Köşə
MEDİA ADA-da bizə nə verdi?
Aqil Lətifov
Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar 14 iyulda bağlanış mərasimi ilə başa çatdı. Bir ay boyunca təşkil edilən silsilə seminarlarda birdən çox mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Bəs MEDİA ADA-da bu seminarlarla bizə, mediaya, jurnalistikaya hansı mesajları verdi, nə demək istədi?
Mən bu suala öz cavabımı verəcəm.
Sözün açığı, bu seminara gəlmək həvəsim və gözləntilərim elə də böyük deyildi. Çünki indiyədək onlarla bu tipli seminarda iştirak etmişdim və orada gördüklərim beynimdən silinməmişdi. Bu seminarın görüntü xatirinə təşkil edildiyini də düşünməmiş deyildim. Sadəcə, uzun zamandan bəri görmədiyim həmkarları görə biləcəyəm deyə bir qədər sevincli idim. Yalnız ADA adı müəyyən qədər həyəcanlandırır, MEDİA adı isə burada bu qurumu, onun rəhbər şəxslərinin mediaya yanaşmasını çılpaq gözlə müşahidə edəcəyəm deyə məndə müəyyən maraq doğururdu.
Və seminar başladı...
İlk olaraq Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov söz aldı. Onun “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda çıxışı əslində mənim üçün sadəcə bir çıxış deyildi, Əhməd İsmayılovun timsalında bu qurumun mediamızı hara aparmaq istəməsi, necə görmək istəməsi, jurnalistikamıza yanaşması, bu sahəyə nə dərəcədə hakim olub-olmaması idi. Daha öncəki yanaşmalarımda qeyd etdiyim kimi, Əhməd İsmayılovun çıxışı, media adamlarına isti, dost münasibəti, sayğı göstərməsi, qanunun müzakirəsi zamanı hər bir fikrə diqqətlə yanaşması, hər kəsi dinləməsi məndə isti izlər buraxdı. Onun qısa zamanda media sahəsinə hakim olması, burada mövcud vəziyyətdən, problemlərdən xəbərdar olması və bunların həlli üçün yanaşmalarının olması məndə gələcəyə ümidlər oyatdı.
Aksiomadır ki, uğurun təməli təkcə rəhbərdən yox, həm də yaxşı komandadan asılıdır. Tam əminliklə deyə bilərəm ki, MEDİA komandası rəhbərin simasını yansıdan, çox uğurlu, səmimi, mehriban, hər kəsə qucaq açan kollektivdən ibarətdir.
Bütün seminarlara qatılan, hər kəslə səmimi davranan, qayğı göstərən, problemi ilə maraqlanan, təkliflərini dinləyən Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli və digər gənc heyətin yanaşmaları, sərgilədikləri mövqe, jurnalistlərə münasibətilə fərqli dövrün başlandığını, stereotiplərin qırıldığını nümayiş etdirdilər. Göstərdilər ki, əvvəlki dövrlərdə olduğu kimi, Agentliklə media arasında heç bir uçurum qalmayacaq, qapıları daim kütləvi informasiya vasitələrinin üzünə açıq olacaq, daim jurnalistlərin, media subyektlərinin yanında yer alacaq, onlarla fərqli cəbhədə deyil, eyni düşərgədə dayanacaq, problemlərə birgə sinə gərəcək, inkişafa vahid addımlarla yürüyəcəklər.
Artıq seminara qədərki fikirlərim tamamilə alt-üst olmuşdu, bunun tam fərqli, üst sıralardakı yerə qoyacağım bir seminar olacağının işartılarını almışdım ki, səmimi, gələcəyə ümidli çıxışları ilə yadda qalan Əhməd İsmayılovu siması ilə ətrafa bol müsbət enerji ötürən Şəfəq Mehrəliyeva əvəzlədi. Və indiyədək qiyabi tanıdığım ADA Universitetinin media və kommunikasiya üzrə müəllimi Şəfəq Mehrəliyeva səlis danışığı, biliyi, xoş diksiyası, mövzulara yanaşması ilə seminarı indiyədək qatıldığım bu məzmunlu tədbirlərin ən birinci rəfinə qoydu. Gələcəyimiz, gənclərimizin, jurnalistlərimizin yetişməsi baxımından ADA-da Şəfəq Mehrəliyeva kimi müəllimin olmasına çox sevindim. Ona görə sevindim ki, müəllim adının haqqını artıqlaması ilə verən daha bir müəllim tanıdım. Ona görə sevindim ki, O, yetişdirdiyi gəncliyə mütləq hər şeyin ən mükəmməlini aşılayacaq və mütləq onun tələbəsi olan hər bir gənc cəmiyyətimizə böyük faydalar verəcək.
Seminarın faydaları barədə nəsə yazmayacam, çünki bəzi xəbər portallarında, habelə Publika.az-da mövqeyimi ifadə edən bir neçə yazı yayımlanıb. Yəqin ki, məni bu yazını yazmağa sövq edən də elə bu faydaların nəticəsində ərsəyə gəldi. Odur ki, belə bir yazı qələmə almağı özümə borc bildim. Başqa sözlə, seminar iştirakçılarının yanaşması məni bunu yazmağa məcbur buraxdı.
ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə, ADA Universitetində İxtisasartırma Proqramları üzrə prorektor müavini Aygün Hacıyeva, “Mediada islahatlara doğru” proqramının rəhbəri Aliyə Ağalarova, eləcə də adını çəkmədiyim, amma bu proqramda əməyi keçən hər bir şəxs haqqında geniş danışmaq olar. Lakin bir cümlə ilə deyəcəm - bu şəxslərin hər biri işinin peşəkarı və ən əsası, xəyallarımızda qurduğumuz əsl müəllim idilər.
Təbii ki, bu yerdə, bu müəllimlərdən danışarkən ADA-dan bəhs etməmək haqsızlıq olar. Bu universitetə daxil olmazdan öncə və içəriyə girən kimi sanki insana xoş enerji ötürülür, auditoriyada yaradılan şərait və müəllimlərin davranışı ilə bu enerji mübadiləsi pik həddə çatır. Hiss edirsən ki, burada hər şey yalnız oxumaq, öyrənmək, insana sayğı üçün yaradılıb və buranı mütləq təhsilli bitirəcəyinin qarantı var. Yəqin xaricdən kifayət qədər tələbə və müəllimin bura axın etməsinə də səbəb məhz bunlardır. Ölkəmizdə belə bir təhsil ocağının olması insanı həddən ziyadə qürurlandırır. Belə bir mühit, nümunəvi təhsil sistemi yaratdığı üçün Hafiz Paşayevə və komandasına minnətdar olmamaq mümkün deyil.
Və sonda
MEDİA-nın da ADA yolunu seçməsi məni gələcək adına xeyli ümidləndirdi...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI