Özünü 16-cı mərtəbədən atan qız niyə ölmədi?
Bizi izləyin

Köşə

Özünü 16-cı mərtəbədən atan qız niyə ölmədi?

Leyla Sarabi

Gəlin, ondan başlayaq ki, intihara tamah salan adamam. Amma damarımı yox, ruhumun sarı simlərini doğramağa meyilliyəm. Məhəlləmizdə lavaş satan 7 yaşlı Həsənin soyuqdan çat vurmuş əlləri yadıma düşəndə ciyərimi paslanmış zəncirlə kəsirəm, amma ölə bilmirəm.

Yəqin ikonalardan görmüsən, əzəl vaxtlar saç əvəzi başımızın ətrafında maqnit seli gəzdirmişik. Günahımız artdıqca, beynimizin bəkarəti pozulub, başımıza tük bitib. Bəzən müqəddəs zərrələrim o halqanın içində nəfəs almaq istəyir. Elə təzəcə içinə girib isinirəm, ilan kimi boğazıma dolanır, amma öldürmür.

Sübhə yaxın ətimi elə didirəm ki, parçalarım Mövlananın həqiqətinə dönüb yer üzünə səpələnir. Hissələrimi bir çuvala toplayıb torpağın altına köçməyə macal tapmamış, günəş gözümü oyur. Göynəyirəm, amma ölmürəm.

Səncə, bu adam udan vulkanın yanında quru canın intiharı köz deyilmi?! Hər səhər bir acizin közünə torpaq altda itib batmış qəbir kimi basmamaqçün gen gəzirəm.

Ötən fəsil məhəlləmizə səs yayıldı. 20 yaşlı qız 16-cı blokun 16-cı mərtəbəsindən özün atıb paralanıb. Nə qəribə ifadədir “özünü atmaq”. Ən dözülməz ağrı kimi, boyat yemək kimi, üfunət qoxan üryan zibil kimi özünü atmaq... Cismi ovulub çürüyən qız, əminəm, ruhuna hopmuş informasiya seli, duyğu küpü, qanlı yara kimi səni özündən qoparan məchul səbəb hələ də fəzamızda uçuşur. Sən özünü atdın, amma sən özündən qurtulmadın. Bu lənətlənmiş bəşərin solmayan qanunudur. Bizdən doğan acı da, sitəm də, lap onların doğma anası eşq də canlıdır. Axı şar da partlayanda içindəki nəfəs kainata yayılır, özünü ciyərdən ciyərə, candan cana atır, amma ölmür.

Bir qonşum dedi ki, əslində göydən yerə gələn yolun yarısında ürək qorxudan dayanır. Demək o qızın da iniltisi havaya, özü asfalta yapışıb, amma ölməyib.

Kaş həmin qızın intiharı planetin cazibəsinin özünü atdığı məqama tuş gələydi. Bir az uçub dərdindən quşlara pay verəydi, göz yaşını ağacların yarpağı ilə siləydi. Damarındakı zəhəri axıdıb yenə yatağına girəydi. Amma ölməyəyədi.

Təkcə bir gün...Mənə bu gün ölüm azadlığı verin. Torpağa da basdırmayın. Tikintisi yarım qalan binanın həyətindəki nəm taxtaların küncünə o qızın tonqalının közünə tullayın. Heç kim də gəlib üstümə köhnə palto atmasın. Dur, get evdə yat, deməsin. Portuqaliyanın paytaxının hara olduğunu da soruşmasın. Məsələn, gecə yuxuda kofe görmüşəm, onun mənasını da açmasın. Guya mən bilmirəm, Koroğlunun atası Dədə Qorquddu?! Anasından uzaq qalan yaş pişiklər gəlib yanıma uzansın. Mən yatım, onlar xoruldasın, amma ölməyək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm