Yumor zəka fərqidir
Bizi izləyin

Köşə

Yumor zəka fərqidir

Aqşin Yenisey

Aqşin Yenisey

Sosial şəbəkədə beş minə yaxın virtual dost-tanışın, qohum-əqrəbanın arasında apardığım əlüstü araşdırmadan belə bir nəticəyə gəldim ki, bu qədər adamın arasında yalnız beş-altı adamın yumor hissinə baxıb salavat çevirmək olar.

Salavat dedim, yadıma din düşdü; yumor hissi tanrıya məxsus mənşə deyil, nöşün ki, göndərdiyi iddia olunan müqəddəs kitabların heç birində onun öz yaratdıqlarının üzünə azacıq da olsun gülümsədiyinə rast gəlmirik. Tanrının daha çox emosional təbiətli fanatları da özü kimi qaşqabaqlı, mısmırıqlı şəxslərdir. Onlar dərk etdiklərindən daha çox hiss etdiklərinə inanırlar. Çünki dərk edə bildikləri hiss edə bildiklərinin kölgəsində qalır həmişə. Hiss olunan tanrı isə qorxu saçır. Heyvanlar da gülə bilmirlər, halbuki aşağı-yuxarı insanla eyni hissetmə bacarığına malikdirlər. Deməli, yumor zəka fərqidir. Yəni yumor hissinin mənşəyi insanın zəkasıdır. Zəka olmayan yerdə ancaq hırıltıdan danışmaq olar.

Gülənlərin sayı həmişə və hər yerdə hırıldayanların sayından az olub. Və həyatı şəkilləndirənlər həmişə gülə bilənlər olublar. Volter deyirdi ki, Avropanın XVII əsrdən sonrakı tarixini “Qəhqəhə çəkən aslanlar” dəyişdi. Onun özünü də o aslanlardan biri hesab etmək olardı. Çünki bu hiyləgər filosof fəlsəfi fikirlərlə “tutduğu qızların” yataqda lüt kürəklərinə söykədiyi vərəqlərə yazdığı xristianlıq və katolik kilsəsi haqqında satira dolu əsərlərlə mısmırıqlı Avropa monarxlarını “əhliləşdirdi”. Onun dostu Monteskyö dini və əxlaqı “prikola tutub” tanrının, əslində, gözəgörünməz nəhəng insanabənzər varlıq yox, iqlim, torpaq, relyef olduğunu sübut etdi. Yəni insanın birini qara, o birini ağ yaradan tanrının, sadəcə, bir tempratur fərqi olduğunu aləmə car çəkdi. Volter və Monteskyönün ən əhlikef dostu, “üstü bəzək, içi təzək” fransız madmazellərindən doğulan iki yüzə yaxın övladının heç birinə atalıq etməyən Russo ictimai zərifliyini itirmiş kubar elitanı özünün sentimental ideyaları ilə ağlada-ağlada bu fəlsəfi-siyasi humanizmi, dini-ictimai yumoru, “qanunların ruhu”na sitayişə çevirdi. Bu gülüş, şəbədəqoşma çox keçmədən bütün Avropanı lərzəyə salan taun xəstəliyi kimi bütün qitəni bürüyüb o vaxtın monarxist dövlətlərin dindən ayrılıb konstitusiyayla nikah bağlamağına, insan hüquqları və azadlıqlarına, söz və fikir özgürlüyünə, elmi cəsarətə, nəhayət, modernizmin qələbəsi ilə Avropanın coğrafi qitədən mədəni qitəyə çevirilməsinə gətirib çıxardı.

Bu qəhqəhə dolu ictimai intibahın üstündən üç yüz il keçməsinə baxmayaraq, bu gün də bir çox xalqlar özlərinin mövcudluqlarını şərtləndirən ibtidai qanunauyğunluqları bütün bəşəri dəyərlərdən üstün tutaraq, mövcud sivilizasiyanın ümumi inkişafından geri qalırlar. Bu xalqların gündəlik həyatı hələ də təbii-ibtidai qanunlara əsasən “hamının hamıya qarşı mübarizəsi” rejimində kütləvi nevrozdan, ailəvi psixozdan, şəxsi cırtqozluqdan qaynaqlanan miskin əziyyətlər içində keçir.

Mənə görə, zəka çatışmazlığından yaranan yumor qıtlığıdır. Zora qarşı zor taktikasının seçilməsidir. Yumorun gücünü anlamamaqdır. Nifrət və göz yaşından sadomazoxist həyəcən duymaqdır. Əzabla işgəncəni bir-birindən ayıra bilməməkdir. Şərqdə fəlsəfə həmişə işgəncədən yaranıb, Budda özünə işgəncə verirdi, sufilər işgəncədən zövq alırdı, yaponlar xarakiridə əzabı yox, işgəncəni yenmək istəyirdilər. Ağrı Şərq şairində bədən hadisəsi idi. Lirika seksual aclığın ağrısı kimi sızıldayırdı fars şairinin udunda. Ona görə Şərq həmişə yumor sarıdan kasıb olub. Biz elə indi də əzab çəkməyi bacarmırıq, çünki ictimai mühitin varlığını, o yalnız bizə işgəncə verməyə başlayanda hiss edirik. Fransıza əzab verən həyat bizə yalnız işgəncə verəndə mübariz oluruq və fransız içib özünü cəzalandırır, biz namaz qılıb cəzalandırmağa adam axtarırıq. Əzabın nə olduğunu qanmadığımız üçün bizdə alturizm deyə bir şey yoxdur. Çünki altruzimi yaradan başqasının işgəncəsini deyil, əzabını özününküləşdirməkdir. (Pravoslavlar və şiələr istisnadır.) Əzab mənəvi ağrıdı, işgəncə fiziki. Ona görə bizim insan hüznlü yox, əsəbidir. Mənəvi ağrı insanı əsəbiləşdirmir, müdrikləşdirir, yaradıcılıq üçün stimul verir. İşgəncə isə aqressiya mənbəyidir. Mənim beş min virtual dostumda axtardığım yumor hissi əzabdan doğmalıydı, yəni mənəvi ağrıdan. Amma biz mənəviyyatımızın yox, bədənimizin ağrıyan yerlərinin hayındayıq. Ona görə bir balaca yaxşı şərait (məsələn, yaxşı maaş) dərhal bədənimizi kökəldir, mənəviyyatımızı isə arıqladıb çöpə döndərir. Mənəviyyat bizdə kababla unudulur.

O qədər neqativ vəziyyətlər üçün sino gedirik ki, bu halı Həmid Herisçinin sözləri daha yaxşı ifadə edir. Deyir, azərbaycanlı ailənin toya hazırlıq prosesi bir dövlətin müharibəyə hazırlaşmasına bənzəyir. Evdən stress, qaşqabaq əksik olmur, çünki biz xoşbəxtlikdən işgəncənin nəticəsi kimi həzz alırıq. İşgəncəsiz əldə olunan xoşbəxtlik bizi arsızlaşdırdığı kimi, işgəncə ilə əldə olunan xoşbəxtlik də həmvətənlərimi harınlaşdırır. Azadlıq bizdə işgəncədən xilas kimi mənalanır, məsələn, söz azadlığı bizdə ədəbiyyat kimi deyil, söyüş kimi üzə çıxır. Çünki ədəbiyyat ruhun əzaba verdiyi reaksiyadır, söyüş bədənin işgəncədən aldığı qisas. Siz mənə inanmayıb daha dərinə baş vursanız, inancımızın kökündə çatmaqaş işgəncə allahlarının siluetini görəcəksiniz. İbrani dinlərin ulu tanrısı Yahova bizim Hafiz Hacıyev kimi kəlməbaşı yəhudilərə “qan uddurajağını” söyləyirdi. Onun davamçısı olan xristian allahı öz peyğəmbərini çarmıxa qadaqladı. İbranilərin sonbeşiyi olan bizim müsəlman allahı isə az qalır hər gün yerə düşüb bizi mal balası kimi ayaqlasın. Müqəddəs dediyimiz kitablarda bəndəyə ünvanlanan yalnız “var-yox” söyüşü yoxdur. Yumor bizə hər şeydən əvvəl bu işgəncə allahları ilə haqq-hesab çəkmək üçün lazımdır. Biz isə gülüşdən ancaq şəkil çəkdirəndə istifadə edirik. Üzlərdə ilişib qalmış gülümsəmələr memorial effektlidir. Demək istədiyim odur ki, yeri gələndə beş min nəfər virtual dostumu da başa düşürəm, bilirəm ki, Azərbaycan insanının bu gün Maleviçin "Qara kvadrat"ını xatırladan “zamanın ikonası” kimi qaraqabaq, küt çöhrəsinin müəllifi özü deyil, bu qaramat uzun illər Yaxın Şərq çıxılmazlığına işıq salan satiranın, yumorun yerini tutmuş cahil apokalipsisizmin kölgəsidir. Eramızdan əvvəl qisası şəxsi deyil, ictimai məsələ kimi müzakirə və mühakimə edən Roma hüququnun taxta çəkici yenə Furiyaların əlinə keçib.

Və məncə, ən böyük insan apokaliptik vəziyyətlərdə gülməyi bacarandır, adi vəziyyətlərdə insanı qıdıqlamaqla da güldürmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm