Atası Siciliya mafiyası üçün işləyən ulduz - FOTOLAR
Bizi izləyin

İdman

Atası Siciliya mafiyası üçün işləyən ulduz - FOTOLAR

Atası Siciliya mafiyası üçün işləyən ulduz-FOTOLAR

Dünya futbolunda elə kiçik ölkələr var ki, yetişdirdiyi futbolçularla tanınırlar. Son zamanlar yetişdirdiyi gözqamaşdırıcı hücumçularla futbol aləmində böyük nüfuz qazanan ölkələrdən biri də Uruqvaydı.

Alvaro Rekoba, Sebastyan Abreu, Dieqo Forlan, Luis Suares və Edinson Kavani... Budəfəki qəhrəmanımızın tam adı məhz Edinson Roberto Kavani Qomesdi. Son zamanların ən yaxşı hücumçularından hesab edilən futbolçu hazırda PSJ-nin uğurları üçün tər tökür. Həm millisinin, həm də oynadığı klubların önəmli simalarından hesab edilən «Matador»un maraqlı həyat hekayəsi və karyerası var imiş.

Çətinliklər qaçılmazdı

1987-ci ildə Uruqvayın ikinci böyük şəhəri Saltoda dünyaya gələn Edinsonun həyatı bir çox cənubi amerikalılar kimi heç də asan keçməyib. O, həmin günləri belə yada salır: “Ailəmin mənə “Cola” ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik”.

Cənubi Amerika ölkələrində vəziyyətin elə də ürəkaçan olmadığını yaxşı bilirik. Narkomaniyanın geniş yayıldığı, təhsilin heç də yüksək səviyyədə olmadığı bu ölkələrdə uşaqlar üçün uğurlu və təhlükəsiz variant futbolçu olmaq idi. O, bunu bacarmasaydı, vəziyyət tamam başqa cür ola bilərdi. Çətinliklərə rəğmən, Kavani hər şeyin öhdəsindən gələ bilir. Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu «Danubio»nun uşaq futbol məktəbinə yazdırır. Kavaninin ilk məşqçisinin ağlına belə gəlməzdi ki, sıradan bir futbolçu kimi komandaya cəlb etdiyi bu oğlan gələcəyin parlaq ulduzlarından biri olacaq.

Dönüş anı

“Matador” 18 yaşında “Danubio”nun əsas komandasında debüt edir. Qısa zamanda göstərdiyi oyunla aşağı yaş qrupları üzrə milli komandalara cəlb olunur. 2007-ci ildə U-20-lər arasında Paraqvayda keçirilən Cənubi Amerika çempionatı onun üçün uğurlu alınır. Bu turniri onun karyerasında dönüş anı saya bilərik. Edinson 7 qolla turnirin bombardiri olur. Aleksandr Pato, Artur Vidal, Aleksis Sançes, Anhel Di Mariya, Lukas Leyva, Martin Kaseres kimi futbolçularla yanaşı, Kavani də oyunuyla diqqətləri özünə cəlb edir. Fiziki baxımdan güclü olması, texniki bacarığı və çevikliyi “Real” və “Yuventus” kimi klubların ona “elçi düşməsinə” səbəb olur.

Niyə “Palermo”?

Kavani nəhəng klublarla deyil, “Palermo” ilə anlaşır. Siciliyalılar uruqvaylı futbolçuya görə klubuna beş milyon avro ödəməli olurlar. Bu isə İtaliya mətbuatında səs-küyə səbəb olur. Əlbəttə, italyanlar bu transferin reallaşması üçün madridlilər və turinlilərə nisbətən daha çox pul ödəməli idilər. Lakin sonradan məlum olub ki, Edinsonun könlü “Palermo”da imiş. Bunun isə maraqlı tarixçəsi var. Yazının əvvəlində qeyd etdiyimiz kimi, ailəsi maddi ehtiyac içində yaşadığından, atası məcburən Siciliya adasına işləməyə yollanıb. Ata burda qazandığı pul sayəsində ailənin ehtiyaclarını qarşılaya bilib. Yayılan şayiələrə görə, ata Qomes Siciliya mafiyası üçün çalışıb. İşiylə bağlı qurduğu əlaqələr sayəsində övladlarını futbol məktəbinə yazdıra bilib. “Matador” məhz bu səbəbdən özünü Siciliyaya borclu hesab edir. Və “Palermo”dan gələn təklifi düşünmədən qəbul edir.

Siciliya macərası

Həmin vaxt “qartallar”ın hücum xəttində Fabrisio Mikkoli və Karvalyo De Oliveyra (Amauri) çıxış edirdi. Gənc oyunçu hər iki hücumçu ilə rəqabətdən qalib ayrılır. Vəziyyət o yerə çatır ki, “Palermo” rəhbərliyi “Yuventus”un Amaurini transfer etmək istəyinə razılıq verir. Edinsona inanan rəhbərlik bəlkə də düşünməzdi ki, nə vaxtsa bu futbolçunun transferindən 17 milyon avro qazana bilərlər. İstiqanlı siciliyalılar onu çox sevirdilər. Azarkeşlərə daha çox diqqət ayıran forvard onların qəlbində taxt qurmuşdu. Amma nədənsə Siciliya mafiyası ona qarşı kobud davranır. Hətta ona qarşı silahlı təzyiq olur. “Matador” ölümün bir addımlığından qayıdır. Möcüzə sayəsində sağ qalmasına rəğmən, polisə şikayət etmir. Əksinə, heç nə olmamış kimi davranır.

Yenə rəqabət, yenə qələbə

2010-cu il dünya çempionatında həmşəhərlisi Suaresin kölgəsində qalmasına rəğmən, “Napoli” bosları onu bəyənir. Neapolda da onu Ezekiel Lavessi və Jerman Denislə rəqabət gözləyirdi. Rəqabəti çox sevən Edinson yenə əsas heyət uğrunda mübarizədən qalib ayrılır. Onun budəfəki “qurban”ı Denis olur. Vaxt keçdikcə “Napoli” daha uğurlu çıxış edirdi. Hətta komanda Çempionlar Liqasına qədər yüksəlməyi bacarır. Bu uğurlarda Kavani və Lavessi tandeminin payı daha çox olur. Onların hücum xəttindəki inanılmaz oyun sərgiləmələri nəhəng klubların diqqətindən yayınmır. 2012-ci ilin yayında bəzi klublar hər iki hücumçunu heyətinə qatmağa cəhd etsələr də, istəklərinə nail ola bilmirlər. Argentinalı hücumçu PSJ ilə anlaşır. “Matador” isə daha bir il Neapolda qalır.

İbrahimoviç simpatiyası

Bu ilin yayında Kavani 53 miyon avro müqabilində PSJ-yə transfer olunur. Onunla “Çelsi”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Yuventus” və başqa klublar maraqlansalar da, o, Fransa təmsilçisini seçir. Səbəb isə Zlatan İbrahimoviç olur. Mütəxəssislər iki futbolçunun eyni vaxtda meydanda olmalarının mümkünsüz olduğunu düşünürdülər. Uruqvaylının yayılan fikirlərə münasibəti belə idi: “Zlatan ordadısa, mənə problem olmayacaq. Əksinə, çətinliklərə birlikdə qalib gələcəyik”. Cari mövsümdə parislilərin göstərdikləri oyun isə Kavaninin haqlı olduğunu isbatladı. İki futbolçunun hücum xəttindəki tandemi PSJ-yə 50-yə yaxın qol gətirib.

Fərqli kumirlər

Cənubi amerikalı oyunçuların adətən iki kumiri olur: Pele və Maradona. Kavaninin kumirləri isə Rekoba və Forlandı. O, bu seçimlərlə həqiqətən də fərqli xarakterə sahib olduğunu göstərir. Belə ki, qatı dindar olan futbolçu istirahət günlərini ailəsiylə birlikdə keçirir. Bar və əyləncə mərkəzlərindən uzaq olan Kavani övladlarının (iki oğlu var) tərbiyəsiylə məşğul olmağı üstün tutur.

“Futbolla nəfəs alırıq”

Edinson Braziliyada keçiriləcək dünya çempionatında Uruqvay millisinin liderlərindən biri olacaq. Azarkeşlər də onlardan sonuncu mundialdakı nəticənin təkrarlanmasını gözləyirlər. Son zamanlar dirçəlişdə olan Uruqvay futbolunun qitələrində keçiriləcək turnirdə uğur qazanma ehtimalı böyükdü. Bəs bu ölkədə futbolun belə inkişaf etməsinin səbəbi nədi? Edinson bunu belə izah edir: “Biz futbolu yeyərik-içərik, onunla nəfəs alarıq. Futbolla oyanıb, onunla yatarıq. Mənim doğulduğum şəhərin hər 100 kv metrində futbol meydançası var. Futbol bizim üçün hər şeydi”. Onun sözünə qüvvət olaraq qeyd edək ki, qardaşları Kristian və Azərbaycan Premyer-Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb.

Məqamlar...

* “Danubio”da oynadığı 2006/07 mövsümündə Uruqvay çempionu olub. 19 yaşlı forvard meydanda olduğu 19 oyunda beş qola imza atıb. Başlanğıc üçün pis nəticə hesab olunmur.

* 2007-ci ildə Uruqvay Cənubi Amerika çempionatında (U-20) yalnız Braziliya və Argentina millilərindən geri qalaraq üçüncü oldu. Kavani isə 7 qolla bombardir olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu seçildi.

* 2011-ci ildə əsas milliylə Kopa Amerika turnirinin qalibi olmağı bacarıb.

* 2011/12 mövsümündə İtaliya kubokunun qalibi olub. Meydanda olduğu beş oyunda beş dəfə fərqlənməklə turnirin bombardiri adını qazanıb.

* 2012/13 mövsümündə 34 oyunda 29 dəfə fərqlənməklə A seriyasının bombardiri olub. Bununla da o, bu uğura imza atmış üçüncü uruqvaylı kimi tarixə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm