qadın qərarını dəyişir və cütlük şəklində görüşürük. Cütlük kouçun köməyi ilə bir-birini dinləyir, vəziyyəti dəyişmək istəyi olduqda bu yolları müzakirə edir və gələcəyi ilə bağlı plan yaradır, həyata keçirir və problem həll olunur. Cəhdlərin uğurlu olmasına səbəb isə sevginin hələ də sağ olması olur.
Daha bir nüans tərəflərin ailədə qalmaq istəyinin mövcudluğudur. Bu istək yoxdursa, heç nə etmək olmur. Evlilikdə tərəflər emosional baxımdan uzaq düşə bilir. Yoldaşını sevməyən insan başqasını sevdiyini bildirir və boşanmağı seçir. Kouç müştərinin qərarına təsir etmək iqtidarına sahib deyil. Müştəri ilə özünün dəyərləri aspektindən deyil, onun dəyərləri aspeketindən, mühakiməsiz və qınaqsız çalışmalısan. Sənin nə düşündüyün önəmli deyil, müştərinin nə etmək istədiyi önəmlidir. Məsuliyyət də, qərar da onundur. Edə biləcəyin yeganə təsir suallarla düşündürmək və ehtiyac hiss etdiyin kitabı oxumağını məsləhət görməkdir.
Ümumiyyətlə evliliyi və partnyoru ilə bağlı pozitivi neqativdən daha çox olan evlilikləri xilas etmək olur. Araşdırmalar deyir ki, əgər evlilikdə şəxsiyyəti alçaltma, susaraq cəzalandırma, nifrət hissi, tənqid və digər destruktiv davranış şəkilləri mövcuddursa- bu münasibətləri qurtarmaq üçün bir az gec ola bilər. Təcrübəmdə də müştərilərin şəxsiyyətləri alçaldığı üçün boşanmaq istədiklərini müşahidə etmişəm. Bir də qeyd etməyi vacib sayıram - münasibətlərdə kəskin problemər zamanı psixoterapiya almaq lazımdırsa, bu təkliflərə gülmək deyil, əməl etmək lazımdır. Hörmət və hisslər öldükdən sonra münasibətləri xilas etmək üçün gec ola bilir.
- Ümumiyyətlə ailənin möhkəm olması üçün əsas şərtlər hansılardır? Burda qadın, yoxsa kişi daha böyük rol oynayır?
- Münasibətdə səylər bərabər və qarşılıqlı olmalıdır, çünki bir tərəfli olduqda digər tərəf yorulub vaz keçə bilir.
Sevginin əhəmiyyətindən çox bəxs etdim, amma bu tək şərt deyil. Ailədə dostluq, dürüstlük və sədaqət varsa, birgə hər cür həyati maneəni aşmaq olar. Problemlər ailəni zəiflətməli deyil, əksinə problemlər ailəni birləşdirə bilər, ümumi məqsəd üçün çalışmaq komanda ruhunu yaradar.
Ailəmizin möhkəm olması üçün bir-birimizə köməyi və dəstəyi ümumi dəyərimizə çevirməliyik. Münasibətlərdə problemlər yaşandıqda görməzdən gəlmək, göz yummaq, susmaq əvəzinə söhbət etmək, çıxış yolları axtarmalıyıq. Tənqid etmədən şikayət etməyi öyrənməliyik. İnsanı deyil, davranışı müzakirə etməyi, ümumiləşdirmələrdən, günahlandırmadan kənar qaçmalıyıq. Hər birimiz özümüzü qarşı tərəfin yerinə qoymağı öyrənməliyik. Ümumi maraqlar yaratmalı, ümumi hədəflər təyin etməliyik. Münasibətlə bağlı eyni istiqamətə baxmalıyıq, birgə vizyona sahib olmalıyıq. Ailəmizin möhkəm olması üçün bir-birimizin müsbətlərinə fokuslanmağı və dəyişə bilməyəcəyimiz çatışmazlıqları zarafata salıb qəbullanmağı öyrənməliyik. Ailələrmizin möhkəm olması üçün daha çox sevməyi öyrənməliyik.
- Boşanmış qadınlara əvvəllər ölkəmizdə münasibət birmənalı deyildi, hazırkı durumu necə qiymətləndirirsiniz?
- Boşanma halları çoxalsa belə boşanmaya və boşanmış qadınlara münasibət bir o qədər də dəyişməyib. Bir çox qadınlar sosial həyatlarında, iş yerlərində, sosial hesablarında boşandıqlarını gizlədir, hətta bəzi xanımlar 2-ci evlilikdə olduqlarını belə gizlədirlər. Bu problemlər kişilər üçün də mövcuddur. Onlar boşanmanın onların ailə və cəmiyyət yanındakı nüfuzunu aşağı salacağına inanırlar. Qərarsızlıq və qətiyyətsizlik yaşayırlar.
Boşanmağı qərara almış insanlara qarşı təzyiqlər hələ də mövcuddur. Bu hər iki cinsə qarşı belədir. Bəzi ailələr gənclərə xoşbəxt hiss etmədikləri evlilikdə qalmaları üçün basqı edir, münasibətləri düzəltmək üçün övlad dünyaya gətirməkdə israr edir, övladlar dünyaya gəlir, lakin vəziyyəti övlad belə qurtara bilmir. Bu yaxınlarda praktikamda belə bir hal yaşadım. Yeni doğulmuş körpəsi olan bir cütlük boşandı.
Fikir vermişəm ki, boşanmaya qarşı olan bu münasibət və qorxular, boşanmadan sonrakı həyatla bağlı insanların beynində neqativ rəsm formalaşdırır ki, bu da onlara şiddət, əziyyət gördükləri evliliklərdən belə getməyə imkan vermir. Ətraf aləmin səs-küyündən insan özü nə istədiyini eşidə və dərk bilmir. Kouç bu zaman müştərinin özünü eşidə biləcəyi təhlükəsiz və sakit alanı təqdim edir, ona tərəfsiz empatiya göstərir, insan özünün nə istədiyini anlayır, öz qərarını verir. Müştərinin qərarının nə olmasından asılı olmayaraq kouç onun yanında olur.
- Söylədiniz ki, xəyanət əksər hallarda boşanmaya səbəb olmur. Bəs həyat yoldaşının xəyanət etdiyini öyrənən qadın, sizcə, hansı addımı atmalıdır? Ailəsini qorumaq üçün əlindən gələni etməlidir, yoxsa boşanma ərizəsini yazmalıdır?
- Bu məsləhəti ona heç kim verə bilməz, çünki bu, hər kəsin özünün verməli olduğu qərardır. Sədaqət bir xanım üçün dəyər ola bilər, digəri üçün isə stabillik daha önəmli sayılar. Dəyərlər və ehtiyaclar fərqlidir. Xəyanət yaşamış qadın travma aldığı üçün ilk olaraq psixoterapiya almalıdır, özü və ruhu ilə məşğul olmalıdır. Boşanmaya mental, maddi, planlı hazırlıq dövrü verilməsi daha uyğundur. Ailəsini qorumaq istəyi varsa, münasibətləri yaxşılaşdırmaq üçün ikitərəfli addımlar atılması gərəkdir. Xəyanət edən tərəf də uzunmüddət psixoterapiya almalıdır. İstərdim ki, insanlar xoşbəxt və dəyərli hiss etdikləri münasibətlərdə olsun.
Aytən Məftun
Foto: Elnur Muxtar
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi