Anam erməni əsgərləri üçün o qədər ağladı ki...
Bizi izləyin

Köşə

Anam erməni əsgərləri üçün o qədər ağladı ki...

Zaman o zaman idi ki, məni rəhmətlik ANS-də bir verilişə çağırmışdılar. Səhv eləmirəmsə, aprel döyüşləri ərəfəsi idi. Vətənpərvərlikdən danışdım. Verilişdən çıxandan sonra tanınmış, özü də vəzifəli bir adam mənə zəng elədi, fikirlərimi bəyəndiyini bildirdi. Dedi ki, sənə eşq olsun, fəxr edirəm ki, belə gəncimiz var. Düzü, o adamla fikirlərimin üst-üstə düşdüyünə görə çox pis oldum. Hətta sarsıldım. Öz-özümə fikirləşdim ki, görəsən, mən nə qədər mənasız və məzmunsuz, bayağı bir çıxış eləmişəm ki, bu adamın xoşuna gəlmişəm?! Axı mən o verilişdə çoxlarının anladığı və qəbul etdiyi vətənpərvərlikdən danışmamışdım. Yəni Vətən mənim üçün torpaq yox, insan idi.

O verilişdə də demişdim ki, hətta hansısa bir məsələni sülh yolu ilə həll eləmək mümkün deyilsə, müharibədən başqa çıxış yolu yoxdursa belə, yenə də sülh istəyən və sülh arzusu ilə yaşayan insanların fikrinə hörmətlə yanaşmaq lazımdır. Adam nə istəyir ki? Sülh! Sülh istəyən adamın təhqir olunduğu bir cəmiyyət heç vaxt ağ günə çıxmayacaq. Təəssüf, bəzən görürsən ki, ağzını açıb bir kəlmə sözlə müdirinə etiraz eləyə bilməyən, canını nəinki torpaqdan, vicdanından, əqidəsindən də çox istəyən adamlar humanizim, sülh kimi ali dəyərləri ələ salır, lağlağıya qoyur. Bu isə mənə pis təsir edir. Axı niyə camaatın cavan-cavan uşaqlarını müharibəyə “tırkalayırsınız?” Guya insanlarda ruh yüksəkliyi yaradırlar.

Bir dəfə internetdə ölmüş erməni əsgərlərinin şəkli yayılmışdı. Həmin şəkillərə baxdığım yerdə birdən anam otağa girdi, meyitləri görən kimi dedi ki, can bala, anan ölsün, yazıq səni boya-başa çatdırmaq üçün nə zülmlər çəkmişdi. Anam düz yarım saat dil deyib ağladı, elə bilirdi ölənlər bizim əsgərlərdir. Gördüm ürəkdən ağlayır, daha nəsə demədim ki, birdən pərt olar. Ürəyini boşaldıb getdi...

Verilişdə aparıcı sual vermişdi ki, ola bilərmi, ömür boyu sülhdən danışan bir insan müharibə başlayan kimi əlində silah döyüşlərə girsin, torpaq, vətən uğrundan canını fəda etsin? Əlbəttə, mümkündür. Özümdən misal çəkmişdim. Məsələn, mən Kəlbəcəri görməmişəm. Amma babam, atam o yerlərdən yanımda çox danışıblar. O qədər danışıblar ki, elə bilirəm görmüşəm. Nə vaxtsa eşitsəm ki, Kəlbəcər işğaldan azad olunub sevindiyimdən ağlayaram. Hətta bu barədə bir az dərindən düşünən kimi gözlərim dolur.

Bir əsas məsələ də var: bizdə sülh haqqında danışan insanlar cəmiyyətdə qıcıq doğurur. Çünki yaxşı danışa bilmirlər və cəmiyyət o adamların özünü yaxşı tanıyır, hansı yuvanın quşu olduğunu, fikirlərini hansı məqsədlə dediyini bilir. Sülhdən ən çox yazıçılar, ziyalılar, qələm adamları danışmalıdır. Həqiqi yazıçılar, həqiqi ziyalılar, həqiqi qələm adamları... Özü də elə danışmalıdır ki, insanlarda sevgi yaransın, aqressiya deyil. Bunun üçün də sülh haqqında istedadlı adamlar danışmalıdır ki, cəmiyyət o fikirləri həzm eləyə bilsin. Sülh haqqında vicdanlı, əqidəli adamlar danışmalıdır ki, cəmiyyət o fikirlərə inansın. Sülh haqqında o adam danışmalıdır ki, o, həqiqətən də sülh adamı olsun. Daha məhəllədə qonşusu ilə, kafedə dostu ilə, evdə arvadı ilə yola getməyib, ictimaiyyətin gözü qabağında gah müxalifətə, gah da iqtidara qulluq eləyib, sonra da cəmiyyətə düşmənə sevgi yaratmağa çalışmasın. Onda əlbəttə, insanlar sülhə nifrət edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm