Günlərlə dağıntılar altında qalan insanlarda rast gəlinən "gülümsəyən ölüm"ün sirri - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Günlərlə dağıntılar altında qalan insanlarda rast gəlinən "gülümsəyən ölüm"ün sirri - MÜSAHİBƏ

Türkiyədə baş verən dəhşətli fəlakətdə dağıntılar altından sağ çıxarılan insanlarda ən çox rast gəlinən ağırlaşmalar "kraş sindromu" adlanır. Mütəxəssislərin sözlərinə görə, bu, dağıntılar altında qalma nəticəsində uzun müddət sıxılma və hərəkətsizlik nəticəsində baş verir. "Kraş sindromu"nun ən əhəmiyyətli təsiri isə kəskin böyrək çatışmazlığıdır. Sürətli və effektiv müalicə tətbiq edilmədikdə, əzələlərin həddindən artıq əzilməsi ölümlə də nəticələnə bilər.

Xatırladaq ki, 1999-cu ildə Gölcükdə baş verən 7,4 bal gücündə zəlzələdən sonra meydana gələn böyrək çatışmazlığı tibb tarixində qeydə alınan ən böyük nefroloji fəlakət adlandırılmışdı.

"Kraş sindromu"nun əlamətləri və müalicəsi haqqında ətraflı məlumat verən anestezioloq-reanimatoloq Turanə Rəsulova bu barədə Publika.az-ın sualların cavablandırıb. O, həm də zəlzələ qurbanlarının aldığı travmaların aradan qaldırılması məsələsinə toxunub.

- Doktor, Türkiyədə baş verən zəlzələdən sonra gündəmə gələn "kraş sindromu" nədir?

- Skelet əzələlərin, əsas etibarı ilə aşağı və yuxarı ətrafların uzun müddət yük altında qalması nəticəsində əmələ gələn əzilmə sindromudur. Zəlzələdə betonlar altında qalmış əzələ parçalanmağa başlayır. Yük əzələnin üstündə olduğu müddətdə, əzələnin oksigensiz qalıb parçalanmasından yaranan maddələr ümumi qan dövranına keçmir. Yük qaldırıldıqda parçalanma məhsullarının ümumi qan dövranına keçməsi və ümumi qan dövranında dövr edən qanın plazmasının əzilmiş nahiyəyə sızması nəticəsində kəskin böyrək çatışmazlığı, ciddi elektrolit pozuntusu, aritmiya və hipovolimik şok əmələ gələ bilər. "Kraş sindromu"na "gülümsəyən ölüm" də deyirlər. Üzərindəki yük qaldırıldığı üçün sevinən şəxsin vəziyyəti uyğun tibbi müdaxilə olunmadığı halda anidən dəyişə, pisləşə və ölümlə nəticələ bilər. Odur ki, buna "gülümsəyən ölüm" də deyilir.

Dağıntılar altında qalan insanı xilas etmək və yükləri qaldırmaq bir neçə saat çəkə bilər. "Kraş sindromu"nun ağır nəticələrini önləmək üçün yüklər qaldırılmağa çalışıldığı müddətdə, artıq uyğun tibbi müdaxiləyə başlanılmalıdır. Tibbi personal tərəfindən damar yolu açılıb, maye köçürülməsinə başlanır və cəld maye yüklənməsi aparılır. Xəstə artıq dağıntılar altından çıxarılanda dərhal peşəkar tibbi müdaxilə olunmalı, ürək ritmi daim izlənməlidir. Çünki sıxılmış və əzilmiş əzələdən qana qarışan maddələr, elektrolitlər ciddi təhlükəli aritmiyalara, ürəyin anidən dayanmasına səbəb ola ola bilir.

Bundan başqa ola biləcək təhlükəli aritmiyaların qarşını almaq üçün defibilyator, şok cizahı, elektroidlərin yoxlanması və cəld düzəldilməsi üçün tibbi personal və tibbi avadanlığın olması mütləqdir. Xəstəyə ilkin tibbi müdaxilə olduqdan sonra güvənli bir ortamda təcili ixtisaslaşmış tibb müəssisəsinə aparılıb reanimasiya tədbirlərinə başlanmalıdır.

- Doktor, bu mövzuda həssaslığınızı bildiyim üçün soruşuram. Türkiyədəki zəlzələ qurbanlarına hansı dəstək göstərilməlidir ki, yaşanmış ağır travmalardan daha tez xilas ola bilsinlər?

- Türkiyədəki qardaş və bacılarımız ağır fiziki zərərdən əlavə, böyük mənəvi sarsıntı keçirirlər. Bunların hamısını kompensasiya edə biləcək bir güc varmı, bilmirəm... Amma başlanğıc mərhələdə qurtulan şəxslərin sağlamlığı və bərpası istiqamətində ciddi şəkildə işlər görülməlidir. Eyni zamanda psixoloji dəstək, sosial iş aparılmalı, sosial rifahlarının tam təmin olunmasına çalışmalıdır. Hazırda hər şey çox yenidir, bu fəlakətin içində olmayan şəxslər belə zəlzələnin ciddi psixoloji yükü altındadırlar. Odur ki, birbaşa birincili zədə almayan insanların özünü qoruyub, daha güclü olması və daha uzun perspektivi düşünməsi lazımdır.

3-5 ay sonra gündəm zəlzələ olmadığı vaxtlarda bu insanlar yasın bütün mərhələlərini aşa bilməyəcək. Onlara o dönəmdə ciddi psixoloji, fiziki və maddi-sosial dəstək daha çox lazım olacaq. Odur ki, növbəti mərhələlərdə onlara dəstək ola bilmək üçün xalq da indi özünü psixoloji olaraq qorumalıdır. Bu qədər böyük informasiya yükü altında insanlarda anksiyete (narahatlıq pozğunluğu), panik ataklar və digər problemlər ortaya çıxa bilər.

- Zəlzələ qurbanlarının sonrakı mərhələdə cəmiyyətə adaptasiya olması üçün Türkiyənin dövlət və xalq olaraq öhdəlikləri nələrdir?

- Buna münasibət bildirməyim nə dərəcədə doğrudur, bilmirəm, onu qeyd etmək olar ki, hazırda Türkiyədə AFAD dövlət qurumu olaraq təbii fəlakətlərlə məşğuldur. Bu, Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində olan bir qurumdur. Amma Türkiyə aktiv seysmik zona olmağına baxmayaraq, Təbii Fəlakətlər və ya Fövqəladə Hallar Nazirliyi yoxdur. Bəlkə belə bir nazirliyin yaradılması, onun nəzdində sosial iş görən və müxtəlif departamentlərin olması, onların zərərçəkən xalqla birlikdə işləməsi və ola biləcək fəlakətlərə hazırlıqların görülməsi daha uğurlu nəticələr əldə etməyə imkan verər.

- Sizcə, zəlzələ qurbanları ilə yanaşı axtarış-xilasetmə qruplarına da psixoloji dəstək göstərilməsinə ehtiyac varmı?

- Əslində onlar təlim görmüş şəxslərdir. Təlimlərdə onlar ola biləcək bütün neqativ hallara, həm psixoloji, həm də fiziki tərəflərə və meydana gələ biləcək sağlamlıq problemlərinə qarşı hazırlıqlı olurlar. Könüllülər arasında da bunun təbliğatı aparılmalıdır.

Lakin betonlar altından çıxan armatur və ya dəmirlər korroziyaya uğrayır ki, bu da tetanus baxımından təhlükəlidir. Ətrafdakı suların qısa müddət ərzində çirklənməsi ehtimalı da yüksəkdir. İnsanlar öldükcə və bu qoxu yayıldıqca müxtəlif həşəratların, gəmiricilərin, siçanların artması, infeksiyaların yayılması, ishal hallarının artması və epidemiyaların olması ehtimalı var. Odur ki, xilasetmə qrupun üzvü paslanmış dəmirdən zədə alarsa, tetanus vaksininin dərhal vurulması lazımdır. Əks halda bu, xilasedicilərin və könüllülərin özlərinin də tetanus kimi ağır xəstəliyə yoluxma ehtimalı var. Peşəkar xilasedicilərə bütün bunların təlimi keçməlidir. Normalda onlar hazırlıqlı vəziyyətdə olurlar, sözsüz ki, xilasetmə işləri bitdikdən sonra onların da mütləq reabilitasiya, tətil və dincəlmək ehtiyacları olacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm