Kor ispanın liftindəki şifrələr...
Bizi izləyin

Köşə

Kor ispanın liftindəki şifrələr...

Leyla Sarabi

İncəsənətin qadın ruhu sayılan Frida Kalo ayağı amputasiya olunandan sonra gündəliyinə “Uçmağı bacarandan sonra ayaqlarım nəyimə lazımdır?!” deyə çox təsirli cümlə yazır. Ölkəmizdə keçən günlərimin sayı artıqca əmin oluram ki, bir çox dövlət qurumlarının ürəyi Fridanın yaradıcı fikirləri, zəngin mənəviyyatı ilə döyünür. Yoxsa fiziki məhdudiyyətli ölkə sakinlərinin gündəlik tələbatlarını, bizim kimi sadədən-sadə gündəlik ehtiyaclarını qarşılamaq istəklərini nəzərə alardılar.

Yəqin, turist qaynayan şəhərimizə əlil arabasında səyahət edən ərəblərə rast gəlmisiniz. Başqa vaxt barbar deyib bar-bar bağırdığımız ərəblər belə minlərlə kilometr məsafəni aşmaqda əngəl tanımazkən, sadəcə yerimə imkanları məhdud olan insanlarımızın əllərindən də bütün imkanları alınır.

Və bəlkə də sevgi əngəl tanımır, amma bu fikir bizim cəmiyyətə çox ögeydir.

Avropaya təzə ayaqaçdı eliyəndə görürsən ki, əhalinin kifayət qədər böyük hissəsi əlil arabasındadır. “Şükür, bizdə əlillərin sayı lap azdır, bəlkə də heç yoxdur”. Düşüncən aydınlandıqca bədbəxt hadisələrin, avtoqəzaların, anadangəlmə məhdudiyyətlilərin ölkə, sərhəd tanımadığını anlayırsan. Sadəcə bizimkilər dörd divar arasında can həbsindədirlər.

Əxlaqsızlıq zəlzələsinin episentri deyib lənətlədiyimiz Avropa, Amerikadakı vəziyyət heç sizi maraqlandırır? Ümumiyyətlə, zehni kamilliyə yetən insan anlayır ki, qüsur hərəkətsiz ayaqla yox ətalətdən çıxmayan düşüncə ilə ölçülür. Əlillik gözün deyil, qəlbin, nəfsin korluğudur. Ona görə bütün məsuliyyəti dövlətin üzərinə atmaq da doğru deyil. Məsələn, bütün böyük ticarət və əyləncə məkəzlərinin, hipermarketlərin, adicə yolların parkinq məntəqələrində fiziki məhdudiyyətli sürücülər üçün xüsusi işarəli park yerləri olur. Hətta böyük tıxac yaransa, maşın seli aşıb daşsa belə, digər sürücülərin o yerləri məşğul etməyə vicdanları yol vermir.

İnsana insan dəyəri qoyan ölkələrdə restoranların, teatrların, parkların ağlınıza gələ biləcək bütün məkanların qarşısında “əlil” işarəsinə rast gələcəksiniz. Bu da onların hər yerdə istənilən, gözlənilən qonaq olduqlarının göstəricisidir.

Aeroportlarda, vağzallarda əlillərin əllərinə, ayaqlarına, görən gözlərinə çevrilən super qəhrəmanlar çalışır. Dünyanın bir ucundan digər ucuna çatmaqda sehrli xalçadan da istifadə etmirlər. Sadəcə sevgi əngəl tanımır.

Avtobuslarda sürücüyə “düş, xidmət elə” deməyə gərək qalmır. Çünki hər dayanacaqda qapıların birindən xüsusi dəstək körpüsü açılır.

Elə bilirsiniz mədəniyyət mətbəxdən, musiqidən, ədəbiyyatdan ibarətdir? Mənə görə mədəniyyət tualetdən başlayır. Bəli, bildiyimiz adi ayaqyoludan... Bu ölkələrin hətta tualetlərində əngəllilərin məhdud imkanlarını genişləndirən funksiyalar var. Tək səyahətə çıxsalar belə, ən təbii ehtiyaclarını ödəmək iqtidarındadırlar.

Gavur Avropanın iş yerlərində vakansiyaların 19 faizi yalnız əlillər üçündür. Brüsselin Avropa Komitəsindən tutmuş, Strasburqun Avropa Parlamentinə qədər ən yüksək vəzifələrdə əlil arabasında gəzən mütəxəssislər çalışır.

Bu gün həmçinin, funksiyaları işıq sürəti ilə yenilənən arabalar da hazırlanır. Britaniyanın Mayk Spindl adlı mühəndisi ən çətin keçilən səthləri aşan, üzərində çətiri olan oturacaqlar hazırlayır. Bu möcüzə oturacaqlar əlillərə pulsuz paylanır.

İngilislərin sizlə bağlı və sizi sevindirəcək daha bir faktını açım: paralimpiya oyunlarının əsası da 1948-ci ildə Britaniyada qoyulub. Bu layihənin müəllifi isə hərəkət məhdudiyyətli insanlara yeni həyat eşqi bəxş edən həkim Lüdviq Qutman olub.

Bir ispana ölkənizdə çoxmu əlil var sualını versəniz, cavabı sərt olacaq. Çünki bu gözəl ölkədə əlil anlayışı yalnız qəlbə aiddir. Madridin və digər şəhərlərin liftlərində rəqəmlər Brayl əlifbası ilə də yazılır ki, görmə qabiliyyəti zəif insanlar zəhmət çəkməsinlər. İspanlar əqli məhdudiyyəti olan vətəndaşlarını da özlərindən ayırmırlar. Bu ölkədə daun sindromlu uşaqlar çox vaxt adi məktəblərdə təhsil alırlar ki, həm onlar cəmiyyətə rahat uyğunlaşsın, həm də digər uşaqlar səbrli davranmağı öyrənsin.

Avropada yalnız yaşayan fiziki məhdudiyyətli insanlar üçün dövlət xüsusi xidmətçi ayırır və onları aylıq maaşla təmin edir. Bütün küçələrdə xüsusi lifti olan keçidlər var.

Bəlkə də təəccüblənməyəcəksiniz, amma deyim, Fransada ayağım şişib, əlimi tərpədə bilmirəm, qulağım zəif eşidir deyib, “invalid” statusu alan və bu statusun sonsuz imkanlarından hərtərəfli istifadə edən soydaşlarımız da var.

İnsanın insanlıq eşqindən, qayğısından məhdudiyyətsiz danışa bilərdim, amma cəmiyyətimizi hürkütməkdən qorxuram.

Etiraf edək, yararsız deyib yarıminsan saydıqlarımızın çolaq xəyallarının, şikəst arzularının günahı kor qəlbimiz, əlil ruhumuzdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm