Köşə
Acı espresso dadında pulsuz məsləhətçilər
Leyla Sarabi
Deyir, Tanrı bir qapını açanda, digərini bağlayır ki,
həyatınıza hər iki səmtdən yel döyməsin. Düz iki dəfə qapım
bağlanıb. İkisi də mənə baha başa gəlib və hər iki hadisə firəng
elində cərəyan edib. Birincidə qurbanolduqlarım mətbəxin qapısını
üzümüzə elə bağladılar ki, 1 sutka açılmadı. Yəqin
inanmadın...
Məsələnin məğzi budur ki, fransızların atası da bazar günü qəbirdən
oyanıb görüş təyin etsə, getməyəcəklər. Birincisi bazar iş günü
deyil, ikincisi zəng vurub randevu almaq lazımdır. Bizim mətbəxin
qapısının bağlanması İsanın mövlüd gününə təsadüf etmişdi. Mən də o
ustaya atasından köynəklərcə yad olduğum üçün barmağını
tərpətməyəcəkdi. Hələ yaxşı ki, mətbəxin qapısı çırpılanda içəridə
qalmamışdım. Bir günü mədəsi kəsilmiş orqanizm kimi yola verib,
sabahısı təmir şirkətini aradım. Nahar fasiləsi olduğundan gözləmək
məcburiyyətində idim. Çünki fəhlənin də, ustanın da, lap elə
prokurorun özünün də naharda dincəlmək haqqı var. Bir neçə saat
sonra rəsmi görüşə gələn nazir ədalı usta əlindəki "qırmızı papağın
səbəti" ilə qapımızı döydü. Süni (Qafqaz temperamentimə nəzərən)
fransız etiketi ilə xoş-beş edib, sehrli sənətini açdı. Cəmi bir
neçə dəqiqə vurnuxandan sonra mətbəxin qapısının cadusu çözüldü,
100 avronu da cibinə qoyub getdi. Xidmətin qiyməti bu idi, aşağı
yeri yox idi, nə verərsən-verərsən söhbəti keçmirdi.
İkinci dəfə qurbanolduqlarım da məsələyə fransız qaldılar. Çünki
suç sahibi öz etinasızlığım, şəxsi diqqətsizliyim idi. Evdən
çıxanda açarı qapıda unutdum. Fransada giriş qapılarının çöldən
dəstəyi olmur. Yenə bağlı qapılar açan qırmızı papaq şirkətinə zəng
etməli idim. Əlimi telefona atanda xatırladım ki, dostlarımın eyni
səbəbdən bağlanan qapılarını 1 ay əvvəl 80 avroya açıblar. Özü də
rentgen filmi ilə. Nə isə bu söhbətdən zeytun yağı sürtülmüş (onda
açmaq asan olur) bir pəncə sümüyünün çılpaq fotosuna bulaşmış dost
əlinin yardımı ilə qurtuldum.
Ümumiyyətlə, fəhləsi də öz əməyinin dəyərini bilirsə, o məmləkətdən
sizə zərər gəlməz. Məsələn, Avropada benzindoldurma məntəqələrində
fəstfud kafelərində olduğu kimi özünüxidmət sistemidir. Yəni
benzinin bitib, "düş, özünə xidmət elə". Servis alaçiy deyil, ya
var, ya da yoxdur.
Ötən ilin bu vaxtları gənc şairlə satıcının halal kolbasa
mübahisəsinə sərt reaksiya bildirənlərin biri də mən idim. Əslində,
fəzası o halal kolbasadan daha geniş olan gənc "janti"nin
hərəkətini indi də doğru saymıram, amma buzlarımı da əritmişəm.
Çünki mən bu millətin pulsuz məsləhətçi imicindən cana doymuşam,
çünki canım xalqım öz işini görməkdən başqa hər şeyə
maraqlıdır.
Məsələn, mürgüləyən bədənimi oyatmaqçün sadə espresso istəyirəm,
dünən əli kofe aparatına toxunan ofisiant qız acı-acı soruşur ki,
ümumiyyətlə, espresso içmisiniz? Dadı çox acı olur, deyim,
bilin.
İçmişəm, əzizim. Venesiyada qaldığım otellərin birindən "chek-out"
edəndə yaşlı otel sahibi öz əli ilə espresso hazırlamışdı mənə. Tək
mənə yox, bütün qonaqlarını espresso həzzi ilə yola salır
illərdir... Hətta bir dəfə espresso hazırlayan cihazıma kapsul
almaq üçün Parisin ən gözəl qəhvə butikinə girmişdim, üstəlik
espresso dequstasiyasından da faydalanmışdım. Amma mən bunları
sənin üzünə deməyə çəkindim. Bəs sən çəkinmədin ki, kimsə sənə belə
cavab verər? Sənin də işin ən az mənim qədər xidmət sektoru
deyilmi? Sənin də vəzifən üzündəki saxta təbəssümlə sifarişi
qüsursuz ünvanına çatdırmaq deyilmi? Axı mən fələkdən çaldığım 30
dəqiqəmin bir saniyəsini belə sənin sadə espresso qədər acı
tövsiyənə sərf etmək istəmirəm. Özümə tanıdığım vaxtım da 5
qurtumluq espresso miqdarındadır. Qanındakı Peru qəhvəsi kimi
zəhəri mənə içirməklə acın azalmayacaq, mən də sənin zəhrimar
üzündən bir də bura ayaq basmayacam. Naşı qəhvəm damarlarımdan
axmağa başlayan kimi məsud oldum. Anladım ki, mən espressodan da
çox özümlə ünsiyyətdən həzz alıram, bu səs-küylü şəhərdə ən çox
özümlə tək qalmağı sevirəm, yolları dolaşıq dünyada ən çox özümü
axtarıram. Yorğunluğum da, havasızlığım da özümə olan
aclığımdandır. Həmin an özündən lap uzaqlarda zəhər qusan o qıza
südlü, şəkərli kapuçino sifariş verib qucaqlamağım gəldi. Bir də
baxdım ki, fincanın ağzına qondurduğum pomada izindən başqa heç nə
qalmayıb.
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?



















.jpg)




.png)














