Şah niyə mat olsun?
Bizi izləyin

Köşə

Şah niyə mat olsun?

Zümrüd Kərimova

Zümrüd Kərimova

Məsələ aydındır: Sən pomidor-yumurta yeyib xəbər yazmağa gedirsən, Şəhriyar Məmmədyarov lüks hoteldə qalıb dünya çempionu ilə yarışa çıxır. Yəni, potensialın, şəraitin nədirsə, qazanacağın da odur. Sən Şəhriyarın qazandığı rəqəmləri görmək istəyirsənsə, öncə pomidor-yumurtadan imtina etməlisən.

Çoxlarının bildiyi kimi, Şəhriyar Məmmədyarovun sponsor axtarışı və ömür-gününü həsr etdiyi şahmatın timsalında Azərbaycana xidmətlərindən danışıram. Amma çoxlarının bilmədiyi formada.

Şəhriyarı anlamaq üçün bir qarış keçmişə qayıtmaq lazımdır: təxminən, 6-cı əsrə…

Hindistanlı bir alim öz şahına şahmat taxtası hədiyyə edir. Orijinal hədiyyə şahın çox xoşuna gəlir və alimdən bunun qarşılığında nə istədiyini soruşur. Sadə elm adamı isə cavabında şahmat taxtasındakı hər dama üçün bir əvvəlkindən ikiqat çox buğda dənəsi rica edir. Qarşısındakının alim olmasını bir anlıq unudan şah bu qədər sadə bir istəkdən dolayı, aiddiyyəti üzrə, qəzəblənir və əyanlarına alimin istədiyi şeyi hesablayıb verməsini tapşırır. Məsələ də elə bundan sonra düşür cəncələ…

Hesablamaya başlayanda ilk xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda… Ancaq onuncu xanaya çatanda min iyirmi üç buğda vermək lazım gəlir. Bu isə orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki on beşinci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. İyirmi beşinci xanaya bir ton yarım buğda düşəndə də əyanlar təəccüblənmədilər. Ancaq otuz birinci xanaya çatanda bu işin heç də zarafat olmadığını başa düşdülər. Çünki onların alimə verməli olduqları buğdanın miqdarı doxsan iki ton idi. Qırx doqquzuncu xanaya çatanda şahın verməli olduğu buğdanın miqdarı iyirmi dörd milyon ton təşkil edirdi. Bu isə orta hesabla bir ölkənin illik buğda istehsalından təqribən on beş dəfə çox idi.

Hesablamaların sonunda (yəni altmış dördüncü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın min beş yüz illik buğda istehsalına bərabər olduğu məlum oldu. Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan altmış dörd dəfə böyük bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik edir və onun elmi qarşısında nə qədər gücsüz olduğunu başa düşür....

İndi isə həmin dövrdən bir qarış gələcəyə gəlib nə görsək yaxşıdır?! İki eşşəyin arpasını bölə bilməyənlər bu qədər möhtəşəm elmi ixtiranın müasir Şahının xəzinəsini hesablamağa şövqlə cəhd göstərirlər… Dolların simvolundakı “S” hərfi istidən qovrulan ilantək hər statusda özünü büzür, üzərindəki xətlər hər xəbərdə yunan allahı Erotun sevgi oxları kimi çalın-çarpaz adamın gözünə girir…

Hələ bir də özünü bütün dünyanın ən yaxşı iyirmi şahmatçısı arasında əzəmətlə boy göstərən Şəhriyarla müqayisə edənlər də tapıldı. Ucqar bir dağ kəndində mağara həyatına çəkilərək Veneraya köç etməyə hazırlaşan bir sivilizasiya üçün uğurlu bir əsər yaradıb onu səbrsizliklə gözləyən insanları təəccübləndirəcəyini zənn edən, aidiyyətləri üzrə, seksist cəfəngiyyatlar püskürən bu iddiaçılar qismi dünyanın üçüncü şahmatçısından daha çox şey haqq edəcəklərini iddia edir.

Məsələ isə hələ də aydındır: müasir vətən insanı bir şeyi anlamalıdır. Özünü göstərməsən, kimsə səni görməyəcək.

Bu həqiqəti artıq çoxdan dərk edən bir Ramil Quliyevimiz Türkiyə millisinin tərkibində elə keçən il dünya çempionu oldu. Biz də onun bu uğuruna Türkiyə bayrağının istisinə qızınaraq sevindik, məlum…

Şəhriyarın günahı qatıldığı turnirlərdən minlərlə dollar qazanmaq deyil. Heç pis menecerlə işləməsi, başqa ölkələrin dəvətlərini qəbul etməməsi də deyil.

Yadımdadır, biz kənddə yaşayanda qonşumuz Minə xala əynindəki yeganə təzə formada qalmış qayınanasından yadigar kəlağayısı ilə küçə qapımızın kandarından dayanıb ürkək səslə anamı çağırardı:

- Sevda, axşam toydayıq. Bəzəklərin evdədirsə, bir günlük borc götürmək istəyirəm…

Minə xalanın anamdan qızıl-bijuteriya istəməsi ona bir dərd, o bijuteriyaların başqa biri tərəfindən artıq rica edilib aparılması isə başqa bir yük olurdu…

Başını lobya tağlarının arasından yenicə çıxarıb, üstünün torpağını çırpalayan bu sivilizasiyanın ən alt təbəqədəki nümayəndəsinin belə elin ən şad, xoşməramlı, festival dadında, ən mədəni tədbirinə - toya getmək üçün özünə sponsor axtarmasının yanında ABŞ-a, İngiltərəyə, Fransaya öz imkanları daxilində gedib dünya çempionları, mədəniyyətin ən ali təbəqələrinin nümayəndələri ilə yarışan, oturub-duran və ölkəsinin adını daşımaqdan heç bir vəchlə vaz keçməyən Şəhriyar Məmmədyarovun sponsor axtarması nə qədər məsumdur, İlahi!

Sultan Süleyman Qanuninin Azərbaycan ədəbiyyatının iki dahisindən biri kimi təqdim edilən Məhəmməd Füzuliyə kəsdiyi doqquz axça təqaüdün intizarı “Şikayətnamə” boyda əsər yaradıbsa, Şəhriyarın bir statusluq sponsorsuzluğu niyə bu xalqı qəm dəryasına qərq edib axı?

Şəhriyar da əcəb edir şikayətlənir. "Dux"un var, ay Füzulini inkar edən filankəs, sən də şikayətlən. Bilməzsən axı. Çünki sən nəinki problemlərindən şikayət düzəltmək, çöp də qayıra bilməmisən bu vaxta kimi. Nə millət üçün, nə özün üçün, ən nəhayətində isə tarix üçün.

Biz isə hələ də, hələ də Füzulinin gecikmiş doqquz axçasının minnətini Şəhriyara ödəməkdənsə, hind şahının əyanları kimi buğda dənələrini sayıb özümüzü haqlı çıxarmaq sərindəyik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm