Köşə
Fransızların ölümsüzlük dərmanı
Leyla Sarabi
Səma şairim Ekzüperi uşaq haqda gözəl deyir, mavi düşünür: Əsas mübarizəniz onların xəsisliyi ilə olsun. Anlayın, insan özünü xərcləmədən, müdrikləşə bilməz.
Məncə, firəng xalqı olğunlaşmaq, dolğunlaşmaq uğruna qərinələr boyu son atomunu da xərcləyib. Hətta bunun üçün ana adlı qəfəsi ən son fürsət bilib. Qırılmayın, amma onlar bizdən daha möhkəmdir. Lap qundaqdan vəziyyətə hakim, təmkin doludurlar.
Fransız bəbəsi at boyda itlə bir evdə böyüyür. Onunla yatağını, boşqabını, hətta su qabını bölüşür. O bilir ki, xətamızla, qüsurumuzla itdən lap çox öndəyik. Axı biz alidən də üstün şüur sahibiyik.
Bir şeydən tam əminəm, Cırtdan firəng olsaydı, işığa yox, it hürən səmtə qaçacaqdı. Sonra həmin köpək Cırtdana qoşulub evə gələcəkdi. Cırtdan böyüyüb evlənəcəkdi. Bir oğlu da olacaqdı. Tifili hər şuluq salanda, ata Cırtdan “it oğlu” deyib söyməyəcəkdi. Çünki çox vaxt bizi div adamlardan it oğlu köpəklər qoruyur. Firəng bəbələr də bunu hələ ciftinə yorğan kimi büründüyü ət otaqdakı günlərindən hiss edir.
Bu gün dərman istehsalında dünyanı barmağında fırladan fransızın balası xəstələnən kimi həkimə qaçmır. Kainatın quş boyda bədəninə bəxş etdiyi (bəzən bizə ölənədək yad qalacaq) qara dəlik dərinlikdə gücünü kəşf edib dərdinə dəva olur. Hələ iki yaşından bağçadakı psixoloqla əl-ələ verib beyninin hər küncünü deşən daşları əritməyə çalışır ki, illər sonra o daş dönüb dağ olmasın.
Bilirəm hüznlü yazıların məsum qadını (dost bənzətməsi) obrazımdan bezdiniz. Rahat olun, özümüzük.
Oğlum 2 yaş yarımından Fransada bağçaya getməyə başladı. İlk həftə milli mental dəyərlərimizi balaca canında cəm edib bağçanı yerindən oynatdı. Firənglər onu özlərinə tabe edənə qədər milyonlarla sinir hüceyrəm məndən üz döndərdi. Hətta bir dəfə bağçanın psixoloqu cana doymuşcasına üstümə gəldi:
- Oğlunuza azca yaxınlaşırıq, başını əllərinə büküb küncə qaçır. Siz ona fiziki zorakılıq tətbiq edirsiniz?
- Yox, əzizim, nə şiddəti, nə döyməyi?! O, sizi oyuna gətirir ki, bağçanıza gəlməsin. Bizdə belə irsi hiylələr var. Siz anlamazsınız.
Hələ bir dəfə həmin madam kal qənaəti ilə nanoşüurumu yerindən oynatdı:
- Oğlunuzun artıq 3 yaşı var, uşaq bezindən ayrılmaq istəmir. Siz bunu gələn il getməli olacağı "ana" məktəbinə yalnız pampersə "əlvida" deyən uşaqların qəbul edilməsindən xəbərdar olduğu ilə əlaqələndirirsiniz?
- Necə? Nə? Anlamadım?
- Yəni o sevimli bağçasından ayrılıb ana məktəbinə getmək istəməyə bilər. Buna görə də yeganə çarəni bezdən ayrılmamaqda görür. Axı məktəbdə uşağınız tualet ehtiyacını təkbaşına ödəməyə məcbur olacaq. O isə bağçada qalmaq istəyir.
- İnanırsınız, bizim bütün nəslimiz məşvərət etsəydi, yenə bu qərara gələ bilməzdik.
Bu madam hər ayın sonu bizi ailəvi yığıb (firəng bağçalarının olmazsa olmazı) saatlarla mühazirə oxuyurdu
- Uşaq artıq 3 yaşa yaxınlaşır, amma özü sərbəst yemək yemir. Çox vaxt da əmrlərimizə tabe olmur.
- Baxın, əzizim. Biz günəş ölkəsindənik. Hisslərimiz qabarıqdır. Fransaya köçmüşük deyə temperamentimizi lazımsız palto kimi ölkəmizdə qoyası deyildik. Xəmirimiz budur.
Ömrünü Fransada keçirmiş türk rəfiqəm də bağça müəlliməsi idi. Fransız tərbiyəsini it əhilləşdirməsinə bənzədirdi. Pol, otur! Antuan, qalx! Mişel, səndən razı qalmadım! Maraqlısı da odur ki, Pol həməncə oturur, Antuan qalxır, Mişel də ciddi iş rejimində çalışan bank işçisi kimi səhvləri üzərində çalışıb özünü mükəmməlləşdirir.
Həyat yolu Fransada azıb qalanlar, bu xatirəmə də şərik olar. Fransızların “Dolipran” adlı min bir dərdin dərmanları var.
- Doktor, uşağın qarnı ağrıyır.
- Dolipran verin.
- Doktor, qızdırması düşmür.
- Dolipran!
- Uşaq suçiçəyi olub.
- Reseptə yazdım. Dolipran içirdin, keçəcək.
- Sizin bu Dolipran sevdanız başımı ağrıtdı.
- Siz də Dolipran için (böyüklər üçün də Dolipran var)
Qəribəsi odur ki, həqiqətən bu sehrli dərman bütün xəstəlikləri sağaldır. İki ildir Fransadan qayıtmışıq, oğlumun ağrılarına ancaq Dolipran dərman olur. Gərəksiz dərman qalağına da gərək duymuruq.
Nə isə millətimə qurban olum, amma siz də bu məsələlərdə firənglərlə həmrəng olun.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




