And içməyin, şərab için!
Bizi izləyin

Köşə

And içməyin, şərab için!

Leyla Sarabi

İnsanın tərgitməli olduğu ən boş vərdişi and içməkdir, zənnimcə... İnsan ən çox da itirdiyi dəyərlərinə and içməkdən həzz alır. Kimi yerin altında yaşayan doğmalarına, kimi də torpağa basdırdığı vicdanına əl basır. Üstəlik qarşısındakı şəkk gətirmirsə, özgüvən xəritəsindəki komfort sahəsi bir az da genişlənir... Məsələn, dünyanın ən alçaq pul fahişəsi fələkdən bir gün çalıb qüsul alıban boğazından çörək kəsdiyi uşaqları xaç suyuna salan keşiş obrazına bürünürsə, Tanırısının ədalətinə sizi də inandırırsa, komfortlandiyasına köks ötürməkdən başqa şansınız qalmır.

Hər il yenilənən Kəbə örtüyünün 670 kilo ağırlığında saf ipək, 120 kq qızıl, 100 kq gümüş sapla (ümumi dəyəri 5,6 milyon avro) bəzədildiyini bilirdiniz? Ziyarətdən geri dönən hacılar qızıl balıq yeyə-yeyə lənətlədikləri şeytanların tanrısına and içəndə bürünc köpük qusan müsəlman körpələr utanır. Körpə demişkən, yəqin, sən də balası gözəl olmayan canlı tanımırsan. Buddanın anası Mayyaya and olsun ki, hətta nifrətin, savaşın, lap elə tanrının körpəsi da məsumdur.

Azadlıq, bərabərlik, qardaşlığa (liberté, égalité, fraternité) and içən Fransa elə dünən Əlcəzairdə baş kəsirdi... Bu gün prefekturasında kömür ərəb körpələrinə pasport paylayır. Ümumiyyətlə, Fransaya köçmüsənsə, yaşamaq hüququ verən sənədi Prefektura deyilən idarədə həll etməlisən. Onaqadori xoruzunun quyruğu kimi uzanan növbələrdən sonra cəmi bir sənədi almaq üçün bəzən Bakıdakı qonşunuzun Hərbi biletini də istəyə bilərlər. Qonşuna zəng vurub öyrənirsən ki, sən demə əri fəraridir. Ərizə yazıb notariusda təsdiqlədincə, fransızcaya çevirib xoruzun pipiyinə qonunca 1 həftə də keçir. Xülasə hər Prefektura növbəsində yaşın ötür, ömrün solur.

Ömrümün xəzan olduğu günlərin biri idi. Onaqadorinin dimdiyində yenicə oturmuşdum. Yanımda bir ərəb, bir də ispan qızı vardı. Mahiyyətcə bir-birinə bənzəyən 3 əsmər xəyal edin. Uzaqdan 45-50 yaşlı, hər 8 mart qabağı təzə gəlin nazına bələnən azərbaycanlı müəllimə obrazının bizə yaxınlaşdığını gördüm. Biz belə dərimizi, zeytun badam gözümüzü bir-birindən ayırmazkən, müəllimə gözümü düz üzüm zilləyib: Hayes? Deyə soruşdu...

Bilməyənlər agah olsun ki, hayes- erməni deməkdir. Mənim uşaqlığımı xıncım-xıncım edən erməni... Mənim ən böyük qorxum erməni... O səsi eşidən kimi hürkək uşaqlığım oyandı. Demək ki, içimin bir küncünə sığınıbmış. O an bədənim də 3 yaşına dönmüşdü. Qarşımda da silahlı nəhəng erməni qaniçəni... Yanımdakı adamlar da itdi bir göz qırpımında. Nə ərəb, nə ispan, nə də qardaşlığına, bərabərliyinə and verən fransız höküməti göründü gözümə... 3 yaşlı əsir uşaq və erməni cəlladından ibarət nəpnəhəng planet... Bəli, əslində durum neytral zonada iki düşmən xalqın adi vətəndaşlarının təsadüfi görüşündən ibarətdir. Amma məndən soruşsanız, adsız məzardan basdırdığım körpəliyimin mübaliğəsiz minlərlə qatilindən biri ilə qarşılaşırdım.

Təsəvvür et, 3 yaşın var. Şəhərin bomboz, bomboş qalıb. Dünənə qədər sənə cənnət gələn bağçanı ermənilər viran qoyub. Xarabazar küçələrdə səndən olan çox az adam gəzişir. Atan, anan son nəfəs kimi tozlu evi içinə çəkir. Rəngsiz küçələrdən keçib gedirsiniz hər gün. Addımlarınız yapışıb torpağa. Heç kim canı çıxan vətəninə ölüm hökmü yazmaq istəmir. Tərslikdən də nəfəs balonunun havası tükənir. Güllələr azan oxuyur dindən uzaq şəhərində...

Tez udqunub özümü toparladım. Məsumiyyətimi yenidən qəfəsində qıfıllayıb, "yox" dedim. Gəlib növbəmizə şərik oldu erməni müəllimə. Əlindən bərk-bərk yapışdığı mənim uşaqlığım deyildi. Amma dəqiq uşaq idi. 5 dəqiqə sonra balaca bədən yorulub inildəməyə başladı. Fransızca su istəyirdi. Çantasını açıb su qabını çıxartdı. Şüşənin divarları mənim qorxudan tərləyən ovuclarım kimi nəm idi. Bir az keçdi... Quyruğun sonuna çatmağa hələ azı yarım günümüz vardı. Yaxınlıqda mağaza, köşk də yox. Uşaq susuzluqdan bütün hirsini nənəsinə tüpürürdü. Lənətlənmiş ürəyim dözmədi. Çantamdakı iki şüşənin birini uşağa uzatdım. O, mənim azərbaycanlı olduğumu bilməyəcəkdi, mən də gördüyüm kabusu su ilə yuyacaqdım.

Bir şüşə qəhrəmanlığımı bölüşməkdə okean qədər səbəbim var. 3 gün əvvəl qardaşlığını, bacılığını, bərabərliyini ən çox  umduğum ölkəmin köndələn küçəsində bir qadının telefonla kiminsə qarğış qusduğunu eşitdim. "And verirəm Allaha, balasından çəkəcək" necə ağır ağıdır, ermənicə səslənir. O qara kəfənli qadın kimin üçünsə əli tumarlı bütdür bəlkə. Mənə görə qarğışları pulsuz tökən dil fahişəsi...

Mən insanın övladından doğulduğuna, öz əkdiyi toxumundan cücərdiyinə inanıram. Mən baş kəsən qatilin də balasının baxışının qollarını üzdüyünə inanıram. Bəlkə də qulağımın ucundakı qara kəfənli qadın elə bu axşam bir məclisin ortasında dediyini haqlamaqçün bir də balasının tək canına and içəcək. Ertəsi gün "kaka"rması başından düz ürəyinə töküləcək. Gözünü üstündən çəkməyə üzü gəlməyən "balasından çəkəcək".

Dinini başına bürüyən dili fahişə, kəfəni qara qadın, görürsənmi, bəzən üzümdən şərab çəkmək, kiminsə balasına çəkdirməkdən məsumcadır.

And içməyin, şərab için! İnanın, tanrı da belə istəyərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm