Soyuducumda gizlətdiyim cəsəd
Bizi izləyin

Köşə

Soyuducumda gizlətdiyim cəsəd

Leyla Sarabi

Unutdum axı... Həzz yerim tək bibərli şokolad deyil. Damaq dadım yetərincə zəngindir. Balığı tıxından ayıran kimi turşu ayrı, acını tək, şirini lüt də yeyirəm. Balıq dedim, xatırladım, elə tolerant dilim var ki, kilkədən tut, akulaya qədər toxunub. Bir vaxtlar dovşan əti də sevirdim, bir gün o məni çeynəyənədək…

Avropalıların dovşan yediklərini bilirdim, bütün mağazaların ət bölməsində dovşan əti satılırdı. Amma hər dəfə alıb bişirmək istəyəndə cizgilərdən ürəyimə hopan dovşan sevgisi əllərimi qurudurdu. Axı indi önümdə cəsədi uzanan dovşanı qurd yeməsin deyə uşaqlığım 5 dəqiqəlik animasiyanın köləsinə çevrilirdi. Bəlkə də ürəyimdə kök salan mərhəmət gülünün ilk toxumu idi, gecələr də mənə rahatlıq verməyən bir dovşanlıq qayğım.

Bir gün tanışların piknikində önümə dovşan kababı qoydular. Mən onu qurd ləzzəti ilə dişləyib yeyəndə, insan əti də dada biləcəyimə şübhəm qalmadı. Artıq içimdəki mərhəmət gülünü qoxlamışdım. Günəşli yaz sabahı özümü cənnət torpağımdan qovulub, dovşan əti alan yerdə yaxaladım. Gəl, gör ki, əti elə qablaşdırırlar, toyuğun döş ətindən seçilmirdi. Mən də zənnimdə toyuq bişirirmiş kimi sinə ətini gah göbələklə sobaya qoyur, gah da bol qaymaqda qızardırdım. Əslində dovşan ehtirasıma hər gün bir odun atırdım.

Vegeterian tanışım ətyeyənlərin soyuducusuna qəbiristanlıq deyir. Artıq məzarlığımı dovşansız təsəvvür etmirdim. Niyyətim əsla ət yeyənləri, ümumiyyətlə heç kimin milli mətbəxini incitmək deyil. Hətta bir dəfə fransız məclisində şam edirdik. Süfrəyə qurbağa qızartması gəldi. Əlimi yeməyə atanda anam yavaşca dedi, yalvarıram sənə o iyrənc şeyi yemə. Yanımdakı fransız tanışım anamla söhbətimin tərcüməsini tələb elədi. Sonra dedi, bax, biz də sizin bişirdiyiniz xaşdan elə iyrənirik.

Mən xaşa da, qurbağa qızartmasına da eyni zərif qurman eşqi ilə yanaşıram. Axı dovşanın həyatı uğrunda verdiyim mənəvi mübarizənin bir saniyəsini onlara həsr etməmişəm. Ona görə dovşan qarşısında əli qanlı cəlladam. O səbəbdən, dovşanın məndən küsüb mədəmi didmək haqqı vardı.

Məzlumun haqqı da qazanda qalmır, biləsən. Xəyalları gerçəkləşdirmək qəbahət deyil, amma dibində nə məqsəd durur-dursun, vərdişlərimizin bizə ziyan vurduğunu düşünürəm. Hər gün öpüşmək kimi… Hər gecə sevişmək kimi… Hər səhər oyanmaq kimi…Bütün bunlar var olmağın yox oluşunu dəyişmir. Bir gün ölmək kimi…

Vərdişim üzrə yenə marketin ət bölməsinə yaxınlaşdım. Diqqətimi kilometrlərlə uzaqlara qovub, dovşan əti bükülən qabı dəmir səbətə atdım.

Strasburq yenə salxım-salxım suyun altında islanıb sərxoş yatırdı. Əti bişirmək üçün paketdən çıxardım. Dovşanı tutub dərisini soymuşdular. Başı da, əl-ayağı da yerində idi. Elə bil uşağın başının dərisi üzülmüşdü. Gözləri də ovuclarımla qapanmağını gözləyirmiş kimi tək nöqtəyə zillənmişdi. Amma üstündəki qapağını da saxlamamışdılar. Öz bağırtıma şokdan ayıldım. Mən hələ ölümlə belə burun-buruna durmamışdım. Tez paketi zibil qutusuna atıb, evdən uzaqlaşdırdım. Yol boyu elə bildim dovşan caynaqları ilə əlimi qoparıb mən onu yediyim ləzzətlə dişinə çəkəcək. Paketi ehtiyatla qoyub, cəsəd gizlədən qatil kimi qaçdım. Ordan çıxıb hoppana-hoppana ardımca qaçacağından qorxurdum. Həmin gün əl boyda dovşan məni də, içimdə özündən qalan tikələri də çeynəyib əritdi. O gün məni dovşan yedi.

Dedim axı bu kainat vərdiş teoreminə tabedir. Bəlkə də bir gün dərisi üzülən dovşan cəsədinə elə alışardım ki, üzülmədən yenə bişirib yeyərdim. Amma mən su qaynayan cənnətimdə qovrulmağı seçdim. Aclıqdan azğınlaşanadək…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm