"Şuşaya salam" layihəsi başlayır - FOTO
Bizi izləyin

Art

"Şuşaya salam" layihəsi başlayır - FOTO

Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin mətbuat və ictimaiyyət üçün təqdimatı baş tutub.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə layihənin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu açıb.

O, layihə haqqında məlumat verərək Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və "Space" televiziyasına təşəkkür edib: "Layihə sentyabrın 27-dən start götürəcək. "Şuşaya salam" layihəsində 30 ölkədən 36 şair, Azərbaycandan isə 8 şair iştirak edəcək. Hər gün bir əcnəbi şairin şeiri "Space" televiziyasında yayımlanacaq . Layihə noyabrın 9-dək zəfər gününə qədər davam edəcək".

Xalq yazıçısı Anar Rzayev çıxışında deyib ki, Qarabağ məsələsi hər zaman Azərbaycan Yazıçılar Birliyinin diqqət mərkəzində olub: "Biz xoşbəxtik ki, Qarabağın azad edilməsini, həqiqətin bərpa edilməsini gördük. Amma bundan sonra da təbliğat işlərinin daha intentiv şəkildə davam etdirilməliyik. "Şuşaya salam" layihəsinin ideyası Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludan gəlib. Biz də bu layihəni dəstəklədik. Eləcə də Mədəniyyət Nazirliyi və "Space" televiziyasından dəstək aldıq. Birlikdə bu layihəni həyata keçirməyə başladıq. Azərbaycanı, Şuşanı və bizim haqq işimizi təbliğ etmək üçün böyük bir layihədir. Bu layihədə xarici ölkələrin şairləri də iştirak edəcəklər".

"Space" telekanalının rəhbəri Müşfiq Hətəmov deyib ki, Qarabağ mövzusu, Qarabağ həqiqətləri müxtəlif tribunalardan hər zaman qorunub: " Ancaq "Şuşaya salam" çox önəmli layihədir ki, dünyanın əsl ziyalıları həqiqətləri bilirlər və layihəmizə qoşulurlar. Bu yalnız Azərbaycan Yazıçılar Birliyinin deyil, Azərbaycan dövlətinin uğurlu layihəsidir. Bu çox gözəl və önəmli hadisədir. Layihənin dünya şairlərinin dili ilə təqdim edilməsi bir daha Qarabağın, Azərbaycana, Şuşa şəhərinin Azərbaycan mədəniyyət paytaxtı olmasını göstərir. Ona görə də Səlim Babullaoğlunun zəhməti yüksək qiymətləndirirəm".

Qeyd edək ki, tədbirdə Çingiz Abdullayev, Rəşad Məcid, Elçin Hüseynbəyli, Sayman Aruz, İlqar Fəhmi, Aydınxan Əbilov, Faiq Balabəyli və Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm