A gedə, üfunətli ağzını bağla...
Bizi izləyin

Köşə

A gedə, üfunətli ağzını bağla...

Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli

İndi nə deyək bunlara? İctimai qınaqdan, əxlaq normalarından, mənəvi dəyərlərdən, tərbiyədən danışaq? A-dan Z-ya bütün gəlişigözəl sözləri düzək ard-arda, içinə təzək, çölünə bəzək vurub poetik-sentemental deyimlər qayıraq? Bunların A-sı ayaqyolu, Z-sı zibillikdi...

Doğrusu, mən indiyədək ayaqyoluna “ağıllı, tərbiyəli” ol deyildiyinin və təbii ki, bütün bunların nəticə verdiyinin şahidi olmamışam. Ayaqyoluna nə deyirsən de, cavabı videolardan çıxan əcaib səslərdən ibarət olacaq. Yaxud zibillik hansı sehrli sözün qarşılığında üfunət qoxumaya bilər ki? “A gədə, üfunət qoxuyan ağzını bağla, söyüş söymə, ağıllı, tərbiyəli ol..." “Ay filan-filan şüdə, adam ol, Adam”... Olmadı, alınmadı... Olmayacaq və alınmayacaq da. Çünki adam doğuluşdan adam kimi doğulmalıdır. Yəni dünyaya gəlməlidir...

İndi hansı dildə danışaq bunlarla? Dizimizi yerə atıb, əlimizi göyə qaldırıb dua edək ki, adam olsunlar? Dua ilə donuz darıdan çıxmır axı? Donuzu darıdan yalnız və yalnız onun anladığı üslubda və vasitələrlə çıxarmaq olar.

Əslində, bir neçə gün öncə qələmə almağa başladığım bu yazını elə bu üslubda da davam etdirmək olardı. Amma son 2 gün ərzində sosial şəbəkələrdə və mediada ciddi müzakirə olunan önəmli bir çağırış məni daha soyuqqanlı olmağa vadar etdi. Qarşımdakı varaqların, yaxud monitorun nəfəsliyini açdım, hava təmizlənsin deyə...

İndi isə keçək mətləbə...

Könülsüz könüllülər...

Artıq xeyli müddətdir ki, Azərbaycandan kənara məqsədyönlü, yaxud məqsədyönsüz atılmış 3-5 nəfərin virtual terror aksiyaları ilə qarşı-qarşıya qalmışıq. Qarşılğında öz üslubumuzu qoruyub saxlamağa, mənsub olduğumuz ailənin, xalqın daşıdığı dəyərlərin, əxlaq normalarının sərhədlərindən kənara çıxmamağa çalışırıq. Razıyam, 3-5 xəyanət dağarcığının iyrənc, üfunət qoxuyan davranışlarına görə adamlığımızı itirməli deyilik. İtirməyək də... Amma çox sadə və daha peşəkar, obyektiv, inandırıcı vasitələrlə, keyfiyyətli alternativlərlə söyüş terminatorlarının havaya ifraz etdikləri qoxuların “laborator analizləri”ni ortaya qoymaq olar. Çox uzağa getmək lazım deyil. Məsələn, elə Azad Rəhimovdan başqa kimsəyə lazım olmayan, dövlətin və xalqın ümumiyyətlə, ehtiyac duymadığı, rahatsızlığın, əsəbin, əhəmiyyətsizliyin qarışıq kimyəvi formuluna çevrilmiş Formula-1 yarışlarının könüllülərinə sərf olunan enerjini və digər vasitələri virtual aləmə yönləndirmək olar...

Telekanalları, sosial şəbəkələri izləyirəm, hər addımda turizmdən, idman yarışlarından, Azərbaycan mətbəxindən bəh-bəhlə danışan, İstisudan vurub Şahdağdan çıxan, üzlərindən rahatlıq və razılıq yağan, həm də təkcə Azərbaycanı deyil, çeşidli ölkələri təmsil edən videoblogerlər çıxır qarşıma... Əksəriyyətinin heç 5-10 min izləyicisi də yoxdur. Kimə və nəyə lazımdır bütün bunlar? Yutubda təkcə “CoPro” səyahət videokanalının 6 milyona yaxın izləyicisi var. Yaxud “Fun For Louis” səyahət kanalını Yutubda 2 milyondan, İnstaqramda 1 milyon 500 mindən çox adam izləyir. Təkcə bu 2 səyahət kanalının blogerlərini Azərbaycana dəvət etmək qarşıya qoyulan təbliğat hədəflərinə çatmaq üçün yetərlidir...

Divara çəkilmiş silah şəkli

Bu yazını qələmə aldığım zaman Feysbuk sosial şəbəkəsində, mentalitetimizin neqativ tərəflərinə uyğun müxtəlif üsul və vasitələrlə yaradılmış bir neçə on, yaxud yüzminlik qrup və səhifələrdən başqa heç bir sosial internet resursunda ciddi izləyicisi olan bloq, qrup və səhifə ilə qarşılaşmadım. Feysbukda say etibarilə diqqəti cəlb edən qrup və səhifələrin böyük əksəriyyəti isə, təəssüf ki, ayrı-ayrı media layihələrinin paylaşımları üçün nəzərdə tutulub. Yəni bu səhifə və qruplar əslində reklam yayımçısı funksiyasını yerinə yetirirlər. Videoblogerlərlə bağlı vəziyyət isə daha acınacaqlıdır. Söyüş və təhqir istehsal edən bir neçə bəsit özçəkimçidən başqa ciddi və arqumentlərə əsaslanan reportajların yayımlandığı, yaxud təhlillərin aparıldığı bloqla qarşılaşmaq mümkün deyil. Sosial şəbəkələrdə mövcud olan Azərbaycandilli, yaxud Azərbaycanla bağlı olan bloq və kanalları izlədikdə, təəssüf ki, bir toplum olaraq haqqımızda əsasən aşağıdakıları əks etdirən mənzərə yaranır: Azərbaycanlıların həyatı yeyib içməkdən, oxumaq və oynamaqdan, toy və yasdan, istisna hallarda səhayət etməkdən, dedi-qodudan, söyüş söyməkdən... ibarətdir. Siyasi bloqlar... var, təbii ki... Amma belələrinin varlığından yoxluğu daha yaxşıdı... Yerli komsomol təşkilatlarının konfranslarında gənc kolxozçu Məmməd, yaxud Fatmanın zorla, hecalayaraq oxuduğu hazır mətnləri xatırladır... Ritorika, havaya üfürülən söz kürəcikləri...

XXI əsrin 18-ci ilini yaşayırıq, informasiya və kommunikasiya texnologiyaları saniyə hesabı ilə inkişaf edir. Amma bəziləri hələ də sovet ideoloji sisteminin əyalət üçün nəzərdə tutulmuş təşviqat elementlərini müasir PR texnologiyaları ilə sintez etməyə çalışırlar. Təəssüf ki, bir qrup adam hələ də başa düşmək istəmir ki, əsaslandırılmamış, arqumentləşdirilməmiş, faktlara söykənməyən təbliğat, yaxud yanaşma qıcıq doğurur, ikrah yaradır. Faktlar yoxdurmu? Var təbii ki! Həm də kifayət qədər. Amma bu faktları araşdırmaq, müqayisəli şəkildə təhlil və təqdim etmək, inandırıcı və səmimi şəkildə dilə gətirmək üçün analitik təfəkkür və yaradıcı potensial lazımdır...

“Yaltaqlıq divara çox böyük məharətlə çəkilmiş silaha bənzəyir: zövq verir, amma heç bir faydası yoxdur”. Bu sözlər miladdan (bizim eradan) öncə 570-490-cı illərdə yaşamış, qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor deyib. İndi XXI əsrdir və təəssüf ki, Pifaqorun bu sözləri hələ də öz əhəmiyyətini, məzmununu qoruyub saxlayır. Reallıq belədir: Gerçək silahın qarşısına “silah şəkli” ilə çıxmaq olmur. Salam Sarvanın çox maraqlı və tez-tez misal gətirdiyim bir beyti var:

“Orda qapı yoxdur, niyə döyürsən

Divara çəkilmiş qapı şəklini”.

Nə qədər ki, “divara çəkilmiş qapı şəklini” döyməkdə davam edəcəyik, sosial şəbəkələrin, bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının yaratdığı geniş imkanların qapıları üzümüzə açılmayacaq. Amma faktla, arqumentlə, analitik təfəkkürlə, intellektual özünüifadə potensialı ilə silahlanaraq hətta divardan da qapı açmaq olar!

Nümunə

Təsəvvür edin, nüfuzlu və tanınmış bir psixoloqun iştirakı ilə virtual terrorçuların özçəkim videolarındakı davranışları və ifadələri təhlil olunur, onların psoxonevroloji portreti cızılır... Danışdıqları zaman dişlərini necə qıcadıqları, gözlərinin necə hədəqədən çıxdığı, ixtiyarsız sağa-sola əyilən dodaqları arasından tüpürcək zərrələrinin necə havaya sıçradığı yavaşıdılmış kadrlarla göstərilir və hər kəsə bir daha aydın olur ki, bu (xaricə) sığınanlar sinfindən olan kəslər psixonevroloji xəstələrdir və onlar yaşadıqları ölkədə ciddi şəkildə nəzarətdə saxlanılmalı, müalicə olunmalıdırlar.

Ritorik, boğazdan yuxarı tərif elemetləri ilə dolu, son nəticədə informasiya məkanını virtual terrorçulardan qorumaqdan daha çox korporativ maraqlara, kiməsə, yaxud kimlərəsə yarınmağa xidmət edən söz və görüntü yığınları əks-effetdən başqa dövlətə də, cəmiyyətə də heç nə vermir.

Bu ölkə bizimdir... Onu təhlükələrdən qorumaq, virtual və ya gerçək nəfəsliklərindən üfunətin deyil, təmiz havanın daxil olmasına imkan yaratmaq da bizim borcumuzdur.

Ən təhlükəli adamlar...

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov istər jurnalistlərin qurultayında, istər media və seçki ilə bağlı keçirilən digər tədbirlərdə, istərsə də sosial şəbəkələrdə paylaşdığı statuslarında bir neçə dəfə cəmiyyətdəki sağlam mühitin qorunub saxlanılmasının vacibliyi ilə bağlı xatırlatma edib...

Əslində bu xatırlatmalar edilmədən də əli informasiya məkanına çatan hər kəs nəfəs aldığı atmosferin təmiz və sağlam olmasında maraqlı olduğunu ortaya qoymalıydı... Mövqe çox önəmli məsələdir, həm də çox! Mənə görə ən təhlükəli adamlar bu və ya digər məsələ haqqında konkret və formalaşmış baxışları, mövqeyi olmayan adamlardır.

Əli müəllim Feysbuk sosial şəbəkəsində paylaşdığı sonuncu statusunda yazır:

“Hamı razılaşar ki, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir, əksinə, bu üsuldan istifadə edənlərin mənəvi və əxlaqi dəyərlərdən yetərincə uzaq düşdüyünü nümayiş etdirir. Virtual məkan öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan, insanların heysiyyatı ilə oynayan, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır. Axı cəmiyyətimizdə kifayət qədər sağlam düşüncəli, yüksək intellektə malik, öz dünyagörüşünə, əqidəsinə uyğun fikir bildirməyi və onu müdafiə etməyi bacaran insan var.

Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar, ictimai təşkilatlar və media nümayəndələri bu müzakirələrə qoşulacaq və mövcud xoşagəlməz halların aradan qaldırılmasına, sağlam və konstruktiv mühitin bərqərar edilməsinə öz dəyərli töhfəsini verəcəkdir”.

Bu fikirləri tamamilə bölüşürəm və qənaətimə görə, ən azından övladlarının gələcəyini düşünən hər kəs mənimlə eyni fikirdədir.

Bununla yanaşı, cəmiyyətdə konstruktiv düşüncənin ön plana çıxması üçün hər cəhddə tərəf olduğunu görüntüləməyə çalışanların, “səngər qazanlar”ın “ayı xidməti”ndən, ucuz korporativ maraqlardan qaynaqlanan ritorikasından tamamilə xilas olmaq lazım gəldiyini düşünürəm. Səngər səngərdir... Fərqi yoxdur onu kim qazır, son nəticədə savaş üçün qazıldığı hər kəsə məlumdur. Cəmiyyət istənilən mövzu ətrafında konstruktiv, yaradıcı və intellektual müzakirələrə, fikir və ideya dartışmalarına açıq olmalıdır. İntellekt, möhkəm və sabit əqidə, açıq və dürüst fikirlilik, konstruktiv düşüncə yapısı dəyərləndirmələrin əsas meyarına çevrilməlidir...

Zənnimcə, Əli Həsənovun fikirlərinin alt qatında yatan, çoxillik təcrübə və təhlillər nəticəsində ortaya çıxan sosial ismarıclar hər kəsi düşünməyə və nəticə çıxarmağa vadar etməlidir.

Mən Azərbaycanda konstruktiv düşüncənin mütləq qələbə çalacağına sonunadək inanıram. Bunun üçün isə ilk növbədə cəmiyyətin konstruktiv, sağlam düşüncəyə malik intellektual kəsimi müdafiə mövqeyindən hücum mövqeyinə keçməlidir. İndi insanların diqqətini gerçəyə cəlb edə bilən beyin fırtınası yaratmaq lazımdır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm