Xüsusi
İTV-nin məşhur aparıcısı: "Buna görə az ağlatmayıblar məni" - FOTO
İctimai kanalın idman verilişlərinin aparıcısı kimi tanınan Fəridə Abdulla hesab edir ki, sağlam həyat tərzi ilk növbədə mental olaraq sağlam olmaq və sağlam düşüncə deməkdir. Efirdə tamaşaçılara hər zaman təbbəssüm bəxş edən televiziya ulduzu pozitivliyinin sirrini də bizimlə bölüşüb. Televiziyada idman aparıcısı kimi karyerasına başlamasından danışan məşhur, həm özü haqqında bilmədiyimiz məqamları bizimlə bölüşüb, həm də idman sahəsində onu narahat edən və sevindirən məsələlərdən söz açıb.
Publika.az Fəridə Abdulla ilə müsahibəni təqdim edir:
- Sizi İctimai kanala, xüsusilə idman verilişinə gətirən səbəblər nə oldu?
- “İctimai TV”də çalışmamışdan öncə məni daha çox radio aparıcı kimi tanıyırdılar. Sırf televiziya aparıcısı kimi özümü burda tanıda bildim. İdman sferasında özümü sınamaq çoxdankı arzum idi. Radiolarda çalışdığım zamanlar idman kontentini mən hazırlayırdım. Departament rəhbərimiz Kənan Hakimovun təklifi isə lap ürəyimcə oldu. Futbol dili ilə desək “Asan Radio”dan “İctimai TV”-yə transfer edildim. Artıq 3 ildir ki, uğurlu əməkdaşlığımız davam edir.
- Sizcə, niyə qızlarımız idman jurnalistikasında ixtisaslaşmağa meylli deyil?
- Sizinlə razı deyiləm. Son dövrlər xanım həmkarların sayı xeyli çoxalıb. Yarışlarda, çəkilişlərdə mütəmadi olaraq rastlaşırıq, bir çoxu ilə dost münasibətim var. Mənim kimi idman jurnalistlərini görüb ruhlanan və bu sahədə özünü sınamaq istəyən xanımlar çoxalır. Sosial şəbəkə hesablarımda mənə yazıb, maraqlananlar da var. Bacardığım qədər onlara kömək etməyə, təcrübəmi bölüşməyə hazıram.
- İdman verilişinin aparıcısı olaraq həm də sağlam həyat tərzini təbliğ edirsiniz. Sizin üçün sağlam həyat tərzi nə deməkdir?
- Sağlam həyat tərzi ilk növbədə mental olaraq sağlam olmaqdır, sağlam düşüncədir, güclü xarakter deməkdir. Zərərli vərdişlərdən uzaq durmaqdır. Ətrafındakı insanlara qarşı diqqətli olmaq, empatiya duymaqdır. Bütün bunlardan sonra isə intizamlı olmaq, yediyinə, içdiyinə fikir vermək lazımdır. Deməzdim ki, həyat tərzimi sırf təbliğ etməyə çalışıram. Sadəcə həyatımda baş verən müsbət dəyişiklikləri izləyicilərimlə də bölüşməyi sevirəm. Bu da onları yaxşı şeylərə ruhlandırır.
- İdmançı olmaq istəmisiniz?
- Doğrusu, belə bir arzum olmayıb, idmançı olmaq üçün də heç bir addım atmamışam. Amma valideynlərimlə idman yarışlarını, futbol üzrə dünya və Avropa çempionatlarını, Yay və Qış Olimpiya Oyunlarını hər zaman böyük maraqla izləmişəm. Hətta bir dəftərim var idi, bir çox azarkeşlərdə olduğu kimi, orada qeydlərimi edirdim. İdmançıların şəkillərini toplayırdım. İdmanla məşğul olmamağımın səbəbi isə yəqin ki, ailədə idmançı yox, musiqiyə marağın olması idi, mənim isə güclü musiqi duyumumun olması. Nəslimizdə musiqiçilər var. Çoxu da musiqi müəllimləridir. Onlardan təsirlənib mən də musiqi məktəbində oxumuşam. Hətta gələcəkdə peşəkar pianoçu da olmaq istəyirdim. Amma tale yenidən yolumu idmandan saldı. Hazırda həyatımdan, karyeramdan məmnunam. Gələcəklə bağlı bir sıra planlarım da var. Bu, sırf idmanla bağlı olmaya da bilər.
- Fəridə xanım, idmançılarda sevmədiyiniz əsas xüsusiyyət hansıdır? Ümumiyyətlə onlarla dil tapa bilirsiniz?
- İdmançılarımız mediatik olmaqdan, yəni mediada mütəmadi görünməkdən, azarkeşlərlə ünsiyyətdən qaçırlar, çəkinirlər. Bir çoxu bunu kompleks edir, bəlkə də doğru başa düşülməyəcəklərindən qorxurlar. Lakin çətinə düşdükdə jurnalistlərə müraciət edirlər. Bu da bizim işimizi çətinə salır. Halbuki onlarla çox maraqlı idman verilişləri, proqramlar hazırlaya bilərik. Elə titullu idmançılarımız da var ki, müsahibə zamanı fikirlərini geniş çatdırmaqda çətinlik çəkirlər. Elə müsahiblərim olub ki, efirdən sonra onlara qarşı münasibət tamamilə dəyişilib, insanlar onlara rəğbət bəsləməyə başlayıb.
- Məşhurluq hər kəsin qaldıra bilməyəcəyi bir yükdür. Siz bu işin öhdəsindən necə gəlirsiniz?
- Bir neçə müddətdir ki, doğrudan da məşhur olduğumu hiss etməyə başlamışam. İctimai yerlərdə, xüsusən futbol azarkeşləri məni tanıyır, salamlaşır, çoxu mənimlə şəkil çəkdirməyə çalışır. Sonuncu dəfə “Qarabağ” - “Qalatasaray” oyununda özümə qarşı böyük maraq gördüm. Təvazökarlıqdan uzaq olsa da, deyəcəm ki, bu, mənə çox xoşdur. Təbii ki, bunun məsuliyyətini də anlayıram, ona görə davranıram.
- Nə zaman baxsaq, sizi pozitiv əhval-ruhiyyədə görürük. Sirri bizimlə də bölüşün...
- "Only positive vibes", yəni ancaq müsbət dalğada olmaq. Bu, mənim həyat şüarımdır. Ən kədərli vaxtlarımda da, işlərim heç düzgün getməyəndə də özüm-özümü ruhlandırmağa çalışmışam, küllərimdən yenidən doğulmuşam. Daha çox dinləyiciyəm, öz problemlərimi yaxınlarımla belə bölüşməyi sevmirəm. İstəmirəm mənə görə narahat olsunlar. Evdəki problemləri işə, işdəki problemləri isə evə heç vaxt daşımamışam. Həyat, əslində çətindir. Stresi, neqativi bacardığım qədər özümdən uzaqlaşdırmağa çalışıram, toksik, enerji vampiri insanlardansa qaçıram. İzləyicilərimlə müsbət şeyləri bölüşmək mənim də enerjimi qaldırır. Bilirəm ki, onlar da bunu məndən hər zaman gözləyirlər. Qarşılıqlı olaraq bir-birimizi ayaqda tutmağa çalışırıq.
- İşinizə görə hansı arzuların üstündən xətt çəkməli olursunuz?
- Bir dəfə mütəmadi səyahətlərdə olan bir xanım mənə dedi ki, radio aparıcısı olmaq arzusundadır. Mənsə, "əgər arzusunda əmindirsə, səyahətlərdən imtina etsin" demişdim. Çünki aparıcı olmaq istədiyin vaxt məzuniyyətə gedə bilməmək, qeyri-iş günlərində də, tətillərdə də efirdə, çəkilişdə olmaq deməkdir. İnsanlar həftəsonları istirahət edəndə, mən stadionda futbol qarşılaşmalarında, çəkilişlərində oluram. Etiraf edim ki, bu həyatda, yeganə paxıllıq etdiyim insanlar tez-tez səyahət edən insalardı. Elə ən böyük arzum da dünyanı gəzə bilməkdir.
- Həm də gözəl səsiniz var. Müğənnilik etmək haqqında düşünürsünüz?
- Hələ musiqi məktəbində oxuduğum zamanlarda piano müəllimim mənə vokal təhsili almağı təklif etmişdi. Mən isə buna isti yanaşmamışdım. Sadəcə xorda oxumaqla kifayətlənmişdim. Bir işi görürəmsə, onu bacardığım qədər peşəkar səviyyədə görməyə çalışıram. Müğənni olacamsa, gərək buna böyük vaxt, resurs xərcləyim. İfaçı olmaq üçün təkcə səs, görünüş bəs etmir. Səhnədə ulduz kimi formalaşmaq üçün güclü prodüser, peşəkar komanda da lazımdır. İlk növbədə investisiya. Hazırda da ölkədə şou-biznes məni qane edəcək səviyyədə deyil.
- Karyeranızın ilk illərini necə xatırlayırsınız?
- Çox gözəl xatirələrim var. Peşəkar karyerama ANS ÇM radiosundan başlamışam. O vaxtlar 19 yaşım yeni tamam olmuşdu. Tələbə idim. Kollektivin yaşca ən balacası və ən təcrübəsizi mən idim. Buna görə də az ağlatmayıblar məni. Həm həyat, həm də iş təcrübəsi zəngin insanlarla çalışmaq heç də asan deyil. Çünki səhvə qarşı çox böyük dözümsüzlük göstərirlər. Bu da, əslində mənə həm xarakterimin formalaşmasında, daha özgüvənli, iradəli olmağa kömək etdi. Bərkə-boşa düşmək insanı yetişdirir.
- Jurnalistikaya başladığınızdan bu günə kimi televiziyada nələr dəyişib? Ümumiyyətlə kanallarımızda sizi nə narahat edir?
- Televiziyalarda proqramlar getdikcə daha da bayağılaşır. Bunun üzərində çox dayanmayacağam. Çünki bir çoxlarının artıq dediyi fikirləri təkrarlamış olacağam. Çalışdığım televiziya isə bunun tam əksini etməyə çalışır. Mən “İctimai TV”-yə Balaş Qasımovun rəhbərliyi dövründə gəldiyimə görə çox şanslıyam. Çünki tamaşaçıya hər zaman keyfiyyətli, operativ məzmun hazırlamaq üçün bizə şərait yaradır. İdman kanalı olmasaq da, kifayət qədər fərqli, eksklüziv proqramlar hazırlaya, tamaşaçıların gözlədiyi yarışları təqdim edə bilirik.
- Hansı veriliş, reportaj və ya müsahibədən sonra özünüzlə qürur duymusunuz?
- Özümlə qürur duya biləcəyim həmin proqramı hələ ki, çəkməmişəm. Amma daha özgüvənli olmağıma, karyeramın inkişaf etməsinə səbəb olan verilişlərim, reportajlarım, müsahibələrim olub. Xüsusən Qətər-2022 dünya çempionatı ərzində yayımlanan “Bol Futbol”, Avro-2020 zamanı Bakıda keçirilən Danimarka – Çexiya oyunundan öncə meydanın kənarında canlı yayımda olmağımız mənim üçün karyeramda atdığım önəmli addımlardandır.
- Niyə yerli kanallarda, yüksək səviyyəli yarışlar istisna olmaqla, idman reytinqləri belə aşağıdır?
- Çünki idman sferası məhdud bir tamaşaçı kütləsi üçündür. Təəssüf ki, bizim ölkədə hər kəs idmanla maraqlanmır. Olimpiya oyunlarını, futbol üzrə dünya çempionatları kimi iri miqyasları yarışları izləməyən kifayət qədər insan var.
- Bir çox tanınmış idmançılardan müsahibə almısınız. Kimin açıqlaması sizi şoka salıb?
- Məni müsahibə zamanı xeyli təəccübləndirən idmançı olub. Məsələn, güləş üzrə dünya çempionu Rafiq Hüseynov erməni dilini bildiyinə görə rəqibini əks-fəndə saldığını demişdi. Bu bacarığı izləyicilər tərəfindən də xeyli müzakirə olundu, idmançımızı təqdir etdilər. Boks üzrə dünya çempionu Alfonso Domingezin səsinin olduğunu bilirdim, amma müsahibə zamanı onunla mahnı oxumağımız çox yaddaqalan an idi. Dərin müsahiblərimdən biri MMA döyüşçüsü Rafael Fiziyev idi. Müsahibədə hazırladığım suallar kənarda qaldı, onunla ekspromt söhbət davam etmişdi. Çox maraqlı şəxsiyyətdir.
- Ən çox kimin tənqidindən qorxursunuz?
- Atamın. Sağ olsun, məni tərifləməklə heç arası yoxdur. Ən böyük tənqidçim odur. Ən yaxşı tamaşaçım da odur. Heç bir efirimi, reportajımı qaçırtmır. Ən xırda detallara da fikir verir. Bəyənmədiyi məqamları birbaşa deyir. Ona görə hər zaman çalışıram ki, qüsur tapa bilməyəcəyi məzmun yaradım.
- Millimizin son oyunu haqqında sizin də fikirlərinizi eşitmək istərdik.
- Çox məyus oldum. Səbəb zəif performans deyil, ruhsuz, məzmunsuz, qətiyyətsiz oyun idi. Sadəcə istəyim odur ki, geyindikləri o milli formanın məsuliyyətini anlasınlar, oyundan öncə səslənən dövlət himnimizi qürurla oxusunlar. Daha doğrusu, o himni ürəkdən hiss edəcək, sona qədər meydanda mübarizə apara biləcək futbolçuların, məşqçilərin millimizdə olmasını istəyirəm. Argentina millisinin Peru ilə yoldaşlıq oyununda qapıçı Martinezin Argentinanın himnini göz yaşları ilə oxuması gözümün önündən getmir. Məni belə kövrəltmişdi. Millimizlə artıq qələbələrə sevinmək istəyirəm.
- Sizcə, Azərbaycanda ən inkişaf etmiş idman sahəsi hansıdır?
- Bizim milli idman növümüz güləş. Güclü güləş məktəbimiz var və yeni nəsil istedadlı güləşçilərimiz də yetişir. Həmçinin boks, cüdo, karate, taekvondo, kikboks kimi döyüş idman növlərinə də maraq böyükdür və peşəkar idmançı kimi də yetişmək mümkündür. Kütləvilik baxımından futbol, bədii gimnastikanı da qeyd edə bilərəm.
Aytən Məftun
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO