Yad qadının qucağında ağlamaq
Bizi izləyin

Köşə

Yad qadının qucağında ağlamaq

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Yaxınlarda oğlum Barış bərk xəstələnmişdi, gecə saat üçdə halı daha da pisləşdi, götürüb xəstəxanaya apardım. Müayinə olundu, həkim dedi ki, üçüncü mərtəbəyə qalxın, orda uşağa iynə vursunlar, qızdırması düşsün. Oğlumu qucağıma alıb pilləkənləri üzü yuxarı qalxırdım, qulağıma başqa bir uşağın səsi gəldi. Ağlayırdı. Barış qucağımda olmasaydı, elə bilərdim ağlayan mənim oğlumdur. Uşaqların səsi bir-birinə o qədər oxşayır ki, seçmək olmur.

Sən demə, həmin səs üçüncü mərtəbədə üzümüzə qapını açan xanımın qucağından gəlirmiş. Həyat yoldaşım oğlumuza iynə vurdurmaq üçün otağa keçdi, mənimsə bu səhnəyə tamaşa eləməyə ürəyim gəlmədi, eləcə dəhlizdə qulaqlarımı tutub o baş-bu başa var-gəl edirdim. Qapıçı xanımdan soruşdum ki, qucağındakı uşağın atası-anası hardadır? Münasibətindən hiss eləmişdim ki, bu qadın bu uşağın anası deyil. Dedi ki, yoxdur. Necə yəni yoxdur? Qayıtdı ki, yetimxanadan gətiriblər.

– Bəs neçə yaşı var?

– Bir yaş bir aylıqdır.

– Adı nədir?

– Əli...

Əli gözlərimin içinə zillənmişdi. Güclə nəfəs alıb-verirdi, sinəsi elə xışıldayırdı, elə bilirdin külək ağacların saçını yolur. Daha qapıçı xanımdan heç nə soruşa bilmədim. Çünki əlinin tərcümeyi-halı bu üç cümlədən ibarət idi: bir yaş bir aylıqdır, adı Əlidir, özü də yetimxana uşağıdır. Nə atasının adı bilinir, nə də anasının. Yəqin ki, yaşı da dəqiq deyil. Deməli, ad günü də yoxdur. Çünki doğub küçəyə atıblarmış. Tez onun şəxsiyyət vəsiqəsini gözümün qabağına gətirdim. Görəsən, orda Əlinin soyadı necə yazılacaq? Atasının, anasının adının yeri boşmu qalacaq? Dövlət tərəfindən bu proses necə aparılır, dəqiqliyi ilə bilmirəm. Ancaq mənim üçün önəmli olan məsələnin mənəvi tərəfidir.

Əlini gözümün qabağında aparıb masanın üstünə qoydular, otaqda tək qaldı. Heç kim fikirləşmədi ki, uşaq birdən dığırlanıb yıxılar. Atası, anası olsaydı, narahat olardılar. Bir müddət qapının ağzında hazır vəziyyətdə dayandım ki, Əli yıxılsa, onu göydə tutum. Nə qədər gözlədim, Əli yıxılmadı. Mənim oğlum olsaydı, ordan özünü təpəsi üstə yerə atmışdı. Sonra fikirləşdim ki, elə deyil, mənim oğlum arxayındır, bilir ki, atası onu yıxılmağa qoymayacaq. Əli isə bilir ki, onu qoruyan olmayacaq. Ona görə də özü öz canının qeydinə qalır, yıxılmır. Əli bir əli ilə o biri əlini oynadırdı, əllərindən oyuncaq kimi istifadə edirdi. Hərdən də ayaqlarını ağzına salıb sorurdu. Kimdi ona oyuncaq alan?..

Bu təsirli mənzərə öz oğlumu yadımdan çıxarmışdı. Əlinin həyatı bir anlıq gözümün qarşısında canlandı. O, məktəbə gedəcək, universitetdə oxuyacaq. Bəlkə də heç oxumayacaq. Çünki belə uşaqların aldığı travmalar onların cəmiyyət üçün faydalı bir insan kimi yetişməsinə mane olur. Həyat ata-ana ilə bir yerdə də çətindir, o ki qaldı atasız, anasız bir uşağın böyüməyi... Qarşıda onu nələr gözləyir, bunu təsəvvür eləmək o qədər də çətin deyil.

Üstündən neçə gün keçib, onu unuda bilmirəm. Ən çox da Əlinin gözləri yadımda qalıb. Onun taleyini ifadə eləyən yeganə orqan gözləri idi. Gözləri onu çox ələ verirdi. Ən dəhşətli məqam isə o idi ki, xəstəxananın gecə növbətçiləri yetimxanadan gətirilmiş bu uşağa baxıb pıçıldaşırdılar və hamısının da qənaəti ondan ibarət idi ki, Əli bic doğulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm