Köşə
15 dekabr: yuxu, yoxsa gerçək?
Aqil Lətifov
15 dekabr 2009-cu il. Artıq bir neçə dəqiqədir ki, axşam düşüb. Həyətdə heç vaxt görmədiyim və alışıq olmadığım müəyyən xırda-para işlərlə məşğulam. İşə həvəslə başlasam da, nədənsə çox narahatam və əlimdə olan işi bir an öncə yekunlaşdırmaq istəyirəm. Elə təzəcə işə başlamışdım ki, mobil telefonuma bir mesaj gəlir. Lakin vaxt itirməyim və işi tez başa vurum deyə mesajın kim tərəfindən göndərildiyinə və nədən bəhs etdiyinə baxmıram.
Bir neçə dəqiqə keçdikdən sonra telefonun SMS melodiyası yenidən səs salır. Yenə də telefonu açmaıram, amma işimi qurtarmaq üçün daha sürətlə çalışmağa başlayıram. SMS-lərin ard-arda gəlməsi, onların mətni ilə tanış olmamağım məni daha da təlaşlandırır və ürəyimin döyüntüsü sanki qulaqlarımı deşir. Pis xəbər eşidəcəyimdən çəkinərək telefona cavab vermək, mesajlarla tanış olmaq istəmirəm. Ancaq beynimdə qarma-qarışıq fikirlər dolaşsa da, mesajların mətni ilə tanış olmaq məcburiyyətindəyəm. Nəhayət, işimi qurtardıqdan sonra telefonu açıram və mesajların böyük bacımdan gəldiyini görürəm. Ondan mənə sadəcə, boş ismarış gəlib. Bacımın nömrəsini yığmaq istəyirəm, lakin barmaqlarım beynimlə ürəyimin fərqli istəkləri qarşısında sanki seçim edə bilmir. Bacıma telefon açaraq, nə baş verdiyini öyrənməyə can atıram, ürəyim isə bunu yerinə yetirməyə tərəddüd edir. Nömrəni yığmaq istəsəm də, sanki barmaqlarım mənim yox, hansısa ilahi qüvvənin diktəsi altındadır. Gücsüz barmaqlarımla birtəhər nömrəni yığaraq bacıma zəng edirəm. Onun telefonu açdıqdan sonra ağladığını eşidirəm, onsuz da narahat olan ürəyim bu səsi eşitcək yerindən çıxacaqmış kimi çırpınmağa başlayır. Bacım ağlayaraq, titrək səslə: “Aqil, anamgil qəzaya düşüblər. Avtomobil dərəyə yuvarlanıb. Deyirlər, maşında olan bir gəlinin vəziyyəti çox ağırdır”, - deyir. “Sən nə danışırsan? Ola bilməz. Zarafat edirsən? Nə qəza? Anamgil harada idi ki? Harada olub? Gəlin kimdi? De, ki, zarafat edirəm”. Qeyri-ixtiyari olaraq, birnəfəsə ona bu sözləri söyləyrəm. Onun dediklərinə heç cür inanmaq istəmirəm. Ancaq onun ağlaması, təlaşı, həyəcanı mənə buna inanmaqdan başqa yol qoymur. Bir tərəfdən Allah-Təalaya dualar edirəm, digər tərəfdən isə kiminsə bunun gerçək deyil, röya olduğunu söyləməsini gözləyirəm. Sanki bu dəqiqə bu acı yuxudan ayılacaqmış kimi özümü inandırmağa və hər şeyin geridə qalacağına çalışıram. Lakin atama açdığım telefon mənim bütün ümidlərimi puç edir. O, bu hadisənin həqiqət olduğunu bildirir və başqa heç nə demədən telefonu söndürərək, sonrakı zənglərimə cavab vermir. Anlayıram ki, sən demə, əslində mənim xoş xəyallarım, gerçəyi görmək istəməməyim yuxu imiş... Bundan sonra sözlə anladılması mümkünsüz olan hissləri, duyğuları yaşamağa başlayıram və özümə hakim ola bilmədiyim üçün nə edəcəyimi bilmirəm...
Telefon açdığım şəxslərdən doğru-dürüst bir məlumat əldə edə bilmədiyimdən onların məndən nəsə gizlətdiyini düşünürəm. Lakin fikirləşdiyimin doğru olmamasını diləyir və özümü buna inandırmağa çalışıram.
Bütün bu xəyalların, qarma-qarışıq duyğuların, arzuların eşliyində gecə ilə Bakıdan yola düşürəm. Yardımlıya qədər olan bu dörd saatlıq yol mənə bir insan ömrü qədər uzun gəlir. Yol qurtarmaq bilmir, mənsə xəyallardan ayrıla bilmirəm. Yaş damcılayan gözlərimin önündə ancaq O var: onun gülümsəməsi, danışığı, zarafatları bir neçə ay öncə gəlinlik libasında evdən yola salmağımız... O, bir an belə gözümün önündən getmir. Yalnız onu fikirləşir, onunla bağlı uşaqlıqdan bəri beynimdə yer etmiş ən xoş xatirələr məni qanadlarına alıb uzaqlara, gözəl, qayğısız günlərə aparır...
Ətrafda baş verənlər isə beynimə heç cür nüfuz edə bilmir. Sürücünün bir neçə dəfə “qəza burada baş verib”, - deməsi məni xoş xəyallardan qısaca da olsa ayıra bilir. O, qəzanın baş verdiyi ərazini mənə göstərir. Bəzi tanışların da burada olduğunu və ağladığını görürəm. Artıq kiminsə dünyasını dəyişdiyini qətiləşdirirəm, lakin həmin insanın kimliyini soruşmağa cəsarətim çatmır. Telefon açaraq bunu kimdənsə öyrənməyə cəsarət etmədiyim kimi...
Təxminən 20-30 metr dərinlikdəki dərəyə yuvarlanan avtomobilin vəziyyətini gördükdən sonra burdan kiminsə sağ çıxmasınının mümkünsüz olduğu ehtimalı artmağa başlayır. Ətrafda vahiməli dağların arasındakı qalın meşə və yerdə ərimiş qarın yaratdığı palçıqdan, qəzanın izlərini göstərən xırda-para əşyalardan başqa bir şey yoxdur. Tərəddüdlər məni ağuşuna alır: burada, dibsiz uçurumda, qaranlıq vaxtı, maşınların gec-gec şütüdüyü, insanların olmadığı bu ərazidə baş verən qəzanı kim görüb, kim və necə xəbər tutub? Onlar bu səssiz, qaranlıq, soyuq, kimsəsiz meşədə, yaralı vəziyyətdə necə kömək çağırıblar? Buradan necə çıxıblar? Bu və hətta düşünülməsi belə sarsıdıcı olan sualların cavabını tapa bilməsəm də, rayona doğru istiqamət alırıq. Artıq dəhşətli qəzanın necə baş verməsini təsəvvür etsəm də, bu qorxunc faciədə olan hər kəsi canlı görəcəyimə özümü inandırmağa çalışıram, amma rayonun mərkəzi xəstəxanasına çatnadək...
Anam buradadır, lakin vəziyyətinin ağır olduğu deyilən o şəxsi gözümə dəymir. Anamı sağ-salamat görmək mənə bir az ümid verir. Burada olan yaxınların hamısı görən kimi mənə sarılır, mənsə donub qalmışam və bununla o ümidlər puç olmağa doğru sürətlə irəliləyir. Anamın üzərində hər hansı bir yara izi olmasa da, əslində, onun simasından nəyin baş verdiyini anlamaq elə də çətin deyil. Susqun anamın simasında, kədərli gözlərində qəzanın bütün dəhşətli anları sanki saniyəbəsaniyə, bütün çılpaqlığı ilə əks olunub. Yataqda olan anam məni görən kimi titrək və gücsüz əlləri ilə bərk-bərk qucaqlayır və: “Aqil, başın sağ olsun, möhkəm ol”, - deyir. Bu zaman yol boyu boş yerə ümidləndiyimi, dualarımın gecikmiş olduğunu başa düşür və yaşanmasına üsyan edəcəyim hadisənin artıq baş verdiyin anlayıram. Ancaq yenə də buna inanmaq istəmirəm: axı bu hadisə bizim ailədə necə baş verə bilər? Belə bir şey mümkündürmü?
Nəhayət, hüzr yerinə çatıram. Atamı heç vaxt belə gücsüz, çarəsiz görməmişəm. Onun bu vəziyyəti qəlbimi param-parça edir. Atam məni görcək əslində, çox şey ifadə edən və dünyamı alt-üst edəcək bir səslə: “Hardasan? Niyə indi gəlirsən? Artıq o, burada deyil, behiştdədir”, - deyir və...
Onu bir neçə ay öncə görmüş və bu faciədən iki gün əvvəl
telefonla danışmışdım. Ondan mənə qalan son xatirə, sadəcə, ağa
bürünmüş ruhsuz bədəni oldu. Üzərindən doqquz il keçsə də, mənim
üçün hələ də 2009-cu il 15 dekabrdır. Bir an belə unudulmayan həmin
günü acı bir yuxu zənn edirəm və nə vaxtsa bu yuxudan ayılacağım
günün yetişəcəyini gözləyirəm. Bunun mümkünsüz olduğunu bilə-bilə
yenə də gözləyirəm...
O, mənim yenicə ailə qurmuş və bətnindəki körpəsinə qovuşacağı günü
səbrsizliklə gözləyən 20 yaşlı bacım idi...
(7 il əvvəlki yazı)
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI