Dünya “su müharibəsi”nin astanasında: Azərbaycanda isə alimlərə bu məlumatları pulla satırlar - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Dünya “su müharibəsi”nin astanasında: Azərbaycanda isə alimlərə bu məlumatları pulla satırlar - MÜSAHİBƏ

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Publika.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Səid müəllim, hazırda ölkəmizdə su ilə bağlı vəziyyət necədir?

- Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına sahib olan ölkədir. Şirin suyun mənbəyi ölkə xaricindədir. Buna Kür və Araz çayını misal göstərmək olar. Daxili çaylarımız da müəyyən miqdarda su ehtiyatımıza aiddir. Antropogen amillər və iqlim dəyişikliyi, həmçinin qış aylarında yağıntıların az olması su ehtiyatlarına ciddi təsir edir. İqlim amili burada böyük rol oynayır. Temperatur artır, yağıntılar azalır. Həmçinin insanların suya olan tələbatı artıb. Şirin sudan kənd təsərrüfatında da istifadə edilir. Temperatur artdıqca əkin sahələrində quraqlıq olur. Bu da suya olan tələbatı kəskin şəkildə artırır.

“Su ehtiyatımız azdır, statistika mənfiyə doğru gedir”

- Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. Siyahıda Azərbaycan 18-ci yerdədir. Bu tendensiya nədən yaranıb?

- 2040-cı ilə kimi temperaturun artması davam edəcək. Temperatur artıqca suya tələbat və buxarlanma da artacaq. Bu da kritik şərait yaradacaq. Hazırda ciddi şəkildə buxarlanma var. Həmçinin suvarılan sahələrin miqdarı artıb. Bütün dünya üzrə əhali günü-gündən artır və qidaya olan tələb çoxalır. Belə olduğu halda əkin sahələri də çoxalmalıdır. Bu isə birbaşa suya təsir edir. Elə sahələr var ki, orada suvarmadan istifadə olunmur, məhsul yağıntı suları ilə böyüyür. Məsələn, Gədəbəydə olan kartof sahələri. Belə ərazilərimiz isə olduqca azdır. Nəzərə alsaq ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda su ehtiyatı azdır və bu statistika mənfiyə doğru gedir.

- Yaponiyada və Norveçdə tullantı suları, o cümlədən dəniz suyu şirinləşdirilərək əhalinin istifadəsinə verilir. Yaxın Şərq ölkələrində artıq maarifləndirmə xarakterli paylaşımlardan istifadə olunur. Bu tip yazılar dərsliklərə salınaraq tədris olunur. Bəs niz maarifləndirmə ilə bağlı nə edirik? Sizcə, bu proses doğru aparılırmı?

- Televiziyada, mətbuatda və sosial şəbəkələrdə maarifləndirmə işlərinin aparılması şərtdir. Son illərdə bu sahədə müəyyən irəliləyişlər var. Bunu bir sistem halına salmaq lazımdır. Su məsələsində iqlim dəyişiklikləri ön plana çəkilir. Biz təkcə bundan danışmamalıyıq, ən aktual məsələləri də qabartmalıyıq. İxtisaslı mütəxəssislər dəvət olunmalıdır. Maarifləndirmə məsələsinə düzgün yanaşmırıq. Biz fermerləri, dövlət nümayəndələrini və qanunverici orqanları da maarifləndirməliyik. Doğrudur, uşaqlara orta məktəbdə suya qənaət etməyi başa salmaq lazımdır. Lakin suyu ən çox istifadə edən sahibkar və fermerlərdir. Əsasən onları maarifləndirmək lazımdır. Bununla yanaşı qanunlar hazırlanmalıdır. Fermerlərin çaylardan götürdükləri suyun 30 faizi heç əkin sahəsinə çatmır. Sahəyə qədər gələn su yolda itir. Bu, çox ciddi problemdir. Məktəblinin, tələbənin düzgün istifadə etmədiyi suyun 100 qatını fermer israf edir. Müasir üsullardan yararlanmaq lazımdır. Yaxın Şərqdə damcı metodundan çox effektiv şəkildə istifadə edilir. Dünya təcrübəsini tətbiq etməliyik. Artıq müasir texnologiyalardan istifadə dövrü gəlib. Əlimizdə olan su ehtiyatlarından düzgün istifadə edə bilsək, bu, bizə uzun illər bəs edər.

“Həmin suya minerallar vururdular ki, içməli olsun”

- Hazırda ölkəmizdə texniki cəhətdən damcı üsulu ilə suvarma sistemi nə qədər inkişaf edib? Daha geniş istifadə üçün şərait varmı?

- Damcı suvarma sistemi uzun illərdir tətbiq edilir. Bakıdan Salyana qədər olan yol kənarı meşələr bu üsulla salınıb. Hətta zeytun ağaclarının əksəriyyəti də damcı üsulu ilə sulanıb. Artıq bu sistemi əkin sahələrində də tətbiq etməliyik. Bunun üçün xarici təcrübəni öyrənmək lazımdır. Suya ehtiyacı olan ölkələr damcı üsuluna keçirlər. Azərbaycanda əsas məqsədlərdən biri də kənd təsərrüfatını genişləndirməkdir. Damcı üsulu üçün şərait var, sadəcə doğru əraziləri seçmək lazımdır. Həmçinin maliyyə məsələsi də önəmlidir.

- Bir çox ölkə tullantı sularını istifadəyə yararlı hala gətirir. Bəs Azərbaycan bu metoddan necə istifadə edir? Tullantı sularının təmizlənməsi üçün avadanlıqlarımız varmı?

- Bu üsul hər ölkədə fərqli istifadə olunur. Tullantı suyunu təmiz suya çevirən çoxlu texnologiyalar var. Ölkəmizdə bununla bağlı işlər görülüb. 2013-cü ildə Salyanın Xıdırlı kəndində tullantı sularından həm əhali, həm təsərrüfat üçün təmiz su əldə edildi. Əldə olunan suyun həcmi elə də çox deyildi, çünki pilot layihə idi. Ümumiyyətlə, ölkəmizdə tullantı suyundan istifadə yalnız pilot layihələr kimi həyata keçirilib. 2013-cü ildə Baş Şirvan kollektorunun üzərində quraşdırılan texnologiya vasitəsilə 1000 hektara yaxın sahə sulanır. Hətta ondan içməli su kimi də istifadə etmək olar. Bu cihazda elə membranlar var ki, su təzyiq altında oradan keçir. Keçdiyi halda yalnız əks tərəfə H2O keçir. Su o qədər təmiz olur ki, içməyə belə yararlı olmur. Həmin suya minerallar vururdular ki, içməli olsun.

“Sahibkarlar öz maraqları üçün təbiətə ziyan vururlar”

- İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib. O əlavə edib ki, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var. Belə olduğu halda bizi nə gözləyir, hansı önləyici addımlar atmalıyıq?

- Bu rəqəmlər hər quruma görə dəyişir. Azərbaycanda su ehtiyatlarının azalmasını dəqiq bilmək üçün böyük tədqiqatlar aparmaq lazımdır. İstənilən halda azalmanı müşahidə edirik. Bunun qarşısını almaq üçün öncə qənaəti öyrənməliyik. Sudan istifadədə 40 il öncə ilə bu gün arasında ciddi fərq var. O dövrdə su müəyyən saatlarda verilirdi, bu gün isə günün 24 saatı su gəlir. Suvarma sistemində də vəziyyət acınacaqlıdır. Bir fermer sahəsinə qədər su gətirdiyi zaman bunun yarısını yolda sərf edir. Buna görə də yeni kanallar çəkilməlidir, suyu borularla aparmaq lazımdır. Suvarmada irriqasiya sistemi tətbiq edilməlidir. Dünyanın bir çox ölkələrində avtomatlaşdırılmış sistem var. Artıq ölkəmiz bu sistemə keçməlidir. Bir sistem üzrə işləsək su qıtlığı problemi də olmaz.

Sahibkarlar öz maraqları üzrə hərəkət edirlər, təbiətə ziyan vururlar. Əkin və otlaq sahələri düzgün seçilmir. Bunun üçün ixtisaslı mütəxəssislər lazımdır. Hər bir torpaq sahəsinin öz təyinatı var. Ət bahalaşır, çünki otlaq sahəsi get-gedə ixtisara düşür. Həmin yerdə taxıl əkirlər. Tərəvəz əkilməli yerdə mal-qara otlayır, mal-qaranın otlamalı olduğu yerdə ağac əkilir, onun yerində tərəvəz əkilir. Bu, çox acınacaqlı vəziyyətdir. Hazırda əhalinin tələbatı da çoxalıb. Burada psixoloji faktorlar var. 40 il əvvəl həftədə 1 dəfə ət yeyən ailə indi gündə 3 dəfə yeyir. Bunlar hamısı birbaşa suya təsir edir. Lakin bunun fərqində deyilik.

“Bizdən araşdırmalar tələb olunmalıdır...”

- Ölkənin su siyasətini necə qiymətləndirirsiniz?

- Əgər ölkədə su ehtiyatlarında azalma müşahidə edilirsə, dəmək ki, nələrsə yolunda getmir. Qanunvericilik və maarifləndirmə ilə yanaşı istehsal və istehlakı da nəzərdə saxlamaq lazımdır.

- Bəs alimlərimiz, Coğrafiya İnstitutu su qıtlığı ilə bağlı hansı işləri görür?

- İnstitut olaraq Azərbaycanda su ehtiyatlarını hesablayırıq. Həmçinin suda gedən dəyişikliklər də izlənilir. İnstitutun Xəzər dənizinin hidrometeorologiyası şöbəsi bilavasitə Xəzərdə baş verən prosesləri izləyir. Bu izləmələr keçmiş, bu gün və gələcəklə bağlıdır. Dəniz suyunun səviyyəsi ilə bağlı tədqiqat işləri aparılır. Müraciət olarsa, dəniz suyunun tərkibi haqqında da araşdırmalar edirik. Daha dərindən tədqiqat aparmaq üçün inkişaf lazımdır. Bizdən araşdırmalar tələb olunmalıdır. Tələb və təkliflər normal olarsa, digər elmlərlə yanaşı coğrafiya elmi də inkişaf edər.

Alimlərimizin araşdırması İsveç jurnalında

- Mətbuatda demək olar ki, yalnız xarici ölkələrin alimlərinin su ilə bağlı araşdırmaları yer alır. Son dövrlər bizim alimlərimiz su problemini həll etmək üçün hansı araşdırmaları ediblər? Hazırladığınız layihə və ya təkliflər varmı?

- Əvvəllər tədqiqatlarımızı ancaq yerli müşahidə stansiyalarının məlumatları ilə apara bilirdik. İndi isə peyklərdən alınan məlumatlarla tədqiqat aparırıq. Əvvəllər yerüstü mənbələr ayrı-ayrı lokal məlumatlar verirdi. İndi isə peyk vasitəsi ilə dünyanın istənilən yerindən parametrləri ala bilərik. Bu da bizə tədqiqatları genişləndirməyə stimul verir. Xəzər dənizi bizim ən əsas su mənbəyimizdir. Biz ona təkcə su ehtiyatı kimi baxmırıq. Xəzər bir çox sahələri: turizm, iqtisadiyyat, logistika, karbohidrogen ehtiyatları və gəmiçiliyi özündə birləşdirir. Xəzərdə suyun səviyyəsinin dəyişməsi, buna hansı amillərin təsir göstərməsi kimi məsələləri araşdırırıq. COP29-da da bunlar əksini tapacaq. Elə qlobal iqlim proqramları var ki, ora müəyyən məlumatları daxil etməklə yaxın 30-50 ərzində olan iqlim problemlərini görə bilərik. Bütün bunlar Xəzər dənizinə birbaşa təsir edəcək. Xəzərə təsir edən hər bir şey bizə də təsir edir. Bu barədə müxtəlif proqnozlar var. Azərbaycan alimlərinin, həmçinin bizim şöbənin də konsepsiyası var. Bu yaxınlarda şöbəmizin məqaləsi İsveçin “Water” jurnalına göndərilib.

“Xəzərdə suyun səviyyəsinin azalmasına səbəb Volqa çayıdır”

- Məqalədə hansı məsələyə toxunulmuşdu?

- Məqalə “Xəzər dənizinin səviyyə dəyişmələrinə qlobal amillərin təsiri” haqqında idi. Müəlliflər Səid Səfərov və Elnur Səfərovdur. Araşdırma zamanı məlum oldu ki, Xəzər dənizində olan problemin başında Rusiyanın Volqa çayı dayanır. 1995-ci ildən bəri Xəzərin səviyyəsinin aşağı düşməsi dənizlə əlaqəli məsələ deyil, Volqa çayı ilə bağlıdır. Azalma səbəblərini - antropogen amillər və qlobal istiləşməni öz məqalələrimizdə göstərdik. Hər iki amilin rolu hesablanıb. Antropogen amillər iqlim amillərini daha çox üstələyir. Xəzər dənizində suyun səviyyəsi daim düşüb qalxır, amma antropogen amillər bu qədər çox olmayıb. Yəni hazırda Xəzərə nələr təsir edirsə, onları tapıb göstərmişik. Məqaləmiz qəbul edilib və çap olunacaq. Bu, Azərbaycan üçün böyük uğurdur.

Məqalədə həmçinin başqa bir sıra mühüm məsələlərə də toxunduq. Bütün qlobal iqlim ayrı-ayrı indekslərlə hesablanır. Bu indekslərdən də müxtəlif nəticələr əldə olunur. Onlarda da biri “El Nino”dur. “El Nino” qlobal okean-atmosfer hadisəsidir. “El Nino” və “La Nina” şərq Sakit okean səth sularının temperaturunda böyük dalğalanmalar və onların yaratdığı atmosfer hadisələri üçün ümumi adlar kimi istifadə olunur. Bunların hər iksinin cənub yarımkürəsindəki təsiri çox böyükdür. “El Nino” ekvador sahəsində çox böyük təzyiq yaradır. Bu zaman orada olan yağıntılar azalır. Həmin yağıntılar planetin başqa yerlərinə keçid edirlər. Bu da bir sıra fəlakətlərə yol açır. Bu, Xəzərə də təsir edir. Yağıntılar artdığı üçün Xəzərin səviyyəsi artır. “La Nina” olanda isə bu proses əksinə olur. Son bir ildə daşqınların sayı artıb. Bu, ümumi fəlakətlərə səbəb olsa da Xəzər dənizi üçün yaxşı haldır. Coğrafiya İnstitutu “El Nino” ilə bağlı ilk dəfə Qazaxıstanın “Hidrometeorologiya və Ekologiya” jurnalına araşdırma yazısı göndərmişdik. Bəlkə də “El Nino”nun Xəzər dənizinə olan təsirini ilk dəfə elə Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin alimləri araşdırdı. Ümumiyyətlə, şöbə olaraq coğrafiya informasiya sistemlərinin peyklərindən məlumatlar əldə etməyə çalışırıq. Hazırda bəzi bölgələrdə sürüşmələrin yaranma səbəbləri, inkişaf dinamikası araşdırılır. İqlim dəyişmələri üzrə araşdırmalar gedir. Bu araşdırmaları müəyyən çərçivədə edirik. Qanunvericilikdə bizim sahə ilə yanaşı müəyyən çatışmazlıqlar var.

Dövlətin bərpa olunan enerji ilə bağlı Xızı-Abşeron layihəsi var. Onun meteoroloji və hidroloji aspektlərini biz işləmişik. Layihə hazırda çox uğurla davam edir. Həmin ərazidə bir neçə külək durbini yerləşdirələcək. Həmin layihəni maliyyələşdirən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır. Həmin layihənin davamı isə işğaldan azad olunmuş ərazilərdə planlaşdırılır.

“Məlumatları bizə pulla satırlar. Ailə dolandıraq, yoxsa məlumat alaq?”

- Səid müəllim, çatışmazlıqları qeyd etdiniz. Harada səhv edirik? Həll yolu nələrdir?

- Hər kəs günahı alimdə görür. Alimin araşdırma aparması üçün əlində məlumat olmalıdır. Milli Hidrometeorologiya Xidmətində müəyyən məlumatlar var. 1998-ci ildən sonra verilən qanuna görə, hər bir məlumat pulla satılır. Bir alim tədqiqat aparmaq üçün məlumatları pul verib almalıdır. Coğrafiya İnstitutunda da belə bir büdcə yoxdur. Nəticədə alim öz cibindən ödəniş etməlidir. Alim aldığı maaşla ailə dolandırsın, yoxsa məlumatlar satın alsın? Bu, elmin inkişafını zəiflədir. Bütün dünya ekologiyadan danışırsa, o zaman resurslar açıq olmalıdır. Azərbaycan alimi isə tədqiqatlar qarşısında təzyiq altındadır. Material əldə edə bilməyən alim necə tədqiqat aparsın? Biz tədqiqatları aparırıq, amma bunu dolayı yollarla artıq vaxt itirərək edirik.

Yaxın keçmişdə Rusiyanın Volqa çayı haqqında araşdırma aparırdım. Bunu çox asanlıqla etdim. Amma Kür çayının hövzəsi ilə bağlı heç nə edə bilmədim. Bu, qanunvericilikdə böyük boşluqdur. Bununla bağlı Milli Məclisə müraciət etmişik. Hazırda proses gedir. Biz demirik ki, xidmət məlumatlarını satmasın, satsın. Özəl şirkətlərin onu almaq üçün pulu var, amma biz alimlərin o qədər vəsaiti yoxdur. Tədqiqat dövlətin büdcəsindən ayrılan pulla həyata keçirilməlidir. Bu pul nəzərdə tutulmayıbsa, alim nə edə bilər? 50 il əvvəl belə bir şey yox idi, hər bir alim öz sahəsi üzrə məlumatları alıb, araşdırma edirdi. Ona görə də həmin dövrdə Coğrafiya İnstitutunda araşdırmalar daha geniş idi. İndiki durum isə elmin inkişafına mənfi təsir göstərir.

“Bu üsulla gərginliyi aradan qaldıra bilərik”

- Aprelin 12-də Prezident İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsi haqqında sərəncam imzaladı. Bu layihə ölkəmiz üçün hansı imkanları yaradacaq?

- Bu layihə çərçivəsində Xəzər dənizinin bir neçə hissəsində, Sumqayıt və Şüvəlanda suyun duzsuzlaşdırılması planlaşdırılır. Bəzi tədqiqatlar da aparılır. Biz özümüz də həmin tədqiqatlarda iştirak edirdik. İsraildən bir qrup əməkdaş gəlmişdi, onlara suyun duzsuzlaşdırılması ilə bağlı layihələr təqdim etmişdik. Daha sonra baş verən hadisələr buradakı işlərə təsir göstərdi. Buna baxmayaraq, digər şirkətlərlə bu proseslər davam edir. Əsasən bu, Abşeron yarımadasına aid olacaq. Yarımadada Azərbaycan əhalisinin çox hissəsi yerləşdiyinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Bütün ehtiyatlarımız kənardan gəlir. Son zamanlar Qəbələdən içməli su gətirilir. Hər hansısa bir konflikt baş verərsə, ciddi bir su problemi yaşaya bilərik. Ona görə də Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi bu baxımdan çox vacibdir. Lakin bu o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Bu, ehtiyatdır. Ehtiyaca uyğun şəkildə ondan istifadə edəcəyik. Hazırda içdiyimiz suyu ağaclara da veririk. Bu, böyük bir faciədir. Dəniz suyunun duzsuzlaşdırılması ilə xeyli gərginliyi aradan qaldıra bilərik.

“Bunu etmək üçün bizə böyük vəsait lazımdır...”

- Suyun duzsuzlaşdırılması necə baş verir? Bu proses su bioresurslarına təsir göstərirmi?

- Bu, dəniz bioresurslarına təsir etmir. Bəzən bunu səhv anlayırlar. Bioresurslar birbaşa suyun enib-qalxması ilə əlaqəlidir. Dəniz suyu artdığı zaman suyun tərkibində olan zərərvericilər azalır. Bu, nisbətən pozitiv şərait yaradır. Suyun azalması isə bioresurslara pis təsir edir. Suyun duzsuzlaşdırılması zamanı dənizdən bir miqdar su götürülür və o, emala verilir. Bu zaman itkilər müxətlif ola bilər. Suyun təmizliyi çox önəmlidir. Su nə qədər çirkli olarsa bir o qədər də tullantı olacaq. Yenə də elə fikir yaranacaq ki, Xəzər dənizində neft tullantıları var və bu duzsuzlaşdırmaya təsir edir. Amma belə deyil. Neft suyun üzərinə çıxır. Dəniz suyunu duzsuzlaşdırarkən ən alt təbəqələrdən götürürük. Bu zaman xüsusi borularla dənizin dərinliklərindən su çəkilir. Başqa yerə aparılaraq suyun tərkibində olan duzlar, maddələr təmizlənir və yalnız içməli su qalır. Bəzən isə bu duzsuzlaşıdırılma elə dənizin içində aparılır. Bunun üçün böyük bir vəsait lazımdır.

- Dəniz suyunu duzsuzlaşdırarkən qalan tullantılar necə olur?

- Bu, hər bir ərazinin yerindən asılı olaraq dəyişir. Əraziyə uyğun qərar verilir ki, tullantılar həmin yerdə basdırılsın, yoxsa başqa yerə aparılsın. Hazırda bu məsələ üzrə işləyirik. Dəniz suyunu duzsuzlaşdırarkən sudan ayrılan maddələri, xüsusilə də duzu ayrılıqda necə istifadə edə bilərik. Bu da texnologiyadan asılıdır.

“Ciddi itkilər ola bilər...”

- Son olaraq bəşəriyyəti gözləyən ən böyük müharibələrdən biri olan su müharibəsinə toxunmaq istərdim. Hazırki qıtlıq su müharibəsinin miqyasını genişləndirə bilərmi?

- Su qıtlığı belə davam edərsə, su müharibəsi də qaçılmaz olacaq. Dünya tarixinə nəzər salsaq görərik ki, müharibələrin çoxu resurslar üzrə olub. Qlobal istiləşmə bu cür davam edərsə ciddi itkilər ola bilər. Burada bəzi nüanslar var. Misal üçün, Yaxın Şərqdə ciddi su problemi var. Bu problemlə yanaşı onların pulları da var və suyu pulla ala biləcəklər. Lakin hər ölkədə bu belə deyil. Afrika ölkələrinin nə pulu var, nə də suyu var. Ümumiyyətlə, onların müharibə etməyə belə halı yoxdur.

Aysel Şahmar

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm