Arvadbaz Nizaməddin və talesiz Mehdi
Bizi izləyin

Köşə

Arvadbaz Nizaməddin və talesiz Mehdi

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Bizim bir qohumumuz var. Alkaşlıq üzrə qara kəmər ustası idi. İki metr boyu var. Kök bir kişidir. Adı da Nizaməddindir. Oğlu yoxdur, üç qızı var. Qızlarının üçü də dünya gözəlidir. Qızlara baxanda üçü ilə də ailə qurmaq, evlənmək istəyirsən. Rayonda nə qədər xırda vəzifə var, Nizaməddin hamısında işləyib. Amma vəzifəsi xırda olsa da, pulu həmişə yaxşı olub. Bütün vəzifələrdə yeyib-içib, çapıb-talamaqla məşğul olub. Məclislərdə heç kim onun sözünü kəsməyib, danışdığı ən mənasız lətifələrə də camaat şaqqanaq çəkib gülüb. Kefqomun biridir. Əla bir bığı da var.

Nizaməddinin cavan vaxtlarında da, evlənəndən sonra da, qocalanda da ətrafında sevişmədiyi qız, qadın qalmayıb. Qonşularında tanıdığım bir ailə yaşayır, evdə üç qadın var: ana, qız və gəlin. Nizaməddin üçünün də dadına baxıb. Öz arvadını və qızlarını isə evdən çölə çıxmağa qoymayıb. Qızlarının üçünə də ən yaxşı universitetlərdən birinin diplomunu alıb verib. Üçü də ərdədir, üçü də xoşbəxtdir, üçünün də ev-eşiyi var, üçünün də balalar sapsağlamdır.

Nizaməddin qohumumuz olsa da, onu ayda-ildə bir dəfə görürəm-görmürəm. Bu yaxınlarda təsadadüfən qarşılaşdıq, toyda bir stolda oturmuşduq. Rumkanı götürüb dedim ki, Nizaməddin dayı, qaldır vuraq. Kişidə elə bil şeytan tükü var, o, məni saya salmırdı, heç orasına da alımırdı, mən isə gəlib onun yanında oturdum, sağlığına içmək istəyəndə isə kobud bir formada dedi ki, yox, mən Həcc ziyarətindən təzə gəlmişəm. Matım-mutum qurudu. O biri tərəfdən də gördüm ki, toyda hamı Nizaməddinin başına fırlanır. Həci, ordan oturma, burdan otur. Həci, qadan alım, pencəyi kürəyinə at, birdən soyuq-zad olar. Həci, yeməyi soyuq yemə, uşaqlar qızdırıb gətirsin. Toyda kim çıxış eləyirdisə, birinci Nizaməddinin şərəfinə sözlər yağdırırdı. Bütün musiqilər də onun şəninə səslənirdi.

Mən isə hirsimdən partlayırdım. Rumkanı doldurur, vurur, doldurur, vururdum və birdən qonşumuz Mehdi yadıma düşdü. Bədbəxtin balası Mehdi ömür boyu bir tikə çörəyini əzab-əziyyətlə, zulumla qazandı. Şirniyyat sexində işləyirdi. İki uşağını it zülmü ilə böyütdü. Amma heç birinin toyunu görmədi. Özü də namaz qılırdı, Quran oxuyurdu. Ağzı dualı bir kişi idi. Bütün günü evində imam ehsanı verirdi. Arvadı, uşaqları da namaz qılırdı, oruc tuturdu. Bir gün isə işdən evə gələndə, qapılarının düz ağzındaca Mehdinin ürəyi dayandı, ağzı üstə gölməçənin üstünə yıxılıb öldü. Bir ildən sonra Mehdinin qızı ərə getdi, bir az sonra qızını boşadılar, yanında da əlil bir uşaq. Mehdinin oğlu əsgərlikdə soyuqladı, böyrəkləri çürüdü, indi yerdə yatır, yəqin ki, sağalmayacaq, arvadı isə evlərdə qulluqçu işləyir. Amma yenə də ailəlikcə namaz qılırlar, oruc tuturlar, yenə də evlərində imam ehsanı verirlər.

Toyda, hirsimdən içdiyim araq şüşələrinin sayını itirmişdim, fikirləşirdim ki, ay Allah, bu necə dünyadı yaratmısan ki, Nizaməddin kimi bir bəndən oğraşlıq eləyəndə də alınır, oğraşlıqdan əl çəkib Həccə gedəndə də? Necə olur ki, ömrünün 70 ilini kayfla yaşayan, rüşvət alan, məmur olduğu vaxtlarda yanına xahişə gələn qadının dadına baxmadan yola salmayan bir adam bütün rayon camaatının sevimlisi olur? Hamı deyir ki, Nizaməddin əla kişidir, yeyib-içən adamdır. Və necə olur ki, Nizaməddin "Quran"ı oxumaya-oxumaya, ümumiyyətlə, ömründə bir kitab arası açmaya-açmaya haram yollarla qazandığı pulllarının milyardda bir hissəsi ilə Həəc ziyarətinə gedib-gələndə də camaat onun başına and içir? Ay Allah, bəs Mehdini niyə bədbəxt elədin? Onun günahı nə idi? Hər gün namaz qılırdı, vaxtı-vaxtında oruc tuturdu, səhv edirdi? Bəs onun arzularını niyə ürəyində qoydun? Onun qız nəvəsini niyə əlil yaratdın? Onun oğlunun böyrəyini niyə xəstə elədin? Onun arvadına niyə xoşbəxt bir gün göstərmədin? Ay Allah, sən Nizaməddinin adamısan, yoxsa Mehdinin? Bunu de, birdəfəlik işimizi bilək! Daha səndən ədalət ummayaq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm