Dövlətsiz beş il: Qəddafini ölümə aparan 180 milyard və ərəb ənənələri – - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Dövlətsiz beş il: Qəddafini ölümə aparan 180 milyard və ərəb ənənələri – - FOTO/VİDEO

Liviyadakı vətəndaş müharibəsi və tayfalararası çəkişmələrə altıncı ildir ki, davam edir.

Düz beş il bundan əvvəl - 20 oktyabr 2011-ci ildə 42 il ölkəyə rəhbərlik edən Liviya lideri, polkovnik Müəmmər Qəddafi NATO qoşunlarının dəstəklədiyi Liviya üsyançıları tərəfindən öldürüldü.

Liviyadakı vətəndaş müharibəsi və tayfalararası çəkişmələrə altıncı ildir ki, davam edir. Dövlət orqanlarını yaratmaq cəhdləri müvəffəqiyyətsiz olub, iqtisadiyyat dağılıb. Ölkədə bütün region üçün təhlükə yaradan vəziyyət hökm sürür. Bütün bunlara görə isə Şimali Afrika ölkəsinin siyasi quruluşunu zorla dəyişdirən Qərb dövlətləri birbaşa məsuliyyət daşıyır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, “Rusiya Seqodnya” informasiya agentliyinin multimedia mətbuat mərkəzində dəyirmi masa ətrafında toplaşan diplomatlar, alimlər və siyasətçilər Qəddafisiz və dövlətsiz Liviyanın 5 ilini müzakirə ediblər.

Cəzasız qalan cinayət

2011-ci ilin 17 fevralından ölkədə vətəndaş müharibəsi başlanmışdı. Həmin ilin yayında Qəddafi qanundan kənar elan edildi: Beynəlxalq Cinayət Məhkəməsi onu qətllər və qanunsuz həbslərdə ittiham edərək həbsinə sanksiya verdi. Payız aylarında NATO-nun dəstəyi ilə hərəkət edən silahlı güclər ölkənin bütün ərazisini nəzarət altına aldılar. Yalnız Qəddafinin vətəni olan Sirt şəhəri qalmışdı. Keçid Milli Şurası adından hərəkət edən üsyançılar onu demək olar ki, parçaladılar. Kimlərsə onun dəhşətli görüntülərini mobil telefonla çəkərək bütün dünyaya yaydı.

Qəddafinin ölümü məhkəmənin hökmü üzrə edam deyildi. Rusiyanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aktual beynəlxalq problemlər İnstitutunun Avrasiya Tədqiqatları Mərkəzinin rəhbəri, 1980-ci illərin ikinci yarısında Liviyada SSRİ-in fövqəladə və səlahiyyətli səfiri işləyən Oleq Peresıpkin hesab edir ki, bu, nə vaxtsa araşdırılacaq qətl və cinayət idi.

Liviya və Suriya xalqları ilə həmrəylik üzrə Rusiya komitəsinin sədri Sergey Baburin iddia edir ki, nə Tripolini, nə də Sirti heç bir müxalifət gücü tutmayıb. Baburinin fikrincə, onlar Qərb tərəfindən maliyyələşdirilən muzdlular idilər. “Müəmmər Qəddafi NATO-un xüsusi əməliyyatı nəticəsində tutulmuşdu. Onu öldürmək hüququnu isə bir dəstədən başqasına satırdılar. Biz uzun müddət həqiqəti bilməyəcəyik, amma həqiqət gec-tez dünyaya məlum olacaq. Vaxt gələcək, Qəddafi görkəmli xadimlərin arasına daxil ediləcək”.

Qəddafi kimə mane olurdu?

Oleq Peresıpkin hesab edir ki, iqtisadi səbəblər Qərb ölkələri, hər şeydən əvvəl ABŞ-ın Qəddafini devirməsinin səbəbi idi. “Müxtəlif mənbələrə görə, Qəddafi Qərbi Avropa və ABŞ-da qiymətli kağızlara təxminən 180 milyard qoymuşdu. Təbii ki, indi bütün bu pul və çoxsaylı obyektlər müsadirə edilib”, - o, qeyd edib.

Serqey Baburin isə bildirir ki, Qəddafinin aradan götürülməsinin mühüm səbəblərindən biri onun demokratiyanın qərb modelinə uyğun olmaması idi: “Çünki Liviya ərəb xalqının çoxəsirlik ənənələri ilə yaşayırdı, amma müasir reallıqları da nəzərə alırdı. Qərb strateqləri hesab edirdilər ki, Liviyanı unifikasiya edilmiş dövlət modelini qurmağa məcbur etmək çox sadədir”.

Həyata keçməyən ümidlər

Yaxın Şərq və Şimali Afrikanın müasir tarixi üzrə mütəxəssis Qriqori Lukyanovun sözlərinə görə, əhalinin hələ də əhəmiyyətli hissəsi yeni Liviyanı qurmağa, onu dünyanın iqtisadi və siyasi sisteminə birləşdirməyə ümid edir. Onların fikrincə, Qəddafi dövründə ölkə təcrid edilmişdi. Xüsusilə, bu əhval-ruhiyyə gənc livanlıların arasında yayılıb. Bu isə əhalinin böyük əksəriyyətidir. Əhalinin 60 faizini 29 yaşa qədər olan insanlar təşkil edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Yuri Zinin bildirir ki, “Ərəb baharı” Liviya üçün əsl faciə olub. Onun sözlərinə görə, indiyə kimi nə qədər insanın həlak olduğu dəqiq məlum deyil.

“Ölkə öz birliyini və sabitliyini itirdi. Liviya ümumxalq seçilmiş parlament və azad KİV əldə etdi. Amma nəticədə parlament iki parlamentə parçalandı, kütləvi informasiya vasitələri silahlı qrupların əlində oyuncağa çevrildi”, - Yuri Zinin qeyd edib.

Zinin hesab edir ki, Qəddafinin diktaturasından qurtulan Liviya xalqı bütün parametrlər üzrə ölkəni geri atdı: “Dövlət institutları dağıdılıb, iqtisadiyyat məhv edilib, ölkənin əsas sərvəti olan neftin hasilatı dörd dəfə azalıb. Ölkəyə İŞİD-in dəstələri daxil olub, Amerika aviasiyası Liviya ərazisini yenidən bombalayır. Liviyanın birliyini bərpa etmək üçün BMT-nin göstərdiyi bütün səylər nəticəsiz qalıb. Ölkədə iki hərbi-siyasi blok fəaliyyət göstərir. Faktiki olaraq Liviya vahid ölkə kimi daha mövcud deyil. Ölkəni son parçalanmadan azad etmək üçün çox sərt güc, ola bilər ki, hərbi idarə lazımdır”.

Qriqori Lukyanov bildirir ki, ölkə bütün Yaxın Şərq və Şimali Afrika üçün qeyri-sabitlik mərkəzinə çevrilib. O, əlavə edir ki, Liviya əvvəlki kimi təbii resursların geniş ehtiyatlarına malik olan zəngin ölkə olaraq qalır.

Oleq Peresıpkin bu fikirdədir ki, Liviya dövlətinin bərpası prosesinə ərəb ölkələri qoşulmalıdır. Amma o, Müəmmər Qəddafi ilə müqayisə edilə biləcək fiqurun tapılacağına şübhə edir.

Liviyada hazırda faktiki olaraq, qanuni hökumət yoxdur. Ölkədə vətəndaş müharibəsi gedir və iki hökumət fəaliyyət göstərir: ölkənin şərqindəki Tobruk şəhərində parlament və Tripolidə Ümumi Milli Konqres. Bundan başqa, Sirt, Kirenaika və Tripolitaniyada naməlum hərbiləşdirilmiş qruplaşmalar var. Ölkəni sahil boyunca keçmək böyük problemdir. Liviyada İŞİD müvəffəqiyyətlə hərəkət edir. Bir sözlə, Liviyanı anlamaq çox çətindir. Liviya çoxdan dünya informasiya məkanından kənardadır. Ölkədə jurnalistlər praktik olaraq işləmirlər, bu sonsuz vətəndaş mübarizələri heç kəsə maraqlı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm