Adsız körpə məzarısan, Nərmin!
Bizi izləyin

Köşə

Adsız körpə məzarısan, Nərmin!

Leyla Sarabi

Təsəvvür et, 3 yaşın var. Şəhərin bomboz, bomboş qalıb. Dünənə qədər sənə cənnət gələn bağçanı ermənilər viran qoyub. Xarabazar küçələrdə səndən olan çox az adam gəzişir. Atan, anan son nəfəs kimi tozlu evi içinə çəkir. Rəngsiz küçələrdən keçib gedirsiniz hər gün. Addımlarınız yapışıb torpağa. Heç kim canı çıxan vətəninə ölüm hökmü yazmaq istəmir. Tərslikdən də nəfəs balonunun havası tükənir. Güllələr azan oxuyur dindən uzaq şəhərində...

Təsəvvür et, süd qoxuna savaş iyi də hopub. Əlindəki oyuncaqla evlə zirzəmi arasında piyada qalmısan. Axşamlar şəhərinin simasını od, üzünü-gözünü yanıq ləkələri bürüyür. Öncə atışma başlayır, sonra anan səni, sən oyuncağını qucaqlayıb zirzəmiyə qaçırsınız. Hələ bir gün oyuncağın divarla divan arasına ilişir. Onu dartıb çıxarana qədər qana boyanar deyə için vulkan püskürür.

Sübhlərin zirzəminin rütubəti kimi nəm açılır. “Ananın gözündəki əzabı bir gecəyə böyüyən uşaq ağlınla ovutmağa çalışırsan: “Anacan, qorxma, atan bizimkilərdi”.

İllər keçir, ananın içində boğduğu ildırım, xərçəng hüceyrələrinə dönüb bədənini kül eləyir. Sən də insanlığın zirvəsi Avropada ermənilər görürsən. Üzünə baxıb gülənindən də güllə yağır üzünə.

Təsəvvür et, 5 yaşın var. Uzun buruq saçların bomba uğultusundan bir gecəyə ağarır. Canından böyük şəkər dolur içinə. İllər keçir, qərib ellərdə böyüyürsən. Dərsin tən ortasına çantanda yemək çıxardıb vəhşi kimi yeyirsən. Sonra da qolunu açıb özün iynə vurursan. Sənə “qaçqın” deyib gülən yaşıdların nə bilsin ki, savaşda basdırılan uşaqlardan birisən.

Təsəvvür et, 9 yaşın var. Gecə ilə kəndinizin bütün qadınlarını ermənilər yığıb aparır. Sən də anandan ayrı düşüb bibinə sarılırsan. Şəvə kimi buz gecədə zülmətdən də qara bir otağa salırlar sizi. Hərdən də gülən ölüm kimi qapını açıb bir-iki nəfəri aparırlar. Yaşına da baxmır ölüm, körpəcik. Hamını növbə ilə zorlayıb, otağa atırlar. Bibin səni qırmızı paltosunun altında gizlədib, bulanmağa özü gedir yerinə. Sonra da qupquru çörək, azca su verirlər, nəfəsiniz kəsilməsin deyə... O zülmətdə bədənində erməni qorxusu adlı yeni orqan cücərir. Nəfəsin də ora dolub xırıldayır. İllər keçir, 35 yaşa çatırsan. Məsumiyyəti qırmızı paltonun altına gömülən körpə canına elçilər darışır. Amma sənə görə bütün kişilər o soyuducunun qapısını əcəl kimi açan erməni əsgəridir.

Təsəvvür et, humanist Avropaya üstünə nöyüt tökülüb yandırılan atandan danışırsan. Qarnı yarılıb bətnindəki insanı güllələnən ananı tanıdırsan. Sonda da ədalətli dünya sənə acısın deyə: "Heç bir erməni uşağına bu acını yaşamağı arzulamıram” deyirsən. Avropanın 100 qram tolerantlığı, 2 litr humanizmi də sənə baxıb ağrıyır.

Təsəvvür et, Şəhidlər Xiyabanının adsız körpə məzarısan, Nərmin! Anan da illərdi yerin altından çıxıb gələcəyini gözləyir. Hər gecə başını yastıq əvəzi sənin qara daşına qoyur. Kaş ki, zorlansa da, insanlıqdan çıxsa da, sağ olaydın deyir.

Təsəvvür et, adsız məzarın anası elə özünsən, Nərmin! Buzda donan ayağını həkim dibindən kəsib. Qar yağanda, ayaq barmaqların sızıldayır. Bəs ürəyin? Üstünə basıb tapdadığın qızlar üçün sızlamır?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm