Yeni orfoqrafiya lüğəti alimlər arasında fikir ayrılığı yaratdı: "Hər kəsə aidiyyəti var"
Bizi izləyin

Elm və təhsil

Yeni orfoqrafiya lüğəti alimlər arasında fikir ayrılığı yaratdı: "Hər kəsə aidiyyəti var"

Bir müddət əvvəl Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” lüğəti hazırlanıb.

Lüğətin özəlliyi yazılışı əvvəlki orfoqrafiya lüğətlərində iki, bəzən üç variantda yer almış söz və terminlərin, eləcə də qüsurlu sözlərin vahid düzgün yazılış qaydası ilə verilməsi, işləkliyini itirmiş, lakin sahələr üzrə əhəmiyyətini saxlamış qədim sözlərin, oxşarköklü sözlərin yenidən işləklik qazanması, düzgün anlanması və tətbiqi məqsədi ilə izahlarla verilməsi, həmçinin əvvəlki orfoqrafiya lüğətlərində yer almamış mindən çox saf Azərbaycan sözlərini, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış xeyli sayda terminləri özündə cəmləməsidir.

Növbəti ilin may ayında isə Dilçilik İnstitutu tərəfindən yeni bir orfoqrafiya lüğəti hazırlanacaq. Hələ ki, institut 62 bənddən ibarət yeni orfoqrafiya qaydalarını hazırlayıb, yaxın zamanda Nazirlər Kabinetinə təqdim ediləcək. Bundan sonra bu il aprelin 1-dək “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapına icazə verilməsi üçün Rəyasət Heyətinə təqdim olunacaq.

Burada qəribə bir məqam yaranır. Nə üçün biri Nazirlər Kabineti, digəri Azərbaycan Milli Elmlər Akademiyasına bağlı olan və dolayısı ilə dövlət büdcəsindən maliyyələşən bu iki təşkilat eyni lüğəti hazırlayır? Olmazmı ki, onlardan biri illərdir hazırlanmayan və diqqətdən kənarda qalan orfoepiya lüğəti və ya digər lüğətlər üzərində işləsin? Sözlərin düzgün yazılışı ilə maraqlananlar hansı mənbəyə istinad etməlidir?

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli azvision.az saytına açıqlamasında Tərcümə Mərkəzinin hazırladığı lüğətin mətbuatda çalışanlar və tərcüməçilər üçün nəzərdə tutulduğunu bildirib.

Millət vəkili Nizami Cəfərov Publika.az-a açıqlamasında iki fərqli qurumun eyni lüğət hazırlamasında bir problem görmədiyini deyib. Onun sözlərinə görə, əsas məsələ orfoqrafiya qaydalarına əməl edilməsidir.

“İstənilən dövlət və ya özəl qurum müəyyən sahələr üzrə lüğət çap edə bilər. Sözlərin düzgün yazılış qaydası nə qədər geniş yayılsa, o qədər yaxşıdır. Orfoqrafiya qaydaları dövlət tərəfindən rəsmi təsdiq edilir. Orfoqrafiya lüğəti isə təsdiq edilmir, qaydalara müvafiq olaraq müəyyən heyət tərəfindən hazırlanıb çap edilir. Bu vaxta qədər hazırlanan orfoqrafiya lüğətləri normal olmadığına görə Tərcümə Mərkəzinin hazırladığı orfoqrafiya lüğəti bu gün çox üstündür. 2013-cü ildə Dilçilik İnstitutu tərəfindən hazırlanan lüğətdə çoxlu nöqsanlar var idi. Hazırlanma prosesinin özü də mükəmməl olmamışdı, üzərində yaxşı işlənilməmişdi. Lüğətdə söz anlayışı ilə bağlı məsələ düzgün qeyd edilməmişdi. Lakin Dilçilik İnstitutu yenidən orfoqrafiya lüğəti hazırlayandan sonra iki lüğət arasında müqayisə aparmaq olar. Tərcümə Mərkəzinin hazırladığı lüğət mövcud olan lüğətdən çox üstündür. Çünki oradakı qüsurların çoxu Tərcümə Mərkəzinin hazırladığı lüğətdə aradan qaldırılıb. Amma bu lüğət hazırlanarkən əvvəl Dilçilik İnstitutunun hazırladığı lüğətin üzərində işlənilib. 7-8 qrup səhvlər düzəldilərək çap olunub”.

N.Cəfərov Tərcümə Mərkəzi belə mükəmməl lüğət hazırladığı təqdirdə, Dilçilik İnstitutunun yenidən orfoqrafiya lüğəti hazırlamasına ehtiyac olmasına da aydınlıq gətirdi.

“Ola bilər ki, Dilçilik İnstitutunun hazırladığı lüğət bundan da mükəmməl olsun. Lakin Dilçilik İnstitutu qarşısında duran əsas məsələ normal orfoqrafiya qaydalarını hazırlamaq, onun dövlət tərəfindən təsdiqini təmin etməkdir. Bu işə yalnız Dilçilik İnstitutu deyil, kənar qüvvələr də cəlb edilə bilər. Bundan sonra Dilçilik İnstitutu yeni qaydalar əsasında mükəmməl orfoqrafiya lüğəti hazırlaya bilər. Hətta qaydalar təsdiqlənməsə köhnə qaydalar əsasında da yeni lüğət çap edə bilər. Dilçilik İnstitutu tərəfindən sonuncu dəfə hazırlanan lüğətdə qüsurlar çoxdur. Dildə olmayan, işləkliyini itirən, süni quraşdırılmış sözlər bu lüğətdə var. Bu lüğət də orfoqrafiya lüğəti ilə bağlı beynəlxalq standartlara uyğun hazırlanmayıb. Lakin Dilçilik İnstitutu Tərcümə Mərkəzinin hazırladığı lüğət üzərində kiçik dəyişikliklər edib yenidən çap edəcəksə, bu da doğru hesab edilə bilməz”.

N.Cəfərov Tərcümə Mərkəzinin hazırladığı lüğətin mətbuat işçiləri və tərcüməçilər üçün nəzərdə tutulması fikri ilə razılaşmır:

“Orfoqrafiya lüğəti sözün yazılış qaydalarını göstərən və bütövlükdə cəmiyyətə aid olan lüğətdir. Onun mətbuat, tərcüməçi, orta məktəb şagirdi də daxil olmaqla hər kəsə aidiyyəti var. Yəni, hər kəs sözün düzgün yazılışını bu mənbədən öyrənə bilər. Əsas məsələ lüğətdə sözün düzgün anlaşılması və sözün orfoqrafiya lüğətinə salınması prinsipinə əməl edilməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm